Xəndək

Xəndək

Daha əvvəl sürgün edilib Xeybərdə məskunlaşan Nadir oğulları xeybərliləri Allah Rəsuluna qarşı üsyana təhrik edirdilər. Onlar bəzi əyan-əşrəfini Qüreyşə, bəzilərini də Qatafan qəbiləsinə göndərdilər. Onsuz da hər iki tərəf müsəlmanları yer üzündən silməyə – təklif kimdən gəlir-gəlsin – canla-başla hazır idi. Bunlara Əsəd və Səlim oğulları da birləşincə yaranan mənzərə eynilə Çanaqqala müharibəsini xatırladır, Akifin "Kimi hindu, kimi yamyam, kimi bilməm nə bəla!" misrasını yada salır. Demək olar, bütün yəhudi və müşrik qəbilələri Allah Rəsulu və səhabələrini məhv etmək üçün ittifaq etmişdilər.

Nəhayət, düşmən 24 minlik ordu ilə Mədinəyə hücum etməyə qərar verdi. Peyğəmbərimiz (s.a.s.) hadisələrdən çoxdan xəbər tutmuşdu. Səhabələrini başına topladı, onlarla döyüş üsulu haqda məşvərət etdi. Müxtəlif fikirlər irəli sürüldü. Ancaq bu fikirlər arasında Salman Farisinin təklifi daha ağlabatan hesab olunaraq qəbul edildi. Belə ki, düşmənin hücum ehtimalı olan yerlərdə xəndək qazaraq müdafiə olunacaqdılar.

O vaxta qədər qüreyşlilər belə bir şey görməmişdilər. Onlar Uhud və ya Bədir kimi bir müharibə gözləyirdilər. Ancaq fərqli bir vəziyyətlə qarşılaşdılar. Müsəlmanlar döyüş hazırlıqlarını tam məxfi saxlayırdılar. Peyğəmbərimiz bu məqsədlə ətrafda əsgərlər qoymuşdu. Onlar Mədinə və ətrafını ciddi nəzarətdə saxlayırdılar. Bu işi o qədər gizli görürdülər ki, küfr ordusu Mədinəyə çatanda xəndəkləri görüb çaş-baş qalmışdı.

Peyğəmbərimiz üç min səhabəsi ilə xəndək qazmağa başlamışdı. Adambaşına bir arşın yer düşürdü. Rəsulullah səhabələrini on nəfərlik dəstələrə bölərək onları bir-biri ilə yarışmağa həvəsləndirdi. Xəndəyin dərinliyi və eni elə olmalı idi ki, ən mahir süvarilər belə, nə düşəndə çıxa bilsin, nə də üstündən keçə bilsin.[1]

Hazırda bu xəndək tamamilə dolmuş vəziyyətdədir. Allah Rəsulunun da külüng çaldığı bu xəndəyi görməyi nə qədər arzu edərdik. Hazırda xəndəyin izləri kimi göstərilən ərazilər nə dərəcədə doğrudur, bilmirəm. Ancaq bir hərb mütəxəssisi buraları araşdırıb göstərilən yerə "Bəli, bura xəndəyin yeri ola bilər" desə, onda oranın həqiqətən də xəndəyin ərazisi olduğuna inanmaq mümkündür.

Bəli, Xəndəyin qazılmasında Allah Rəsulunun (s.a.s.) şəxsən işləməsi səhabələrə mənəvi dəstək və qüvvət oldu. Bəzən onları yarışa təşviq edir, bəzən də ənsara və mühacirlərə iltifat gös­tərirdi.

Səhabələr ac idilər. Qarınlarına daş bağlamışdılar. Allah Rə­sulu da ac idi. O da qarnına iki daş bağlayıb aclığa dözməyə çalışırdı. Əslində nə aclıq, nə də susuzluq onların əzm və səyini qıra bilmirdi. Coşduqca coşur və hamı bir ağızdan bu misraları zümzümə edirdi:

"Bizlər o kəslərik ki, Həzrət Məhəmmədə (s.a.s.) beyət etdik. Nə qədər canımızda can var, cihad edəcəyik"[2] və ardınca da:

