Digər qəzvələr
Bura qədər Allah Rəsulunun iştirak etdiyi 18 qəzvədən sadəcə üçünü ümumi şəkildə izah etməyə və bu qəzvələrdə Peyğəmbərimizin hərbi zəkasını göz önünə sərməyə çalışdıq.
İndi də əsas başlıqlar altında digər qəzvələrə bir nəzər salaq. Və o böyük fətanətin ənginliyini görməyə çalışaq:
Hüdeybiyyədən danışanda Allah Rəsulunun mükəmməl idarəçiliyi bəhsində müşkülləri necə həll etdiyini müəyyən qədər gözdən keçirmişdik. Hüdeybiyyədə döyüş qaçılmaz görünürdü. Ancaq Allah Rəsulu düşmənlərin sayca çox, qüvvələrin qeyri-bərabər olduğu bir yerdə – qarşı tərəfdə on min silahlı döyüşçü, başında da Xalid, İkrimə kimi gözü dönmüş bir çox insan.. bəri tərəfdə isə səhabənin rəvayətinə görə, əynində həcc ehramı (paltarı), ümrə niyyəti ilə gələn min altı yüz silahsız mömin... – bir nəfərin belə burnunu qanatmadan mütləq məğlubiyyətin qaçılmaz olduğu bir qarşıdurmanı Allahın inayət və kərəmi ilə zəfər və müvəffəqiyyətlə sona çatdırmışdı.
Hüdeybiyyə.. Hicrətin düz altıncı ili... Vətən həsrəti səhabələrin ciyərini dağlayırdı. Bilal Həbəşi məkkəli deyildi, Həbəşistandan gəlmişdi, amma Məkkəyə elə bağlanmışdı ki, Mədinəyə hicrətdən sonra bir az tutulduğu qızdırmanın təsiri ilə: "Ah Məkkə! Görəsən, bir daha sənə qovuşmaq nəsib olacaqmı? Ah, Nur dağı! Sənə bir daha tamaşa edə biləcəyəmmi?" – deyə inləmişdi. Həzrət Əbu Bəkir kimi polad iradəli bir insan sarsılmış, onu Məkkədən çıxaran insanlara bəddua etmişdi.[1]
Demək olar, hər kəs yurd-yuvasından ötrü darıxmışdı. Yer üzünün mərkəzi (göbəyi) Məkkə.. onunla göbək bağı olanlar yerin göbəyinə gedəcəkləri günün xəyalları ilə yaşayırdılar. Altı il idi ki, Kəbəni təvaf edə bilmirdilər. Halbuki Kəbəni onların ulu babası Həzrət İbrahim (əleyhissalam) bərpa və təmir etmişdi.
"Həqiqətən insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır" ("Ali-İmran" surəsi, 3/96) ayəsi ilə tərif edilən Kəbə Həzrət Adəm (əleyhissalam) tərəfindən yer üzündə tikilən ilk bina idi. İlk peyğəmbərin tikdiyi və Xəlilürrəhman İbrahim peyğəmbərin təmir etdiyi bu binadan, bəli, məhz bu məbəddən Onun ən şərəfli övladı Həzrət Məhəmməd Mustafa (s.a.s.) zorla çıxarılmışdı və altı ildi, həsrət qalmışdı. O da vətən həsrəti ilə alışıb yanırdı. Qabağa düşüb səhabələrinə İslam qaydaları ilə Kəbəni təvaf etdirmək istəyirdi.
O dövrdə Kəbənin içi bütlərlə dolu idi. Onun ətrafında da bir çox büt düzmüşdülər. Müşriklər Kəbəni təvaf etməyi bir əyləncəyə çevirmişdilər. Müşriklərin Kəbəni "təvaf" etməsini Qurani-Kərim "muka" və "təsdiyə" sözləri ilə ifadə edir.[2] Kəbəni fit verə-verə, əl çala-çala təvaf edirdilər. Xüsusilə gecələr "günahkar (günah işlənən) paltarlarla Kəbəni təvaf etmək olmaz" deyib qadınlar paltarlarını çıxarıb Kəbəni eləcə təvaf edirdilər.[3] Qəribə bir dövrün qəribə ənənələrindən gələn təvaf şəkli idi bu, anlamaq, izah etmək çox çətindir.
Allah Rəsulu Kəbə necə təvaf edilir, ümrə necə edilir, bunu göstərmək istəyirdi və birinci məqsədi də bu idi. İkincisi, göstərəcəkdi ki, Kəbə təkcə məkkəlilər və ya qüreyşlilərin deyildir, onda onlar qədər başqalarının da haqqı var. Kəbəyə əsil şərəfini, şanını qaytaracaq Həzrət Məhəmməd (s.a.s.) və Onun pak əshabının hər kəsdən çox haqqı var.
Əslində Kəbə minbərindən ayrı düşmüş bir mehrabı xatırladırdı. Allah Rəsulu Mədinədə qurduğu minbərini mehrabın yanına gətirmək istəyirdi. Başda Həzrət Məhəmməd (s.a.s.) olmaqla Kəbə əbədiyyətə qədər bizim mehrabımızdır. Bütlərlə doldurulduğuna görə bir müddət müvəqqəti olaraq Məscidül-Əqsaya yönəlib namaz qılmışdı, amma gözləri daima səmalarda idi və üzünü Kəbədən başqa tərəfə çevirməyə tabı yoxdu. Allah (cəllə cəlaluhu):
"(Ya Rəsulum!) Biz sənin üzünün səmaya çevrildiyini görürük, yaxında səni razı olduğun qibləyə tərəf döndərəcəyik" ("Bəqərə" surəsi, 2/144) – buyurur və Onu təskin edirdi. Məscidül-Əqsaya yönəlib namaz qıldığı günlər hicrana dönmüşdü. O xətibin mehrabı Kəbə, minbəri də Mədinə idi. Mədinə tək idi. Minbər mehrabına qovuşanda imamın da imamlığı tamamlanacaqdı. Əslində Onun imamlığı tam idi, ancaq bunun əməli şəkildə də reallaşması üçün möminlər Kəbəyə hakim olmalı idilər.
