Qaranlıqlarda məşəl yandırmağa tələsin!..
Rəsuli-Əkrəm (s.ə.s.) xeyirxah əməlləri elə hey təxirə salan, bu günün işini sabaha saxlayan insanın özünü böyük bir təhlükəyə atdığını bildirmiş, ölüm qapını kəsdirmədən tövbə etməkdə, axirətə azuqə yığmaqda, zəkat-sədəqə verməkdə və namazı vaxtında qılmaqda tələsməyə səsləmişdir.
Həzrəti Ömərlə məscidə tələsən uşağın söhbəti bu baxımdan çox ibrətamizdir: Namaza gedən Həzrəti Ömər (r.a.) yanından qaça-qaça keçən uşağa: “Ay oğul, nə yaman tələsirsən?” deyir. Uşaq cavab verir: “Namaza tələsirəm, camaata çatmaq istəyirəm”. Möminlərin əmirinin: “Sən hələ balacasan…” sözlərinin cavabında isə balaca uşaq: “Dünən qonşumuzun oğlu vəfat etdi, o məndən də balaca idi” deyir və sürətlə məscid tərəfə qaçır. O saleh uşaq kimi əcəl qapını döymədən qulluq borcunu yerinə yetirməyə tələsmək lazımdır, bu cür tələskənlikdə qəbahət yoxdur.
İslam alimləri Peyğəmbərimizin söz və icraatına istinadən xüsusən beş məsələdə yavaş və ləng olmamağa, əksinə tələsməyə səsləmişlər: qonaq gələr-gəlməz yemək vermək, günah edən kimi dərhal tövbə etmək, xüsusilə, fərz namazlarını vaxtında qılmaq, uşaqlara dini bilgiləri öyrətmək, vaxtı çatanda da gecikdirmədən evləndirmək və nəhayət, cənazə namazını tez qılıb cənazəni dəfn etmək. Bu işlərdə tələsmək fəzilətdir.
Allahın uca ismini və Rəsuli-Əkrəmin yolunu dünyaya yaymağı da bu dərhal görüləsi işlərdən sayırsınızsa, əldəki imkanları həmin istiqamətdə dəyərləndirməkdə ləng tərpənməzsiniz. Cənabi-Allahın lütf etdiyi imkanlarla hər tərəfdə təhsil müəssisələri açacaqsınız, hər yana yayılaraq dialoq və ümumbəşəri sülh naminə daha çox sülh adacığı quracaqsınız. Bu işdə qətiyyən yavaş hərəkət etməməli, əksinə tələsməlisiniz.
Minlərə, on minlərə çatın
Hazırda Anadolunun bağrından qopub dünyaya yayılan səmimi insanlar ölkə xaricində bir neçə yüz məktəb açmışsa, kaş bir neçə min açaydı. Dünyanın hər tərəfində eyni təhsili alan, eyni hisləri bölüşən, eyni düşüncələri daşıyan və bir araya gələndə eyni dildə danışan on minlərlə şagird oxuyaydı.. və bu münəvvər insanlar öz ölkələrində dostluğu, dialoqu və ümumbəşəri sülhü təmsil edəydi. Kaş ki bu məsələdə tələsəydik .. kaş könüllülər az yeyə, az yata, az istirahət edə, gündə bir neçə yerdə söhbət edə, növbəti yerə çatmaq üçün tər tökə və “heç kim işıqdan məhrum qalmasın” deyib gecə-gündüz dayanmadan çalışaydı...
Bəli, dialoq fəaliyyətləri vasitəsilə hər kəslə əlaqə qurmalı, bəziləri sizi yanlış anlatmadan özünüzü tanıtmalısınız. İndiyə qədər dialoq sahəsində at oynadan və əksər hallarda dialoqdan sui-istifadə edən, onu istismar vasitəsinə çevirən müəyyən qurum və təşkilatlar bu sahəni ələ keçirmədən dəyərlərinizi hər kəsə çatdırmalısınız. Bu vaxta qədər bəziləri dialoqu nəzarətdə saxlayır, ondan öz əməllərinə çatmaq üçün bir vasitə kimi istifadə edirdilər. Onlar səmimi dialoqun tərəfdarı deyildi, ancaq hazırda müxtəlif fəlsəfi görüş və inancların mənsubları arasından səmimi tərəfdarlar da çıxdı. Bir mənada hər kəs dialoq ortamını inandığı dəyərlər və sevdiyi mədəniyyəti sərgiləmək üçün sərbəst meydan kimi dəyərləndirməyə başladı. Dolayısilə, demək olar, hər düşüncənin tərəfdarları diyar-diyar, ölkə-ölkə gəzir və özünəxas gözəllikləri nümayiş etdirirlər. Əgər sizin də vicdanlı, qədirbilən insanlarda rəğbət oyadan bəzi dəyərləriniz və zəngin mədəni mirasınız varsa, siz də daha çox yerə yayılmalı, daha çox insanla görüşməli və könül verdiyiniz həqiqətləri daha geniş kütlələrə çatdırmalısnız.
İndiyə qədər harada idiniz?
