Vəhy mehvərli nurlu fərasətin sahibi
Bir liderin liderlik etdiyi cəmiyyət və ya toplumun rəğbət, etibar və etimadını qazanması o toplumda fərdə, ailəyə, cəmiyyətə, iqtisadiyyata, siyasətə aid bütün problemləri həll etməsindən asılıdır. Bir toplum onun fərdi, ictimai və s. düyünlərini açan liderini – bu çözümün səviyyəsindən asılı olaraq – sevir, sayır, əl üstündə saxlayır, alqışlayır, bir-dediyini iki eləmir və əbədiyyətə qədər onun xatirəsini unutmur. Məhz Həzrət Məhəmməd Mustafa (s.a.s.) bəşəriyyətin bütün problemlərini yoluna qoyan belə bir lider idi…
Problemlərin həllində alternativ olaraq, təzyiq vasitələrinə, müxtəlif cəza üsullarına əl ata, kimlərisə sürgünə göndərə, vətəndaşlıq haqlarından məhrum edə, zindanlara yollaya, işgəncənin hər növünü tətbiq edə, insanları xəfiyyələrinizlə təqib edə, qorxutmaqla və dövlət terroruyla bəzi şəxslərə təzyiq göstərə bilərsiniz. Amma bunlarla heç bir problemi kökündən həll edə bilməzsiniz. Həll etmək bir yana qalsın, vəziyyətin daha da ağırlaşmasına, hərcü-mərcliyə və cəmiyyətdə depressiyaya səbəb olarsınız. Başqa sözlə, bu, həll yolu deyil. Bəziləri bunu həll yolu saysa da, nəticə etibarilə yeni problemlər doğurur. Hətta bu, fasid dairəyə[1] girmək deməkdir: siz "bir şeyi həll etdik" deyə sevinirsiniz, ancaq xəbəriniz yoxdur ki, bir çox problemlər qapınızın ağzını kəsdirib.
Fasid dairə bir dəfə meydana gəldimi, onu dağıtmasanız, xilas olmaq üçün göstərdiyiniz hər cəhd sizi bir az da batıracaq. Halbuki Həzrət Məhəmməd Mustafa (s.a.s.) fasid dairələrə girmədən, təzyiq və terror vasitələrinə əl atmadan, kimlərisə qorxutmadan, zindanlara atmadan, insanların azad iradəsinə hörmət edərək və onlara dəyər verərək bütün problemləri rahatlıqla həll etmişdir. Başqa xariqüladə hallarına baxmadan, möcüzələrini nəzərə almadan, yalnız bu cəhətinə diqqətli baxsanız, siz də "Muhəmmədun Rəsulullah" deyəcəksiniz. Bəli, Həzrət Məhəmməd (s.a.s.) Allahın Rəsuludur.
O, Peyğəmbər olmasaydı, bütün bu problemləri necə yoluna qoyacaqdı? Halbuki O, hər şeydən problem çıxaran, ən xırda şeylərə görə qiyamət qoparan, ancaq fitnə-fəsad düşünən, üç-dörd dinar üçün bir-birinə düşmən kəsilən, vəhşət, zəlalət, zülmət içində boğulan bir toplumda zühur etdi və Allah (cəllə cəlaluhu) da bu toplumu irşad etmək[2] kimi ağır bir vəzifəni Onun çiyinlərinə yüklədi..
لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعاً مُتَصَدِّعاً ayəsinin də bəyan etdiyi kimi,[3] Həzrət Məhəmmədə (s.a.s.) verilən mükəlləfiyyət dağların üstünə qoyulsaydı, dağlar yerlə-yeksan olardı. Bəli, mükəlləfiyyəti bu qədər ağır idi. Çünki Allah (cəllə cəlaluhu) Ona olduqca vəhşi, bədəvi və azğın bir toplumun irşadını əmr etmişdi. O da bu toplumda nə qədər problem varsa bir-bir müəyyən etdi, yoluna qoydu və insanları qəlb hüzuruna, əsl səadətə qovuşdurdu.
Elə bir bəxtiyar toplum inşa etdi ki, başqaları belə bir cəmiyyətin xəyalını utopik əsərlərdə qurmuşdu/quracaqdı. Platon "Dövlət" əsərini, Tomas Mor "Utopiya"sını, Kampanella "Günəş dövləti"ni – xülasə, hamısı Allah Rəsulunun şah əsərini – o kamil cəmiyyəti axtarıb-tapmaq arzusu ilə qələmə almışdır.
Onlar xəyal qurmaqda olsunlar, Allah Rəsulu onların düşüncələrindəki nöqsanları da aşaraq əsrlərlə əvvəl bu mükəmməl cəmiyyəti yetişdirmiş və gələcək nəsillərə gözəl nümunələr təqdim etmişdir. Kim onların ardınca gedərsə, hüzur tapacaqdı, tapdı da.. hal-hazırda bu gerçəyi bütün çılpaqlığıyla görür, səhabə dövrünün mümkünlüyünə bir daha inanır və işıqlı nəsillərin yenidən yetişəcəyini gözləyirik.
Allah Rəsulu o cəmiyyətin bütün problemlərini həll etməsəydi, o vəhşət içindən böyük şəxsiyyətlər – səhabələr çıxardımı? Əlbəttə, xeyr! Yaxşı bəs Allah Rəsulu bu problemlərin hamısını öz ağıl və zəkası ilə həll etmişdi? Bu suala da "Xeyr!" deyir və əlavə edirik: Allah-Təala Ona peyğəmbərliyə aid fətanət vermişdi, O da vəhy mehvərli bu nurlu fətanət sayəsində bütün düyünləri çox rahatlıqla çözürdü. Peyğəmbərlik dəlillərindən biri də məhz budur. Elə bizim mövzunun çıxış nöqtəsi də bu peyğəmbər fərasətidir.
Bir neçə misal ərz etməyə çalışaq:
1. Həcərül-əsvədin yerinə qoyulması
O illərdə insanlar bir çətinə düşən kimi Ona müraciət edirdi. Bir gün Kəbənin təmirində – O da bu təmir işlərində çalışırdı – Həcərül-əsvədin yerinə qoyulması məsələsi qövm və qəbilələr arasında müharibə alovunun qığılcımlarını daşıyırdı.. bir iki gün içində bu iş həllini tapmasaydı, müharibə qaçılmaz olacaqdı. Bir məsələ ilə əlaqədar qeyd etdiyimiz kimi, Allah Rəsulunun Həcərül-əsvədi yerinə yerləşdirərək problemi həll etməsi qorxunc təhlükənin qarşısını almışdı. Rəsulullah yerə bir parça sərib ortasına Həcərül-əsvədi qoymuş.. sonra da qövm və qəbilə rəislərini çağıraraq hərəyə bir ucundan tutmağı tapşırmışdı.. sonra da Həcərül-əsvədi şəxsən öz əlləri ilə yerinə oturtmuşdu.
Təfsilatına girmədiyimiz bu hadisədə Allah Rəsulunun risalətdən əvvəl necə fətanətə sahib olduğunu açıq-aşkar görürük.
