Töhmətə tuş gəlməkdən çəkinin
Bəzi məlamilər bəzən cırıq-yırtıq libasa bürünmüş, dilənçi kimi küçələrdə dolaşmış, bəzən də zühd və vəradan tamamilə uzaq insanlar kimi davranaraq ən dəbdəbəli xirqələr geymişlər, lakin həmişə adi insan kimi, hətta əhli-dünya kimi görünməyə və özlərini gizlətməyə çalışmışlar. Üstəlik bəziləri bu mövzuda ifrata vararaq hərdənbir meyxanaya da getmiş, bu yolla – dilinə bir damla haram dəyməsə də – xalqın fikirləşdiyi qədər saleh olmadığını göstərməyə çalışmışlar. Onlar əhlullah kimi tanınmağı və barmaqla göstərilməyi müsibət saymış, insanların gözündə zavallı, yazıq bir adam kimi görünmək lazım olduğuna inanaraq "dini əsaslara qarşı laqeyd, ciddiyyətsiz bir adam" kimi tanınmağı üstün bilmişlər.
Ancaq indiki dövrdə özünü “sıfırlamaq”, xalqın gözündə böyük görünməkdən çəkinmək və adi bir insan kimi görünmək üçün belə ifrat üslubu təsdiq edə bilmərik. Çünki bu gün hər bir müsəlmanın vəzifəsi dinini təmsil etmək, həm digər möminlərə, həm də müxtəlif inanc və fəlsəfi axınlara nümunə olmaqdır. Dolayısilə, “gizli mənəvi ənginliyə sahib bir insan” olma məsələsində də tarazlığı qorumaq lazımdır. Xalis mömin özündən danışmaqdan çəkinməli, hər fürsətdə şəxsi fəzilətini nümayiş etdirməkdən, satlıq mal kimi dəyərlərini tez-tez vitrinə qoymaq bayağılıqdan uzaq durmalı və daim sadə, adi bir insan kimi görünməlidir. Ancaq bu zaman İslamiyyətə və nümayəndəsi olduğu şəxsi-mənəviyə söz gətirməmək üçün o çox diqqətli olmalıdır.
Şəxsi-mənəvinin şərəfi
Bəli, töhmət götürəcək xüsuslara, xüsusilə də bu dövrdə yol vermək qətiyyən doğru deyil. Çünki bu gün söhbət fərdilikdən çox şəxsi-mənəvi və heyəti-İslamiyyədən gedir. Hər müsəlmanın davranış və hərəkətlərinin şəxsi-mənəviyə və İslama şamil edilməsindən gedir. Buna görə də, vacib saydığım dualardan biri də "Allahım davranış və hərəkətlərimizə görə müsəlman qardaşlarımızı utandırma, bizim səhvlərimizə görə onları xəcalətə salma!.." niyazıdır. Hər mömin bu duanı gündə min dəfə təkrar etsə, (hazırkı vəziyyəti nəzərə alsaq) yenə də azdır. Çünki hazırda bircə nəfərin xoşagəlməz hərəkəti bütün inananlara şamil edilərək mənfi baxışın formalaşmasına səbəb ola bilər. Davranışlarında ziddiyyət olan bir insan bütün müsəlmanları şübhə altına salır. İnsanlar bir nəfərə baxıb məsələni ümumiləşdirərək "Əgər İslam bir məna kəsb etsə idi, bunların hərəkətlərində istiqamət, sabitlik olardı. Halbuki bunların yolu elə hey ziqzaqlıdır" deyərlər. Dolayısilə, inanan insana xas təmkinliyi və ciddiyyəti olmayan, Nəcib Fazilin ifadəsi ilə “zıp orada zıp burada” gəzinənlər insanlara etimad təlqin edə bilmədikləri kimi, müsəlmanların inandırıcılığına da ziyan vururlar.
Bu baxımdan indiki dövrdə "İttəqu məvadiat-tühəm - Sizi şübhəyə salacaq yerlərdən uzaq durun, töhmətə tuş gəlməkdən çəkinin" məallı hədisi-şərifə əsasən hərəkət etmək keçmişə nisbətən daha zəruridir. Bəli, töhmət və sui-zənnə səbəb olan bayağı davranışlardan çəkinmək zəruri olduğu kimi, töhmətə səbəb olan yerlərdən, ona sürükləyən duyğuları hərəkətə gətirən məkanlardan, bir loğma, bir kəlimə, bir dinləmə və bir təcəssüslə insanı uçuruma aparan mühitlərdən də uzaq olmaq lazımdır. İslamın nurlu simasına ləkə gətirməyə heç kimin haqqı yoxdur. Beləliklə, "Özümü “sıfır”layım, dayaz görünüm, xəfi[2] olum!" deyərkən İslamın və müsəlmanların yanlış anlaşılmasına və ayıblanılmasına səbəb olan hərəkətlərə yol verməyə çalışmalıyıq.
