Elə bir toplum yoxdur ki, səfahət onu məhv etməsin

Səfahət (Səfeh) sözünün lüğəvi mənası “zövqə, əyləncəyə və Allahın qadağan etdiyi şeylərə aludə olmaq” deməkdir. Ağılsızlıq edib lüzumsuz yerə, sonu düşünmədən nəfsin həzzi üçün pul xərcləmək də səfahətdir. Səfahət və səfalət hara ayaq açıbsa, oranı həlaka sürükləmişdir. Elə bir diyar göstərə bilməzsiniz ki, bu iki virus həmin yerə ayaq açsın, amma oranı  yerlə-yeksan etməsin. Bəli, səfahət ruh səfaləti ilə birləşincə əvvəl Əməviləri, sonra Abbasiləri daha sonra da Kordovanı yerlə-yeksan etdi. Səlcuqların səfahət və səfalətə imkanı, vaxtı olub-olmadığını bilmirəm. Çünki onlar onsuz da birliyi təsis və təmin edə bilməmişdi. Bununla yanaşı, onların Anadoluya ayaq basarkən canlılığını və hərəkətliliyini qoruyub-qorumaması haqqında qəti fikir söyləmək çətindir.

Hətta bu iki virus altı əsr boyunca güclü və gümrah səltənət olan böyük bir milləti, əzəmətli, möhtərəm və əziz Osmanlı dövlətini belə yerlə-yeksan etmişdir. Osmanlının torpaqları hazırkı Türkiyədən iyirmi qat böyük idi. Nə qədər ki sultanlar ordunun başında, xalqın arasında oldu, rahatlıq axtarmadı, Osmanlı dayanmadan irəlilədi. Qanunidən iki üç nəsil sonra, onun oğlu və nəvəsi (bunu müstəsna zənn edirəm) ordunun başında və xalqın arasında olmamışdı, ola bilməmişdi. ELə ki, padşahlar bu müqəddəs səfərlər dura-dura sarayda rahat günlər keçirmə arzusu baş qaldırdı, elə ki insanlar da millət yolunda hər şeyi fəda etmə kimi ülvi amalı itirdi, o zaman onlar tarixə qa qarışdılar. Ən azı paşaların imarətlərində kənizlərin, qızılın, gümüşün, pulun, sərvət hərisliyinin və çal-çağırın artması əzəmətli bir imperatorluğun sonunu hazırladı.  

Tarix səhifələrində neçə-neçə  örnəkləri olan bu sünnətullaha[1] əsasən demək olar ki, bu gün səfahət “becərən”  ölkələr də gec-tez tarix səhnəsindən silinəcək və heç kimin də bunun qarşısını almağa gücü çatmayacaq. Və buna həmin ölkələrin bu və ya digər sahələrdə inkişaf etməsi də mane ola bilməyəcək. Bir dövlətin öz dövlətçiliyini müəyyən müddət qoruyub saxlaması və millətin də tarixdən aldığı sürətini (gücünü) bir müddət davam etdirməsi həmişə ehtimal daxilindədir. Necə ki, Qanunidən sonra rind[2] Sarı Səlim dövlətin başına keçdi, ancaq məhz onun dövründə Kipr fəth edildi, möhtəşəm Səlimiyyə camesi ucaldıldı. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) o dövrlərdə də təşrifi ilə röyaları şərəfləndirdi. Hətta o rind Səlimin də yuxusuna girərək: "Səlim! Ədirnəmdə bir came tik!" dedi. Ancaq bu gözəlliklər Yavuz və Qanuni dövründə sürətlə tərəqqi edən mərkəzi gücün sayəsində gerçəkləşirdi. Bu sürət Qanuninin 1566-cı ildə vəfatından sonra  35-40 il azalmamışdı. Beş-on il sonra İran və Alman cəbhələrində dalbadal məğlubiyyətlərə düçar olanda durğunluq da özünü büruzə verdi.