Bu qapını da ilk dəfə ümrə ilə döyəcəkdi. Ona görə də: "Hələ bir ümrə edək!" – deyirdi. İslami əsaslarla, İslami düşüncə ilə, İslami anlayışla və İslami ruhla ümrə edək... həcc hələ fərz buyurulmamışdı. Həcc Onun həyatında birinci və axırıncı oldu. Bəli, Peyğəmbərimiz fərz kimi bir dəfə həccə getdi. Və onu Qurani-Kərim "Həcci-əkbər" adlandırdı.[4] Ümrəyə də "Həcci-əsğər". Xalq arasında "Həcci-əkbər" Ərafatın cümə gününə düşməsinə deyilir. Belə bir anlayış daha çox xalq arasında yayılıb. Mübarəkdir, gözəldir Ərafatın cüməyə düşməsi, amma "Həcci-əkbər" həcc mövsümündə edilən həccə, "Həcci-əsğər" də (kiçik həcc) ümrəyə deyilir.
Üçüncüsü, qüdsilər ordusunu bütün qəbilələrə göstərəcəkdi. Bu müsəlman ordusu keçdiyi yollarda kimsənin burnunu qanatmayacaq, kimsənin tükünə də toxunmayacaq, bağ və bağçaya əl uzatmayacaq, soyğuna, talana yol verməyəcəkdi.
Bəli, bu ordunun belə şeylərdən uzaq olduğunu hər kəs görəcəkdi. Halbuki o günədək belə bir ordu ilə səhradan keçənlər həmişə əhalini soyub-talamışdılar. Onlar əmin-amanlıq gətirən, səadət saçan bir ordu kimi keçdilər. Bu həcc, həcdə İslamı layiqincə təmsil etmək və bu gözəlliyi bütün ərəblərə göstərmək, bəli, buna nail olmaq çox mühüm idi. Bu, eyni zamanda İslamı təbliğ etmək deməkdi.. Çünki onları görənlər belə deyəcəkdi: "Biz indiyəcən yer üzündə belə insanlar görməmişik, bunlar ancaq mələk ola bilər!"
Peyğəmbərimiz məhz bu mülahizələrlə yollara düşmüşdü, başqa bir məqsədi yox idi. Səhabələr də təkcə qılınclarını götürüb səfərə çıxmışdılar.. Hüdeybiyyəyə çatana qədər də heç bir maneə ilə rastlaşmamışdılar. Hüdeybiyyəyə gələndə Qüreyşin hazırlıqlarından xəbər tutan bəzi kəslər: "Qüreyş bütün güc və qüvvəti ilə sizin qabağınıza çıxacaq və sizi əngəlləyəcək,"[5] – dedilər.
Əmin-amanlıq timsalı Rəsulullah vuruşmaq istəmirdi, oraya da döyüşmək üçün gəlməmişdi. Bundan çox mütəəssir oldu. Səhabələrinə söz vermiş, "Sizi ümrəyə aparacağam!" – demişdi. Onlar da islami qaydalara uyğun – üstəlik Allah Rəsulu ilə birlikdə – yeni və əsl ümrə edəcəklərini eşidəndə hədsiz sevinmiş, o duyğu-düşüncələrlə ta Məkkənin yaxınlarına qədər gəlmişdilər.
O günədək nə əsl həcc, nə də təvaf etmişdilər… İslam qaydalarına uyğun, vəhy əsasında sistemə salınmış ilk ümrəni edəcəkdilər.. həm də Allah Rəsulunun rəhbərliyi altında. Beləcə, həm onlar, həm də digər insanlar əsl ümrənin necə olduğunu görüb öyrənəcəkdi.
Allah Rəsulu Hüdeybiyyədə məcburən dayanmalı oldu və səhabələri də dayandırdı. Səhabələrinin istəyinə, özünün cəsarətinə, o müdhiş imanına rəğmən, dayanmaq əmrini verdi. Bilirdi ki, Rəbbinə sığınaraq döyüşə girsə, yenə də onları məğlub edəcək, ancaq O, bunu etməyib gözlədi. Qüreyşin onları Məkkəyə buraxmamaqda qətiyyətli olduğunu dəqiqləşdirəndən sonra əshabın beyətini təzələdi. Müsəlmanlar İslam uğrunda ölmək də daxil, hər şeyi fəda etməyə beyət etdilər, söz verdilər.[6] Və bu beyətdən uca dərgah da xoşnud oldu:
لَقَدْ رَضِيَ اللّٰهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحاً قَرِيباً * وَمَغَانِمَ كَثِيرَةً يَأْخُذُونَهَا وَكَانَ اللّٰهُ عَزِيزاً حَكِيماً
"And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı bildi, onlara (öz dərgahından) səkinə (mənəvi rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir zəfərlə mükafatlandırdı." ("Fəth" surəsi, 48/18-19)
And olsun ki, Allah (cəllə cəlaluhu) möminlərdən razı oldu. Hansı ki, onlar ağac altında Peyğəmbərə beyət etdilər. Bu beyət çox əhəmiyyətliydi. Allah (cəllə cəlaluhu) onların ürəyindən keçənləri çox yaxşı bilirdi. Əshabın ürəyindən bunlar keçirdi: "Allah Rəsulu "Öl!" desə, öləcəyik, "Qal!" desə, qalacağıq, bizə "Gedin Kəbəni təvaf edin!" desə, təvaf edəcəyik, "Silahınız yoxdur, amma bu polad ordunun üstünə yeriyin!" desə, yeriyəcəyik".
Bu vaxt Allah (cəllə cəlaluhu) onlara səkinə (mənəvi rahatlıq, səbir, səbat, mənəvi qüvvə) endirdi və onların bu comərdliyinin əvəzində yaxın gələcəkdə açıq-aşkar bir fəth vəd etdi. Bəli, Allah-Təala Quranda bunu vəd edirdi.
Hüdeybiyyədə Allah Rəsulu biri istisna, bütün məqsədlərinə çatdı. Ona da bir il sonra nail olacaqdı: Məkkəyə gələcək, Kəbəni İslami qaydalar çərçivəsində təvaf edib Həcərül-əsvədi salamlayacaqdılar. Bunun xaricində demək olar, bütün istəklərini əldə etmişdilər. Səhra əhli gördü ki, səhranın soyğunçulardan savayı, ona əmin-amanlıq gətirən, dincliyin, sabitliyin keşiyində duran bir qüdsilər ordusu var. Onlar keçdikləri yerlərə əmin-amanlıq toxumları səpirlər və 2-3 il sonra da həmin toxumlar düşüncələrdə boy atıb cücərəcək.