Çünki O, iyirmi-iyirmi beş yaşında olanda (nübüvvətin gəlişi ilə təsdiq edilib sonsuz üfüqlərə yüksəldiyi və Allahın (cəllə cəlaluhu) tədris rəhləsinin önündə oturub hər şeyi Ondan öyrəndiyi dövrdə deyil), yəni vəhy gəlməmişdən əvvəl ruhunun coşan ilhamlarıyla verdiyi qərarlar sayəsində bir çox insanın qəlbində taxt qurmuşdu. Belə ki, Qüreyş kafirləri Onun məscid qapısından içəri girdiyini görər-görməz sevincdən qışqırışaraq: "Bu, Məhəmmədül-Əmindir! Onun hakim olmasına razıyıq,"[4] – demişdilər. O gəlmiş və anlaşılmazlıq həll olunmuşdu.
Bəli, heç düşünmədən, gözləmədən, əlinə qələm almadan, kimləsə görüşüb yol-yöntəm axtarmadan, çox rahat və bir su içimi kimi həll etmişdi. Bu, Onun əlində sadə bir iş idi, heç kim də etiraz etməmişdi, edə bilməzdi də, çünki onlar Onu hakim təyin etmişdilər, O da hakimliyini xətasız yerinə yetirib hər kəsi razı salmışdı.
O, həyatında heç vaxt geri addım atmamışdı, çünki O, Allahdan (cəllə cəlaluhu) gələnləri çox yaxşı qavrayan bir fətanətə malik idi. Onun fətanəti gül kimi pardaxlanmış, açıldıqca rəngbərəng olmuş, bəşərin bədbəxt və kədərli çöhrəsində təbəssümə çevrilmişdi. Onun böyüklüyündən xəbər verən sirlər bitdimi? Xeyr! Yunusun diliylə, o tumurcuğun içində neçə tumurcuq var hələ.
Bəli, insanlar daima Ona müraciət etmiş, O da gələnləri məhzun və kədərli halda geri qaytarmamış, onların problemlərini həll etmişdir. Bu fitnəkar cahiliyyə toplumu tez-tez problem çıxarır, O da bunları bir-bir həll edirdi.
Hicrət öz-özlüyündə bir problem idi... müharibələr, sülh məsələləri, maddi mənfəət problemləri, qənimət problemləri... Əgər Rəsulullah bu işləri rahatlıqla yoluna qoymasaydı, təbiətən coşğun, çəkişmə və mübahisədən zövq alan bu toplumun (o toplumu təşkil edən qəbilə, ailə və fərdlərin) hər an bir-birinə qılınc çəkməsi qaçılmaz olardı.
2. Hüneyn qənimətlərinin bölüşdürülməsi
Allah Rəsulu Hüneyn döyüşündə əldə edilən qəniməti İslama isindirmək istədiyi bəzi şəxslər arasında bölüşdürmüşdü. Bu, mədinəli müsəlman gənclər arasında söz-söhbətə səbəb olmuşdu. Ələlxüsus da, gənclər belə bir bölgüdən razı qalmamış və: "Onların qanı hələ də qılıncımızdan damcılayır, halbuki, qənimət onlara verilir" – demişdilər. Übadə ibn Samit də Allah Rəsulunun hüzuruna gələrək Onu məsələdən agah etmişdi.
Allah Rəsulu: "Sən nə düşünürsən?" – deyə ondan soruşmuş, o da: "Mən də onlardan biriyəm" – cavabını vermişdi. Vəziyyət çox təhlükəli idi. Gözləmək olmazdı, dərhal bir çarə tapmaq lazım idi.
Və Allah Rəsulu bu məsələni də işıqlı fətanətiylə asanlıqla həll etmişdi. Daha əvvəl də bu hadisəni nəql etmiş və risalətə bir dəlil olduğunu xatırlatmışdıq.. burada da eyni şeyləri söyləmək mümkündür.
Allah Rəsulu ənsarı bir yerə topladı. Ənsardan başqa heç bir müsəlmanın gəlməsinə izin vermədi. Deyilən sözlər ənsara elə müsbət təsir etdi ki, Allah Rəsulu:
"İstəmirsiniz, hər kəs evinə qoyun, keçi və dəvə ilə qayıdanda siz Rəsulullahla dönəsiniz?" deyə sual edəndə bütün ənsar sevincdən göz yaşını saxlaya bilməyib ağladı.[5]
Onun bu ciddi müşküllərin öhdəsindən rahatlıqla gəlməsi bəzi sirli mülahizələrlə, bəzi qüvvələrlə izah olunmamalıdır. Çünki O, bir nəbi idi.
Burada, icazənizlə bir məsələni təkrar demək istəyirəm: O, fitnəyə, nifaqa, bölünməyə meyilli bir toplumda zühur etmişdi.. cəmiyyət problemli cəmiyyət idi və Ona hər gün bir çox həlli müşkül məsələ ərz edilirdi. O da Bernard Şounun da qeyd etdiyi kimi bütün müşkülləri asanlıqla həll edirdi, elə bil ayağını ayağının üstünə atıb qəhvə içirdi... və insafdan uzaq bir insanın bu insaflı sözünə baxın: "Problemlərin üst-üstə yığıldığı müasir dövrdə bəşəriyyətin Həzrət Məhəmmədə daha çox ehtiyacı var."
Bernard Şou bu sözlərlə Allah Rəsulunun bütün problemləri bir göz qırpımında həll etməsinə heyran qaldığını dilə gətirir. O, bu sözləri ilə bir həqiqəti etiraf edirdi. Çox arzu edərdim ki, bu kiçik etiraf onun gözünü açsın. Çünki mənim Peyğəmbərimə qarşı az da olsa qədirbilənlik etmişdir. Əbu Talib üçün də eyni şeyi düşündüyümüzə görə ümid edirəm ki, bu həlimlik üzrlü sayılar.
3. Hicrət məsələsi
Hicrət bir problemdir. Bir hadisə olaraq hal-hazırda da hicrət baş verir. Dövlətin iki ayağının bir başmağa necə soxulduğunu görürsünüz.. mən bu narahatlığımı bir çox söhbətdə ərz etdim. Bunlar, xaricdə planlanan oyunların, ölkəmizdə səhnəyə qoyulmasıdır. Sabah şərqdə ayrı bir nifaq qapısı, qərbdə başqa bir təfriqə qapısı, cənubda fərqli bir partlayış qapısı və şimalda böyük bir fitnə qapısı açıla bilər, çünki bir tərəfdə kafir və zalımlar, digər tərəfdə Asiyanın münafiqləri başımıza min bir oyun açmaq üçün pusquda hazır dayanıblar. Daha əvvəl də belə zəif bir nöqtəmizi təsbit etmiş, böyük bir Döləti-Aliyəni həm də dövlətlər müvazinəsində müvazinət ünsürü bir Dövləti-Aliyəni yerlə bir etmişdilər. Millət məna kökündən gələn cövhərindən son olaraq Çanaqqalada, İstiqlal Savaşında istifadə etməsəydi, bu gün bu yox idi.. təkcə bu millət deyil, İslam aləmi də yox idi. Çünki bu millətdən başqa dövlətlər və millətlər müvazinətini əlində saxlayan ikinci bir müsəlman millət olmamışdır.