"Allahım, and içirik ki, Sən olmasaydın, biz hidayətə çatanlardan, sədəqə verənlərdən və namaz qılanlardan olmazdıq. Üzərimizə səkinə (hüzur) endir! Və əgər düşmənlə qarşılaşsaq, bizə güc, qüvvət ver".[3]

Peyğəmbərimiz də bəzən onlarla bir yerdə zümzümə edir və bu sözləri deyirdi:

"Allahım, axirət həyatından başqa həyat yoxdur. Sən ənsar və mühacirlərin günahından keç!"[4]

Rəsuli-Əkrəm müdafiəyə hazırlaşarkən Sel təpəsinin önündə mövqe tutmuş, qadınları və uşaqları da təhlükəsiz yerlərə göndərmişdi.[5] Mən hərbiçi deyiləm, amma fikrimcə, Peyğəmbərimizin bu taktikası araşdırılsa, ən düzgün qərarın Sel təpəsinə söykənmək olduğunu görərik. Bütün bu qərarları Allah Rəsulu uzun müddət düşünmədən, ani vermişdi və hamısı da yerli-yerində idi.

Mədinənin müdafiəsi ilə əlaqədar tədbirlər görüləndə Qureyzə oğullarının hücum ehtimalı da nəzərə alınmışdı. Həmin istiqaməti Sələmə ibn Əsləmin başçılıq etdiyi bir dəstə səhabə qoruyurdu.[6] Bəli, bütün ehtimallar nəzərə alınır və bəxtəbəxt heç bir iş görülmürdü.

Xəndəyin dar bir yeri var idi. Mahir bir süvari və yaxşı bir at buradan çətin də olsa, keçə bilərdi. İlk baxışda həmin dar yer gözdən qaçmış kimi görünürdü. Ancaq burada Allah Rəsulunun qeyri-adi fətanəti öz sözünü deyirdi. Çünki ən güclü müşriklər həmin dar yerdən atlamağa çalışacaq və bir-bir müsəlmanların düz ortasına düşəcəkdi. Bu da bir üsul idi, amma əsl məqamı çatana qədər heç kim bunun fərqinə vara bilməmişdi... Beləliklə, hadisələr gəzib-dolanıb Rəsulullah deyənə çıxırdı. Bəli, hadisələr Allah Rəsulunun düşündüyü kimi cərəyan edirdi. Döyüşün qızğın çağında düşmənin ən mahir döyüşçüləri həmin yerdən keçməyə çalışdı və bir-bir tələf oldu.

Xəndəyi ilk Amr ibn Əbdivüdd keçdi. Yaşlı olmasına baxmayaraq, onu 100 döyüşçüyə tən sayırdılar. Bir igid çağırdı, qarşısına Həzrət Əli (r.a.) çıxdı. Amr qabağında bir gənc görəndə onunla istehza etdi. Onunla at belində döyüşməyi özünə sığışdırmadığı üçün atından endi və bir qılınc zərbəsi ilə atını öldürdü. Sonra da Həzrət Əlinin qarşısında dayandı.

İlk zərbəni Amr vurdu. Zərbənin gücündən Həzrət Əlinin (r.a.) qalxanı parçalandı, qılıncın ucu üzünü yüngülcə yaraladı. Həzrət Əlinin cavab zərbəsi Amrın çiyninə dəydi. Bu əsnada Həzrət Əli (r.a.) təkbir gətirdi, müsəlmanlar da bir ağızdan onun səsinə səs verdilər. Əgər Amr aldığı qılınc zərbəsindən sağ çıxsaydı, bu təkbir sədalarının şiddətindən öləcəkdi. Amrın ölümü müşrikləri bərk sarsıtdı, möminləri isə sevindirdi, ruhlandırdı.[7]

Amrla birgə xəndəyi keçən Dirar və Hübeyrə adlı müşriklər onun öldürüldüyünü görüb qaçdılar. Daha sonra Nofəl ibn Ab­dullah xəndəyi adlamağı bacardı. Onu da Həzrət Zübeyr (r.a.) qarşıladı. Həzrət Zübeyrin zərbəsi ilə xəndəyə yumalandı, ardınca müsəlmanların atdığı daşların altında çırpınmağa başladı. Nofəl: "Məni şərəfli ölümlə öldürün!", – deyə yalvardı. Həzrət Əli (r.a.) xəndəyə düşüb qılıncla onun da işini bitirdi.[8]

Mühasirənin ən şiddətli günü də elə həmin gün idi. Bir aya qədər davam edən mühasirə əvvəlki gücünü itirməyə başlamışdı, heç kimdə onu davam etdirməyə həvəs və maraq qalmamışdı. 24 min əsgəri saxlamaq, təmin etmək asan iş deyildi.