Bəli, bunu nümayiş etdirə-etdirə Mədinədən Məkkəyə qədər gəlmişdilər. Kəndə, qəsəbəyə, alaçığa, bir sözlə, hər yerə getmiş, müxtəlif insanlarla görüşüb danışmışdılar. Bu yerlərin demək olar ki, bütün sakinləri 2-3 il sonra gəlib Onun ordusuna qoşulacaq və birlikdə yerin göbəyi – Kəbəyə səfər edəcəkdilər. Həmçinin, Qüreyş və bütün müşriklər başa düşmüşdülər ki, Kəbə təkcə Qüreyşin deyil, Onda bütün insanların haqqı var. Xüsusilə də İnsanlığın iftixarı Həzrət Məhəmməd (s.a.s.) və Onun ümmətinin...
Əslində, qüreyşlilər belə bir haqqı Hüdeybiyyə razılaşması ilə qəbul etmiş və Allah Rəsulunun imza atdığı kağıza qol qoymuşdular. "Siz də Kəbəni ziyarət edə bilərsiniz. Ancaq bu il biz, gələn il siz edərsiniz. Ondan sonra da hər il gəlib Kəbəni təvaf edərsiniz" – demişdilər.[7] Bu, eyni zamanda müsəlmanların varlığını qəbul etmək idi. Halbuki o günədək Məkkə və Kəbənin yalnız müşriklərə, xüsusilə Qüreyşə aid olduğunu təbliğ etmişdilər və bununla başqaları da bir mənada razılaşmışdı.
Hər kəs müşriklərin Məkkədə qoyduğu adət və qanuna əməl edirdi. Xüsusi bir mərasim icad etməyə heç kimin ixtiyarı yox idi. Ancaq Hüdeybiyyədə imzalanan razılaşmaya əsasən, müsəlmanlar növbəti sənə Məkkəyə gəlib öz adətləri ilə Kəbəni təvaf edəcəkdilər. Allah Rəsulu qılıncdan başqa heç bir silahı olmayan 1600 nəfərlik ordusu ilə on minlik müşrik qoşunu üzərində zəfər qazanmışdı... özünü hamıya qəbul etdirmə və qəlblərin qapısını aralama zəfəri.
Məsələn, Ürvə ibn Məsud, Süheyl ibn Amr Qüreyşin rəsmi nümayəndəsi kimi Hüdeybiyyəyə gəlib Allah Rəsulu ilə görüşmüşdü. Səhabələrin Ona sədaqətinə şahid olmuş və Allah Rəsulunun davranışlarından, Onun Allaha (cəllə cəlaluhu) imanından, məxafətullah (Allah qorxusu) hissindən və peyğəmbəranə hallarından bərk təsirlənmişdilər. Bu görüşlər onları yumşaltmış, içlərindəki buzu əritmişdi. Və bu insanlar yaxın gələcəkdə iman gətirib müsəlman olmağa namizəd idilər. Hətta Məkkəyə qayıdandan sonra oradakı ab-havanı müsəlmanların lehinə yumuşaltmışdılar.[8]
Müsəlmanların yumşaqlığı, həlimliyi və müşriklərin sərtliyi insanları İslama cəlb edirdi, bunun canlı nümunələri də vardır.[9]
Bəli, tərəddüdlü və qərarsız olanlar bir-bir Allah Rəsulunun tərəfinə keçirdilər. Hüdeybiyyə zahirən geri çəkilmə, güzəşt kimi görünsə də, böyük səmərələri vardı. Üstəlik qüreyşlilərdən arxayın olacaqdı Rəsulullah. Artıq arxadan hücum etməyəcəkdilər. Bu ərəfədə qəbilələr arasında ittifaq da qurulmuşdu. Belə ki, Qüreyş Bəni Bəkirlə, müsəlmanlar isə Bəni Huzaa ilə ittifaqa girmişdilər. Buna görə də, Allah Rəsulu çox sevinirdi. Çünki düz 10 il İslamın səsini, nəfəsini bir çox qəbilələrə çatdıra biləcəkdi.
a. Fitnə yuvası Xeybər
Allah Rəsulu Hüdeybiyyədən qayıdanda ordunun üzünü Xeybərə döndərdi. Yəhudilər burada fitnə qazanı qaynatmaqla məşğul idilər. Gah Qatafanla əlbir olur, gah Bəni Nadrla "pıçıldaşır", gah da gizlicə Qüreyşə dəstək verir, xülasə hər vasitə ilə müsəlmanlara xətər yetirməyə çalışırdılar. Qüreyşi təhrik edən, onlara cəsarət verən də bunlar idi. Bədirdə, Uhudda və Xəndəkdə də onların təhriki vardı.
Artıq onlara həddini bildirmə vaxtı çatmışdı. Allah Rəsulu burada ildırımsürətli döyüş planı qurdu. Hüdeybiyyəyə gələnlər ümrə edə bilməmişdilər, amma cihadla ümrənin yerini doldura biləcəkdilər. Peyğəmbərimiz səhabələrdən bir qismini Qatafanın üzərinə göndərdi.[10] Çünki Qatafan Xeybərin müttəfiqi idi. Müsəlman ordusunun gəldiyini görüb özünü hücumun əsas hədəfi zənn edən Qatafan yəhudiləri öz canlarının hayına düşdülər və beləcə, Xeybərlə əlaqələri kəsməli oldular. Halbuki Allah Rəsulunun əsas hədəfi Xeybər idi...
Onlar, "indi gələr, bu saat gələr" qorxusu ilə təşvişə düşəndə Allah Rəsulu gecə yola çıxaraq heç kimə hiss etdirmədən Xeybərə çatdı.