Qərb toplumunu gəmirən qurd

Bəzi ölkələr İkinci Dünya müharibəsindən sonra Qərb və Amerikaya düşmənçilik stimulu ilə özünü topladı, birliyi təsis etdi, sonra da xalqa əmək düşüncəsini aşıladı. Daha sonra Qərb öz düşüncələrini onlara mənimsətmək üçün əlifbanı dəyişmək istədi. Qurd kimi onların ruhuna soxuldular, bu ruhları qarmaqarışıq bir rəng mozaikasına çevirib dəlik-deşik etdilər. Qərb min cür səfahət və səfaləti, bizə gətirdiyi bütün əracifi[3] aparıb onların da dünyasına boşaltdı. Bu ölkələrə gedib-gələn yoldaşlarımızın müşahidələrinə görə, onlar hal-hazırda toplumu da özləri ilə götürüb yavaş-yavaş səfahətə sapırlar. Əksər mütəfəkkir eyni fikirdədir. İndidən deyə bilərik ki, bu ölkələri gələcəyi ümidverici deyil.

Çünki səfahət və səfalət geniş yayılan ölkələrdən heç birinin gələcəyi yoxdur. Bəli, ruhi-mənəvi səfalətə düçar olan heç bir millət ağ günə çıxmamışdır. İqtisadi durumu yaxşı olan mürəffəh ölkələr ruhən-mənən çökmüş insanlarla doludur ki, onların da bir rüzgarla sovrulması qaçılmazdır. Başqa sözlə, o ölkələr içi çoxdan kömürləşmiş, çürümüş, yanmış çinar kimi zahirən görkəmli, gözəl görünsə də, hər an aşa bilər.

Bir misalla mövzunu bitirmək istəyirəm. On beş il əvvəl sözügedən ölkələrdə intihar hadisələri on iki faizə yüksəlmişdi. Eyni dövrdə dininə və diyanətinə az-çox bağlı olan bəzi ölkələrdə bir faiz idi. Türkiyədə isə, təxminən bir-iki faiz idi. Bu statistik məlumatlar göstərir ki, belə bir dünyada hüzurdan, xoşbəxtlikdən danışmaq qeyri-mümkündür. Çünki insanlar xoşbəxt və məsud olmadığı kimi, toplum da hüzurdan məhrumdur

Xülasə, insan həyatında dəyişməz ilahi qanunları olduğu kimi, səfalət və səfahətin çoxaldığı cəmiyyətdə tənəzzül də qaçılmazdır. Bəli, hər təzə köhnəlir, hər gələn gedir. Ancaq sözügedən ölkələrdə gözlənilən tənəzzül də birdən-birə baş verməyəcək. Məsələn, bizdə 1600-cü ildə başlayan tənəzzül prosesi haradasa 300 il çəkdi və acı nəticələrini göstərdi. Beləliklə, iylənmiş və çürümüş ölkələrin dərhal çökməsini gözləmək doğru deyil.

Allah (c.c.) bizi ruh və məna köklərimizlə əbədi etsin.

Xülasə

  • Səfahət və səfalət hansı cəmiyyətin içinə girmişsə, onu bir qurd kimi içdən gəmirmiş və onu məhvinə səbəb olmuşdur.
  • Kənardan baxanda ulu çinar kimi görünən bir çox dövlətlər bir rüzgarla yıxılan içi boş ağaclar kimidir.
  • Köklü bir dövlətin tənəzzülü uzun çəkə bilər. Altı əsrlik Osmanlının süqutu üç əsr çəkdi.

Ramazana yaxınlaşarkən

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "Ramazan ayı girəndə Cənnət qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və mərədə şeytanlar zəncirə vurulur," – buyurmuşdur.

"Mərədə" inadçılar, müqavimət göstərənlər, təcavüzkarlar deməkdir. Bu ifadə ilə ən azğın, ipə-sapa yatmayan, gözü dönmüş şeytanlar nəzərdə tutulur. Bəli, bu mübarək ayda, "mərədə  şeytanlar" zəncirlənir.

Bununla yanaşı, Ramazanı-şərifdə də xətalar, günahlar edilir və böyük səhvlərə yol verilir. Lakin bu Quran ayında möminlərin əldə etdiyi böyük savabı düşünəndə və şeytanın buna razı olmayacağını, qəzəbdən dəliyə dönəcəyini və insanları günaha sürükləmək üçün bütün hiylələrə əl atacağını göz qabağına gətirəndə aydın görünür ki, mərədə şeytanlar Ramazanda zəncirlənir.

