Dostluğun qənimi

Nifaq dostluğun axırına çıxan və qəlbləri bir-birinə düşmən edən çox təhlükəli virusdur. Bu səbəblə Quran bir çox ayə ilə möminləri münafiqlər və nifaqın təhlükəsindən xəbərdar edir. Quran müxlis möminlərin əksi sayılan münafiqləri belə təsvir edir:

"Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!" (“Tövbə” surəsi, 9/67).

Gördüyümüz kimi, ayə münafiqlər haqqında "dost" təbirini işlətmir, yalnız “bir-birinin eynidirlər” buyurur. Çünki münafiqlər heç kimlə dost olmazlar. Onları birləşdirən yalnız mənfəətdir. Mənafeyinə zərrə qədər zərər dəysə, dərhal məsləkdaşları arasında çarpışma başlar. Buna görə ayə çox vəciz və möcüzəvi ifadə ilə onların xüsusiyyətlərini təsvir edir, onların xəbis xislətini ortaya qoyur.

Onların başqa bir ortaq xüsusiyyəti isə “Onlar (insanlara) pis işlər görməyi əmr edər”dir. Müstəhcən[1] yayınlarla, kino və televiziya vasitəsilə gəncləri hipnozlayaraq sürəkli şər əməlləri, fikirləri təlqin edirlər; insanlar da bu əmrlərə boyun əyirlər. Çünki təbliğat vasitələri insanları təsir altına salacaq qədər güclü və qüvvətlidir. Başı gicəllənmiş, baxışları bulanmış kütlələr münafiqlərin əvəzolunmaz aləti və istismar vasitələridir. İstismar güclərini qoruyub saxlamaq üçün hər güzəştə getməyə və bəşəriyyətə qarşı hər bir pisliyi etməyə müntəzirdirlər. Çünki onlar münafiqlərdir və dünyanın harasında olur-olsun bu bariz xüsusiyyətlərilə dərhal tanınırlar.

Onların ikinci ortaq xüsusiyyəti "yaxşı işləri qadağan edərlər"dir. Cəmiyyətə psixoloji təzyiq edərək fəzilətli ömür sürmək istəyən hər kəsi "mürtəce"liklə ləkələyirlər. Namaz qılan, oruc tutan onların gözündə mürtəce, qadınların onlardan fərqli geyim-keçimi, baş örtüsü elə bil ən qorxunc irtica və uğursuzluq əlamətidir. Millət sevgisindən danışsanız, sizi faşist hesab edərlər.

Bütün gözəlliklər onlara görə münkərdir[2]. Sanki millətin yaxşı və gözəl saydığı hər şeyə qarşı allergiyaları var, çünki bu nifaqın tələbidir.. və nifaq əməl və niyyəti bütöv olmayan insanların düşdüyü uçurumdur. "Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" (“Əraf” surəsi, 7/179).

İsrailoğullarının tənəzzülünün səbəbi nə idi?

Beləliklə, möminlər bu vəziyyətə düşməmək üçün daim bir-birinə yaxşılığı əmr etməli, yaxşı işlərə təşviq etməli, pis əməllərdən də bir-birini çəkindirməyə çalışmalıdırlar. Bunu da nəzərə almaq lazımdır ki, dinc, hüzur dolu cəmiyyət üçün ən kiçik münkərə belə imkan verilməməlidir. İctimai problemlər həmişə kiçik sayılan münkəratın geniş yayılmasından meydana gəlmişdir. Tarixə bu nöqteyi-nəzərdən baxanda bir çox cəmiyyətin ictimai tənəzzülünü görmək mümkündür ki, bunların təkrar olunması eyni aqibətlə nəticələnəcəkdir. Aşağıda keçən hədis buna bənzər problemlərin tarixi təhlili baxımından çox əhəmiyyətlidir.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur ki:

"İsrailoğullarında ictimai tənəzzül belə başlamışdır: Bir adam başqa birinin pis əməlini görəndə: "Ey filankəs, belə iş görmə, bu sənə halal deyil" deyərdi. Sabahısı gün nəsihət verən həmin adamla – eyni münkəri işləsə də – dostluğunu davam etdirər; onunla oturub-durar, onunla yeyib-içərdi. Buna görə də Allah (cəllə cəlaluhu) onların qəlbini eyniləşdirdi”. Sonra da:

“İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər). Onların gördükləri iş necə də pis idi!" (“Maidə” surəsi, 5/78,79) ayəsini oxuyaraq belə buyurdu: "Xeyr, vallah, şübhəsiz yaxşılığı əmr edib münkərdən nəhy etməlisiniz, şübhəsiz, zalımın əlindən tutub haqqa çağırmalısınız". Burada Allah Rəsulu şərə, pis əməllərə yol verən bəzi İsrailoğullarının aqibətini nəzərə çatdıraraq möminləri bu aqibətə düçar olmamaq, belə bir vəziyyətə düşməmək üçün tənbeh edir. O cümlədən, bu kimi hadisələrin rəvayətində bəzi hikmətlər də vardır.

Hadisəni bu şəkildə də təhlil etmək olar: Bir insan bir nəfərin pis əməl işlədiyini görür. Pis əməl işləyəni xəbərdarlıq edən şəxs əslində həmin anda o münkərə qarşıdır.. və əvvəlcə həmin münkər işi görəni xəbərdarlıq edir. Lakin çox keçmədən mütəmadilik və qərarlılıq tələb edən belə bir məsələdə nəsihət verən əksinə hərəkət edir; münkər işləyən insan əməlindən əl çəkməsə də, nəsihət verən mənəvi əhval-ruhiyyəsini qoruya bilmir, nəsihət etdiyi adamla yeyib-içir, söhbət edir və dostluğunu davam etdirir. Qəlbən büğz etmək imanın son işarəsi, son əlamətidir. Lakin o heç bu səviyyədə də inancını qoruya bilmir. Və beləliklə heç bir mane ilə qarşılaşmayan o pis əməl də cəmiyyətdə yayılmağa başlayır. Cənabi-Haqq da onların qəlbini bir-birinə “bağlayıb” bərabərləşdirir. Hətta onların arasında daxili ziddiyyətlər əmələ gətirərək təriqətlərə bölür.

Bəli, Allah (cəllə cəlaluhu) inkar edən Yəhudinin qəlbini bir-birinə “bağlayaraq” bərabərləşdirib nifaqa atdı.. və bir dövrdə Xristian dünyasından çəkmədiyi cəfa, üzləşmədiyi təhqir qalmadı. Bundan əvvəl də Babildə əsrlərlə əsarətdə yaşamış.. başqa bir dövrdə Şapurun ən amansız işgəncələrinə məruz qalmış və heç vaxt rahat üzü görməmişlər. Bu vəziyyətə düşmələrinin yeganə səbəbi öz aralarında "əmri bil-məruf, nəhyi anil-münkər" etməmələri idi ki, bu səbəblə qəlblərində firaq fitnələri boy atır, bünövrədən sarsılırdılar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu hadisəni rəvayət edərkən belə bir aqibətlə üzləşməmək üçün xəbərdarlıq edir və cəmiyyətin tənəzzülə uğramaması üçün yol göstərir.

Xülasə

  • Münafiqlər heç kimlə dost olmazlar. Onları birləşdirən yalnız mənfəətdir. Mənafeyinə zərrə qədər zərər dəysə, dərhal məsləkdaşları arasında çarpışma başlar.
  • Bütün gözəlliklər onlara görə münkərdir. Sanki millətin yaxşı və gözəl saydığı hər şeyə qarşı allergiyaları var, çünki bu nifaqın tələbidir.. və nifaq əməl və niyyəti bütöv olmayan insanların düşdüyü uçurumdur.
  • Dinc, hüzur dolu cəmiyyət üçün ən kiçik münkərə belə imkan verilməməlidir. İctimai problemlər həmişə kiçik sayılan münkəratın geniş yayılmasından meydana gəlmişdir.

Nifaq

İnsanın inanmadığı halda özünü inanan kimi göstərməsi, əqidə və düşüncəsi münkir ola-ola əksinə məruf davranması, məruf danışması, vəziyyətə görə hərəkət edib daim ikiüzlülük etməsi nifaqdır (münafiqlikdir) ki, bu fərdi, ictimai riyakarlıq və ruh xəstəliyidir. Bu xəstəliyə “yoluxan” mürai[3] və münafiq hər yerdə bir cildə girər və bu rəngarəng hərəkətlərlə bir neçə həyatı birdən yaşar.

