İslam həyata istiqamət vermişdir

İnsan bəzi həqiqətlərə qəlb vasitəsilə müttəli olur; gözün görə bilmədiyini qəlb vasitəsilə görə bilir. Bəzən də heç bir kitabın yazmadığı, izah etmədiyi məsələlərə yenə də qəlb və hisslərlə aşina olur. Lakin hər bir insan fərqli hislərə malik olduğuna və mövcud aləmin rənginə boyandığına görə doğru hökm verməyə, korların fili tərif etməsi kimi, həqiqətin yalnız bir üzünü görüb dəyərləndirə bilər. Heç vaxt fil görməyən korların filin bir yerindən tutub onu təsvir etməsi kimi, insanlar da müəyyən yanlış hökmlər verə bilərlər. İnsanda qəlb nə qədər əsas olsa da, hər bir fərdin qəlbi müşahidə ilə verdiyi hökmlər bəzən şərait və kənar təsirlərə, bəzən də insanın "səradan sürəyya"[1]ya qədər alçalma və yüksəlmə arasında - alçalıb heyvaniləşmə, yüksəlib mələkləşmə arasında mövcud olan dərəcələrin hökmünə tabe olduğuna görə yanlış ola bilər. Buna görə də İslam birbaşa insanın içindən, qəlbindən, lətifələrindən və səlim fitrətindən doğan həqiqətlərə bir istiqamət vermiş, bunları bir məcraya yönəltmiş və insanın köksündən doğan qulluq ehtiyacını namaz, oruc, zəkat şəklində sistemləşdirmişdir.

Xristianlıq Haqq din idi və Allahın göndərdiyi haqq kitab vardı əlində. Lakin zaman keçdikcə, bir mənada, müvazinət pozuldu. Bir tərəfdən "Yaradan Allahdır" deyir, bir tərəfdən də Hz. Məsihə uluhiyyət şamil etməyə başlayırlar. Həm " Allah göyün və yerin yaradanı, əzəli və əbədi Xaliqdir" deyir, həm də Hz. Məryəmi, haşa, Allahın xanımı sayır və Hz. Məsihi Allahın oğlu hesab edirlər. Bütün bunlar Tövhid anlayışında tarazlığın pozulması, təzad demək idi. Çünki varlıq ya "müstəğniyi-aləl itlaqdır"[2], ya da "möhtaci-mütləqdir"[3]. Allah "müstəğniyi-aləl itlaqdır". O, Hz. Məsih və Məryəmdən əvvəl heç nəyə möhtac olmadığı kimi, onlardan sonra da möhtac deyil. Allah möhtaci-mütləq olmadığına görə, bu məsələnin ortası da ola bilməz. Məsih və Məryəm müəyyən bir dövrdə tarix səhnəsinə gəlmiş müstəsna simalardır. "O dövrə qədər Allah (cəllə cəlaluhu) - haşa və kəlla - Xristianın şüurundakı bu mövhum ehtiyacı nə ilə ödəmişdi?" sualının cavabı isə yoxdur. Həmçinin Yəhudilik də Hz. Üzeyirə eyni mövqedən yanaşmışdır. İslamiyyətə görə bu cür düşüncə Tövhid anlayışına ziddir. Allah Allahdır, əzəli və əbədidir, heç bir şeyə möhtac deyil. Hz. Məsih və Məryəm isə Allahın quludur. Quran Xristian və Yəhudinin etiqadına və düşüncəyə bu şəkildə düzgün istiqamət vermişdir. Bəzi tarixçilərə görə Yəhudilik maddiyyatçı, Xristianlıq da spiritualist bir zehniyyətin təmsilçisidir. İslam bir tərəfdən bu materializmə şiddətli zərbə endirmiş, hər şeyi maddədə görənlərə "dayan" demişdir, digər tərəfdən də ruh da var, maddə də; hərəsi ayrı bir təcəllidir. Biri qüdrət, iradə və məşiətdən (iradə, istək), o birisi də aləmi-əmrdəndir[4] deyib əsassız fərziyyələrin qarşısını alaraq təfəkkürə bir istiqamət vermişdir.

İnsanlıq özünə gələcək!