Müşriklərin xəndəyi keçə bilmədiyini, keçənlərin də öldürüldüyünü görən Qureyzə oğulları qadınlar olan sığınacağa hücum etməyi qərarlaşdırdılar. Əvvəlcə bir nəfər göndərdilər ki, gedib vəziyyəti öyrənsin. Həzrət Safiyyə (r.anha) sığınacağın yaxınlığında gəzən yəhudiyə qəfildən hücum edib onu öldürdü. Silahlarını götürüb sığınacağa gətirdi. Yəhudilər göndərdikləri adamın gəlmədiyini görüb orada döyüşçü dəstəsi olduğunu zənn etdilər. Ona görə də, hücum etmək fikrindən daşındılar.[9]

İslam düşmənləri bu döyüşə, özlərindən arxayın, qürurlu gəl­mişdilər. Bir neçə gün ərzində müsəlmanların axırına çıxıb qayıt­mağı düşünürdülər. Ancaq yanılmışdılar, bunu anlayanda isə gec idi. Çox keçmədən məğlub olmuş, əlləri ətəklərindən uzun geri qayıdırdılar.

Bu mühasirədə elə əvvəldən hadisələr kafirlərin əleyhinə işləyirdi. Qarşıdan qış gəlirdi. Məkkəlilər Mədinənin qışına dözə bilməzdilər. Onsuz da qış üçün heç bir hazırlıq görməmişdilər. Neçə gündür, əsən külək getdikcə şiddətlənib qasırğaya çevril­mişdi. Müşriklərin bundan artıq dözməsi mümkün deyildi. Nə­hayət, bir müddət sonra Əbu Süfyan istəməyərək də olsa, geri dönüş əmri verdi.[10]

a. Qurani-Kərimdə Xəndək döyüşü

Qurani-Kərim Xəndək döyüşündən təfsilatı ilə bəhs edir. İndi də onun sətir aralarında müharibənin gedişini izləyək. Sonra da Peyğəmbərimizin Xəndək döyüşündə istifadə etdiyi döyüş üsullarına nəzər salaq:

Bu hadisə ilə əlaqədar Quran buyururdu:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ إِذْ جَاءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحاً وَجُنُوداً لَمْ تَرَوْهَا وَكَانَ اللّٰهُ بِمَا تَعْمَلُونَ بَصِيراً
"Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Üzərinizə ordular gəlmişdi, Biz də onların üzərinə qasırğa və sizin görmədiyiniz ordular göndərmişdik. Allah etdiyiniz hər şeyi görürdü". ("Əhzab" surəsi, 33/9)

إِذْ جَاؤُكُمْ مِنْ فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنْكُمْ وَإِذْ زَاغَتِ اْلأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللّٰهِ الظُّنُونَ
"O zaman onlar sizə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmişdilər. Qorxudan gözünüz hədəqəsindən çıxmış, ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz." ("Əhzab" surəsi, 33/10)

هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالاً شَدِيداً
"Məhz onda möminlər imtahana çəkilmiş və möhkəm sarsılmışdılar". ("Əhzab" surəsi, 33/11)

وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَرَضٌ مَا وَعَدَنَا اللّٰهُ وَرَسُولُهُ إِلاَّ غُرُوراً
"O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun peyğəmbəri bizə quru vədlər vermişdir", – deyirdilər." ("Əhzab" surəsi, 33/12)

وَإِذْ قَالَتْ طَائِفَةٌ مِنْهُمْ يَا أَهْلَ يَثْرِبَ لاَ مُقَامَ لَكُمْ فَارْجِعُوا وَيَسْتَأْذِنُ فَرِيقٌ مِنْهُمُ النَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِيَ بِعَوْرَةٍ إِنْ يُرِيدُونَ إِلاَّ فِرَارً
"Onlardan bəziləri: "Ey Mədinə əhli. Burada daldalanacaq bir yeriniz belə yoxdur, geri qayıdın!" – demişdilər. Bəziləri də: "Evlərimiz açıqdır (kimsəsizdir, nəzarətsizdir)", – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən icazə istəyirdilər. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər." ("Əhzab" surəsi, 33/13)