Xeybərin olanlardan xəbəri yox idi. Səhər hər kəs həmişəki kimi təsərrüfat alətlərini götürüb bağına, tarlasına işləməyə yollanırdı. Ancaq camaat qaladan çölə addım atar-atmaz donub qaldı. Qarşıda müsəlləh bir ordu və başında da Allah Rəsulu… Arxaya baxmadan qaçmağa başladılar. O əsnada müsəlmanlar da gur səsləri ilə اَللّٰهُ أَكْبَرُ خَرِبَتْ خَيْبَرُ "Allahu Əkbər! Xeybər xaraba qaldı"[11] – deyə hayqırırdılar. Artıq Xeybərin işi bitmişdi, yollar təslim olmağa doğru aparırdı. Bununla belə bir Heydəri-Kərrar lazımdı, irəli atılsın, Xeybər qalasının qapısını yerindən qoparıb özünə qalxan eləsin və İslam ordusunu cuşa gətirsin.[12]
Elə də oldu, Xeybər Həzrət Əlinin (r.a.) əli ilə fəth edildi. Allah Rəsulu bayrağı Həzrət Əliyə verib onun həm sevilən, həm də sevən olduğunu müjdələdi. Allah və Rəsulu tərəfindən sevilən, Allah və Rəsulunu sevən Əliyə Xeybəri göstərdi.[13] Və Xeybər qısa vaxtda, ən az itki ilə İslamın "yedi-beyza"sına (möcüzəvi əlinə. Lüğəvi mənası "ağ əl". Həzrət Musaya verilən möcüzələrdən biri – red) təslim oldu.
Həzrət Safiyyə anamız (r.anha) da xeybərli əsirlər arasındaydı. Allah Rəsulun bu böyük qadını nikahına daxil etməklə Xeybəri bir də içindən fəth etdi. Çünki Rəsulullaha zövcə olmaq kimi bəxtiyarlığa çatan Safiyyə anamız bundan sonra bütün nüfuzunu Xeybərdə İslamın yayılmasına sərf edəcəkdi.
b. Mutə dastanı
Peyğəmbərimizin yoxluğundan qaynaqlanan boşluqlarla bərabər, qəhrəmanlıq nümunələri ilə dolu bir dastandır Mutə! İslamın dünyaya yayılmasında böyük rol oynayan Mutə dastanından söz salmadan keçə bilməyəcəyik. O Mutə ki, Allah Rəsulunun çox sevdiyi səhabələr orada şəhid olmuş, orada torpağa tapşırılmışdı. Zeyd ibn Harisə (r.a.), ardınca Cəfər ibn Əbu Talib və Abdullah ibn Rəvaha (r.a.) Cənnətə Mutədən uçmuşdu.. və Mutə eyni zamanda bir hərb dahisinin üzə çıxmasının da dastanıdır. "Allahın qılıncı" Xalid bir müsəlman kimi ilk dəfə özünü Mutədə isbat etmişdi.[14]
Sülh dövründə Allah Rəsulu ölkələrin hökmdarlarını İslama dəvət etmiş, bəziləri müsbət cavab vermişdi.[15] Bəziləri də mənfi cavab vermiş, hətta həddini aşmış, öz çirkin xislətini nümayiş etdirərək ədəbsizlik göstərmişdi...[16]
Busra əmiri Şurahbil də bu ikinci qrupa daxil idi. Şurahbil ibn Amr əslən ərəb olmasına baxmayaraq, xristianlığı qəbul etmiş və bu yeni dininə təəssübkeşliyini də Rəsulullahın göndərdiyi elçi Haris ibn Ümeyri öldürtməklə göstərmişdi. Elçinin öldürülməsi bağışlanası bir hərəkət deyildi. Üstəlik əmir bu əməli ilə digər hökmdarlara "nümunə" ola, başqalarına cəsarət verə bilərdi.
Peyğəmbərimiz dərhal 3 min nəfərlik ordu hazırladı və başına azad etdiyi kölə, mənəvi övladı – İslam sonralar bu cür övladlığa götürmə adətini qadağan etmişdir – Zeyd ibn Harisəni (r.a.) sərkərdə təyin etdi. Sonra da: "Zeydə bir şey olsa, ordunun başına Cəfər, ona da bir şey olsa, Abdullah ibn Rəvaha keçsin!", – deyə fərman etdi.. və: "Əgər ona da bir şey olsa, orduya Allahın bir qılıncı başçılıq etsin!" – buyurdu. Adını çəkməmişdi, amma hadisələr bu qılıncın Xalid ibn Vəlid olduğunu göstərəcəkdi.[17]
İslam ordusu Mutəyə çatanda düşmənin 200.000 nəfərlik ordusu ilə qarşılaşdı. Bunu gözləmirdilər. Orduların sayı arasında tükürpərdici fərq var idi: İki yüz minə qarşı üç min nəfər...
Buna rəğmən,"Qələbə əldə edə bilməsək də, şəhidlik əldə edərik!" düşüncəsi ilə döyüşə başladılar.. və ilk üç sərkərdə bir-birinin ardınca şəhid oldu. İgid səhabələrin əlində dalğalanan bayraq ən axırda gəlib Xalidə çatdı.
Döyüşdə Xalidin əlində düz 9 qılınc qırılmışdı.[18] Həzrət Xalid (r.a.) döyüş-döyüşə məharətli manevrləri ilə ordunu tələfat vermədən Mədinəyə aparmaq üçün yollar axtarırdı ki, bu da hərbi taktikalar baxımından böyük müvəffəqiyyət sayılır. Hərçənd geri çəkilməyə adət etməyən səhabələr bundan çox narahat olacaqdılar, amma Quran əmrləri çərçivəsində belə şəraitdə Mədinəyə dönmək bir zərurət idi. Buxari və Əhməd ibn Hənbəl hadisələri əvvəlindən axırına kimi nəql edir:
"Allah Rəsulu səhabələri arasında oturub Mutədə baş verən hadisələri eynilə çatdırırdı: "İndi bayrağı Zeyd ibn Harisə (r.a.) aldı, atını irəli sürdü, aldığı zərbələrdən yerə yıxıldı, şəhid oldu.. indi də bayrağı Cəfər ibn Əbu Talib (r.a.) götürdü, onu da şəhid etdilər.. sonra Abdullah ibn Rəvaha (r.a.) aldı, ancaq o da Cənnətə uçdu. Daha sonra bayrağı Allahın (cəllə cəlaluhu) qılınclarından biri götürdü, məğlubiyyət zəfərə çevrilir!"[19]
Və bir başqa mənbə bir az sonra Rəsulullahın belə buyurduğunu rəvayət edir: "Mən üç şəhidin Cənnətdə yeridiyini gördüm. İkisinin boynuna kündə vurmuşdular. Başlarını sağa-sola çevirə bilmirdilər. Cəfərin (r.a.) boynunda heç nə yoxdu, dümdüz idi. Çünki o, düşmənə hücum edərkən gözünü qırpmadan, başını sağa-sola çevirmədən, dümdüz getmişdi."[20]
Səhabə olsalar da, bəzilərində ölüm əndişəsi ola bilərdi.. ancaq bu narahatlıq ifrata varmazdı… Təbii ki, Allah Rəsulunun görüb xəbər verdiyi səhnələr bərzəx və misal aləmindən idi.
