İlahi ehsan
Ustad həzrətləri Allah yolunda edilən bu xidmətlərin ilahi ehsan olaraq çiynimizə qoyulduğunu söyləyir. Bəli, hər şeyin nizamı pozulan dövrümüzdə çox dəyərli bir vəzifə daşıyan müsəlmanlar bu işi can bahasına da olsa, mütləq dirçəltməlidirlər. Bu vəzifə dünyada Allahın bizə verdiyi misilsiz bir üstünlük və lütfdür. Əslində, belə bir çətin dövrdəki vəzifə Peyğəmbərimizin vəzifəsini vəkalətən davam etdirmək deməkdir. Şahı-Geylaninin “əhli-xidmətə zahirəm” deməsi, Hz. Əlinin də hələ on dörd əsr əvvəldən Qurana xidmət edənlərə arxa çıxması, bir çox yuxuda Hz. Piri Muğanın xidmət ərənlərini tək qoymaması bugünkü xidmətlərin çox mühüm olduğunu göstərir.
Əlbəttə ki, belə iltifatlar təkcə göründüyü kimi, səthi nəzərdən keçirilməməli, əksinə iman və Quran xidmətinə yeni şəkil və metod gətirən möminlərin bu fəaliyyətləri daha ağıllı və məntiqli yerinə yetirməsi istiqamətində dəyərləndirilməlidir. Üstəlik, (bu iltifatlar) Anadolu insanına yeni ideyalar verməsi, "əs-səbəbi kəl-fail – (bir işə) səbəb olan (həmin işi) edən kimidir" mənasını təsdiq etməsi, bu mövzuda bütün xeyirli işlərə dəlalət etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Buna binaən haqq yolun yolçularının bu iltifata və bu ehsana hər zaman məzhər olması mümkündür. Bu kimi iltifatlar dünyanın müxtəlif yerlərində xidmət edən möminlərin daşıdığı missiyanın nə qədər şərəfli olduğunu, bu zatların bu missiyaya sahib çıxdığını və onların bu mübarizədə bizə arxa olduqlarını göstərir. Onsuz da bizim inancımıza görə bu mərhum böyük zatlar bizdən uzaq deyildir. Harada olsaq da, oradan məna aləminin böyüklərinin ruhaniliyinə bir pəncərə açıldığına, açılacağına və bizi müşahidə etdiklərinə, edəcəklərinə tam inanırıq.
Bu baxımdan dövrümüzdə Onun yolunda xidmət edən möminlər çox böyük və mühüm bir xidmətin içində olduqlarını dərk etməlidir. Cənabi-Haqqın mərhəmətindən niyaz edirik ki, Onun yolunda olan insanların iştiyaqını (şövqünü) – əvvəlki illər kimi – coşdursun, onları da, bizi də Peyğəmbərimizin davasına, qüdsi halqasına yeni töhfələr vermə imkanı və şərəfi ilə şərəfyab etsin. Çünki Haqq yolun eşq, şövq və həyəcanı ilə müəyyən səviyyəyə çatandan sonra ixlas və səmimiyyəti eyni səviyyədə qoruyub saxlamasaq və yola eyni tempdə davam etməsək, ən azı mövcud vəziyyət qorunub saxlanmadığına görə bu əmanət bizdən alınıb başqasına verilə bilər. Bu, Allahın dəyişməz qanunudur. Bəli, İlahi adət (qanun) həmişə belə cərəyan etmişdir. Buna görə də Onun yolunda can-başla xidmət etməklə yanaşı, rədd olunmamaq və kənarlaşdırılmamaq üçün daim Onun İlahi dərgahına üz tutub dualarla yalvarmalıyıq.
Mən öz adıma danışım: – ehtimal ki – fəqir (özünü qəsd edir) məscid minbərində verdiyi vəzlərlə umulan funksiyanı yerinə yetirmədiyi üçün minbərdən məhrum edildi. Bu mövzuda yalnız Cənabi-Haqqın mənə daha kiçik halqada, müxtəlif tərzlərdə qardaşlarımla, bəlkə də, daha sürətli yeni xidmət imkanları verib bir daha sınağa çəkməsi ilə təsəlli tapıram. Ümid edirik ki, təqdir, təklif və ehsan edilən lütfləri hansı səviyyədə dəyərləndirə bilsək, o qədər imtahandan keçə biləcəyik. Ancaq həmişə belə olmaqla Cənabi-Haqqın əmanətini bizdən almayacağını Onun əngin mərhəmətindən gözləyə bilərik...
