İrşadda Üsul

İrşad və təbliğdə insanları yaxşı tanımaq və onlarla münasibətimizi, davranışımızı düzgün müəyyənləşdirmək məcburiyyətindəyik. Əks halda adama "namaz qıldıraq, savab qazandıraq" deyib - Allah qorusun - günah etdirmiş olarıq.

Təcrübələr də göstərir ki, insanları ifrat dərəcədə sıxmaq çox vaxt əks reaksiyaya səbəb olur, hətta belə bir halda olanı dini həyatdan qaçırır. Bu səbəbdən yaxın və uzaq ətrafa ibadət və itaət eşqini, şövqünü aşılarkən ifrat təzyiqlərə yol vermək o qədər də doğru sayılmamışdır.

Fiqh alimlərinin (füqəha) bir hədisi-şərifdən istinbat edərək[1] verdikləri hökmə görə, səkəratda (ölüm anında) olan bir insana zorla kəlmeyi-tövhid dedirtmək yanlışdır. Çünki Allah qorusun, əgər o bu çətin vəziyyətinin təsiri ilə də "demirəm" söyləsə, aqibəti acınacaqlı ola bilər və çox vaxt son sözü də bu ola bilər. İnsanın qəlbən bu sözə və mənaya nifrət edərək dünyadan köçməsi böyük xüsrandır. Bunun əvəzinə, onun yanında bir nəğmə ahəngi və şirin dillə təhlil etmək ("Lə iləhə illəllah" dəmək) daha məqsədəuyğundur. Beləcə "Lə iləhə iləllah" deyərkən onu incitməz, rəncidə etməz, eyni zamanda qəlbində ümid çiçəklərinin açılmasına zəmin hazırlamış olarıq. Əgər bundan da narahat olursa, heç bir şey etməmək daha məqsədəuyğun olar. Əks halda qəlbində bir ehtiram, sevgi və məhəbbət varsa, onu da itirə bilər.

Füqəhanın bu istinbatını bütün həyata da şamil etmək olar. İnanc məsələsində də insanlara birbaşa təzyiq göstərməmək, mümkünsə, onları müxtəlif yanaşma formaları ilə yumşaltmaq daha münasib olar. İlanı yuvasından çıxarmağın da bir qaydası var. Əgər ilan yarı yuvada, yarı çöldə bərk-bərk yuvasına sığınıbsa, tutub çəksəniz qopar, amma çıxmaz. Ancaq öz halına buraxsanız, sürünməyə başlayar, elə bu vaxt da rahatlıqla çəkib çıxararsınız. Həkim iynə vurarkən xəstəyə özünü sıxmamağı, rahat olmağı təlqin edir. Əks halda vücud iynədəki dərmanı qəbul edə bilmir. Buna görə də, əvvəlcə xəstənin özünü sıxmaması, rahat olması təmin edilir. Sonra da dərman rahatlıqla vücuda vurulur.

Bir xüsusu da sadə bir misalla ərz etmək istəyərəm: Bu gün ən mühüm məsələlərdən biri də irşad və təbliğdir. Ancaq bu məsələ mütləq öz prinsiplərinə uyğun reallaşdırılmalıdır. Əgər məscidə gələn insanlara xidmət etmə (İslamın təbliği) metodunu düzgün bilsəydilər, indi daha gözəl şeylər olardı. Əfsuslar olsun ki, biz çox vaxt insanları nifrət etdirib özümüzdən uzaqlaşdırmışıq. Bir böyüyümüzün ifadəsi ilə "biz tələskən və əcəmi davranışlarımızla insanları özümüzdən uzaqlaşdırdıq". Əgər bu işi şirin bir üslubla görsəydik, insanlar halə kimi ətrafımıza toplanar və bizi bir mürşid kimi dinləyərdi. Amma "hökmən olmalısınız" deyə təzyiq etdikcə, onlar da müqavimət göstərdilər və əks reaksiya verməyə başladılar. Buna görə də onlara çox şey anlada bilmədik və anlatma imkanını tapa bilmədik.

