Bu əli cəhənnəm yandırmaz
İşçi bir hüquq termini olaraq başqasına aid bir işi və ya xidməti müəyyən məvacib müqabilində yerinə yetirməyi öhdəsinə götürən və müəyyən bir ödəniş əvəzində həmin qanuni (məşru, halal) işi görmək üçün əməyini satan adam deməkdir.
Ödəniş müqabilində iş qüvvəsini satın almaq və ya satmaq əməliyyatının qanuniliyi Kitab, Sünnə və icma dəlillərinə əsaslanır. Qurani-Kərim və Sünnəti-Səhihə həm İslamdan əvvəlki səmavi dinlərdən ödəniş müqabilində işləmək və işçi işlətməyə dair misallar verərək, həm də birbaşa hökmlər ortaya qoyaraq bu məsələni diqqətə çatdırır.
Qurani-Kərimdə Həzrəti Musanın peyğəmbərlikdən əvvəl Misirdən ayrılaraq Mədyən bölgəsinə getməsindən, orada mal-qarasını suvaran iki bacı ilə qarşılaşmasından, onlara kömək etməsindən və qızlardan birinin: “Atacan! Onu işə götür, çünki sənin ən yaxşı işçin belə güclü və etibarlı olmalıdır” (“Qəsəs” surəsi, 28/26) deyərək atasına Musa əleyhissalamı işə götürməyi xahiş etməsindən bəhs olunur. Bu təklifə razı olan Həzrəti Musa bacıların atası – guman ki – Həzrəti Şuaybın (əleyhissalam) yanında on il işləyir; əslində bu böyük peyğəmbər ailənin qoyunlarını otarmaqla yanaşı, həm də nəbidən peyğəmbərliyin sirlərini öyrənir. Bir başqa məqam: Musa əleyhissalamın işə götürməyi təklif edən, daha sonra da ona zövcə olmaqla şərəflənən fərasətli qadın iki xüsusiyyəti vurğulayır ki, bunlar da işçinin əvəzolunmaz vəsfidir; Birincisi, güc-qüvvət, ikincisi də, etibarlılıq. İslam alimləri bu və buna bənzər ayələri bir insanın başqa bir insanı müəyyən məvacib müqabilində işlətməsinin qanuniliyinə dəlil saymışdır.
Bir başqa ayədə Cənabi Allah qullarını həm dünya, həm də axirət üçün çalışmağa səsləyərək: "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!" (“Nəcm” surəsi, 53/39) buyurur.
İşçinin əməyi müqəddəsdir
Digər tərəfdən, İslamda Yaradana qulluq edən, Onun əmrlərini yerinə yetirən insanın əməyi ibadət sayılır. Dolayısilə, işçinin əməyi müqəddəsdir, qiymətlidir. Odur ki, Peyğəmbərimiz: "Ən təmiz qazanc əlin zəhməti ilə əldə edilən qazancdır", buyurmuş və Allahın Elçisi ola-ola alnının təri ilə dolanan Həzrəti Davudu nümunə göstərmişdir. (İbn Macə, Ticarət, 1) Üstəlik, Rəsuli-Əkrəm ailəsinə ruzi gətirmək və ya ana-atasının ehtiyaclarını təmin etmək, yaxud da öz çörəyini qazanmaq üçün evdən çıxan insanın evinə dönənədək Allah yolunda olduğunu buyurur. O cümlədən heç kimə möhtac olmamaq və ana-atanı, ailəni kimsəyə ağız açdırmamaq üçün işə gedən bir insanın hər addımına görə ibadət savabı alacağını müjdə verir.
Bir gün Allah Rəsulu Həzrəti Muaza əl görüşəndə: "Muaz, əllərin qabar bağlayıb!" ‒ dedi. Muaz (r.a.): "Bəli, ya Rəsulullah, əlimdə bel torpaqla məşğul oluram, ailəmin güzəranını təmin edirəm" ‒ dedi. Kainatın Fəxri Peyğəmbərimiz (s.a.s.), namuslu və şərəfli bütün işçilərin timsalında Həzrəti Muazın alnından öpüb buyurudu ki: " Cəhənnəm bu əli yandırmaz".