Bəni Asfarın gözü qorxmuşdu... Bəli, üç min nəfərlik bir ordu. Xalid (r.a.) mahir manevrləri ilə heç kimin burnu belə qanamadan Mədinəyə qədər gələ bilmişdi. İbn Hişamın rəvayətinə görə, bu müharibədə şəhid olanların sayı cəmi 12 nəfərdir.[21] Mutə döyüşü nəticəsində həmin bölgələr İslamın varlığını qəbul etmiş, Bəni Asfar müsəlmanlardan danışmağa başlamışdı. Həzrət Məhəmmədin (s.a.s.) gözəl ismi dillərdən düşmürdü. İnanan da, inanmayan da مُحَمَّدٌ رَسُولُ اللّٰهِ "Məhəmməd Allahın Rəsuludur" sözünü işlədirdi.
Bu ümumi hazırlıqlardan sonra, röyanın gerçəkləşmə vaxtı çatmışdı.
لَقَدْ صَدَقَ اللّٰهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِنْ شَاءَ اللّٰهُ آمِنِينَ مُحَلِّقِينَ رُؤُسَكُمْ وَمُقَصِّرِينَ لاَ تَخَافُونَ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِنْ دُونِ ذَلِكَ فَتْحاً قَرِيباً * هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَكَفَى بِاللّٰهِ شَهِيداً
"And olsun ki, Allah-Təala Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidül-Hərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə də bəxş edəcəkdir. Onu (İslamı) bütün dinlərdən üstün etməklə Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allah şahid olaraq kifayət edər!" ("Fəth" surəsi, 48/27-28)
c. Məkkənin fəthinə doğru
Allah Rəsulunun röyaları həqiqətləri xəbər verən doğru yuxulardır. Aişə anamız Rəsulullahın peyğəmbərliyin ilk altı ayında gördüyü yuxuların gün kimi aydın olduğunu və gecə nə görsə, gündüz eynisinin çin çıxdığını nəql edir.[22]
Budur Peyğəmbərimizin gördüyü yuxulardan biri! O, Məscidül-Harama Quranın təsvir etdiyi şəkildə girəcəkdi. Allah-Təala sözgedən ayədə Sevgili Rəsuluna göstərdiyi bu yuxunun reallaşacağını vurğulayır.
Peyğəmbərimizin röyaları vəhylə sıx bağlı olmaqla yanaşı, buradakı "röya", "röyət" kökündən gəlib "görmə" mənasını da verə bilər. Yəni necə ki, Allah-Təala Cənnəti, Cəhənnəmi, Ərşi, Lövhü, qiyamətə qədər olacaq hadisələri Onun gözləri önünə sərmişdi, eləcə bir gün Məscidül-Harama əmin-amanlıq və arxayınlıqla gedib həcc və ümrə edəcəyini də göstərmişdi.
Bu hadisələri yuxuda da, açıq-aşkar da görə bilərdi, bu da bir şərhdir.. istər sözü zahiri anlamda, istərsə də "röyət" mənasında qəbul edək, nəticə eyni qalacaq. Mühüm olan Allah Rəsuluna göstərilən o səhnənin eynilə reallığa çevrilməsidir. O səhnədə Məkkənin fəthi var idi: hadisələr müsəlmanları belə bir zəfərə doğru çəkirdi yavaş-yavaş.
Hüdeybiyyədən sonra Qüreyşin və müsəlmanların bəzi qəbilələrlə ittifaqa girməsi haqqında məlumat vermişdik. Qüreyşin müttəfiqi Bəni Bəkir qəbiləsi müsəlmanların himayəsində olan Bəni Huzaa qəbiləsinə hücum edib qırğın törətməsi ilə Hüdeybiyyə razılaşması pozulmuş, maddələri qüvvədən düşmüş oldu. Vəziyyətin acınacaqlı olduğunu anlayan Əbu Süfyan vaxt itirmədən Mədinəyə gəldi. Müqaviləni qüvvədə saxlamağa çalışdı, lakin onun təklifləri qəbul edilmədi.[23]
Artıq ox yaydan çıxmışdı.. və Allah Rəsulu yeni döyüş hazırlığına başlamışdı. Həmişəki kimi, yenə də niyyət və məqsədini gizli saxlayırdı. Bu dəfə fikrini ən yaxın səhabələrinə və xanımlarına da açmamışdı. Belə ki, o ərəfədə qızı Aişənin (r.anha) evinə gedən və onun yol azuqəsi hazırladığını görən Əbu Bəkir Rəsulullahın hara getmək istədiyini soruşmuşdu. Həzrət Aişə Anamız (r.anha): "Vallah atacan, mən də bilmirəm!" – cavabını vermişdi.[24]
Bəli, səfərin istiqaməti bu qədər gizli saxlanırdı. Həzrət Əbu Bəkir Onun ən yaxını və ən çox sevdiyi insan idi. Hicrətdə belə onu özünə yol yoldaşı seçmişdi. Buna rəğmən, səfərin istiqamətini ondan da gizli saxlamışdı. Bu da Allah Rəsulunun necə əlçatmaz hərb dahisi olduğunu göstərir. Allah Rəsulundan bu dərsi alan Fateh Sultan Mehmet bir gün belə deyəcəkdi: "Sirrimi saqqalım bilsə, onu belə kəsib ataram!" Budur, Allah Rəsulunun sirr varislərindən böyük sərdar!.