وَلَوْ دُخِلَتْ عَلَيْهِمْ مِنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا الْفِتْنَةَ لَآتَوْهَا وَمَا تَلَبَّثُوا بِهَا إِلاَّ يَسِيراً
"Əgər Mədinənin hər tərəfindən üstlərinə yüyürüb onlardan fitnə törətmək (imandan dönmək, yenidən müşrik olmaq) istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda azacıq da olsa, yubanmazdılar." ("Əhzab" surəsi, 33/14)

وَلَقَدْ كَانُوا عَاهَدُوا اللّٰهَ مِنْ قَبْلُ لاَ يُوَلُّونَ اْلأَدْبَارَ وَكَانَ عَهْدُ اللّٰهِ مَسْؤُلاً
"And olsun ki, bundan əvvəl bir daha üz çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verdikləri əhdə görə (qiyamət günü) mütləq sorğu-suala çəkiləcəklər!" ("Əhzab" surəsi, 33/15)

Möminlərin güclü imanı və əhval-ruhiyyəsi həmin surədə belə anladılır:

وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ اْلأَحْزَابَ قَالُوا هَذَا مَا وَعَدَنَا اللّٰهُ وَرَسُولُهُ وَصَدَقَ اللّٰهُ وَرَسُولُهُ وَمَا زَادَهُمْ إِلاَّ إِيمَاناً وَتَسْلِيماً
"Möminlər düşmən ordularını görəndə: "Bu, Allahın və Pey­ğəmbərinin bizə vəd etdiyidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!" – dedilər. Bu onların yalnız (Allaha) imanını və itaətini artırdı". ("Əhzab" surəsi, 33/22)

Prinsip olaraq, siyərə aid təfsilata girməyəcəm. Onsuz da bu cür mövzulara təmasımız dolayı yolla olur. Bizim əsas məqsədimiz Peyğəmbərimizin risalət (peyğəmbərlik) yönünü görüb göstərməkdir. Onun malik olduğu fətanətin müxtəlif yönləri vardır ki, bunlardan biri də məşhur cahangirləri geridə qoyan hərbi zəkası idi. Bədir və Uhud müharibələrində Allah Rəsulunun misilsiz bir hərb dahisi olduğunu – təbii ki, məhdud bilgilərimiz çərçivəsində və mütəxəssis olmadığımızı da etiraf edərək – isbatlamağa çalışdıq. Xəndək müharibəsi haqqında da bir neçə söz söyləməyə çalışacağıq.

Bəli, O, bənzərsiz bir sərdardır.. Xəndək döyüşü də bizim bu fikrimizi təsdiq edir. Xəndək ən çətin şəraitdə qazanılmış möh­təşəm bir zəfərdir. Bu zəfəri hazırlayan amillər şəxsən Uca Allahın Rəsuluna öyrətdiyi çərçivədə formalaşmışdır. O böyük fətanət sahibi Rəsulullah vəhy və ilham yolu ilə bildirilənləri anlamış, tətbiq etmiş və beləcə qalibiyyət əldə etmişdir.

Bəli, bu qədər ağır şəraitdə belə bir müvəffəqiyyətə nail olmaq çox çətin, hətta qeyri-mümkün idi. İndi biz Peyğəmbərimizin bu müharibədə istifadə etdiyi üsullardan bir-bir bəhs etməyə çalışaq ki, Xəndək bizə bir daha "Muhəmmədun Rəsulullah" dedirtsin…

b. Xəndək müharibəsinin pərdə arxası

1. Düşmən 24 min, müsəlmanlar isə 3 min nəfər idi. Yəni düşmən ordusu müsəlmanlardan düz səkkiz dəfə çox idi. Hər müsəlmana 8 düşmən düşürdü. Belə bir müharibənin meydan savaşı deyil, müdafiə döyüşü olaraq planlanması müdhiş bir fətanət göstəricisi idi.

Yuxarıda da dediyimiz kimi, Allah Rəsulu bir dəfə tətbiq etdiyi üsulu bir daha təkrarlamamışdı. Məhz Xəndəkdə də bunun bariz örnəyini görürük.