Şübhəsiz, Ramazanda edilən ibadətlər çox əhəmiyyətlidir. Allah Təala oruc haqqında "Oruc Mənə aid bir ibadətdir; onu Özümə aid edirəm. Mükafatını da Özüm verəcəyəm," – buyurur. Beləliklə də, onun genişliyini, dərinliyini və Haqq qatında dəyərini qavramaq, ona bir qiymət təyin etmək mümkün deyil. Bu səbəbdən, onun mükafatını verməyə Allah Təaladan  başqa heç kimin gücü çatmaz. Allah Təala oruc savabını şəxsən təqdir etmiş və onu o biri aləmdə bir sürpriz kimi verəcəyini vəd etmişdir. Bu sürpriz mükafatın ən mühüm vəsiləsinə "Çünki oruc tutan qulum yemək-içməyi Mənim üçün tərk edir" bəyanı ilə işarə buyurmuşdur.

Bu müqəddəs zaman dilimində möminlər oruc ibadəti ilə birlikdə, təravih namazı da qılırlar. Onlar "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir“ (Bəqərə, 2/185) ilahi bəyanına uyğun Ramazanı bir Quran ayı kimi dəyərləndirir və çoxlu  Quran oxuyurlar. Eyni zamanda, onların könülləri açılır, əngin xeyirxahlıq və səxavətlə coşur, bütün xeyrili fürsətləri qiymətləndirirlər. Bir hədisi-şərifin ifadəsi ilə, "Rəsulullah ən comərd (səxavətli) insan idi. Onun comərdliyi Ramazan ayında Cəbrayıl əleyhissalamla görüşərkən daha da artardı. Həzrəti Cəbrayıl Ramazan ayı çıxana qədər hər gecə Peyğəmbərimizin hüzuruna gəlib Quranı ərz edirdi. O günlərdə Allahın Elçisi (sallallahu əleyhi və səlləm) insanlara mərhəmət gətirən küləkdən comərd olardı." Möminlər də, Allah Rəsuluna ittiba edərək daha da comərdləşər; zəkat, sədəqə və fitr adı altında yardımlarını insanlardan əsirgəməzdilər. Hətta bəziləri ramazan ayının son on günü etikafa girər və günlərini ibadətə həsr edərdilər.

Məhz belə bir xeyr yarışını görən şeytanın hövsələdən çıxması təbii haldır. Çünki o, insan oğluna düşmənçiliyini bəyan edərkən "Zatına and olsun ki, hamısını yoldan çıxaracağam!" demiş və daim buna yollar axtarır. Ramazanın bərəkəti şeytanı və şeytanlaşan xəbis ruhları dəli edir, bu böyük savabları insanların əlindən qoparma ehtirası ilə alışıb yanan insi-cinni şeytanları özündən çıxarır.

Həftənin Duası

Dəfələrlə işlənən günahları bağışlayan, qüsur və çirkinlikləri örtən, qəlbləri iman, mərifət və məhəbbət nuru ilə bəzəyən uca Rəbbimizə həmd, zatı və mövqeyi ilə daim fövqəlvəsf, bənzərsiz, ötələrə xas dərinliyi ilə zamana sığmayan Fəxri-Kainata salət və salam edir və bir daha Mövlayi-Zülcamalın hüzurunda əl açıb yalvarırıq: Ey Rəbbimiz! Dini kamil səviyyədə yaşamağı bizə nəsib et, bu möhtac qullarına dünya və axirətdə bəxş edəcəyin nemətləri tamamla..

Sözün cövhəri

Hər məsələdə mötədillik və tarazlıq çox əhəmiyyətlidir. Xoşgörü məsələsində də qəlbin ritmləri yaxşı nizamlanmalıdır. Biz xoşgörüdə tarazlı olduğumuza inanırıq. Zənn edirəm ki, bəziləri bizim xoşgörü anlayışımızı millətimizin və ölkənin gələcəyi üçün zərərli olan tarixi, milli-mənəvi dəyərlərin məhv edilməsinə xoşgörü ilə yanaşmaq kimi başa düşür.. Artıq hamı bilir ki, hansı məsələlər xoş görülməli, hansı məsələlər xoş görülməməlidir. Ümidvaram ki, bu toplum zaman keçdikcə qaynayıb qarışaraq həmin tarazlığı bərpa edəcək.


[1] Dəyişməz ilahi adət

[2] Batini ürfanla müzəyyən olduğu halda zahirən sadə görünən, laübali görünüşlü olduğu halda, əslində kamil olan şəxs

[3] Uydurmalar, fantaziyalar

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.