Allah Rəsulu hərbi səfərlərdə həmişə təvriyə etmişdi, yəni əsas hədəfi gizlətmiş və başqa məna verən, fikirləri başqa tərəfə yönəldən ifadələrdən istifadə etmişdir. Zənn edirəm ki, müasir hərbi mütəxəssislər də fərqli düşünmürlər. Əgər bir yerə hücum edəcəklərsə və orada bir gurultu qopacaqsa, həmin gurultunun on qatını başqa yerlərdə çıxarırlar. Hər zaman alternativlərlə hərəkət edirlər və həqiqi hədəfi gizli saxlayırlar. Haradan hücum edəcəklər? "A", "B" yoxsa "C" mövqeyindən, bunu kəsdirmək mümkün deyildir. Ancaq bunlar 14 əsrdir təkmilləşdirilən müasir müharibə strategiyası ilə əlaqədar məsələlərdir ki, onun da həqiqi kaşifi Həzrət Məhəmməd Mustafadır (s.a.s.). Məktəbə getməmiş, mədrəsədə oxumamış, hər şeyi Rəbbindən öyrənmiş bir ümmi, amma aləmül-üləmadır. Və bu fəzilətlər bizə bir daha "Muhəmmədun-Rəsulullah" dedirdir.
Bəli, yenə məqsədini gizli saxlayır, yenə ətrafda baş verən hər şeydən xəbərdar olurdu.. və qurduğu xəbər şəbəkəsi ilə kim nə aparır, kim nə gətirir, hamısını bircə-bircə bilirdi. Buna istər vəhy yolu ilə, istərsə də böyük fərasəti və fətanəti ilə nail olsun, fərqi yoxdur, O, səhrada baş verənləri ovcunun içi kimi bilir və izləyirdi.
Bir nümunə: "Bədir qazilərindən olan bir səhabə səfərin sonuna yaxın hədəfin Məkkə olduğunu başa düşür, yanlış hökm verərək məsələni məkkəlilərə çatdırmaq üçün saqa (su daşıyan) bir qadınla məktub göndərir. Allah Rəsulu dərhal Həzrət Əli ilə Zübeyr ibn Avvamı çağırıb vəziyyəti başa salır. Onlar da ildırım sürəti ilə yola düşür, qadını yolda haqlayır, məktubu alıb geri qayıdırlar."
Bu gizlilik ta Məkkəyə bir mənzillik məsafə qalana qədər davam edir və heç kimin ordunun gəlişindən xəbəri olmur. Həzrət Abbas Əbu Süfyanı Peyğəmbərimizin hüzuruna gətirəndə artıq məkkəlilərin əli-qolu bağlanmışdı.[25] Qaçmaq istəsələr, ən sürətli at və dəvələrlə belə canlarını qurtara bilməzdilər.. müsəlman ordusu artıq Məkkənin qapısını kəsdirmişdi.
Ancaq Allah Rəsulu yenə də çox həssaslıq göstərdi. Həssaslığı hər iki cəbhəyə aid idi. Nə səhabələrinin, nə də məkkəlilərin itki verməsini istəmirdi. Onun bu həssaslığı sayəsində Məkkə fəthində müsəlmanlar cəmi üç şəhid verdi. Halbuki nəyin bahasına olur-olsun Allah Rəsulu ilə döyüşmək istəyən nə qədər məkkəli vardı şəhərdə...
Peyğəmbərimiz düz 10 min səhabə ilə gəlmişdi.. Bəli, iki il əvvəl 1600 nəfərlə gəlib girə bilmədiyi Məkkəyə indi 10 000 səhabə ilə daxil olacaqdı. Ancaq O, bu gücü onların daxilindəki həqiqi qüvvə səviyyəsində dəyərləndirmiş və adambaşına bir tonqal yandırmağı əmr etmişdi. O dövrdə adətən hər çadıra bir ocaq qalanırdı.[26] Bir sözlə, onlar 10 000 tonqalı görüb ən az 30 minlik ordu ilə mühasirəyə alındıqlarını sandılar və təslim olmaqdan başqa çıxış yolu görmədilər. Məkkəyə əliboş qayıdan Əbu Süfyan da təslim olmağı məsləhət görəcəkdi. Çünki ulduzlar kimi səhrada "sayrışan" saysız-hesabsız tonqalları görüb tamam ruhdan düşmüşdü. O gecə cahiliyyənin son gecəsi idi... fəthlə müsəlmanlar arasında qalan son gecə!
Allah Rəsulunun alternativli strategiyası davam edirdi. Məkkəyə çatanda ordunu altı hissəyə ayırdı və şəhərə altı istiqamətdən girdilər. Yalnız Xalid ibn Vəlidin (r.a.) rəhbərlik etdiyi qoşun İkrimənin dəstəsi ilə döyüşməli oldu. Qalan qoşunlar Məkkəyə müqavimətsiz daxil oldu.[27]
O gün Məkkədə bircə nəfər problem törədə bilərdi, onu da Allah Rəsulu bir cümlə ilə yola gətirdi: "Əbu Süfyanın evinə sığınanlara toxunulmayacaq!"[28] Bəli, Əbu Süfyana göstərilən bu diqqət belə onun əl-qolunu bağlamağa kifayət eləmişdi. Hətta bunu eşidən Əbu Süfyan canla-başla insanları təslim olmağa çağırırdı. Əlbəttə, bütün məkkəlilər Əbu Süfyanın evinə sığası deyildi. İnsanları himayə etməyə Allahın evi Kəbənin Əbu Süfyanın evindən daha çox haqqı çatırdı. Və Allah Rəsulu belə buyurdu: "Kəbəyə sığınanlar da arxayın olsunlar!" Və bu gözlənilməz qərar tarixdə ilk küçəyə çıxma qadağası idi (komendant saatı). Bu, can təhlükəsizliyini təmin etmək və ordunun rahat hərəkəti üçün də yaxşı üsul idi. Allah Rəsulu: "Öz evinə çəkilənlər də qorunmuşdur!" – deyirdi.[29] Beləliklə, müqavimət göstərilmə ehtimalına qarşı qabaqcadan tədbir görülmüş oldu.
Peyğəmbərimizin iştirak etdiyi digər qəzvələri nəzərə almasaq, təkcə Məkkə fəthində ortaya qoyduğu hərbi və siyasi strategiya Onun nə qədər böyük hərb dahisi olduğunu göstərməyə kifayət edir. Bəli, Məkkənin fəthi elə böyük hadisədir ki, insaf əhli digər zəfərlərə deyil, sırf ona göz yetirsə, مُحَمَّدٌ رَسُولُ اللّٰهِ deməkdən özünü saxlaya bilməz.