2. O şəraitdə xəndək düşmənin qarşısını almaq üçün mühüm bir maneə idi. Çünki nə qüreyşlilər, nə də müttəfiqləri belə bir mənzərə ilə qarşılaşacaqlarını ağıllarından belə keçirməmiş, qabaqlarına xəndək çıxanda çaş-baş qalmışdılar.

3. Xəndəyin kiçik bir hissəsinin ensiz qazılması və mahir süvarilərin keçməsi üçün əlverişli olması da bir dahilik nümunəsidir. Beləcə, ən güclü və qüvvətli düşmənlər bir-bir ələ keçirilib öldürüləcəkdi, bu da müşrik cəbhəsində bədbinlik və sarsıntıya, möminlərdə isə ümid və sevincə səbəb olacaqdı.

4. Xəndəyin qazılmasında Allah Rəsulu şəxsən iştirak etmiş,­ möminlərin arasında olmuşdu. Bu da səhabələrə güc vermişdi. Bundan başqa, müsəlmanlar sərt bir qaya parçasını qıra bilməyəndə naçar qalıb Peyğəmbərimizə müraciət etmişdilər. İki Cahan Sərvəri də əlindəki külünglə qayaya vurmuş, elə birinci zərbə ilə qayadan parlaq qığılcımlar qalxmışdı. Allah Rəsulu təkbir gətirərək səhabələrə İran səltənətinin yerlə-yeksan olub mülkün Ona veriləcəyini müjdələmişdi. İkinci vuruşda da qayadan qığılcımlar çıxmış, Allah Rəsulu yenə təkbir gətirərək Roma imperatorluğunun məhv olacağını xəbər vermişdi.[11]

Bu iki şad xəbərdən ruhlanan müsəlmanlar nəinki 24 minlik ordu, hətta bütün dünya üstlərinə gəlsə, gözlərini belə qırpmadan döyüşərdilər.

5. Xəndəyi keçən düşmənlə döyüşmək üçün Həzrət Əlinin (r.a.) həm də könüllü (əmrlə deyil) seçilməsi diqqətəlayiqdir. Beləcə Allah Rəsulu kimdən harada və necə istifadə edəcəyini və bu qabiliyyətin bir möcüzə olduğunu bir daha göstərmiş olurdu.

6. Ordudakı münafiqləri güclü nəzarətdə saxlaması və onların pislik etməkdən ötrü ürəkləri getsə də, heç nə edə bilməmələri peyğəmbər fətanətinin bir yönüdür.

7. Peyğəmbərimiz müharibəni əlindən gəldiyi qədər uzatmaq tərəfdarı idi. Buna nail oldu da. Müharibəni uzatmağın bir çox faydaları var idi ki, onları belə sıralaya bilərik:

Birincisi: Qarşıdan qış gəlirdi. Qüreyş və müttəfiqləri qışa hazırlıqsız gəlmişdilər.. bir az da qalsaydılar, qış onların axırlarına çıxacaqdı, xeyli tələfat verməli olacaqdılar...

İkincisi: Hər gün 24 min döyüşçünü yedizdirmək, içizdirmək məcburiyyətində olan düşmən vaxtın uzanması ilə maddi böhranla üzləşmişdi. Aclıq və susuzluğun üstünə soyuq da gəlincə ümumi vəziyyət dözülməz həddə çatmışdı...

Üçüncüsü: Düşmən birliklərinin süni ittifaqı uzunömürlü ola bilməzdi, çünki onları birləşdirən əsas amil Allah Rəsuluna düş­mənçilik idi. Bu "dostluq" gündən-günə zəifləyirdi. Halbuki müsəlmanlar gün keçdikcə bir-birinə daha möhkəm bağlanırdılar.

Dördüncüsü: Düşmən ordusunda bir neçə başçı var idi. Bun­ların heç biri digərinin əmrinə girmək istəmirdi. Onlar soyğunçu səlib yürüşlərini andırırdılar. Formal olaraq bütün orduya Əbu Süfyan rəhbərlik edirdi, amma üzdə belə idi.. zaman keçdikcə müttəfiqlər bir-birindən uzaqlaşır, onların arasında meydana gələn ziddiyyətlər ordunu əridirdi.