Hər məsələdə ümmətinə nümunə olan Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) həyatı boyu heç bir tənqid ediləcək davranışı olmamışdır. O, həm peyğəmbərlikdən əvvəl, həm də risalətlə vəzifələndirildikdən sonra "Kaş bunu eləməsəydi!" deyiləcək bir hərəkət etməmiş və sorğu-suala çəkiləcək bir davranışı olmamışdır. Peyğəmbərlikdən əvvəl, hətta risalət dövrünün yarısından sonra hələ dinin əmrləri və İslamın əxlaq prinsipləri tam şəkildə ortada yox idi, dolayısilə, dini qanunlar tamamən nazil olmamışdı ki, Bəşəriyyətin İftixarı İslami qaydalar çərçivəsində yaşasın və dini əsaslarda nümunəvi rəhbər olsun. Lakin O, bərəkətli ömrünün ilk illərindən daim ümumbəşəri dəyərlər müstəvisində hərəkət etmiş; vəhy gələnə qədər Həzrəti İbrahimin tarixin dərinliklərində qalmış dininə əməl edərək mükəmməl bir “hənif” kimi yaşamışdır. Sonra da Allah-Təala o həniflik üstünə həbiblik həqiqətini əlavə etmiş və Rəsuli-Əkrəmi bütün bəşəriyyətə rəhbər etmişdir.
Bəli, Onun həyatının heç bir dövründə, heç bir hal, hərəkət və davranışını tənqid etmək mümkün deyil. Bu nöqteyi-nəzərdən gizli mənəvi dərinliyi olan bir insanın çərçivəsi də ancaq Rəhbəri-Əkməlin (əleyhi əkməlüttəhaya) nümunəvi həyatına görə müəyyənləşdirilə bilər. O, haqpərəst və təvazökar təbiətinin tələbilə və bəzən də insanları qısqandırmamaq üçün yeri gələndə mövqeyini ortaya qoymuş, təvazökarca boyun bükmüşdür, ancaq Fəzilət Günəşi gələcəkdə ümmətini utandıracaq, rəncidə edəcək heç bir davranışa yol verməmişdir.
Xülasə
- İndiki dövrdə özünü “sıfırlamaq”, xalqın gözündə böyük görünməkdən çəkinmək və adi bir insan kimi görünmək üçün belə ifrat üslubu təsdiq edə bilmərik.
- Xalis mömin özündən danışmaqdan çəkinməli, hər fürsətdə şəxsi fəzilətini nümayiş etdirməkdən, satlıq mal kimi dəyərlərini tez-tez vitrinə qoymaq bayağılıqdan uzaq durmalı və daim sadə, adi bir insan kimi görünməlidir.
- Vacib saydığım dualardan biri də "Allahım davranış və hərəkətlərimizə görə müsəlman qardaşlarımızı utandırma, bizim səhvlərimizə görə onları xəcalətə salma!.." niyazıdır.
O qədər imkanı hədər elədim
Yaxşı mömin daxilən və Rəbbi ilə münasibətdə olduqca dərin, zahirən isə müqəssi[3] olmaqla müxaliflərinin kin, nifrət və qeyzinə, dostlarının da həsəd hislərinə mane ola bilər. Əslində dərin olub dayaz görünmək möminlik əlaməti olduğu kimi, dayaz olub gizli ənginliklərə malik insan kimi davranmaq da bir münafiqlik əlamətidir.
Xalqın gözündə o qədər “şişirilmiş” insan var ki, onların Haqq dərgahında milçək qanadı qədər dəyəri yoxdur. Əksinə hədisi-şərifin ifadəsi ilə "O qədər saçı-başı dağınıq, qapıdan qovulan və heç əhəmiyyət verilməyən insanlar var ki, hər hansı bir məsələdə Allaha and içsələr, Allah onları yalançı çıxarmaz". Əsl xoşbəxtlər məhz "Zahirən müqəssi, daxilən müəlla; fəvvarə deyil, girdab kimi müəmma" olan bu mübərra könüllərdir.