Bu millət olmasaydı, müvazinətə ümidimiz qalmazdı. Amma tarixdən süzülüb gələn o məna cövhərlərindən bu şanlı və son qalanın qəhrəman zabitləri, fədailəri, həsbiləri, diyərqəmləri və qüdsilər ordusu Çanaqqala və İstiqlal müharibəsində məharətlə istifadə etdi. Allah-Təala da onlara yenidən var olma imkanı bəxş etdi. Varıq, Allaha (cəllə cəlaluhu) minlərlə həmd və səna olsun! Sofiyada, Bolqarıstanda, Türkistanda, Məngücistanda, Özbəkistanda varıq və o diyarların məzlumları, məhkumları adından sırf qışqırıb-bağırmaq da olsa, bir mitinq təşkil edə bilir, inləyir, ürəyimizi boşaldır, hayqırırıq.. bir şey etməyə gücümüz çatsa da, çatmasa da, bütün varlığımızla haray çəkir və onların içinə inşirah üfürürük. İnşallah, onlar da bir gün qollarındakı zəncirləri qıracaq, Sovet əsarətindən xilas olacaqlar! Çünki Allah (cəllə cəlaluhu) وَتِلْكَ اْلأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ buyurur.[6] Bu gün onlara iqbal, sabah başqalarına... bu gün taleyi dönənlər yaxın gələcəkdə iqbalın, gözəl günlərin təbəssümünü görəcəklər.
Bəli, hicrət öz-özlüyündə çətin və müşkül bir problemdir. Təsəvvür edin ki, bugünkü miqrasiya 55 milyonluq bir millətin və idarəçilərin əl-qolunu bağlayıb, çaşıb qalıblar, bilmirlər neyləsinlər. Halbuki Məkkədən hicrət edənlər sayca, demək olar, Mədinə əhalisi qədər idi. Bununla belə, Allah Rəsulunun o əngin fətanəti sayəsində Həbəşistana və Mədinəyə hicrət edənlər heç bir maddi sıxıntı çəkmədən, mühacirətin dünyəvi çətinliklərini rahatlıqla dəf etməklə yanaşı, həmin bölgələrdə müsbət dəyişikliklərə səbəb oldular. Həqiqətən də, dünya tarixində heç bir hicrət və köç İki Cahan Sərvərinin əliylə gerçəkləşdirilən bu hicrətlər qədər müvəffəqiyyətlə nəticələnməmişdir. Görəsən, Allah Rəsulu bu böyük problemləri necə həll etmişdi?
İndi çox təfsilata girmədən mövzunu bir az da aydınlaşdıraq:
Mədinə kiçik bir yer idi, əhalisi də əkinçiliklə məşğul olurdu. Ona görə də dükan və bazarlar tamamilə yəhudilərin əlinə keçmişdi. Məkkəlilər əslində ticarəti yaxşı bilirdilər, lakin əllərindəki azacıq imkanlarla yəhudilərin qarşısında davam gətirmələri çox çətin idi. Harada və necə ticarət edəcəkdilər? Hər şeyi Məkkədə qoyub gəlmişdilər. Üstəlik mühacirlərin sayı gündən-günə artır, əhali dayanmadan və sürətlə çoxalırdı. Hər gün gələn bu insanlar harada qalacaqdı, nə yeyəcəkdi, nə içəcəkdi? Mədinə əhalisi onsuz da yoxsul yaşayırdı.
Bu üst-üstə yığılmış problemlər gözünü Allah Rəsuluna dikmişdi. Hər kəs Ona arxayın idi. Bu problemləri bir su içimində həll edəcəkdi, həll etdi də.
Allah Rəsulu Mədinəyə gələr-gəlməz ənsar və mühacirləri bir-biriylə qardaş elan etdi. Onların ruhuna elə bir qardaşlıq telləri nəqş elədi ki, bu qardaşlığı qan qardaşlığından üstün tutdular.. hətta bu qardaşlıq varislik məsələsinə qədər gedib çıxdı![7] Bəli, ənsar hər şeyini iki yerə bölüb bir hissəsini mühacir qardaşının qabağına qoydu. Və elə bu vaxt meydana çıxan fədakarlıq nümunələri qarşısında heyrətini gizlədə bilmirsən:
Allah Rəsulu Sad ibn Rəbi ilə Əbdürrəhman ibn Avfı qardaş etmişdi. Bu səmimi və dərin qardaşlığın bəlkə də, bütün cahanda tayı-bərabəri yoxdu.
Sad ibn Rəbi (r.a.) bir gün qardaşının əlindən tutub belə dedi: "Qardaşım, siz hər şeyinizi Məkkədə qoyub gəldiniz. İndi sən subaysan, mənim isə iki xanımım var. Allah (cəllə cəlaluhu) üçün söyləyirəm: Sən bu xanımlara bax! Hansı xoşuna gəlsə, mən onu boşayım, sən al!.."
Gözləri dolan Əbdürrəhman ibn Avf (r.a.) ona bu cavabı verdi: "Qardaşım, Allah xanımını özünə xeyirli eləsin! Sən mənə bazarın yolunu göstər, bəsimdir."
Bir müddət sonra maddi vəziyyəti sahmana düşən Əbdürrəhman ibn Avfın (r.a.) ilk işi evlənmək oldu.[8] Bu da səhabənin evinə gəlib-getdiyi insanlara hörmətinin ifadəsi, ruh incəliyi və nəzakət nümunəsidir.
Bu qardaşlıq heç bir problemin qarşısında aciz qalmaz. Bir-birinə bu qədər möhkəm bağlı və sadiq fədakarlar eyni zamanda dünyanın fəthinə namizəd olan ən seçilmiş insanlardır. Mədinənin hər yerinə yayılan bu qardaşlıq havası zaman keçdikcə bütün dünyanın qanına-damarına işləyəcəkdir...
a. İstiğna[9] və mərdlik
Allah Rəsulu tək oturmuşdu. Birdən qapı aralandı və mühacirlərin böyükləri içəri girməyə başladı. Ənsardan heç kim yox idi və mənzərə olduqca diqqətçəkici idi. Görəsən, nə üçün yalnız mühacirlər gəlmiş və ənsardan heç kimi çağırmamışdılar? İcazə istəyib dərdlərini ərz elədilər:
– Ya Rəsulallah! Biz bura Allah üçün hicrət edib gəlmişik. Yeganə qayəmiz Allah yolunda Səninlə birlikdə olmaqdır. Halbuki ənsar qardaşlarımız bizə elə qayğı göstərir ki, qorxuruq, axirətin savabını burada qurtaraq. Qardaşlarımız icazə versin, artıq öz başımızın çarəsinə baxaq. Onların bizə ayırdığı payı özlərinə qaytaraq. Minnət altında qalır və çox xəcalət çəkirik.
Bunları deyə-deyə hamısı ağlayırdı. Allah Rəsulunun da kirpikləri islanmışdı. Bəlkə də, bu mənzərə səma sakinlərini də göz yaşına qərq etmişdi. Bu, bir mənada istiğna ilə diyərqəmliyin "çarpışması" idi. O günədək yer üzü bu qədər gözəl mübarizəyə şahid olmamışdı.
Çünki bir az sonra Allah Rəsulu ənsarı hüzuruna çağırıb olanları danışanda hamısı birdən etiraz edəcəkdilər. Onlar üçün bu təklifi qəbul etmək bir vücudun iki yerə bölünməsinə razı olmaq deməkdi. Çünki onlar mühacir qardaşları ilə elə bütünləşmişdilər ki, ayrılığı ölüm sayırdılar. Bir qədər sonra hamısı Rəsulullahın hüzurunda idi: ənsar da, mühacir də ağlayırdı. Eyni şəhərdə yaşasalar da, gündə ən az beş dəfə məsciddə birlikdə ibadət etsələr də, ayrı evdə qalmaq və bir süfrə başında oturmamaq onlara olduqca ağır gəlirdi.