Məsələn, dünyada bizim üluhiyyət anlayışımız qədər sağlam və nöqsansız bir üluhiyyət anlayışı yoxdur. Nəhəng dünya Yaradanı yanlış tanıyır, isimsiz, vəsfsiz və şəni-Rübubiyyətsiz bir ilah anlayışının arxasınca gedir; dar mənalı “Qod” sözünə və dayaz “Diyo” kəliməsinə söykənən ilah və məbud anlayışının ardınca düşüb. Bu gedişlə üluhiyyət həqiqətinin əsl mahiyyət və ənginliyini dərk edənə də oxşamır. Elə isə bunu onlara biz çatdırmalı, həqiqəti biz elan etməliyik. Əgər bu vəzifəni yerinə yetirməsək və bizi gözləyən belə bir işdə ləng tərpənsək, vəfasızlıq etmiş və çox böyük bir xəta işləmiş olarıq. Eyni zamanda bizim vasitəmizlə hidayətə gələn bəxtiyarların “İndiyə qədər harada idiniz? Kaş bir neçə il əvvəl gələydiniz! Gələydiniz və ömrü axtarışla keçən, amma Allahın, Həzrəti Məhəmmədin və Quranın adını eşitmədən altı ay əvvəl vəfat edən atama da bu dini öyrədəydiniz!..” fəryadına cavab verməyə sözümüz qalmaz. Məhz buna görə, bu məsələdə tələsmək lazımdır.
İman və əməl
Qurani-Kərimdə bir çox yerdə imanla əməli-saleh sözələri birlikdə işlənir. “Əməl” ümumi mənada iş, vəzifə, hərəkət, davranış, ibadət, xeyirxah fəaliyyət deməkdir.
Lakin daha çox insanların müəyyən məqsədlə gördükləri işə "əməl" deyilir. Görülən işdə məqsəd və qayə yoxsa, buna “əməl” yox, "feil" deyilir. Bəli, saleh əməl Cənabi-Allahın gözəl və məqbul saydığı iş deməkdir. Namaz qılmaq, oruc tutmaq, zəkat və sədəqə vermək kimi əməllər saleh əməllərə daxildir. Hətta gözəl əxlaqa yiyələnmək və ümumbəşəri İslami dəyərləri nümayiş etdirmək də saleh əməldir. Qurani-Kərim əməli "saleh" təyini ilə birlikdə götürür. Dolayısilə "aksiyon" sözü bu mənanı verə bilmir. Çünki aksiyonda təkcə hərəkət var. Saleh əməldə isə nöqsansız, qüsursuz olmaq və bir məqsədə yönəlmək əsasdır. Saleh sözünü "Qısır döngü" adlanan "fasid dairə"nin əksi kimi "saleh dairə" ifadəsində də işlədirik ki, bu sonuncunun uydurma dildə qarşılığı da "doğurqan döngü" ifadəsidir. Necə ki şərdən şər doğur; bir şər başqa bir şərin vəsiləsi, müqəddiməsidir, eləcə də bir xeyirxahlıq başqa bir xeyirxahlığa zəmin hazırlayır. Necə ki insan şər iş görməklə imandan bir addım uzaqlaşıb küfrə bir addım yaxınlaşır; bir xeyirxah əməl imanı gücləndirir, dolayısilə küfrə və zəlalətin qarşısına sədd çəkir. Bir xeyirxah əməlin başqa xeyirxah əməllərə səbəb olması və növbəti xeyirxah əməllərə zəmin hazırlaması ilə xeyirxah əməllərin ortaya çıxmasına saleh dairə deyirik.
Quranda “saleh əməl”lə nəyin nəzərdə tutulması dəqiq bildirilməmiş, çərçivəsi müəyyənləşdirilməmişdir. Bəli, Qurani-Kərim bəzi məsələləri mütləq saxlayır ki, o mövzu hər kəsə, hər şeyə şamil olunsun, buna bənzər mövzuları da əhatəsinə alsın. Elə isə təmiz niyyətlə, rüknlərinə riayət edilərək, forma və sözləri ilə yanaşı ruhu, mənası və mahiyyəti ilə, mərifət, məhəbbət, eşqi-şövqlə qılınan bir namaz da saleh əməldir. Dolayısilə əmri-bil-məruf, nəhyi-anil-münkər və ya ileyi-kəlimətullah da saleh əməl çərçivəsinə daxildir. Demək ki, "iman gətirən və saleh əməl edənlər" deyiləndə ileyi-kəlimətullah da nəzərə alınır. Adi vaxtlarda fərzi-kifayəyə, irşad səfərbərliyində isə fərzi-ayna, yəni hər bir insanın vəzifəsinə çevrilir.
Həftənin duası
İlahi mərhəməti ilə məxluqata qucaq açan Aləmlərin Rəbbi Allaha sonsuz həmd-səna, İnsanlığın İftixarı Həzrəti Məhəmməd Mustafaya, Onun pak ailəsinə, seçilmiş yol yoldaşlarına səlat-salam edərək əllərimizi açırıq: Ey qullarının dualarına cavab verən ucalardan uca Rəbbim! Bizim dualarımızı da qəbul et.. bizi dünya və axirətdə ziyanda olanlardan etmə.. hər cür bəla və müsibətdən qoru və bizi müstəsna lütfünlə sevindir.
Sözün cövhəri
Bir toplumun bütün kəsimləri arasında elm düşüncəsi nə qədər geniş yayılırsa, o toplum elmin zirvəsinə gedən yolda daha çox uğur qazanır. İstedadlı, metodologiyaya üstünlük verən, işini sistemli görən, yaxşı tənzimləyən, müşahidələrindən səmərəli istifadə edən, ağılından düzgün yararlanan, səhih bilikləri yerli-yerində tətbiq edən insanların sayı artdıqca hədəfə çatmaq asanlaşır. Diqqətdən yayınmamalıdır ki, Qərb İntibahının kökündə elmin geniş yayılması dayanır.
- tarixində yaradılmışdır.