Bir çox məsələdə olduğu kimi, “gizli ənginliyə malik olub dayaz görünmə fəziləti”ni də ancaq başlanğıcda iradəli davranmaqla, zamanla əldə edilə bilər. Əslində, insan yalnız dayaz görünməməli, özünü həmişə həqiqi mənada dayaz qəbul etməlidir. Məsələn, bir Quran tələbəsi özünə bu düşüncələrlə yanaşa bilər: "Yetişdiyim mühitə görə daha ciddi insan ola bilərdim. Cənabi-Allah mütədəyyin bir ailə, dindar ana-ata nəsib etdi; ətrafımda bir-birindən dəyərli böyüklərim vardı. Dəfələrlə Haqq dostlarının axirət tələvvünlü dərgahında oldum. Yaxşı mömin olmaq üçün hər cür imkan mövcud idi; bu qədər imkan içində mərkəb də insan olardı. Əfsuslar olsun, mən öz kamillik dərəcəmə heç cür çata bilmədim. Əgər Cənabi-Haqqın leysantək üstümə yağdırdığı lütflərin qiymətini bilsəydim, daha səviyyəli insan kimi yetişə bilərdim; gözlərimi göyə dikəndə İsrafilin əzəmətli heykəlini seyr edə bilərdim, səcdəyə gedəndə özümü Ərşi-ilahidə hiss edə bilərdim. Halbuki bunların heç biri məndə yoxdur, üstəlik, sanki, məna aləmindən tamamilə qafiləm. Deməli bu qədər imkanı hədər eləmişəm; bu səbəbdən də mən bir “sıfıram”".
Daim bu düşüncələrlə məşbu[4] olan bir Quran tələbəsi zamanla nəfsinə həqiqətən bir “sıfır” olduğunu inandırar. Özünə təlqin edə-edə təvazökarlığı xarakterinə çevirər. Belə insan mənən nə qədər dərin olur-olsun, artıq özünü dayazlardan dayaz sayar. Başlanğıcda iradi olaraq nəfsini sorğu-suala çəkər, lakin bu mülahizələr zaman keçdikcə onun təbiətinin bir parçasına çevrilər və bidayətdəki iradilik müntəhada təbiilik olar.
Xülasə, Allahın sevgisinə məzhər olan bəxtiyarlar təqva ilə sərəfraz və masivadan müstəğni olmaqla yanaşı, "İnsanlar içində adi bir insan ol!" düsturunu da qəlbən mənimsəyən və gizli mənəvi ənginliklərə malik olmasına baxmayaraq olduqca müqəssi görünən insanlardır. Onlar öz vicdanları ilə üzləşərkən daxilən dərinlərdən dərin, lakin nəfsə qalibiyyətin ifadəsi kimi daim xalqın içində sadə bir insan və fəal xidmət ərənləridirlər.
Həftənin duası
Allahım, bəndəni xətalarını etiraf edib peşmanlıqla qıvrılan, yol azdıqdan sonra təkrar dərgahına yönələn, hər qəflətdə himmət qanadlarını açıb Sənin inayətinə sığınan "təvvabin" ünvanlı qullarından elə. Bu pərişan qulunu xüsusən sübh çağında istiğfara sarılaraq Səndən əfv diləyən Haqq aşiqlərinin cərgəsinə daxil et. Məni günahlardan, ayıblardan, üsyanlardan, qüsurlardan və haqqa müxalif olma təhlükələrindən qoru.
Sözün cövhəri
Bu günün irşad ərənləri bir tərəfdən xafi olmağa çalışmalı, digər tərəfdən də müsəlmanlığa ləkə sayılan hərəkət və davranışlardan uzaq durmalıdırlar. Onlar Mövlayi-Mütəal ilə baş-başa qalanda mənəvi dərinyi əhatəedilməz bir arifu-abid olmalı, gündəlik həyatda isə adi bir insan. Odur ki, mənsub olduğu şəxsi-mənəvinin şərəf və heysiyyətinə qarşı çox həssas olmağa və sui-zənnə səbəb olan bayağı hərəkətlərdən fərsəx-fərsəx uzaq olmağa çalışmalıdırlar.
[1] Altda, aşağıda olan
[2] Gizli
[3] Sıxıntı verici, narahatedici
[4] Dolan
- tarixində yaradılmışdır.