Bəli, bir tərəf istiğnanı, digər tərəf də mürüvvət və diyərqəmliyi təmsil edirdi. Mühacirlər izin alıb belə dedilər:
"Ya Rəsulallah! Biz Allah üçün hicrət edib Mədinəyə gəldik. Yurdumuzu, yuvamızı Allah üçün tərk etdik. Dinin yayılmasından başqa bir şey düşünmədik, lakin bu ənsar qardaşlarımız bizə artıqlamasıyla kömək etdilər və mərdlik, əliaçıqlıq göstərdilər. Axirətə aid bütün savablarımızı burada qurtarmaqdan qorxuruq. Ya Rəsulallah, ənsar qardaşlarımıza qəbul etdirə bilmədik, nə olar, bizim adımızdan onlarla danış, bizə bu qədər kömək etməsinlər, ayrı yerdə qalaq, artıq öz məhsullarını bizə gətirməsinlər, yemək bişirib qabağımıza qoymasınlar, bizə baxmağı düşünməsinlər, bu, kömək yetər artıq!"
Çox həyəcanlanmışdılar, uşaq kimi ağlayırdılar. Allah Rəsulu da həyəcanlandı. Üzünü ənsara tutub buyurdu: "Mühacir qardaşlarınız deyir ki, onlar bizə çox baxır, bizi utandırırlar. Əgər əməllərimizin mükafatını burada alacağıqsa, Allahın rizası harada qaldı?"
Allah Rəsulu onların ruhuna bu qədər möhkəm qardaşlıq həkk eləmiş, onları ovsunlamış, bir-birinə bağlamış, bir vücuda çevirmişdi. Bu tarixi hadisədə tərəflər belə razılığa gəldilər: Mühacirlər ənsarın tarlasında muzdla işləyəcək, bağçalarına muzdla baxacaq, beləcə öz qazancları ilə dolanacaq, öz evlərində qalacaq və minnət altına düşməyəcəkdilər. Təbii ki, ənsar da onları bağ-bağçalarında işlətməklə kömək əlini uzadacaqdı. Və beləcə onların ənsarlığı, bunların da mühacirliyi davam edəcəkdi.[10]
Allah Rəsulu (s.a.s.) ilk öncə Mədinədə təsis etdiyi bu qardaşlıq şüuruyla köç məsələsini, demək olar, yoluna qoydu.
İkinci məsələ ticarət idi. Allah Rəsulu yəhudi və xristianların Mədinənin ticarət həyatına hakim olduğunu gördü və bu inhisarçılıqla mübarizə aparmaq üçün müsəlmanlara dükan-bazarı ayrı yerdə qurmağı əmr etdi.[11] Bundan sonra müsəlmanlar alış-verişi öz dükan və bazarlarından edəcəkdilər. Bu, həm müsəlmanların ticarətlə məşğul olub güclənməsini, həm də öz bazarlarını qurmasını təmin edəcəkdi. Beləliklə qeyri-müsəlmanların bazarda hakimliyinə də son qoyuldu. Yeni bir bazar quruldu. Və Müsəlmanlar bir-birindən alış-veriş etməyə başladılar. Məğazi kitablarının yazarları nəql edir ki: "Qısa zamanda yəhudilər Mədinə bazarında ticarətdən əllərini üzməli oldular."
Bəli, müsəlman bazarında artıq heç kim müsəlmanlarla rəqabət apara bilmirdi. Elə O da bunu istəyirdi. Müsəlman kimdənsə asılı olmayacaqdı...
Allah (cəllə cəlaluhu) inananların başqalarından əmr almaq, başqalarının əsarətində yaşamaq və başqalarına pənah aparıb "Mənim bu məsələmi həll et!" deyə xahiş etmək kimi rəzalətə düşməsinə razı olmaz. Mömin mömin olmalı, öz ayaqları üstündə dayanmalı, öz ayaqlarıyla yeriməli, öz əlləriylə tutmalı, öz gözləriylə görməli, öz düşüncələriylə danışmalıdır. Öz fikirləri ilə yaşamalı və mömin kimliyini mütləq qorumalıdır. Allah Rəsulu Mədinədə məhz bunu təsis etmişdi.
b. İlk konstitusiya
Peyğəmbərimiz (s.a.s.) Mədinəyə təşrif edər-etməz bir müqavilə hazırlatdırdı.[12] hüquqşünaslar bu müqaviləni "Allah Rəsulunun konstitusiyası" adlandırırlar. Neçə əsr sonra elan edilən İnsan Haqları Bəyannaməsində və hətta bizdəki Tənzimat Fərmanında yer alan müddəaların çoxu bu müqavilədə əksini tapmışdır.
Bəli, xristian və yəhudilərə verdiyi haqlarla Mədinə əhalisinin birliyinə nail oldu və onları əbədi düşməni Bizans, Sasani və Qüreyşdən qopardı. Beləcə yəhudilər uzun müddət müsəlmanların himayəsi altında firavan yaşadılar. Mədinə dövrünün böyük bəlası məşhur münafiq Abdullah ibn Übeyy ibn Səlul bu narahatlığını Qüreyşə bildirmişdi: "Onun Mədinəyə gəlməsi, dinini yayması bizim üçün təhlükə deyildir. Əsas təhlükə bütpərəstliklə mübarizədə xristian və yəhudilərlə ittifaqa girməsidir. Və sizin üçün təhlükəli olan məsələ də məhz budur."
Sülhə zəmin hazırlayan bir sistem və konstitusiya uzun müddət (onlar tərəfindən pozulanadək) onlara da, müsəlmanlara da əmin-amanlıq gətirdi. Yəhudilər çox məsələdə Allah Rəsuluna müraciət edir, Onun hakimliyinə pənah gətirirdilər.
Bəli, hədis kitabları onların oğurluq, qisas və zina məsələlərində Allah Rəsuluna müraciət etdiyini xəbər verir. Demək, onlar özlərinə aid məsələlərin həllində ixtiyar sahibi olsalar da, müsəlmanları daha ədalətli, daha qabiliyyətli bildikləri üçün – üstəlik Allahın Rəsulu da onların arasında idi – hər məsələdə İslamın hakimliyinə müraciət edirdilər. Gələcəkdə bütün bəşəriyyətin müraciət edəcəyi bu qüdsi qaynaq əhəmiyyətini ta o günlərdən hiss etdirməyə başlamışdı.
Bəli, bir təşəbbüslə hicrət məsələsi də yoluna düşür, müsəlmanlar da əmin-amanlıq içində İslamı dünyaya yayma yollarını axtarırdılar.
4. Hərb problemi
Müharibə və məğlubiyyətlər problemi vardı. Bəli, hərblər, savaşlar, zəfərlər, sülhlər.. (1974-cü ildə Kiprə qoşun çıxarmışıq, ancaq hələ də onunla əlaqədar problemləri yoluna qoya bilməmişik. Mən orada düşmənlə üz-üzə döyüşən Mehmetciyin alnından öpürəm, onların qəhrəmanlığının önəmsiz olduğunu demək istəmirəm. Lakin görürsünüz ki, həll edə bilmirik. Müsəlmanlar Kipri Müaviyənin dövründə əlüstü fəth etmişdilər. Bir başdan girib o başdan çıxmış və geridə heç bir problem qoymamışdılar. Amma bu gün vəziyyət başqa cürdür. Misal vermək üçün Kiprin adını çəkdim. Əsl məqsədim problem həll etməyin, üstəlik də hərb və sülhə dair problemləri yoluna qoymağın çətinliyini göstərmək idi. Balkan müharibəsindən görün neçə il keçib. Hələ də biz özümüzə aid məsələləri həll edə bilməmişik...)