8. Nuaym ibn Məsud (r.a.) gizlicə müsəlman olmuşdu. Allah Rəsulu ona bir müddət də müsəlmanlığını gizlətməyi məsləhət görmüş və bu mühasirə zamanı mühüm işlər tapşırmışdı.

Nuaym həm Qüreyşin, həm də yəhudilərin etimad və hörmətini qazanmış bir insan idi. Peyğəmbərimiz ona hərbin hiylə olduğunu söyləmiş və düşmən arasına təfriq salmasına icazə vermişdi. Peyğəmbərimizin icazəsindən sonra Nuaym yəhudilərin yanına gedib: "Qüreyşlilər çıxıb gedəcək və sizi Məhəmmədin (s.a.s.) qarşısında köməksiz qoyacaq. Bir düşünün, onda halınız necə olacaq? Əgər pis vəziyyətə düşmək istəmirsinizsə, onların əyan-əşrəfindən bir neçəsini girov kimi yanınızda saxlayın", – dedi. Onlar Nuayma olan etimadlarına görə, bu sözlərə tərəddüdsüz inandılar.

Nuaym oradan çıxıb daban aldı qüreyşlilərin yanına. Onlara da: "Yəhudilər Məhəmmədlə gizlicə razılığa gəliblər. Sizin başçılarınızdan bir neçəsini girov adı ilə alıb ona təslim edəcəklər. O da bunun əvəzində onlara toxunmayacaq. Sizdən belə bir şey istəsələr, əsla onların dediyini etməyin!", – dedi. Qüreyşlilər də Nuayma güvəndikləri üçün onun təklifindən zərrə qədər şübhələnmədilər.

Qüreyş böyükləri ilə yəhudi başçıları bir gün bir yerə toplaşdılar. Hər iki tərəf də bir-birindən şübhələnirdi. Əvvəlcə yəhudilər sözə başladılar: "Siz dara düşən kimi, qaçıb gedəcək və bizi burada tək qoyacaqsınız. Bizim yanımızda bir neçə nəfər girov qoymasanız, döyüşü tərk edəcəyik," – dedilər. Onsuz da qüreyşlilər belə bir təklif gözləyirdilər. Nuaymın sözlərini xatırladılar və təbii olaraq, bu təklifi qəbul etmədilər. Qüreyşlilərin bu təklifi rədd etdiyini görən yəhudilər ürəklərində "Nuaym haqlıymış" dedilər. Beləcə ittifaq pozuldu və yəhudilər döyüşdən çəkilməyə başladılar.[12]

İnsanları tanımaqda Allah Rəsulunun tayı-bərabəri yoxdur. Bir neçə gün əvvəl müsəlman olan Nuaymın fərasətini dərhal sezmişdi ki, ona belə ağır vəzifə tapşırmışdı. O da həmin tapşırığın öhdəsindən müvəffəqiyyətlə gəlmişdi.

9. Fırtına və qasırğa düşmən cəbhəsini əldən salırdı. O əsnada görəsən, qüreyşlilər nə vəziyyətdə idilər? Allah Rəsulu Qüreyşdən bir xəbər öyrənmək üçün Hüzeyfəni (r.a.) göndərdi. Bu iş üçün Hüzeyfəni seçmişdi. O, Allah Rəsulunun sirdaşı idi. Eyni zaman­da əmrə itaətin incəliyini yaxşı bilən səhabələrdəndi. Allah Rəsulu onu göndərərkən: "Orada bir iş çıxarma, sadəcə vəziyyəti öyrən və geri qayıt," – demişdi.

Hüzeyfə qarşı tərəfə keçdi. Birdən arxası ona tərəf dayanmış Əbu Süfyanı gördü. Ağlından onu oxla öldürmək keçdi, amma Allah Rəsulu ona: "Bir iş çıxarma!" demişdi. Fikrindən daşındı. Əbu Süfyan dayanmadan: "ər-Rahil! ər-Rahil!" – deyə qışqırırdı. Demək ki, artıq Qüreyş pərişan halda geri qayıdırdı[13].