Münafiq, əslində heç nəyə inanmadığı halda vəziyyətə görə "Allaha və axirətə səmimi qəlbdən inanıram" deyə özünə mömin “bəzəyi” vurar və həmişə iman əhlini aldatmağa çalışar. Ancaq hər aldatma cəhdində aldanan odur, çünki mömin fərasətlidir, imanın nuru ilə hər şeyi doğru görər, doğru dərk edər...

Münafiqlə qarşılaşsanız, bəzən özünüzü mülhid[4] və münkirlə, zaman-zaman da mütərəddid və müğalitəçi ilə üz-üzə gəlmiş sanar, hürkərsiniz. Bu xəstəlik bəzən onda elə nəhəng şübhə, tərəddüd və təlaşa çevrilib biruzə verər ki, bundan ürpərməmək qeyri-mümkündür. Bu xəstə ruh daim əzəmətli bir qorxu ilə sarsılar; çox vaxt da içinə qapanaraq xəyali düşmənlər icad edər və onlar qarşısında tir-tir titrəyər. O bəzən hər səsdən, hər sözdən hürkər, hər hərəkəti əleyhinə təcavüz, hər titrəyişi basqın sayar və bar-bar bağırıb qiyamət qoparar.

Bəzən də o, tutulma təlaşı ilə sürəkli qərarsız hərəkət edər, tərəddüdlərlə dolub-boşalar, hər şeyə və hər kəsə başqa gözlə baxar, heç nəyə və heç kəsə etibar etməz. Bu kimi hallarda əgər güclü-qüvvətlidirsə, rəqib saydığı cəbhəni həm özünün, həm sistemin, həm də bütün bəşəriyyətin düşməni kimi göstərər.. və qorxularla, fərziyyələrlə ittiham etdiyi bu xəyali cəbhə nümayəndələrinin dərhal axırına çıxmaq istər: haray salar, böhtan atar, məhkəməsiz edam qərarı çıxarar.

Gün gələr, bu talesiz tamamən qətiyyətini itirər.. özündən uzaqlaşar.. vicdanı ilə zidd düşər.. imandan və imana aid şeylərdən sıxılar.. dindən diyanətdən hürkər.. kitaba şübhə ilə baxar.. həqiqəti göstərən dəlil və bürhanlardan qaçar.. hər gün başqa bir həyat yaşamağa başlar.. "Dünən dünən idi, gəlib keçdi; bu gün bu gündür kef elə; sabah isə arzularına bax və heç nə düşünmə" deyə hər şeyi yaşadığı ana fəda edib hüdudsuzu məhdudlaşdıraraq və genişi daraldaraq ömrünü zamanzədə (vaxtın düşməni) kimi keçirər.

Sözün cövhəri

Münafiq bütün işlərini şəxsi mənafeyinə bağlayan insandır. Mənafəyi üçün hər pis işə razıdır. O, hər məsələyə eqoistcə baxar və hər şeyə eqoizm ölçüsündə dəyər verər. Ölçüsü xarab, meyarı nizamsız, kriteriyası yanlışdır: ağı qara görər; gözələ çirkin deyər; zülmü alqışlar, zalımla qucaqlaşar; işığa lənət edər, nura savaş açar; inanıb etibarlı insan olmağı axmaqlıq, hiyləni, yalanı məharət sayar və hər işdə təxrib etməyin asanlığına sığınaraq güclü görünməyə çalışar.

Həftənin duası

Ey bütün cabbar və qəddarları əzəmət cilovu ilə cilovlayıb saxlayan, uca dinimiz İslama və ona qəlbən bağlı olan müsəlmanlara kinlə, nifrətlə düşmənçilik edənləri qüdrəti ilə saran Uca Rəbbim! Sənə inanan qullarına sırf Sənə inandıqları üçün ədavət bəsləyən insafsızların dillərinə qıfıl, biləklərinə qandal, ayaqlarına zəncir vur.. məsum və qərib qullarına mərhəmət et, bizə kin və nifrət edənləri, həsəd aparanları mənfur arzularına çatdırma..


[1] Əxlaqsız

[2] Allahın razı olmadığı şey

[3] Riyakar, ikiüzlü

[4] Dinzis, Allaha inanmayan

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.