Allah Rəsulu da müharibələr, hücumlar, təhdidlər gördü! Bəli, ilk illərdə qövm və qəbiləsiylə, ardınca Mədinə və ətrafında yaşayan yəhudilərlə, daha sonra da Bizans və Sasani kimi imperiyalarla üz-üzə gəldi. Hər tərəfi düşmən idi və dayanmadan problem çıxarır, təhlükə törədirdilər. O da hər dəfə qarşıya çıxan problemləri bir su içimi kimi yoluna qoyurdu.
a. Uhudun döyüş taktikası
Bədir zəfərini deyil, Xəndək qarşıdurmasını deyil, Mutə qəhrəmanlarının yazdığı dastanı deyil, Yermük igidlərinin mübarizəsini də deyil, bir mənada, məğlubiyyət saya biləcəyimiz Uhudla bağlı məsələləri ərz edəcək və Onun bu məsələdə ortaya qoyduğu diqqət, fikir və düzgün qərarlarından bir-iki cümlə söz açacağam!
İslam cərgələrində ilk çatlar Uhud döyüşündə meydana gəlmişdir. Mən həqiqi müsəlmana "məğlub oldu" deməkdən Allaha (cəllə cəlaluhu) sığınaram, "məğlubiyyətlə üzləşdi" də demərəm.
Əvvəla, Allahın (cəllə cəlaluhu) bir hikməti, bir yazısı vardı Uhudda, çünki müsəlmanların qarşısına Xalid kimi, Amr ibn As kimi hərb və siyasət dahiləri çıxmışdı. Bunlar gələcəkdə müsəlman olub nə qədər düşmən ordusunu darmadağın edəcəkdilər. O gün – bir talesizlik sayılsa da, – müşriklərin tərəfində idilər. Amma onlar gələcəyin səhabələri idi. Bəli, gələcəyin səhabələri o günün səhabələrinə qalib gəlmişdilər.
İkinci məsələ: oxçu dəstəsi Allah Rəsulunun təyin etdiyi taktikaya uyğun hərəkət etməmişdi. Hətta bəzilərinin içində yüngülcə qənimət arzusu da baş qaldırmışdı və bu da onlara baha başa gəlmişdi.. Əslində Onun şanlı, şərəfli səhabələrini tənqid etmək bizim haqqımız deyildir. Birincisi, onlar müqərrəbin (Allaha yaxınlıq) kimi uca bir məqamla şərəfləndirilmişdi... müqərrəbinlik isə öz-özlüyündə bir dərəcədir...
Demək istəyirəm ki, bu mələk kimi insanlar onlara yaraşan əməllərə görə münasibət görürdülər. Yoxsa şübhəsiz ki, bizim yaxşı əməllərimiz onların nəzərində pis əməl sayılır. Bəli, əgər onların o gün elədiklərini biz etsəydik, "ictihad savab qazandırır" prinsipi etibarilə savab belə qazanardıq. Lakin onlar kimi həsbi, diyərqəm, Allah Rəsulunun əlini sıxmış, dünya və masivanı (Allahdan başqa hər şey) tərk etməyə and içmiş və müqərrəbin mələklərini geridə qoyan bu insanlar öz səviyyələrinə görə "qurbət"ə (Allaha yaxınlıq) kölgə saldıqları üçün məğlubiyyət görünüşlü, məğlubiyyət kölgəli bir aqibətə düçar olmuşdular.
Nə baş vermişdi? Bir neçə yüz insan arasından adını da bildiyimiz 70 mömin şəhid olmuşdu.[13] Bir o qədər insan da ağır yaralanmışdı, hərəkət edə bilmirdi. Müşriklər son zərbəni endirə bilərdilər, amma müsəlmanların Uhud dağına sığındığını və gur səslə hayqırdığını görüncə ehtiyat edib meydanı dərhal tərk elədilər. Allahın inayəti ilə, Müsəlmanlar necə göründülər, necə heybətli davrandılarsa, məğlubiyyəti zəfərə çevirdilər və kafirlərin ürəyinə qorxu saldılar. Onlar da öz başlarına iş açmamaq üçün çəkilib getdilər.[14]
Daha sonra öz aralarında: "Gedək! – dedilər, – hazır, əzmişkən, (Romalıların Karfagenə etdikləri kimi) Mədinəni başlarına yıxaq, bir nəfər də sağ qalmasın, işlərini bitirək. Bircə nəfər qalsa belə, çoxalarlar, gələcəkdə başımıza bəla olarlar." Allah Rəsulu bundan agah oldu və dərhal fərman etdi: "Dünən bizimlə Uhuda gedən yaralı və salamat – kim varsa, sabah filan yerə gəlsin, düşməni təqib etməyə çıxırıq."
Bir gün əvvəl sıxışdırılmış və Uhudun ətəyinə çəkilmiş bu insanlar düşməni təqib etməyə gedəcəkdilər.. bu, yaralıların həmləsi idi.[15] Belə bir təşəbbüs göstərilməli idi ki, aşağıda verdiyimiz nəticələr əldə edilmiş olsun.
Birincisi, möminlərin əhval-ruhiyyəsi pozulmuşdu.. ikincisi, hər tərəfdən kafirlərin iştahası artmağa başlamışdı.. üçüncüsü, münafiqlər hay-küy salıb möminləri ruhdan salmağa çalışırdılar. Orada-burada "müsəlmanların üstünə yeriməkdən, onların işini tamam bitirməkdən" danışırdılar. Beləcə, müsəlmanlar elə qorxunc təhlükə ilə üz-üzə idilər ki, Həzrət Məhəmmədin (s.a.s.) fətanəti olmasaydı, bu problemin öhdəsindən gəlmək mümkün deyildi.
Bəli, Çanaqqalada Mehmetcik necə pərən-pərən düşmüşdüsə, o gün müsəlmanlar da Uhudda pərən-pərən düşmüşdü. Amma qüvvəsini toplayıb ayağa qalxmağı və qaçılmaz məğlubiyyəti – Allahın inayətiylə – zəfərə çevirməyi bacarmışdı.
Bəli, Allah Rəsulunun əmri gələr-gəlməz dərhal toparlanıb təqibə başlamışdılar. Kimisinin qolu, kiminin ayağı qopmuşdu, kimisinin yeriməyə taqəti qalmamışdı, amma çadırından çıxan toplanış yerinə qaçırdı. Allah Rəsulunun abı-həyat nəfəsi sanki onlara yenidən can vermişdi: çağırışa getməkdə bir-biri ilə yarışırdılar. Busirinin dediyi kimi: "Əgər Onun gətirdiyi möcüzələr öz məqamına uyğun olsaydı, adı çəkiləndə məzardakı ölü, çürümüş sümüklər belə dirilərdi."
Bəli, dirilərdi. Uhudda Onun adını eşidənlər bir-bir dirilirdi.