Bir gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Mədinədə səhabələri ilə birlikdə oturanda hüzuruna cavan yaşında dilənən bir yoxsul gəlir. Allah Rəsuluna: “Ailəm acdır, kömək edin!” deyir. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Həzrəti Əlini onun evinə göndərir ki, baxıb-görsün nəyi var, nəyi yox. Yoxsulun evinə girən Hz. Əli uşaqların üstünə örtülmüş bir kilimdən və bir qazançadan başqa bir şey görə bilmir. Bundan xəbər tutan Rəsulullah (sallallahu əleyhi və səlləm) Həzrəti Əliyə həmin kilim və qazançanı satıb kəndir almağı tapşırır. Həzrəti Əlinin alıb gətirdiyi kəndiri yoxsula uzadıb: "Bunu götür, dağlara get, odun yığıb sat, pul qazanmağa çalış. Qırx gün evinə baş çəkmə. Evin bütün ehtiyaclarını biz təmin edəcəyik, narahat olma!" ‒ buyurur. Qırx gündən sonra yoxsul qazandığı pulla Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gəlir. Allah Rəsulu ona Mədinədə bir dükan açdırır və beləcə güzəranı düzəlir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: "... Kəndiri çiynə atıb dağdan odun yığmaq, sonra da onu bazarda satıb güzəranı təmin etmək kiməsə əl açmaqdan yaxşıdır." (Buxari, Buyu, 15)
Həmçinin Allah Rəsulunun işçi hüquqlarının qorunması, maaşın tam və vaxtında verilməsi və onlarla gözəl rəftar edilməsinə dair bir çox tövsiyələri var. Rəsuli-Əkrəm bir dəfə, "Allah-taala işçisinin əməyindən yüksək gəlir götürən, ancaq onun maaşını kəsən adama axirətdə düşmən olacaq!" buyurmuş (Buxari, İcarə, 10), bir qüdsi hədisdə də bu İlahi xəbərdarlığı diqqətə çatdırmışdır: "Qiyamət günü üç insan məni qaşısında görəcək: adımdan istifadə edib haqsızlıq edən, azad bir insanı satıb pulunu yeyən, işçini işlədib haqqını ödəməyən!" (Buxari, İcarə, 12, 15)
İslamda məvacib
İslamda işçi maaşının miqdarını müəyyən edən birbaşa ayə və ya hədis yoxdur, belə ki, mütəmadi dəyişən şərtləri də bunu tələb edir.
Ancaq ayə və hədislərdə məvacibin adil bölgüsü üçün bəzi kriterilər verilmişdir. Çünki iş növü, iş vaxtı, bölgənin iqtisadi xüsusiyyətləri və işçi qabiliyyəti məvacibə təsir edən amillərdəndir. İslam bu amillərin nəzərə alınması üçün prinsiplər qoymuşdur. "Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın" (“Əraf” surəsi, 7/85) məallı ayədən tutmuş dünyada zərrə qədər yaxşılığın axirətdə mükafatsız qalmaması kimi, zərrə qədər yamanlığın da mütləq cəzalandırılmasına dair xəbərdarlığa qədər İslam əxlaqının çərçivəsini müəyyənləşdirən bütün dini qaydalar işçi hüquqlarına da şamildir. Müsəlmanların məvacib anlayışını bu aspektdən dəyərləndirmək lazımdır.
İslam müəyyən iş və sənətlər üçün ümumi məvacib miqdarı müəyyənləşdirməsə də, əmək müqaviləsi bağlananda bunun nəzərə alınmasını tələb edir. Əks halda müqavilə qüvvəsini itirmiş sayılır və işçi də işlədiyi işin günbaşına məvacibini almaq hüququna malik olur. Ödəniş miqdarı müəyyən edilərkən işçinin özünün və güzəranını təmin etməkdə mükəlləf olduğu insanların ev, qida, pal-paltar, təhsil və s. kimi zəruri ehtiyacları nəzərə alınmalıdır. Rəsuli-Əkrəm: "Bizim işimizi görən insanın daldalanmağa sığınacağı yoxsa, təmin etsin, subaysa evlənsin, xidmətçiyə ehtiyacı varsa, o iş üçün bir adam tutsun, əgər miniyi də yoxsa, bir minik əldə etsin. Kim bunlarla kifayətlənməyib daha çoxunu istəyərsə, o insanın əmanətə xəyanət və ya oğurluq etmə ehtimalı var. " (Əhməd b. Hənbəl, Müsnəd, IV, 299) buyurmuşdur.
Bu hədis maaşların hansı həyat standartına hesablandığını göstərir. Hədisə görə, bir işçi maaşından qənaət edib müəyyən müddət ərzində ev ala bilməli, subaysa, evlənə bilməli və miniyi yoxsa, bir minik əldə edə bilməlidir. Bəzi müasir fiqh alimlərinə görə, maaşın təyinində işçinin miniyindən rahat istifadəsi də nəzərə alınmalıdır ki, əslində, işçi əməyinin iqtisadi dəyəri sözügedən ehtiyacların təmininə imkan verən əmək haqqını ehtiva edir.
Həftənin duası
Ey qullarına lütfləri xəzinəsindən heç bir şey azaltmayan uca Rəbbimiz! Bizə də günahların hücumuna davam gətirən möhkəm bir sədaqət, yalnız Sənə üz tutub hüzur tapan bir qəlb və yalnız Camalına qovuşmaqla həqiqi xoşbəxtliyi əldə edən bir “sir” lütf et. Allah Rəsuluna, Onun vəfalı ailəsinə, sadiq yol yoldaşlarına səlat və salam göndərir, bu iztirablı qullarının dualarını qəbul etməyini rica edirik. Amin ...
Sözün cövhəri
Bir insanın hidayətinə vəsilə olmaq çox əhəmiyyətlidir, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) sözü ilə desək, sürü-sürü dəvə və qoyunları Allah yolunda bağışlamaqdan, hətta üstünə günəşin doğub batdığı hər şeydən daha xeyirlidir. Bir insanın hidayəti bu qədər dəyərlidirsə, zəlalətinə düşməsinə səbəb olmaq da bir o qədər ağır yükdür. Zübeyr Gündüzalpın dediyi kimi: “Bir gənc imanını itirdi” sözü qarşısında qəlb parça-parça olmaldır”.
- tarixində yaradılmışdır.