Dində bütövlük əsasdır
Allahın bizim üçün seçdiyi din və tamamladığı nemət İslamın ancaq əmr və qadağaları ilə bir bütöv kimi götürülməsi nəticəsində gerçəkləşir.
O, bir bütöv kimi yaşanmazsa, əsl funksiyasını layiqincə yerinə yetirə, bir din kimi öz missiyasını tam həyata keçirə bilməz. Çünki dinin bir bütöv olaraq yaşanması insanın bütün orqanlarının nöqsansız işləməsi kimidir.
Bir əli sağlam və güclü olsa da, o biri əli şikəst və ya heç olmayan insana əlil deyilir.. Bir gözü sərrast görsə də, o biri gözü kor olan yaxud da eşitmə qabiliyyəti yaxşı olsa da, ayaqları şikəst olan insan özündə bir çatışmazlıq hiss edir… Bunun kimi iman həqiqətlərinin hər biri də dinin bir üzvüdür: kəlmeyi-şəhadət, namaz, oruc, həcc və zəkat kimi ibadətlərin hər biri bir əzadır, əxlaq və ictimai münasibətlərin əsasları da dinin bir parçasıdır. Bunlar bir-birini tamamlayan parçalar, bir həqiqəti meydana gətirən ünsürlərdir. Cənabi Allahın təyin etdiyi şəkildə həyata keçirilməlidir ki, din də əsl funksiyasını yerinə yetirsin. Müsəlmanlığın həqiqi mənada gerçəkləşməsi ancaq bu parçaların birləşməsi ilə mümkün olur.
Bəli, əgər fərd, ailə və cəmiyyət həyatının dindən faydalanmasını istəyiriksə, onu bir bütöv kimi götürməyə məcburuq. Dini vicdanlarda həbs etsək, namaz, oruc və buna bənzər ibadətləri inkar etsək, onun qol-qanadını qırmış, bir mənada, əlilə çevirmiş olarıq. Və dolayısilə, ortaya dinə aid natamam və nöqsanlı bir mənzərə çıxar. Bu qüsur və nöqsanları İslamdan görür və bəzilərinin dediyi kimi "Niyə İslam iqtisadi, ictimai problemlərimizi həll etmir" deyirlər. Axı siz onun qol-qanadını qırmısınız, sözünü deməyə və gücünü göstərməyə imkan verməmisiniz.. Onun tətbiq edilməsinə bir imkan verin ki, sonra da "Niyə bu funksiyasını yerinə yetirmədi?" deməyə haqqınız olsun! Məhz bu mənada bütövlük həm Allahın yaxınlığına səbəb olması, həm də dinin öz sözünü deməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Səbir, təkid və qətiyyət
Bütövlük həm də səbir, təkid və qətiyyət deməkdir. Qurani-Kərim “İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!” (“Həcc” surəsi, 22/11) ayəsi ilə ibadətdən manafe və xeyir güdən insanlardan danışır. Belə insan yaxşı gündə dinin künc-bucağından tutub "Bir az da bizim xeyrimiz dəysin” deyir, ancaq bu zaman "Eeeeh, bu qədər bəsdir!" düşüncəsindən əl çəkib onunla bütünləşmək də istəmir, dinə tam sahib çıxmır. Ona güclü imanla deyil, nazik iplə bağlanır. Nəhayət, çətin gündə dinə də, dindara da xəyanət edib başqa yer və insanlara sığınır və zənn edir ki, onlar orada qorunacaq.
Halbuki hansı məsələdə olur-olsun, qətiyyət, səbir və səbat çox vacibdir. Siz bir işin vaxtı gələndə cəhdinizi, səyinizi var-gücünüzlə ortaya qoyursunuz. Məsələn, əkin vaxtı qar ərisə də, hava soyuq olur, buna baxmayaraq toxumu səpirsiniz. Əgər onu qorumaq üçün tədbir görməsəniz, sulamasanız, məhsulu aktiv səbirlə gözləməsəniz, biçində də məhsulun keyfiyyətinə diqqət eləməsəniz.. İşin ilk mərhələsini yerinə yetirsəniz də, əsla məhsul götürə bilməz, loru dillə desək, əliniz boşa çıxar. İşə bir yerdən başlasanız, təkcə bir hissəsini görsəniz… Məsələn, tarlanı şumlasanız, amma toxum atmasanız və ya əkini biçib xırmanda döyməsəniz, yaxud da, dəni samandan ayırmasanız, istədiyinizi əldə edə bilməzsiniz. Dünya işlərində səbir, səbat və mütəmadilik əsas olduğu kimi, bir həqiqətin təmsili və təbliğində də səbir və mütəmadilik vacib əhəmiyyət daşıyır. Dinc şəraitdə duyğu-düşüncənizi dilə gətirir, bir çətinliklə üzləşəndə geri çəkilirsinizsə, həm məfkurə yoldaşlarınızı təəccübləndirmiş, həm dostlarınızda tərəddüd oyatmış, həm də sınaqdan keçə bilməmış və toxum səpdiyiniz halda məhsul götürməmiş olursunuz.
Ən mükəmməl insan
Buna görə də, insanın bütövün arxasınca getməsi, hər şeyi kamala çatdırmağa çalışması, kamillik axtarması, hətta kamil insan olmağa çalışması mühüm bir əsasdır, üstəlik fəzilətdir. Çünki insanlar tarix boyu kamil insanların rəhbərliyi ilə əbədi mehrabı tapmış, Haqqa yönəlmiş, onlar sayəsində varlıq və hadisələri düzgün qavramışlar. Ancaq o səviyyəyə çatmaq həmişə hər kəsə müyəssər deyil. Mənzil uzaq, yol çətin olsa da, ali bir hədəfə üz tutmaq, o vəsfə və peyğəmbər əxlaqına yiyələnməyə çalışmaq və bunu istəmək, şübhəsiz ki, böyük fəzilətdir.