Bir məsələyə də diqqət çəkmək istəyirəm. Bu xidmətin ilkləri arasında elə bir üxüvvət (qardaşlıq) vardı ki, kənardan gələnlər bu qardaşlığı görəndə heyrətini gizləyə bilmir: "Aman Allah! Bu nə üxüvvət, bu nə qardaşlıq!" deyirdilər
Bəli, onların dərin iştiyaqı və həsrət hisi ilə çiyin-çiyinə olması, Allah yolunda böyük səy göstərməsi, demək olar, hər gün öz evi qədər din qardaşlarına baş çəkməsi onların şövq və həyəcanın təzahürü idi. Cənabi-Haqq bu qardaşlarımıza qısa müddətdə çox böyük işlər gördürdü. Hətta bizdən əvvəlki Quran tələbələrinin otuz ilə sığışdıra bilməyəcəyi işləri Rəbbim bu xidmətin möminlərinə – bu, imtahan da ola bilər – qısa vaxtda lütf etdi. Ancaq unutmamalıyıq ki, bu ehsan və lütflərin hər biri bir imtahan və ərməğandır. Bundan başqa bu səylər daha ciddi, daha gözəl və daha sistemli şəkildə artırılmalı və müəyyən bir hədəfə çatdırılmalıdır ki, davam etsin. Əks təqdirdə – təkrar edirəm – nemətin əlimizdən alınması ehtimalı var. Çünki Cənabi-Haqq eşqlə, şövqlə Onun yolu ilə gedənləri qorusa da, bu mövzuda xidmət içində eyni canlılığı olmayan insanları qoruyacağına dair bir təminat yoxdur.
Xülasə
- Allah yolunda etdiyimiz xidmətlər bizim istedad və qabiliyyətimizə görə verilməmişdir: bu, bir ilahi ehsan olaraq çiynimizə qoyulmuşdur.
- Allah, əvvəlki nəsillərə nəsib olmayan bir nemət kimi qısa vaxtda çox iş görməyi bugünün xidmət ərlərinə lütf etdi.
- Xidmət etməyi bir nemət kimi dəyərləndirən insan bu nemətdən məhrum olmamaq üçün daim eyni canlılığı qorumağa çalışmalıdır.
“Bayram o bayram olar”
Mərhum Nəcib Fazil həqiqi mömini yaxşıca sıxlaşdırılmış şəkər qəlibinə bənzədib "Mömin bir qəlibə sığışdırılmış şəkər kimidir, dəryanı dadlandıracaq gücü var" deyərdi. Bəli, sağlam inanclı və inancını hərəkət və davranışlarına hopdura bilən insan ətrafı üçün rəhmətdir: o, bir mənada ətrafında olan hər kəsə və hər şeyə dad verir..
Bunun kimi Bayram da qısa olmasına baxmayaraq, həftələrin, hətta ayların varidatını, xeyrini, bərəkətini və sevincini köksündə gizlədən bir zaman kəsimidir. Bayramda Cənabi-Haqqın - əlavə olaraq - elə təvəccöh, elə sürpriz ehsanları var ki, onu başqa on gündə, bəlkə də, bir ayda, bəlkə on ayda, bəlkə, bir neçə ildə əldə etmək mümkün deyildir. Bütün xeyir və həsənələr ancaq Allah Təalanın təvəccöhü ilə dəyər qazanır; məhz belə bir ilahi təvəccöhə ən böyük vəsilələrdəndir, bayram, bir ömrə dad verəcək qədər əngin ilahi lütflərə məzhər olma zamanıdır.