Zənnimcə, hal-hazırkı vəziyyətimiz bundan fərqli deyil. Nə olar, gəlin, Allah rizası üçün min bir bəla və müsibətə qatlanaq. İlk mürşidlər, hətta Anadoluda Əhməd Yəsəvi ilə başlayan ikinci dövr mürşidləri də bu yolu tutmuşlar. Bəli, səhabələr kimi, Anadolu daxil olmaqla Avropa sərhədlərinə ilk dəfə dərvişlərlə başlayan mənəvi akınçı (öncü, dəstə) hərəkatı ilə varmışlar. Onlar insanların qəlbini fəth etməyi bacarmış, onlara haqqı, həqiqəti göstərmiş və insani fəzilətlərin tərcümanı olmuşlar. Çağdaş insan da belə olmalı, çox xırda məsələlərə dərhal əks reaksiya verməməli, hiddətə və şiddətə yönəlməməli, döyənə əlsiz, söyənə dilsiz və könülsüz olmalıdır ki, təsirli ola bilsin.

İrşad və təbliğ həlimlik tələb edir

Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) Mədineyi-Münəvvərəyə göndərdiyi Musab ibn Umeyr həzrətləri bir il sonra beyət etmək üçün yetmiş nəfərlə Aqabəyə gəlmişdi. O dövrə görə bu böyük uğur idi. Bu vaxt Hz. Musabın iyirmi-iyirmi beş yaşı ancaq olardı. O, heç vaxt öfkələnməmiş, baş verən hadisələrə görə coşub-daşmamış (özündən çıxmamış), bildiyi yolda yürümüşdü. Əsad ibn Zürarə Musab ibn Ümeyrə: "Elə adam gətirəcəyəm ki, əgər İslamı qəbul etsə, camaat dəstə-dəstə onun ardınca gələcək" deyib əvvəlcə Sad ibn Muazı, sonra Useyd ibn Hudayrı, daha sonra Sad ibn Ubadəni gətirmişdi. Bu gələnlər qəzəblə qılınc çəkmişdi Hz. Musaba. Ancaq olduqca iradəli, soyuqqanlı və fikirlərini çox gözəl çatdırmağı bacaran, təcrübəli və bişmiş, daha doğrusu, Allah Rəsulunun rəhleyi-tədrisində kamil dərs almış Hz. Musab onları yumşaltmış, Rəsulullah qəlibinə salıb əritmiş və istədiyi şəklə salmışdı.

Bəli, irşad və təbliğdə yumşaqlıq, həlimlik çox vacibdir. Haqq Təala Hz. Musa və Hz. Harunu (əleyhimussalam) Firon kimi ilahlıq iddiasında olan birinin yanına göndərərkən söz və davranışlarda xoşgörülü olmağı, yumşaq söz söyləməyi əmr etmişdi (Bax: "Taha" surəsi, 20/44). Bu cür gözəl rəftar və məsələləri yumşaq şəkildə təqdim etmə əsasdır. Mən bu mövzuda məsələləri ətrafımıza təqdim edərkən yol verdiyimiz üslub xətalarından qaynaqlanan problemlərə görə öz nəfsim adından da, başqalarının nəfsi-əmmarəsi üçün də çox narahatam. Bəli, çox vaxt insani münasibətləri bilmir, kobudluq (sərtlik) edirik. Hətta elə zənn edirik ki, məsələləri zorla yoluna qoya biləcəyik. Halbuki yumşaqlıq olan yerdə diffuziya və qaynayıb-qarışma gerçəkləşir. Buna binaən, demək olar ki, indiyə qədər kobud (sərt) insanların heç bir işi baş tutmamışdır, əksinə müsamihə ilə neçə-neçə könül fəth edilmişdir.

Xülasə:

  • Bu gün ən mühüm məsələlərdən biri də irşad və təbliğdir. Ancaq bu məsələ mütləq öz prinsiplərinə uyğun yerinə yetirilməlidir.
  • İrşad və təbliğdə insanları yaxşı tanımaq və onlarla münasibətimizi, davranışımızı düzgün müəyyənləşdirmək məcburiyyətindəyik.
  • Haqq Təala Hz. Musa və Hz. Harunu (əleyhimussalam) Firon kimi ilahlıq iddiasında olan birinin yanına göndərərkən söz və davranışlarda xoşgörülü olmağı, yumşaq söz söyləməyi əmr etmişdi

Min şəhid savabı qazanmaq üçün...

Sünneyi-səniyyə, bir mənada fərzindən tut ədəbinə qədər bütövlükdə din deməkdir. Bəli, dini həyatı bizə öyrədən Allahu Təala (c.c.) Peyğəmbərimizi (əleyhissalatu vəssalam) də bizə həyatı təlim etmək üçün göndərmişdir. O Peyğəmbər ki, Onun davranışlarına birbaşa nəzarət edən və rizasına yönəldən məhz Allahu Təaladır.