O, planın hər mərhələsini məharətlə həyata keçirmişdi, elə bil Məkkəni bir neçə dəfə fəth eləmişdi. Planladığı şeylərin hamısı nöqtəsinə, vergülünə qədər çıxmış, O da nə lazımsa, etmişdi. Fəthin ardınca elan etdiyi ümumi əfv və göstərdiyi əngin mürüvvət məkkəliləri təslim olmağa və İslama girməyə sövq elədi. "Məcbur"iyyətin gözəlliyinə baxın ki, bütün Məkkə əhalisi bir gündə müsəlman oldu.
İndi növbə bu yeni potensialdan əməli şəkildə istifadə etməyə çatmışdı. Aman Allahım! Bu nə müdhiş inqilabdır... dünənə kimi Ona düşmənçilikdə canını verənlər bu gün Onun yolunda can qoymağa hazırlaşırdılar! Bəli, Allah Rəsulunun baxışları kimə sirayət etdisə, kömür tinət dərhal almaza çevrildi. Başqa təşbeh və bənzətmələrə nə lüzum var?! O, öz səhabələrini göydəki ulduzlara bənzətməmişdimi?[30]
Bəli, Allah Rəsulu dünən ruhu çirkaba batmış, qapqara qaralmış bu insanları bir günün içində səmaya ucaltmış və işıq saçan ulduzlara çevirmişdi. Bununla kifayətlənməmiş, onlara əbədiyyətə qədər bəşəriyyətə nümunə olmağı da aşılamışdı.
ç. ...Və Hüneyn təhlükəsi
Məkkənin fəthi ilə tərəddüd edən və hansı tərəf qələbə çalarsa, onun tərəfində olmağa hazırlaşan qəbilələr bir-bir İslama daxil olurdular. Baş verənləri həzm edə bilməyən Saqif və Həvazin qəbilələri bunun qarşısını almaq üçün vaxt itirmədən ordu toplamağa başladılar. Çox keçmədən səhranın çapovulçuları ilə birlikdə 20-30 minlik qoşun cəmlədilər.[31]
Allah Rəsulu Abdullah ibn Əbu Hadrədi (r.a.) bu qəbilələrin arasına göndərdi ki, gedib vəziyyəti öyrənib bir xəbər gətirsin. Abdullah Allah Rəsulunun yanına qayıdıb olanları təsdiqlədi. Saqif və Həvazin qəbilələri böyük bir ordu ilə Hüneyndə mövqe tutmuşdu.
Hər iki qəbilə döyüş cəsarəti və ox atması ilə məşhur idi. Onların qabağına əksəriyyəti yeni müsəlmanlardan və gənclərdən ibarət bir ordu ilə çıxmaq lazım idi. Elə də oldu. Allah Rəsulu vaxt itirmədən Hüneynə doğru yürüş əmri verdi. Bir az gec tərpənsəydilər, hər şey müsəlmanların əleyhinə çevrilə bilərdi. Əgər bu qəbilələr Məkkəyə qədər gəlsəydilər, Məkkədə fitnə çıxarmaq üçün fürsət gözləyənlərə gün doğacaqdı. Eyni zamanda, yeni düşmənlə döyüşə girmək həm əksəriyyət etibarilə qüruru rəncidə olmuş yeni məkkəli müsəlmanların – uzaq ehtimal da olsa, – məğlubiyyətini unutduracaq, həm də İslam inancını qüvvətləndirəcək və onları İslama möhkəm bağlayacaqdı.
Hüneynə 12000 əsgərlə getdilər. Bunlardan 2 minə yaxını tam inanmış müsəlman deyildi. Çoxu da gənc və təcrübəsiz idi. Bu gənclərə də Xalid ibn Vəlid (r.a.) başçılıq edirdi. Düşmən ordusu "U" şəklində mövqe tutmuşdu. İslam qoşunlarının ön qüvvəsi ya bilmədən, ya da bilərək "U"nun içinə girdi. Qəflətən oxa tutuldu və geri çəkilmək məcburiyyətində qaldılar. Çünki əksəriyyətinin zirehi yox idi və oxlar da çox şiddətli idi, hədəfdən nadirən yan keçirdi. Müsəlmanlar əgər "U"nun içinə bilərəkdən girmişdisə, geri çəkilmə bir taktika idi. Belə ki, oxçular müsəlmanların qaçdığını görüncə, sevinc nərələri çəkərək yerlərini tərk etdilər və qaçanları təqib etməyə başladılar. Təbii ki, özləri də bilmədən mühasirəyə düşdülər. Bu dəfə hücum edən düşmən ordusu geri çəkilməyə məcbur oldu. Nəhayət, bir neçə saat ərzində ölən öldü, qaçanlar da Taifə pənah apardı.[32]
Hüneyn döyüşünün əvvəlində də Uhud müharibəsinin ortasında olduğu kimi, zahirən məğlubiyyət olmuşdu. Ancaq Allah Rəsulu bu çətin vəziyyətdə belə fitri cəsarəti və müdhiş fətanəti ilə hadisələrin məcrasını dəyişdirmiş, Allahın lütfü ilə mütləq məğlubiyyəti parlaq zəfərə çevirmişdi.
Peyğəmbərimiz İslam ordusuna çaxnaşma düşdüyünü görüb irəli atıldı. Belə ki, Həzrət Abbas (r.a.) Allah Rəsulunun atının cilovunu birtəhər saxlayır, Onun düşmən cərgələrinə girməsinə mane olmağa çalışırdı. O isə gur səsi ilə: "Mən nəbiyəm, bunda yalan yoxdur. Və mən Əbdülmütəllibin nəvəsiyəm..." deyirdi.[33]
Bunun ardınca da Peyğəmbərimizin əmri ilə Həzrət Abbas (r.a.): "Ey Səmurə ağacının altında beyət etmiş səhabələr! Haradasınız?!" – deyərək əshaba səsləndi.
