Ramazan ruh dünyamızı intizama salmalıdır

Fəthullah Gülən: Ramazan ruh dünyamızı intizama salmalıdır

İntizamlı insan müəyyən qayda və prinsiplər çərçivəsində yaşayan, tərtib və nizama ciddi əməl edən insandır. Əslində, hər bir möminin həyatı daim ahəngdar, planlı olmalıdır. O, nə vaxt nə edəcəyini, nələrlə məşğul olacağını əvvəlcədən müəyyən etməli və ona uyğun hərəkət etməlidir.

O, işə nədən başlayacağını əvvəlcədən təyin etməli, bir plan istiqamətində işləməli, heç vaxt "Görəsən, indi nə edim?” deyə duruxub qalmamalıdır. O, həm Allaha ibadətini, həm insanlarla münasibətlərdə daşıdığı mükəlləfiyyətləri, həm də şəxsi işlərini və bunların hansını nə vaxt edəcəyini mütləq əvvəlcədən müəyyənləşdirməli, bütün işlərində nizam-intizam nümunəsi olmalıdır. Əslində, ibadətlər işlərin tənzimi və vaxt bölgüsü baxımından məhək daşıdır və inanan insan işlərini çox vaxt bu ibadət təqvimi əsasında nizamlayır. "Günorta namazından sonra, axşam namazından əvvəl" deyib günü müəyyən hissələrə bölür və bir anı da boş keçirməməyə çalışır.

Vaxtın qiymətini bilən və ömrü dəyərli nemət hesab edənlər yemək-içməkdən yatıb-qalxmağa qədər hər şeyi planlaşdırır, heç bir işi yarımçıq qoymur, ehmal etmir, başqa vaxta saxlamırlar. Onlar bilirlər ki, nə vaxt həm insanlar, həm də müəssisələr nizam-intizama ciddi riayət edir, ən səmərəli fəaliyyəti məhz o zaman göstərirlər .

Məhz ramazan ayı yemək-içmək və yatmaq kimi nəfsin meyl etdiyi şeyləri rejimə salır, bunları ehtiyac çərçivəsində və həmd, şükür hisləri içində təmin etməklə həyatı nizam-intizama salmağı öyrədir. Nəfsani istəklərlə mübarizə aparmaq üçün ruhi-mənəvi abı-havaya sığınaraq, vicdanı hərəkətə gətirib iradəni gücləndirərək daim bir istiqamətdə olmağı öyrədir.

Gəlin hamımız vəfa və sədaqət abidəsi olaq

Ramazani-Şərif insanın ən zəif cəhətlərindən biri olan yemə-içmə istəyini məhdudlaşdırmağı və nəzarət altında saxlamağı təmin edir. Sanki, qidalanma rejimindən təlim keçir. Bəli, yaşamaq üçün yeməyə, içməyə mütləq ehtiyac var. Lakin sağlamlıq prinsipləri nəzərə alınmadan qəbul edilən hər şey orqanizmə zərərli olduğu kimi, mədənin (cismaniliyin, nəfsaniliyin) ifrat dərəcədə güclənib insanı ruhi-mənəvi zirvələrdən heyvanilik və cismanilik (maddiyyat) uçurumlarına yuvarlaması da bir fəlakətdir. Bəli, ələ düşən hər şeyi mədəyə ötürməkdə və onu daim dolu saxlamaqda nə orqanizm üçün fayda, nə də Cənabi-Haqqın xoşnudluğu.

Bu müqəddəs ay boyu tutulan oruc yemək vaxtlarını tənzimləyir, insanları israfçılıqdan və çox yeməkdən çəkindirir, fiziki və ruhi-mənəvi sağlamlığa zərərli şeylərdən uzaqlaşdırır, onların daim halal dairədə qalmasını, haramdan uzaq olmasını təmin edir və nəhayət, bütün bu xüsusları vərdişə çevirir. Ramazan orucu “ramazanlaşan” insanlara bu istiqamətdə nizam-intizam ruhu aşılayır.