İndi hadisəni bir səhabənin dilindən (məalən) dinləyək:
"Elə yoldaşımız vardı ki, ayaq üstə yeriməyə halı yox idi, onu da çiynimizdə aparırdıq. Götürün, məni də aparın. Rəsulullahın çağırdığı yerdə olmaq, döyüşə bilməsəm, ox ata bilməsəm belə, əlimdə nizə orada olmaq istəyirəm.. alın məni kürəyinizə və aparın, hara qədər gücünüz çatır, aparın. Yıxılsam, orada yıxılım," deyirdi. Kimi kimini kürəyində aparır, kimi yıxılıb huşunu itirirdi. Kimini, bəlkə də, xərəklərlə aparırdılar.. kimini də başqa şəkildə[16]. Və beləcə "Həmeyi-əsəd" vadisinə çatdılar. Müsəlmanlar ocaq qalasaydılar, Qüreyş tüstünü görə bilərdi. Toz-torpaq və hay-küy içində vadiyə çatan qüreyşlilər donub qaldılar: elə bil müsəlmanlar yenidən dirilmiş, qəbirdən çıxıb üstlərinə gəlmişdi. "Başımızı bəlaya salmayaq. İndi qurtuluş yolumuz Məkkəyə qaçmaqdadır" deyib geri döndülər.[17]
Diqqət buyursanız, hərblə gələn bu qədər problemi bir cəhdlə heç bir qarışıqlığa imkan vermədən yoluna qoydu. Qurani-Kərim hadisəni bu sözlərlə təsvir edir: "O kəslər ki, xalq onlara: "Düşmənləriniz sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər." ("Ali İmran" surəsi, 3/173)
Bəli, qüreyşlilər hər şeylərini qoyub qaçmış... Müsəlmanlar dünənki sarsıntısını zəfərlə yekunlaşdırmış... və sonra da Allahın (cəllə cəlaluhu) lütfüylə heç bir zərər görmədən geriyə Mədinəyə qayıtmışdılar.
Bəzi siyər və məğazi müəllifləri Uhud döyüşünü müsəlmanların məğlubiyyəti kimi təsvir edir. Bəli, Uhudun əgər bir məğlubiyyət tərəfi varsa, o da Rəsuli-Əkrəmin əmrini dinləməyib Uhudun köksündə şəhidlik qanıyla arınıb tərtəmiz axirətə gedən bəzi səhabələrə aiddir. Əslində, Uhudun bir zəfər tərəfi də vardır ki, – məncə, məhz bu məqamı vurğulamaq lazımdır – o da problemi həll edən Həzrət Məhəmməd Mustafaya (s.a.s.) aiddir.
Bəli, əsas məsələ məğlubiyyəti zəfərə çevirməkdir. Qərblilərin Türk milləti haqda bir sözü var: "Hər millətin müdafiədən ümidi kəsilən yerdə bu millətin hücumu başlayır". Əslində, bu söz əsl müsəlmanlar üçün deyilmişdir və həqiqət olaraq qalır. Hər millətin müdafiədən ümidini kəsdiyi yerdə Həzrət Məhəmmədin (s.a.s.) hücumu başlayır və hücum üst-üstə yığılmış problemləri yoluna qoyur, möminlərin qəlbinə iman və ümid saçır, münafiqləri də yenidən ümidsizliyə qərq edirdi. İştaha gələnlərin arzusunu qursağında qoyur, sınıq könülləri ümidlə dirçəldirdi. Bəli, Müsəlmanlar yenə də zəfər sevinci ilə Mədinəyə dönürdülər. Müşküllərin təbibi Həzrət Məhəmməd Mustafa (s.a.s.) üçün indi nə deyirsiniz? Əlbəttə, "Muhəmmədun Rəsulullah" deyəcəksiniz...
b. Məşvərət
Allah Rəsulu qarşılaşdığı problemlərin bəzilərini də məşvərətlə həll edirdi. Əslində O, məşvərətlə mühüm bir məsələnin təməllərini atmaq istəyirdi. Məşvərətə möhtac deyildi, lakin Ondan sonra İslam aləmini təmsil edən xələflərin məsləhət-məşvərətə həmişə ehtiyacı olacaqdı. Bəli, Allah-Təala heç bir işdə Onu tək, arxasız qoymamışdı. Bir yeri ağrıdımı, mələk özünü yetirib dərmanını söylər, dişi sızladımı, Cəbrail (əleyhissalam) dərhal əlacını pıçıldardı. Rəsulullah mələkut aləmi ilə bu qədər təmasına, yaxınlığına baxmayaraq, məşvərətə böyük əhəmiyyət verirdi. Bu da Onun fətanətinin bambaşqa bir yönü, ayrı bir dərinliyi idi.
Ondan əsrlər sonra "şura" (müşavirə) dövlət idarələrində qaçılmaz bir sistemə çevriləcəkdi. İslami idarə şuraya dəyər verdiyinə görə də məşvərət ənənəsi əhatəliliyi, ənginliyi və bütün dövrlərin fövqündə dayanması ilə fərqli zaman dilimlərindən keçərək bu günədək gəlib çatdı.
ba. Məşvərətdən bir nümunə
1. O, demək olar, hər kəsin fikrini soruşur və məsləhət-məşvərət anlayışını cəmiyyət həyatında oturtmaq istəyirdi. O, Həzrət Əli (r.a.) ilə – "Qeyb pərdəsi çəkilsə, yəqinim (imanım) artmaz" deyən bir insanla məsləhətləşmişdi. Amma yenə də Allah Rəsulunun dərs halqasında bir uşaq idi. Allah Rəsulu kiçik yaşda olan Əli ilə məsləhət edirdi...[18]
Münafiqlər Həzrət Aişə Anamıza (radiyallahu anha) böhtan atmışdılar. Bəli, iffəti, isməti ayə ilə təsdiqlənmiş anamıza ən iyrənc iftiranı etmişdilər ki, buna "İfq", yəni iftira hadisəsi deyilir. Bu çoxyönlü hadisə tarixə bu adla düşmüşdür.
Hərçənd Allah Rəsulu vəhyin bu işi həll edəcəyinə qəti inanırdı və Həzrət Aişə haqqında da zərrə qədər narahatlığı yox idi, amma yenə də səhabələriylə bir-bir məsləhətləşməyi uyğun görürdü. Çünki məsləhətləşmək həmişə xeyir gətirir. O da xeyir üçün gəlmişdi.
Bir zəif rəvayətlərdə nəql edilir: Allah Rəsulu Həzrət Öməri çağırıb Həzrət Aişə (radiyallahu anha) haqqında fikrini soruşur. Həzrət Ömər cavab verir: "Ya Rəsulallah! Aişə pak və təmizdir, ona böhtan atılıb." Allah Rəsulu haradan bildiyini soruşanda da bu cavabı verir: "Ey Allahın Rəsulu, sən bir gün namaz qılırdın. Sonradan öyrənirik ki, xəbərin olmadan çarığının bir kənarına azacıq murdar bir şey sıçrayıbmış.. və sən bu vəziyyətdə namaz qılmağa başlamısan. Dərhal Cəbrail (əleyhissalam) gəlib Səni məsələdən agah edib və "Çarığını çıxar" deyib. İndi sənin çarığının üstünə sıçramış kiçik bir şeyi Allah-Təala Sənə xəbər verirsə, Səni ondan təmizləyirsə – haşa – belə bir günah işləmiş bir qadını sənə heç məhrəm edərmi? Xeyr, ya Rəsulallah! Cəbrail (əleyhissalam) mütləq gələcək və Aişənin nə qədər iffətli bir qadın olduğunu Sənə xəbər verəcək."