Cənabi-Haqq qulluq ədəb-ərkanını öyrədənə qədər Rəsuli-Əkrəm də (sallallahu əleyhi və səlləm) necə qulluq edəcəyini bilmirdi. Ancaq yenə də çalışırdı. Hz. Aişənin rəvayət etdiyi bir hədisdə - güman ki, bunu başqalarından eşidib - Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Hira dağında bir mağaraya çəkilib uzun müddət ibadət etməsindən danışır. Bu ibadətin mahiyyətini tam olaraq bilmirik. Belə başa düşürük ki, Hz. İbrahimdən o dövrə qədər gəlib çatmış qulluq formasına uyğun ibadət edirdi. Ancaq Peyğəmbərimiz qulluq edirdi! Quran nazil olmağa başlayınca ibadəti sistemləşdirdi və ictimai həyata yeni bir istiqamət verdi.

Peyğəmbərimiz çox əfif (iffətli) idi. Bütlərlə dolu Kəbə uçanda bərpa işlərinə qoşulur, bütpərəstlərin Ficar müharibələrinə qatılır, daim Kəbə camaatının yanında olur və Hılful-Füzulda şəxsən iştirak edirdi. İslam gələndən sonra Allah harada, nə vaxt və necə müharibə etməyi öyrətdi: "Kim müharibəni Allah yolunda və Allah düşüncəsi ilə edirsə o, Allah yolundadır, qeyrisi Allah yolunda deyildir. Allahın uca və ali adını bütün dünyada dalğalandırmaq uğrunda aparılan müharibə Allah yolundadır". İslam həmçinin döyüş sisteminə də belə bir istiqamət verirdi.

İslam bütün həyata istiqamət verdi! Əslində, bəşərin bünyəsində, qəlbində, ruhunda və beynində gizli olan həqiqətlər İslam sayəsində nəşvü-nümaya imkan tapdı, bəşərin əngin potensialı inkişaf etdi. Mədəni xalqlara mədəniyyət müəllimliyini öyrədən İslam sayəsində insanda var olan güc, cəsarət, şücaət.. kimi xüsusiyyətlər haqpərəstlik yolunda istifadə keyfiyyətini qazandı.

İslam tarixi və İslam mədəniyyəti tarixi üzrə araşdırmalar aparan obyektiv şərqşünaslardan biri belə deyir: "Bəşər Hz. Adəmdən Hz. Məhəmməd dövrünə qədər potensial tərəqqinin ancaq iyirmi beş faizini gerçəkləşdirmişdir. Hz. Məhəmmədin gətirdiyi əsaslarla düşüncə və həyata verdiyi istiqamət sayəsində iyirmi beş faiz də tərəqqi etmiş və tərəqqi əlli faizə çatmışdır. O gündən (Hz. Məhəmməddən) bu günə qədər həmin prinsiplərdən istifadə edə-edə ancaq yüzdə iyirmi beş faizlik bir məsafə qət edə bilmişik. Və bəşəriyyətin ən son tərəqqi nöqtəsinə - ümid edirik ki - bundan sonra çatacağıq".

Bəli, İslamiyyətin gəlişi ilə fikir əsl istiqamətini əldə etmişdir. Bugünkü elmi və fikri tıxanıqlıq, inşallah, mütəxəssislər əlində, dəmirin Hz. Davudun əlində mum kimi yumşalıb istənilən qəlibə girməsi kimi, öz qədir-qiymətinə uyğun, layiqincə açılacaq və inkişaf edəcək.

Xülasə

  • İslam həyatın hər sahəsinə istiqamət verdiyi kimi, axirətə aid mövzulara da istiqamət vermişdir. İnsanın qulluq ehtiyacını namaz, oruc, zəkat və həcc şəklində sistemləşdirmişdir.
  • Haqq din İslam digər dinlərin təhrif etdiyi mövzuların həqiqətini açıqlamaqla insanların dini həyatına istiqamət vermişdir.
  • Əslində, İslamın gəlişi ilə bəşəriyyətin şüurunda potensial şəkildə var olan həqiqətlərin inkişaf etməyənləri inkişaf etdi, inkişaf edənlər isə daha da tərəqqi edib intişar tapdı.

Nəzərdən qorunmaq üçün ölçü

Bir çox səhih hədislər nəzərin haqq olduğunu bildirir. Bu hədislərin birində Allah Rəsulu: "Nəzərdən Allaha sığının, çünki bu, haqdır (gerçəkdir)" (Buhari, Tib, 36; İbn Mace, 2/1159) buyurur. Bu gün, xüsusən də ruh və "ruhçuluq"la məşğul olanlar, cinlərlə əlaqə quranlar gözdəyməni fiziki cəhətdən də izah etməyə çalışırlar. Onların fikrincə, insan bədənindən yayılan bəzi şüalar qarşı tərəflə rezonansa keçəndə ona ciddi mənada mənfi təsir göstərə bilər. Xalq arasında nəzər haqqında məşhur ifadələr var: "Filan kənddə filan adam nəhəng bir qayaya baxsa, qaya parça-parça olar". Buna görə də nəzəri təkzib və inkara nə səbəb, nə də ehtiyac var.