Qurani-Kərim onların bu ələmli və pərişan hallarını bu ayə ilə bildirir:

وَرَدَّ اللّٰهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْراً وَكَفَى اللّٰهُ الْمُؤْمِنِينَ الْقِتَالَ وَكَانَ اللّٰهُ قَوِيّاً عَزِيزاً
"Allah kafirləri kinləri ilə geri oturtdu, onlar heç bir xeyir əldə edə bilmədilər; döyüşdə möminlərə Allahın yardımı kifayət etdi. Allah Qavidir, Əzizdir (yenilməz qüvvət və qüdrət sahibidir)!". ("Əhzab" surəsi, 33/25)

Hüzeyfə öyrəndiklərini Allah Rəsuluna çatdırmaq üçün geri dönəndə ağ sarıqlı, ağ paltarlı süvarilər gördü. Bunlar kafir ordusunun içində o tərəf-bu tərəfə gedib gəlirdilər. Biri Hüzeyfəyə yaxınlaşıb: "Rəhbərinə salam de, düşmənin öhdəsindən gəldik!" – dedi. Hüzeyfə bu hadisəni Allah Rəsuluna nəql edəndə: "Onlar mələklərdir. Orada baş verən hadisələrə nəzarət edirlər" – cavabını verdi.[14]

10. Allah Rəsulu daima nəzarəti öz əlində saxladı və mühasirə müddətində bir saatlıq da olsa, cəbhədən ayrılmadı. Sadə bir müsəlman kimi davrandı, hər bir çətinlikdə ordunun yanında oldu. Bu da Onun bir sərkərdə kimi əlçatmaz mövqedə dayandığı­nı göstərir.

11. Bu qədər ağır və qeyri-bərabər mühasirə zamanı müsəl­manlardan cəmi altı nəfər şəhid oldu.[15]

12. Peyğəmbərimiz müharibənin sonunda belə buyurmuşdu: اَلْآنَ نَغْزُوهُمْ وَلاَ يَغْزُونَنَا "Artıq bundan belə biz onların üstünə gedəcəyik, onlar gələ bilməyəcək."[16]

Zaman və hadisələr bu xəbəri təsdiqləmişdir. Xəndək döyüşü ilə əlaqədar iki mühüm hadisə var ki, demədən keçmək olmur:

Birincisi, mühasirə əsnasında Allah Rəsulunun dörd vaxt namazının qəzaya qalmasıdır.[17] İkincisi isə, ənsarın böyüyü, şərəfli səhabə Sad ibn Muazın (r.a.) vəfatıdır.[18]

Bu müharibədə Sad ibn Muaz (r.a.) qolundan yara almışdı. Qan itirirdi. Allah Rəsulu onunla şəxsən məşğul olur və tez-tez məscidin içində qurdurduğu çadıra gəlib ona baş çəkirdi. Hətta hər kəs onu ziyarət edə bilirdi. O, müsəlman olandan sonra Allah Rəsulunun yanından ayrılmamışdı. Onun gözündə müstəsna bir yerə sahib idi. Bir dəfə Sad ibn Muaz səhabələrin yanından keçərkən İki Cahan Sərvəri: قُومُوا إِلَى سَيِّدِكُمْ "Böyüyünüz üçün ayağa qalxın!" – demiş və orada olanları Sad ibn Muaza (r.a.) hörmət əlaməti olaraq ayağa qaldırmışdı.[19] O, Allah Rəsuluna daima sadiq və vəfalı oldu, sədaqətlə yaşayıb dünyadan köçdü.

Bir gün Allah Rəsuluna: "Ya Rəsulallah, budur malımız, istə­diyin qədər götür, budur canımız, istədiyini qurban et!" – demişdi[20]. Son anlarında Allaha belə dua etmişdi: "Allahım, əgər bir daha Rəsulullahın yanında döyüşmək qismətimdə varsa, məni yaşat, yoxsa əmanətini məndən al!"[21] Xəndək döyüşündə aldığı yaradan şəhid olmuşdu. Döyüşə tələsmiş, geyindiyi zireh əyninə kiçik olduğu üçün çiyni açıq qalmışdı. Və o açıq qalmış yerə talesiz bir oxun saplanması ilə Rəbbinə qovuşmuşdu[22].