Bəli, Allah Rəsulu: مَا نَدِمَ مَنِ اسْتَشَارَ "Məsləhətləşən peşman olmaz"[19] buyurmuş, Həzrət Ömərlə də məsləhət etmişdi. Rəsulullah bu məsləhətlə heç nə itirmirdi, əksinə Həzrət Ömərin faydalanmasına zəmin hazırlayırdı. Bəli, Allah Rəsulu səhabələri ilə məsləhətləşir, onların fikrini soruşurdu. Təbii ki, qazanan yenə də məsləhətləşdiyi səhabələr olurdu, çünki Allah Rəsulu burada da onlara əxlaq dərsi verirdi. "Məsləhətləşən ziyana düşməz" – buyuran O deyildimi?!
2. Bədir döyüşünə gedəndə həm ənsar, həm də mühacirlərlə ayrı-ayrılıqda məsləhətləşmiş, onların fikrini öyrənmişdi. Mühacirlər adından danışan Miqdad mərd-mərdanə irəli atılaraq: "Sən atını Bərki-Qimadə qədər sür, arxandayıq və bizdən bir nəfər də geri qalmayacaq." Ancaq Allah Rəsulu o anadək fikrini bildirməyən ənsarın da nə düşündüyünü öyrənmək istəyirdi. Bunu sezən Sad ibn Muaz (r.a.) dərhal ortaya atıldı. "Ya Rəsulallah! Hər halda bizi düşünür və bizdən də bir cavab gözləyirsən. Cavabımız hazırdır. Bu, malımız, bu da canımız.. hamısı Sənin yolunda fəda olsun. İstədiyini istədiyin qədər götür, payla. Və istədiyin qədər can yolunda ölməyə hazırdır."[20]
Göründüyü kimi, Rəsulullah əshabı ilə məsləhətləşir və birliyin ruhunu ortaya çıxarırdı Ənsar və mühacir də birləşib ölümün gözünə dik baxırdı. Bəli, gözünü qan tutmuş düşmən ordusunun qılıncını qeyzlə sıyırdığı, xəncərini kinlə çəkdiyi, oxunu hazırlayıb yayını dartdığı bir vaxtda bu birliyi, bu igidliyi ortaya qoymaq lazımdı. Rəsulullah haqqın, həqiqətin, İslam heysiyyətinin, İslam ümmətinin müdafiəsi naminə düşmənin üstünə yeriyəcəkdi. Bu ərəfədə əshabı ilə məsləhətləşir, məşvərətdə uca düşüncəsini insanlara çatdırır, ən sağlam bünövrəyə oturdur və hər kəsin dəstəyinə, ülvi hislərinə əmanət edirdi.
Rəsulullahın əsas fikri bu yöndə idi. Allah (cəllə cəlaluhu) Ona yolu çoxdan göstərmişdi. Buna baxmayaraq, düşmənlə üz-üzə dayananda eyni duyğu və düşüncə ilə hərəkət etmək üçün əshabının fikrini öyrənib onlarla məsləhətləşirdi. Düzdür, onlar Rəsulullahın hər təklifinə "baş üstə" deyəcəkdilər, çünki Ona söz vermişdilər.. bu söz iman demək idi. Bir gün Kab ibn Malikin yaxasından yavaşca tutacaq, yüngülcə silkələyib belə deyəcəkdi: "Sən Əqabədə söz vermədinmi? Xoş gündə, dar gündə yanımda olacağına, gecələr ardımızca düşsə və ya gündüzlər önümüzü kəssə, məndən ayrılmayacağına söz vermədinmi?"[21] Söz verdilər, ölümə atıldılar. Öz düşüncələri idi. Öz fikirləriylə haqq hesab çəkməyə gəldilər və haqq-hesab çəkəcəkdilər.
Allah Rəsulu (s.a.s.) məşvərətlə mühüm bir məfkurəni bütün cahana mənimsədirdi. Hər kəs bu məfkurənin bir tərəfindən tutmağa can atır və o cövhər xəzinəsinə dəstək verirdi. Bəli, hər kəs o uca məfkurəyə sahib çıxır, onu yaşatmağı həyatının qayəsi bilir və "Bu yolda şəhidlik bizim üçün ən şirin idealdır" deyirdi.
bb. Məşvərətdən tablolar
1. Bədir döyüşünə yollanan Rəsulullah bir yerdə dayandı. O, ordunun mövqeyini lap əvvəldən müəyyən etmiş və quyuların başını çoxdan düşünmüşdü. Harada, hansı təpəni tutacağına, qeyzlə gələn düşməni harada sıxışdıracağına çoxdan qərar vermişdi. Lakin orada yenə səhabələrinin fikrini soruşdu.
Səhabələr arasında adı çox da məşhur olmayan Həzrət Hubab ibn Münzir (r.a.) ayağa qalxıb dedi: "Ya Rəsulallah! Vəhy gəlib deyə burada mövqe tuturuq? Əgər vəhyə görədirsə, nə bir addım geri, nə də irəli ata bilərik. Yoxsa, bu, sizin öz fikrinizdir?"
Allah Rəsulu: "Öz fikrimdir" cavabını verdi. Hubab ibn Münzir (r.a.) sözünə davam etdi: "Ya Rəsulallah, biz quyular tərəfdə mövqe tutaq, digər quyuları da dolduraq. Düşməni susuz qoyaq. Siz də ordugahınızı quyunun başında qurun və sizi düz ortamıza alaq."[22]
2. Həzrət Salman (r.a.) iranlı bir köləydi. Əvvəl atəşpərəst, sonra xristian, daha sonra da müsəlman olmuşdu. Müsəlman olanda heç nəyi, heç kimi yox idi. Hər şeyini müsəlmanlığına borcludur və bunu ən gözəl şəkildə dilə gətirən də yenə özüdür. Bir gün ondan kim olduğunu soruşurlar, "Salman ibn İslam" cavabını verir.[23] Bəli, o, həqiqi soyunu, kökünü tapmışdı, İslamın oğlu Salman...
"Əhzab" adlanan Xəndək döyüşündə Allah Rəsulu yenə səhabələriylə məşvərət etdi. Hər kəs bir fikir söylədi və növbə Salmana çatdı: "Ya Rəsulallah, bizim tərəflərdə bir üsuldan istifadə edərdik: düşmən hücumu gözlənəndə biz şəhərin ətrafında xəndək qazar, onunla müdafiə olunardıq. Əgər məsləhətdirsə, Mədinənin ətrafında xəndək qazıb düşmənin hücumuna mane olaq."