Gözdəymə qazancın bərəkətinə də təsir edə bilər. Məsələn, göz dəymiş insanın işləri iflasa uğraya bilər. Nəzər gəliri haram etməz, ancaq bərəkətini azalda bilər. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) gözdəymədən qorunmaq üçün "Ayətül-Kürsi", "İxlas", "Fələq" və "Nas" surələrini oxumuş, səhabələrinə də tövsiyə etmişdir. Həmçinin məşayix (şeyxlər) və əhli-kəşf nəzərdən qorunmaq və ya göz dəyibsə, təsirini aradan qaldırmaq üçün "Qələm" surəsinin 51 və 52-ci ayələrini oxumağı tövsiyə etmişdir. Qələm surəsinin sözügedən ayələrinin mənası belədir: (Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər. Halbuki bu (Quran) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)" ("Qələm" surəsi, 68/51-52). Hətta bəzən bu ayənin arxasınca halqa şəklində əshabi-Kəhfin adı da yazılmışdır. Bu ayənin və əshabi-Kəhfin adlarının oxunması hədislərlə təsdiqlənməsə də, əhli-kəşfin verdiyi xəbərlə sabit və inkar olunmazdır. Buna binaən bəd nəzərdən qorunmaq üçün bu duaları oxumaq olar, sonra da ciddi bir təvəkküllə, inşallah, gözdəymənin qarşısı alınar.

İnsanın Allahla münasibəti daim güclü olmadığına görə xəbis ruhlar, cinlər və şərirlər onun boşluqlarına nüfuz edib təsir edə bilirlər. Bu məqamda bir qanundan bəhs etmək istəyirəm. Şübhəsiz ki, cin tayfasının insanlarla əlaqələri var. Ancaq onların zərər verməsi insanın zərərə şərait hazırlamasından asılıdır. Bu şər tayfa insanın üsyan, laübalilik və qəflət kimi hallarından istifadə edərək bu boşluqlardan sıza, hökmünü yeridə bilər. Amma onlar təslimiyyəti möhkəm, qəlbi hər an ilahi aləmlə irtibatda olan insanlara əsla təsir edə bilməzlər.

Xülasə, gəlirə də göz dəyə bilər. İnsan bundan qorunmaq üçün əvvəla halal qazanmalı, ikincisi, malının zəkatını verib Allah yolunda "sığortalanmaq"la özünü təminat altına almalı, üçüncüsü, həmin malı yaxşı yolda sərf etmə niyyətində olmalı və son olaraq da qeyd edilən duaları oxumalıdır. Məsələnin həqiqətini "Allamul-ğuyub" olan Allah bilər.

Sözün cövhəri

İman və küfr arasında dağlar, təpələr var, amma fərqinə varılmadan atılan hər bir addım insanı küfr cəhənnəminə yuvarlaya bilər. Düşüncədə başlayan inhiraf tədricən davranışlara təsir edər və kimyəvi maddələrin reaksiyadan sonra dəyişməsi kimi, insanın duyğu-düşüncə dünyasına axan şeylər də heç fərqinə varmadan onları dəyişdirə bilər. Ustad sünnət qaynaqlı bu prinsipi çox gözəl ifadə edir: "Hər günahda küfrə aparan bir yol var".

Həftənin duası

Bütün yaxşılıq və xeyirlərin mənbəyi Uca Rəbbimə həmd və minnət, Peyğəmbərlər Sərvərinə, əhli-beytinə və səhabələrinə səlatu-salam edir, həmişə döydüyümüz qapını bir daha döyürük: Ya Rəbbim! Dünyanın hər yanında iman və Quran məşəlini alovlandırmağa çalışan qadın-kişi - bütün qardaşlarımıza, yoldaşlarımıza və dostlarımıza - Peyğəmbərimizə tabe olaraq - salatu-salam və bərəkətini lütf et. Amin...


[1] Yerdən ülkərə (ulduzlara) qədər

[2] Mütləq mənada heç bir şeyə möhtac olmayıb hər şeyin ona möhtac olduğu Allah

[3] Mütləq mənada möhtac olan

[4] Yalnız ilahi əmrlə bütün işlərin dərhal gerçəkləşdiyi aləm. Yaradılışa aid qanunlar aləmi

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.