- İslam bir bütöv kimi yaşanmazsa, əsl funksiyasını layiqincə yerinə yetirə, bir din kimi öz missiyasını tam həyata keçirə bilməz.
- Dünya işlərində səbir, səbat və mütəmadilik əsas olduğu kimi, bir həqiqətin təmsili və təbliğində də səbir və mütəmadilik böyük əhəmiyyət daşıyır.
- Bu günə qədər kütlələr ancaq kamil insanların rəhbərliyi ilə Cənabi Haqqa çata bilmişlər. Bir insanın kamilliyə çatmağı özünə hədəf seçməsi, şübhəsiz ki, böyük bir fəzilətdir.
Qərarı siz verin!
Kafirin kafirlik etməsini təbii qarşılasam da, möminin kafir xüsusiyyətlərinə ilişib qalmasını qəbul edə, heç cür anlaya bilmirəm.
Bəli, bir müəssisədə iki nəfər bir-birinin xidmətinə mane olursa, onlar kafir olmasalar da, kafirlik edirlər. Hərislik, həsəd və paxıllıqdan kiməsə “badalaq vururlarsa”, kafirlik etmiş olurlar.
Kafirin hər xüsusiyyəti kafir olmadığı kimi, möminin də hər məziyyəti mömin olmaya bilər. Bu cür insanlar kafir xüsusiyyətinə malik möminlərdir. Biz kafirlik sifətlərindən imtina edib möminliyə üz tutmalıyıq. Çünki Allah insanlarla bu sifətlərinə və o sifətə uyğun əməllərinə görə müamilə edir. Və məncə, bu məsələdə çox diqqətli olmalıyıq!
Təkrar edirəm, mömin kafir sifətlərinə məğlub olmamalıdır. Məsələn, düşünmədən hərəkət etmək, sistemsiz iş görmək, birliyə xələl yetirmək, paxıllıq, xırda məsələləri böyütmək, dava-dalaş salmaq, dedi-qodu, qeybət və bədgümanlıq... Bəli, bunların hər biri kafir sifətidir. Bu qədər kafir sifətinə sahib bir insanın və bu cür insanlardan ibarət bir müəssisənin uğur qazanması mümkün deyil!
Çox istərdim, iyirmi dörd saat gecə-gündüz Allah yolunda çalışıb-çabalayan bir insan gəlib: “Allah mənə filan-filan işlər gördürdü. Amma istəmirəm ki, mənim gördüyümü bilsinlər. Arxada ölənədək əlimdən gələni edim, amma insanlar məni tənbəl sansınlar” desin. Bəli, illərdir mən insanlarda bunu axtardım. Təəssüflər olsun, “tapdım” deməyə çətinlik çəkirəm.
Yaxşı, ondan neyləyək? Gəlin, müqəddəs dəyərlərimizə and içək. Dinimizə.. ailəmizə.. and içək.. Rəbbimizə ən yaxın olduğumuz dəqiqələrə.. gecənin səssizliyinə: “Əgər bu müəssisədə dava-dalaş salsaq, paxıllıq etsək, qeybət etsək, sui-zənn etsək, ailəmiz, mal-mülkümüz filan-filan olsun!..”, and içək və bir-birimizə söz verək.. əl-ələ verək və möhkəm yapışaq bir-birimizdən.. mükafat veriləndə “Əli bəyə, Vəli bəyə” deyib kənara çəkilək, iş tapşırılanda isə “Baş üstə” deyib dərhal yerinə yetirməy yollanaq. Məhz o zaman bu ruhun qabağında nə kafirin gücü, nə şeytanın planı, nə cinlərin dühası, nə də nəfsin vəsvəsə və hiyləsi dayana bilər.. məhz o zaman işlərin ahənglə getdiyini görüb eşq və şövqlə coşacağıq.
Həftənin duası
Ey layiqincə tanımaqdan çox uzaq olduğumuz uca Rəbbimiz! Bizə mərifət dənizinin dərinliklərinə baş vurmağı nəsib et, nəsib et ki, qəlbimiz paklansın, yolumuzun sonu da vüsal olsun! Bizi nurunla bəslə.. şəkk-şübhənin zülmətindən uzaqlaşdır.. batinimizi və zahirimizi inayətinlə gücləndir və bizi cismaniyyətinin əlində sərgərdan olanların aqibətinə düçar etmə!... Ya Rəbb! Qüsurlu da olsa, nə olar, bu duamızı cavabsız qoyma!
Sözün cövhəri
İlhama nail olmaq əməldən asılıdır. Nəzəri elmlərlə və ya əməl edilməyən İslami biliklərlə ilham aləminə qanad açmaq mümkün deyil. Qüdsi hədisdə Allah (cəllə cəlaluhu): "Harama baxmaq şeytanın zəhərli oxlarındandır. Kim Məndən qorxaraq nəzərini başqa yerə çevirsə, onu qəlbində şirin bir imana çevirərəm" buyurur. Əslində bu, ilahi bir ərməğandır. İlahi əmrlərə ciddi riayət etmək ərməğana dəvətdir.
- tarixində yaradılmışdır.