Və Allah Rəsulu bu təklifi qəbul edir, qəbul etməklə qalmır, özü də şəxsən səhabələri ilə birlikdə xəndəyin qazılmasında işləyir və onları ruhlandırır.[24]
3. O, yalnız kişilərlə deyil, xanımlarla da məsləhətləşirdi. Belə ki, Hüdeybiyyədə xanımı ilə məşvərət etmiş və xanımının təklifini icra etməkdə bir qəbahət görməmişdi.[25]
O, ömrü boyu bu prinsipə sadiq qalmış və aşılmaz problemləri məşvərətlərlə yoluna qoymuşdu. Biz dövlət idarəsində məşvərətin nə qədər əhəmiyyətli olduğunu ancaq indi-indi anlamağa başlamışıq. Məşvərətə dəyər verməyən müstəbid idarəçilər minlərlə xətaya yol vermişdir. Rəsulullah məşvərətlə fikrə, düşüncəyə, ağıla qarşı ən böyük hörmət və ehtiramı ortaya qoymuşdur. Çünki ağıl boş boşuna yaradılmamışdır, mühakimə və düşüncə qabiliyyətinin, təbii ki, bir hikməti vardır. Vəhylə bəslənən şəxslər, təməli vəhylə atılmış məfkurələr belə ağıl, düşüncə və mühakiməyə müraciət edir və bunlar onların izahında mühüm rol oynayır. Necə ki, əqli və mühakimə qabiliyyəti tam formalaşmamış və ya olmayan şəxslər dinimizə görə mükəlləf deyildir.
c. Təkliflər və tətbiq
Peyğəmbərimizin (s.a.s.) bir xüsusiyyəti də fikir və addımlarının vəhdət təşkil etməsidir. Nəzərləri haralara gedib çatmışsa, baxışları hara varmışsa, ayağını ora basmış və irəli sürdüyü fikirləri dərhal tətbiq edə bilmişdir. Beləliklə, Allah Rəsuluna tabe olanlar daima Onun dediklərini həyata keçirə bilmiş, tərəddüd, heyrət və çaşqınlığa düşməmişlər.
ca. Planlı hərəkət
Plan hal-hazırda ən əhəmiyyətli məsələlərdən birinə çevrilmişdir. Dövlətlər və millətlər onu inkişafın əsas faktorlarından biri kimi qəbul edirlər. Bizim Dövlət Planlama Təşkilatımız da bu məqsədlə qurulmuşdur. Yoxsa nə böyümə, nə də balanslı inkişaf mümkün olar. Bəli, cəmiyyətin nəbzi qurulan planlarla vurur. Plan bir mənada cəmiyyətin bünyəsinə nəzarətin ilkin şərtidir. Allah Rəsulunun nə kompüteri, nə qabaqcıl texnologiyası, nə də planlama təşkilatı vardı. O, dərhal lazımi qərarları verir, ardınca da tətbiq etməyə başlayırdı. Üstəlik yüz illik, iki yüz illik, üç yüz illik, dörd yüz illik, min dörd yüz illik, iki min illik məsələlər barədə qərarlar verir və hamısını tam həll edirdi. Yəni heç kim Onun söylədiyinin əksini deməmişdi, deyə bilməmişdi. Halbuki, daha əvvəl fərqli aspektdən ərz etdiyim kimi, Onun təbliğ kimi məsuliyyətli vəzifəsi vardı. Bu məsələdə elə addım atmalı idi ki, bir qarış da olsa geri dönmək və geri çəkilmək olmasın.
Və bu da Onun təbliğlə keçən həyatı:
Məkkədə hörümçək səbri, mərcan[26] iztirabı ilə gözləmə.. işin başında gözləmə.. dərinə getdikcə durğunlaşan sular kimi "səssiz aksiyon (fəaliyyət)"... Bu dövrdə hicrət əmrini verməklə, bəlkə də, zəif və gücsüzləri gözdən iraqda qorumaqla yanaşı, qüvvələrin qeyri-bərabər olduğu bir vaxtda təhrikedici görünüşü dağıtmağı, müşriklərin əndişələnməsinə imkan verməməyi və səs-küyə səbəb olmamağı düşünürdü.
Mədinədə isə Rəsulullah təbliğ üsulunu, vəzifənin tələblərini, müsəlmanların gücünü, qarşı tərəfin qüvvəsini nəzərə alaraq başqa yol seçmişdi. Əslində, Məkkə, Mədinə və daha sonrakı dövrlərdə qarşımıza çıxan strategiya fərqi böyümə və təşəkkül prosesinin bir nəticəsi idi. Məkkənin şəraiti bu cür, Mədinə mühiti başqa cür hərəkət etməyi tələb edirdi.. Məkkədə Mədinədəki kimi hərəkət etsəydi, bu, irəli sürdüyü heç bir plan və strategiyada yanılmayan nöqsanlardan uzaq Rəsulullah üçün böyük bir çatışmazlıq olardı. Halbuki, Allah (cəllə cəlaluhu) Onu xəta etmək üçün deyil, düzgün qərarlar vermək və bəşəriyyəti xaosdan qurtarmaq üçün göndərmişdi.
cb. Geri addım atmamaq
Bəli, Mədinədə Allah Rəsulu fərqli üsul seçdi ki, bu da bir zərurət idi. Hər addımı sonrakı addımının müqəddiməsi, ondan sonrakı addım da onun nəticəsi olurdu. O, ömrü boyu heç bir addımından geri dönməmişdir. Uhud kimi məğlubiyyətdən belə zəfər çıxaran Həzrət Məhəmməd Mustafanın (s.a.s.) geri addım atması mümkünmü? Atmamış və ayaq izləri ilə daima "Muhəmmədun Rəsulullah" yazmışdır. Onun hicrət məsələsində ortaya qoyduğu mövqe buna canlı nümunədir. Həbəşistan hicrəti də, Mədinə hicrəti də bir hidayət çağının, bir fütuhat dövrünün sirli qapısı olmuşdur.
[1] Eyni mənfi nəticəni verən vəziyyətlərin təkrarlanması, davam etməsi.
[2] Doğru yolu göstərmək. İnsanları qəflətdən oyadıb hidayət yolunu göstərmək.
[3] "Həşr" surəsi, 59/21
[4] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 3/425; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/19.
[5] Buxari, "Məğazi", 56; Müslim, "Zəkat", 132-140; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/177.
[6] Əgər siz yara aldınızsa, o biri (kafir) dəstə də o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz! "Ali-İmran" surəsi, 3/140.
[7] Buxari, "Fəraiz", 16; Əbu Davud, "Fəraiz", 16.
[8] Buxari, "Mənaqibül-ənsar", 3; Tirmizi, "Birr", 22.
[9] Göz-könül toxluğu
[10] Buxari, "Hibə", 35; "Mənaqibül-ənsar", 3; Müslim, "Cihad", 70.
[11] İbn Macə, "Ticarət", 40; Təbərani, "Əl-mücəmül-kəbir", 19/264.
[12] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/31-35.
[13] Buxari, "Məğazi", 26; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/30.
[14] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/43.
[15] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/48-49.
[16] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/52.
[17] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/54-55.
[18] Buxari, "Məğazi", 34; Müslim, "Tövbə", 56.
[19] Tabərani, "Əl-mucəmüs-sağir", 2/175.
[20] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/161-162; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/262-264.
[21] Buxari, "Məğazi", 79; Müslim, "Tövbə", 53.
[22] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/167-168; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/267.
[23] Nəvəvi, "Təhzibül-Əsma", s. 218.
[24] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/172-182; İbn Sad, "Ət-təbəqətül-kübra", 2/66; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/95.
[25] Buxari, "Şurut", 15; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/330.
[26] Mərcan polipləri okean sularının dərinliklərində sabit bir yerdə yaşayan, ovunun gəlməsini səbirlə gözləyən bir canlıdır. "Mərcan səbri" ifadəsi ilə iztirab çəkə-çəkə, səbirlə gözləmək nəzərdə tutulur.
- tarixində yaradılmışdır.