Allah Rəsulunun səsini və çağırışını eşidən bütün müsəlmanlar Onun ətrafına toplaşdı.. məğlubiyyətdən qurtulub zəfər qazandılar.[34]
Burada bir məqama işarə etmədən keçə bilməyəcəm: Allah Rəsulu 18 qəzvədə iştirak etmiş və hamısında da böyük zəfər qazanmışdır. Ancaq qənaətimcə, Uhud və Hüneyn Onun hərbi məharətini göstərməsi baxımından digər zəfərlərdən daha parlaq, daha möhtəşəmdir. Çünki digər qəzvələrdə Onun planladığı hər şey yerli-yerində olmuş və heç bir çətinlik çəkmədən nəticəyə çatmışdı. Bu iki müharibədə müsəlmanlar gözlənilməz hadisələrlə qarşılaşsalar da, düşmən müvəqqəti üstünlük əldə etsə də, Rəsulullah nəticə etibarilə zəfər qazanmağı bacarmışdı. Gözlənilməz hadisələrin isə Onunla heç bir əlaqəsi yox idi. Elə isə mütləq bir məğlubiyyətdən parlaq bir zəfərə dönən Uhud və Hüneyn döyüşləri O Şanlı Sərkərdənin hərbi bacarığına ən parlaq nümunədir.
d. Təbük səfəri
Allah Rəsulunun həyata keçirdiyi ildırımsürətli hərbi səfərlərdən biri də Təbükdür. Bizans imperatorluğunun böyük bir ordu ilə Mədinənin üstünə gəlməsi xəbəri yayılmışdı. Bu şayiə müsəlmanları narahat etməklə yanaşı, ətrafdakı düşmən qəbilələri də ümidləndirmişdi. Qəssanilərin fitnə-fəsad çıxarmağa hazır olması hər kəsə məlum idi.
Bu vaxta qədər olan hərbi səfərlərin istiqamətini gizli saxlayan Allah Rəsulu bu dəfə döyüşə gedəcəyini car çəkdirdi. Ətraf qəbilələrə adam göndərib onlardan döyüşçü və hərbi təchizat istədi. Həmin il Mədinə və ətraf bölgələr çətin günlərini yaşayırdı. Havalar olduqca isti keçir, quraqlıq hər tərəfdə tüğyan edirdi. Bir də meyvələrin yığım vaxtı çatmışdı. Buna baxmayaraq, Allah Rəsulu səfərbərlik elan edib hazırlıqlara başlamışdı. Müsəlmanlar bu qəzvədə iştirak etmək üçün bir-biri ilə yarışırdı.[35]
Neçə səhabə Allah Rəsulunun yanına gəlib döyüşdə iştirak etmək istədiyini demiş, minik olmadığı üçün uşaq kimi ağlaya-ağlaya geri dönmüşdü. Quran onların bu iztirabını bir ibrət lövhəsi kimi təsvir edir.[36]
Bu ərəfədə münafiqlər də boş dayanmır, müsəlmanları səfərdən saxlamaq üçün hər cür hiylə və oyuna əl atırdılar. Nəhayət, Allah Rəsulu 30000 nəfərlik bir ordu ilə Təbükə doğru hərəkət etdi. 20 gün Təbükdə qaldı. Bizansın bu ordu ilə qarşılaşmağa cəsarəti çatmadı. Bir sözlə, Təbükdə döyüş baş vermədi, amma səfər faydasız da keçmədi. Müsəlman ordusunun oralara qədər gəlməsi düşməni elə sarsıtdı ki, böyük bir meydan müharibəsində məğlubiyyətdən bir fərqi olmadı. Ətrafda yaşayan bir çox xristian qəbilələr Allah Rəsuluna cizyə verməyi qəbul edib, Ona tabe olduqlarını bildirdilər. Əksəriyyəti də İslam dinini seçdi.[37] Bu cəhətdən Təbükü İki Cahan Sərvərinin zəfərlərindən biri kimi qəbul etmək mümkündür.
Bura qədər bəzi hadisələr işığında Onun bir hərb dahisi olduğunu görməyə çalışdıq. İndi də bir hərb dahisinə xas əsas xüsusiyyətləri ümumi şəkildə qeyd edərək Allah Rəsulunun hərbi məharətinə, daha doğrusu, fətanətinin bu cəhətinə toxunmaq istəyirəm.
[1] Buxari, "Mənaqibül-ənsar" 46.
[2] "Ənfal" surəsi, 8/35.
[3] Müslim, "Təfsir" 25; Nəsayi, "Mənasiq" 161.
[4] Baxın.: "Tövbə" surəsi, 9/3.
[5] Buxari, "Məğazi", 35.
[6] Müslim, "Cihad", 132.
[7] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/192-19
[8] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/329-330; İbn Sad, "Ət-təbəqətül-kübra", 2/196
[9] Misal olaraq baxın: İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/279-280.
[10] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/299-300; Təbəri, "Tarixul-üməm vəl-müluk", 2/135.
[11] Buxari, "Səlat", 12; "Azan" 6; Müslim, "Cihad", 120.
[12] İbn Həcər, "Əl-isabə", 4/567.
[13] Buxari, "Məğazi", 38; Müslim, "Fədailüs-səhabə", 32.
[14] Buxari, "Fədailiüs əshab", 25; "Məğazi", 44; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/256.
[15] Muslim, "Cihad" 27; Tirmizi, "İstizan", 23; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/262-273.
[16] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/271.
[17] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/22-30; İbn Sad, "Ət-təbəqətül-kübra", 2/128; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/255.
[18] Buxari, "Məğazi", 44.
[19] Buxari, "Məğazi", 44.
[20] Əbdürrəzzaq, "Əl-müsənnəf", 5/266, Əbu Nuaym, "Hilyətül-övliya", 1/121.
[21] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/46; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/259.
[22] Buxari, "Bədül-vəhy", 3.
[23] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/42-52.
[24] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/52.
[25] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/58-60.
[26] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/58-59; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/289.
[27] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/66-67.
[28] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/62; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/289-290.
[29] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 5/62; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/289-290.
[30] Hakim ət-Tirmizi, "Nəvadirül-üsul", 3/62; Deyləmi, "Müsnəd", 4/160.
[31] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/322-326.
[32] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/326 vd.
[33] Buxari, "Cihad", 52; Müslim, "Cihad", 2
[34] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/326 vd.
[35] Buxari, "Təfsir", (9) 18; Müslim, "Tövbə", 53.
[36] Baxın: (Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: "Sizin minməyiniz üçün bir heyvan tapmıram", – deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur! "Tövbə" surəsi, 9/92.
[37] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 5/9.
- tarixində yaradılmışdır.