Qul fərzləri yerinə yetirməklə Allaha yaxınlaşar, buna nafilələri də əlavə edərsə - qüdsi hədisdə ifadə edildiyi kimi - Allah onun görən gözü, eşidən qulağı, danışan dili, tutan əli olar və onu daim doğru yola yönəldər. Yəni Allah ona gördüyünü yanlış göstərməz, yalnız razı olduğu şeyləri göstərər və gördüyü hər şey gələcəkdə düzgün qərarlar verməsinə kömək edər. Belə mömin hər əməlində həqiqətə çatmağı bacarar. Hidayət görsə, ruhən qanadlanıb pərvaz edər, zəlalət görsə, ondan elə qaçar ki, elə bil şeytan görüb. Belə möminin ruhu gözəl bir səs eşidən kimi aliləşər. Gözəl səsi pis səsdən yaxşı seçər, eşitdiklərini çox düzgün dəyərləndirər. Allah belə insana haqqı dedirər. Allah ona əllə iş gördürərkən - istənilən halda - Haqq naminə işlər gördürər, bir yerə gedərkən ayağını həqiqətə doğru yönəldər. Heç vaxt onu özbaşına qoymaz. Allah o insanı birbaşa nəzarətdə saxlayar və ilahi murad halqasında hərəkət etdirər. Əsri-Səadətdə olduğu kimi. Belə ki, Cənabi-Haqq Peyğəmbərimizi (əleyhissalatu vəssalam) daim ilahi riza dairəsində hərəkət etdirmişdir.

Bir mühüm məsələ isə ümmətin fəsada düşdüyü dövrdə sünneyi-səniyyənin əhya edilməsidir. Bu, istər fərz, istər vacib olsun, Peyğəmbərimizin yolunu bütün iman və İslam əsasları ilə yenidən işlək hala gətirmək deməkdir. Belə ki, bəziləri, xüsusilə, müasir dövrdə bu yolu daraldıb cığıra çevirməyə çalışır. Buna müqabil bu yolun geniş vəziyyətdə qiyamətə qədər davam etməsinə çalışan Mü­səl­manlar sünneyi-səniyyənin çox mühüm məsələlərini əhya edirlər. Peyğəmbərimizin qoyduğu ölçülər çərçivəsində elə sünnətlər var ki, min dəfə şəhid olmaqdan daha qiymətlidir. Peyğəmbərimizin yolunda əhya edilən fərzlər, xüsusilə, iman əsasları ilə bağlı bir məsələnin əhya edilməsi əhya edən möminə min dəfə şəhid olmaqdan daha çox savab qazandıra bilər. .

Bəli, elə sünnətlər var ki, onu yerinə yetirən min şəhid savabı qazana bilər. Necə ki, cəmiyyəti bir-birinə qatan qeybət təkcə kiminsə dalınca danışmaq kimi qəbul edilmir, çünki bu cür qeybət adam öldürməkdən, zina etməkdən daha betərdir. Eynilə bunun kimi, bu dövrdə, xüsusilə, ümmətin fəsada düşdüyü, bütün İslam çarxının pozulduğu və tayfanın rəisə üsyan etdiyi bir dövrdə bir dini məsələni əhya etməyə cəhd göstərən, əlbəttə, yüz şəhid savabı, hətta, bəlkə də, min şəhid savabı qazanacaq.

Sözün cövhəri

Yerin mərkəzindən "Sidrətül-Müntəha"ya qədər ins, cin və mələyin daim başına dolandığı nurani bir sütunun yer üzündə mücəssəm bir parçası sayılan Kəbə elə bir misilsiz binadır ki, milyardlarla təmiz ruh gizli, aşkar Onun harəminə can atıb vüsal axtarır və O, səmalara bərabərdir desək, yerinə düşər... Bihudə deyil ki, göydə və yerdə Allahın evi mənasında "Beytullah" kimi yad edilir.

Həftənin duası

Ey mərhəməti qəzəbindən öndə olan uca Rəbbimiz! Elə hey yıxılıb qalxan bu günahkar qullarını günah bataqlığında boğulmaqdan hifz et, hifz et ki Sənin ali dostluğunla şərəflənək... Nemətini leysantək üstümüzə yağdır. Bu aciz qullarını əlçatmaz hifzinlə mühafizə et.. bizi qoru, qoru, çünki Sən qapı qullarını heç vaxt hədər etməzsən.


[1] Müctəhid və ya böyük bir alimin gizli bir mənanı ictihadla ortaya çıxarması.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.