Ramazan onu dəyərləndirə bilənləri –ruhi-mənəvi səviyyədən asılı olaraq – bir sədaqət qəhrəmanına çevirir. Oruc tutan və onun sirrini dərk etməyə çalışan bütün möminlər həm Haqqa təvəccöhdə, həm də xalqla münasibətlərdə daim vəfalı və sədaqətli olarlar. Onlar günün müəyyən vaxtlarında ibadət etməklə kifayətlənməz, übudiyyət səmasına yüksələr, hər saatı qulluq şüuru ilə zinətləndirər və hər anı ibadətlə süsləyər. Dünyəvi və cismani meyillərdən bir azca sıyılınca, qarşısında “özünü Allaha həsr etmə və bir həqiqət qəhrəmanı olma” hədəfini görər. Bu hədəfə çatmaq məqsədi ilə – Bədiüzzaman Həzrətlərinin ifadəsi ilə, – daim Allah üçün düşünməyə, Allah üçün danışmağa, Allah üçün sevməyə, "lilləh, livəchillah, liəclillah" dairəsində qalmağa və daima Haqqa mütəvəccih olmağa çalışar, cəhd göstərər və bu səylər nəticəsində gündən-günə hədəfə yaxınlaşar. Və nəhayət vəfa və sədaqət timsalına çevrilər.

Əslində, ömür bir Ramazan, yetkinlik dövrü imsak, ölüm də iftardır. Bir aylıq ramazan bir ömür boyu çəkən qulluq orucunun təlimidir. Məhz otuz gün ərzində əldə etdiyi gözəl xüsusiyyətləri ömür boyu qoruyub saxlayan insanlar bir az aclıq və susuzluğun əvəzində o biri aləmdə “Ey qullarım, çox vaxt rənginizi qaçmış, bənizinizi saralıb-solmuş, gözlərinizi çuxura düşmüş və ovurdlarınızı batmış görürdüm. Buna Mənim üçün qatlanırdınız. O günlərdə təqdim etdiklərinizin əvəzində, haydı bu gün nuşcanlıqla yeyin, için” xitabını eşidəcək və əsl iftarı məhz o gün açacaqlar.

Xülasə

  • Hər bir möminin həyatı daim ahəngdar, planlı olmalıdır. O, nə vaxt nə edəcəyini, nələrlə məşğul olacağını əvvəlcədən müəyyən etməli və ona uyğun hərəkət etməlidir.
  • Ramazan ayı yemək-içmək və yatmaq kimi nəfsin meyl etdiyi şeyləri rejimə salır, bunları ehtiyac çərçivəsində və həmd, şükür hisləri içində təmin etməklə həyatı nizam-intizama salmağı öyrədir.
  • Əslində, ömür bir Ramazan, yetkinlik dövrü imsak, ölüm də iftardır. Bir aylıq ramazan bir ömür boyu çəkən qulluq orucunun təlimidir.

İlahi kəlamla tanışlıq fürsəti

Bütün il boyu Qurandan uzaq qalanlar belə Ramazanın nurəfşan (nur saçan) iqlimində Kəlami-İlahidən kövsər içməyə tələsir. Çünki müqabilə bu qüfran ayına məxsus adətlərdən biridir.

Quranın nazil olduğu kimi qorunub-saxlanılması, ayə və surə tərtibinin düzgün müəyyən edilməsi və buna nəzarət üçün Həzrəti Cəbrayıl (ə) hər il Ramazan ayında, bir rəvayətə görə, Ramazan ayının hər gecəsində, Rəsuli-Əkrəmin (s.ə.s.) hüzuruna gəlirdi. Allah Rəsulu (s.ə.s.) Quran ayələrini Cəbrayıl Əleyhissalama oxuyar, sonra da onun qiraətini dinləyərdi

Kainatın İftixarı ilə Cəbrayıl Əleyhissalamın Qurani-Kərimi bu cür qarşılıqlı oxumasına "müqabilə" deyilir. Möminlər həm o müqəddəs adətə hörmət əlaməti olaraq, həm də Quranın Ramazanda nazil olmasıına və xüsusən, bu ayda Quran oxumağın qat-qat savab olmasına görə Ramazan boyu məscid və evlərdə "müqabilə" oxumağı, Quranı xətm etməyi ənənəyə çevirmişlər..