Bayram qulluq vəzifəsini əda etmə və Cənabi-Haqqın qüfranına (əfvinə, məğfirətinə) qovuşma ümidi ilə gələn könül inşirahıdır. Biz Ramazanın və oruclu günlərin geridə qalmasının deyil, xəta və günahların ağırlığından qurtulmağın bayramını qeyd edirik. Alvar İmamının "Mövla bizi əfv edə, bayram o bayram olar / Cürmü xətalar gedə, bayram o bayram olar" misraları ümumi duyğu və düşüncəmizi çox gözəl ifadə edir. Bəli, bizim bayramımız əvvəli rəhmət, ortası məğfirət və sonu da Cəhənnəm odundan qurtuluş olan Ramazani-şərifi layiqincə dəyərləndirib atəşdən xilas olma ümidi üzərində bina etdiyimiz bir bayramdır: ilahi mərhəmətin ənginliyi və o mərhəmətdən pay alma təmənnası üzərində bina etdiyimiz bir bayram!
Bizim bayramlarımız başqa mədəniyyətlərin karnaval və şənliklərindən çox fərqlidir. Hətta Bayramlarda belə möminlərin hal və hərəkətlərində laübalilik, azğınlıq və nizamsızlıqdan əsər-əlamət olmaz. Möminlərin nizam-intizamlı hərəkətlərində, təmkinli davranışlarında, dərin baxışlarında daim Qurana vaqifliyin, Quran dinləmənin ciddiyyəti var. Onlar həmişə olduğu kimi, bayramlarda da qəlb qapılarını Allaha və Peyğəmbərə açır, hörmət, sevgi və şəfqət mehvərində insanlarla münasibət qururlar. O bərəkətli günlərin bircə anını da hədər etməməyə çalışırlar.
Bildiyim qədər, Peyğəmbərimizin (s.ə.s.) dövründə bayram günlərində tətilə çıxmırdılar. İnsanlar yenə də gündəlik işlərini görürdülər. Xütbəli bayram namazının qılındığı günü, yəni Bayramı digər günlərə nisbətən daha fərqli keçirirdilər, sonra bir-birinə təbəssüm edir, fəqir-füqəranın üzünü güldürür və dost-tanışı süfrəyə dəvət edirdilər. İndiki bayramlar bir az da bizim öz adət-ənənələrimizin rənginə boyanıb. İndi bu mübarək gün istirahət günü elan edilir. Qəbir ziyarətlərinə daha çox əhəmiyyət verilir. Qohum-əqrəba ziyarətləri, hal-əhval tutmalar bayrama bambaşqa dərinlik verir. Ana, ata və övladların münasibətləri daha da möhkəmlənir. Yetim və qocalar evlərində qonaq gözləyən və arayıb-axtaranı olmayan insanlara baş çəkirlər, onları sevindirirlər. Bununla geniş mənada silei-rəhm edirlər... Cənabi-Allahın əfv və məğfirətini qazanma ümidi əsas olmaqla yanaşı, əslində dinlə zidd olmayan, bəlkə də, kökü dindən gəlsə də, zahirən adət-ənənələrimizdən qaynaqlanan şeylər də bayrama fərqli mənalar qatır.
Sözün cövhəri
Müsəlmanlıq nə liberalizm, nə kapitalizm, nə də materializm-kommunizmin və s. irəli sürdüyü bir sistemdir. O, bambaşqa bir dinamizm və güc mənbəyinin ünvanıdır. O, insanı maddi, mənəvi, cismani və ruhani bütün dəyərləri ilə inkişaf etdirir, inkişaf etdirib dəyərlər fövqü dəyərlərə yüksəldir. Başqa sözlə, qəlbi qədər ağlı, ağlı qədər cismi və cismi qədər də ruhu işlətmə sistemidir.
Həftənin duası
Bir sözü başqa bir sözünə mane olmadan kainatın bütün varlıqları ilə eyni anda ayrı-ayrı danışan, heç bir dua başqa bir duaya mane olmadan və heç birini başqası ilə qarışdırmadan hər bir duaya eyni anda cavab verən və israrla diləyənlərin israrından əsla usanmayan ucalardan uca Rəbbimizə kainatın zərrələri sayı qədər həmd və şükür, Peyğəmbərimizə və ailə üzvlərinə və güzidə dostlarına salət və salam olsun! Üz sürtdüyümüz qapının eşiyində ürəyimizi boşaltmaq üçün bir daha təzimlə əyilirik: Ya Rəbbim! Bizə inayət edib sevdiyin, məmnun olduğun gözəllikləri yerinə yetirməyi müvəffəq et. Amin!
- tarixində yaradılmışdır.