Döyüş yenicə sona çatmış, Allah Rəsulu evinə təzəcə girmişdi ki, Cəbrail gəlib Peyğəmbərimizə xitabən: "Ya Rəsulallah! Siz silahınızı qınına qoydunuz? Halbuki biz mələklər hələ silahımızı yerə qoymamışıq. İndi dərhal Qureyzə oğullarının üstünə yeriyin!" – dedi.[23] Bunu eşidən Peyğəmbərimiz dərhal hərəkət əmrini verdi. "İkindini orada qılın!" – deyərək hərəkətin sürətli olmasının vacibliyini bildirdi.[24]

Qureyzə oğulları, xüsusilə, Xəndək döyüşü ərəfəsində xəyanət etmiş, müsəlmanları arxadan vurmaq istəmişdi. Müsəlman qadınların olduqları yeri müəyyən edib, onlara hücum etmək istəsələr də, buna imkan tapmamışdılar. Halbuki bundan əvvəl Allah Rəsulu ilə müqavilələri vardı. Müqaviləni pozmuş, müsəlmanlarla açıq-aşkar hərbə girmişdilər.

Günahları bununla qurtarmırdı; siyasi sürgün Hüyey ibn Axtab və onun kimi digər İslam düşmənlərinə qucaq açmış, onlara açıq şəkildə siyasi sığınacaq vermişdilər. Halbuki bu hərəkət müqaviləni pozmaq deməkdi.[25]

Bütün bunlara baxmayaraq, Allah Rəsulu onlara hücum edəndə günahlarını etiraf edib əfv diləsəydilər, bəlkə də, bağışlanardılar. Çünki Allah Rəsulu həmişə onlarla yaxşı keçinməyin tərəfdarı idi. Amma di gəl ki, onlar pislikdən başqa bir şey düşünmürdülər. Müsəlmanlara düşmən olduqlarını bildirdilər və müqavimət göstərməyə cəhd elədilər. Ancaq müqavimətləri qısa vaxtda qırılınca təslim oldular. Bircə şərtləri var idi: Sad ibn Muaz (r.a.) hakim olub tərəflər arasında hökm versin. Peyğəmbərimiz də razılaşdı.

Sad ibn Muaz (r.a.) xəstə yatağından qalxdı, miniyə minərək hadisə yerinə gəldi və Tövratla hökm verdi. "Əli silah tutan bütün kişilər öldürüləcək, qadın və uşaqlar əsir götürüləcək, bütün mal-mülkləri də qənimət sayılacaqdı". Hər iki tərəf verilən hökmlə razılaşdı. Və beləcə Mədinə bir fitnədən də xilas oldu.[26] Bəli, Mədinə ətraf bölgələrlə birlikdə yavaş-yavaş əmin-amanlıq yurduna çevrilirdi.

[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/172.
[2] Buxari, "Mənaqibül-ənsar", 9; Müslim, "Cihad", 130.
[3] Buxari, "Məğazi", 29; Müslim, "Cihad", 123-125.
[4] Buxari, "Mənaqibül-ənsar" 9; Müslim, "Cihad", 127.
[5] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/177; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/102.
[6] Vaqidi, "Məğazi", 2/460; İbn Sad, "Ət-təbəqatul-kübra", 2/67.
[7] Vaqidi, "Məğazi", 2/470-471; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/182; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/105-107.
[8] Vakıdi, "Məğazi", 2/470-472; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/105-107.
[9] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/187; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/108-109.
[10] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/191; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/112-113.
[11] İbn Sad, "Ət-təbəqatul-kübra", 4/83-84; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/100-101.
[12] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/188-190; Təbəri, "Tarixül-üməm vəl-müluk", 2/96.
[13] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/190-191; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/114-115.
[14] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/113.
[15] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/214; Vaqidi, "Məğazi", 2/496.
[16] Buxari, "Məğazi", 29; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/262.
[17] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/375.
[18] Buxari, "Məğazi", 30; Müslim, "Cihad", 65, 68; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 3/213-214.
[19] Buxari, "İstizan", 26; Müslim, "Cihad", 65.
[20] İbn Əbi Şeybə, "Müsənnəf", 7/353; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/162.
[21] Buxari, "Məğazi", 30; Müslim, "Cihad", 67.
[22] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/185.
[23] Buxari, "Məğazi", 30; Müslim, "Cihad", 65.
[24] Buxari, "Məğazi", 30; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/192.
[25] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/200-201.
[26] Buxari, "Məğazi", 30; İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/199

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.