Sələfi-salehin Quranı ayda bir dəfə xətm etməyi vəfanın ən aşağı həddi qəbul etmiş, Quranı ayda bir dəfə oxumayanın vəfalı olmadığını və onu tərk etmiş sayıldığını bildirmişdir. Bu baxımdan, müqəddəs Ramazan günlərini dəyərləndirərək Quranıən azı ayda, bir dəfə xətm etməyi vərdişə çevirməliyik ki, bu, bizim üçün bir başlanğıc olsun və heç olmasa bundan sonra Kəlami-İlahiyə vəfalı olaq.

Əslində, bilməyənlər Quranı öyrənmə və anlamağa səy göstərməli, bilənlər də bütün idrak və hissiyatını onu düzgün öyrətməyə, doğru ifadə etməyə sərf etməli və Quranı daha da çox insana öyrətməlidir. Çünki o, başa düşülmək üçün insan ağıl və dərrakəsinə ilahi mərhəmətdən lütf edilmiş ən böyük hədiyyədir. Quranı oxumaq, mənasını anlamaq həm vəzifə, həm də qədirşünaslıq, onu izah etmək, öyərtmək isə, ilahi nura möhtac qəlblərə ehtiram və vəfanın ifadəsidir.

Beləliklə, Quran oxuya bilmirksə, Ramazani-Şərif fürsətindən istifadə edib dərhal öyrənməyə çalışmalı, Kəlam-İlahini oxuyur, lakin anlamırıqsa, bəzi ayələrin şərhlərini də ehtiva edən məallara müraciət etməli, ya da ən yaxşısı, mötəbər təfsir kitablarından birini mütaliə etməli və bu ayı, həqiqətən, Quran ayı kimi dəyərləndirməliyik. Saleh sələflər kimi, canla-başla Qurana yönəlməli, qəlb qapılarını Kəlami-İlahinin üzünə taybatay açmalı və "Cənabi-Haqqın murad; kəlamından anlama" xüsusunda Ramazanın müqəddəsliyinə layiq cəhdi ortaya qoymalıyıq.

Həftənin duası

Yeganə güc və qüvvət sahibi Uca Allahım! Sən Qavisən, biz isə Sənin zəif, aciz və möhtac qulların. Bu zəif və acizləri Səndən başqa kim qoruya, onlarıni ehtiyaclarını kim təmin edə bilər! Nə olar, saleh qulların kimi, bizi də lütflərinlə sevindir və nemətlərini sona qədər ver. Ey hər şeyə gücü çatan Rəbbim! Bizə və bütün inananlara, xüsusən də zülmə, haqsızlığa məruz qalmış məzlumları dünyada və üqbada dərd və əzab gətirən şərdən qoru!

Sözün cövhəri

Ramazanda möminlər oruc ibadəti ilə birlikdə, təravih namazı da qılırlar. Ramazanı Quran ayı kimi qiymətləndirir və çoxlu Quran oxuyurlar. Eyni zamanda, onların qəlbi açıllır, səmahatlə və əngin bir comərdliklə coşur; bütün xeyir və hasənat fürsətlərini dəyərləndirir. Bunun yanında Rəhbəri Ekmələ ittiba edərək, o günlərdə bir daha comərdləşir; zəkat, sədəqə və fıtır sədəqəsi adı altında daim lütfkarlıq edib insanalrı sevindirirlər. Hətta bəziləri, Ramazan ayının son on günü ərzində etikafa başlayır və bu günlərin hər anını ibadətlə keçirirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.