Möminlərdən əsla incimərəm
Mən fəqir günah işləyən, cürmə girən, səhv iş görən və möminlərin etibarını sarsıdan insanlar haqqında nə pis düşünür, nə də pis bir şey söyləyirəm. Yalnız belə bir duyğu və düşüncədə olmaq istəyirəm: Dünən dostlarımla eyni yolun yolçusu idik, eyni həyəcanı keçirir, eyni həyəcanla bir istiqamətə can atır, içimizdəki bu məhəbbəti hər kəsə çatdırmaq istəyirdik. Bu gün onların bəzisi büdrədi, yıxıldı, bataqlığa, çamıra düşdü. İndi mən ona balta çalsam, böyük bir mürüvvətsizlik, haqnaşinaslıq və sədaqətsizlik olmazmı? O, bataqlığa düşübsə və əlini uzadırsa, mənim vəzifəm ona əl uzatmaqdır. Hətta yeri gəlsə, qurşağa qədər palçığa girməyə və onu çıxararkən boğulmağa hazıram.
Qənaəti-acizanəmcə, möminin vəzifəsi də bu olmalıdır. Əslində, bütün mömin qardaşlarım haqqında da həmişə belə düşünmüşəm. İstər bu işıq arxasınca getsin, istər "nur"a və "çı"ya bənd olsun, istərsə bir "çu"nun ətrafında spiralvari dövrə vursun, bu mücrimin (özünü nəzərdə tutur) günahkar üzü onların ayaq basdığı torpağı sürmə kimi gözünə çəkməyə hazırdır. Mömin qardaşlarıma həmişə: "Allah hamısının dərəcəsini yüksəltsin, firdövs cənnəti ilə məsud və bəxtiyar etsin" deyə dua edirəm. Dinimə xidmət edən insanların qüsurlarını – əgər varsa – dilə gətirmərəm, əksinə o insanların xidmətlərini təqdirlə alqışlayaram.
Gəlin kiçik bir örnəklə mövzunu konkretləşdirək: Nuayman Bədirdə iştirak edən səhabələrdən biri idi, Allah və Rəsulunu çox sevirdi. Ancaq onun bir zəif cəhəti vardı. İçki qadağan olunandan sonra da bir neçə dəfə nəbiz (xurma şərabı) içib sərxoş olmuşdu. Onu Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gətirib hədd vurdular (cəza verdilər). Hədd vurularkən bəziləri ona həqarət etdilər. Bunu eşidən Allah Rəsulu qaşlarını çatdı və belə buyurdu: "Susun, ona bir şey deməyin. Çünki o, Allah və Rəsulunu sevir".
Başqa bir örnək: Xatib bin Bəltəa da Bədir səhabələrindən idi. O, Məkkə Fəthinə hazırlıq ərəfəsində "Rəsulullah Məkkəni fəth etməyə gəlir. Başınıza çarə qılın..." məzmunlu bir məktub yazıb Məkkəyə göndərmişdi. Ümumən, bu, həqiqi mömin üçün bir xəyanətdir. Allahu Təala məktub barədə Peyğəmbərimizi xəbərdar etdi. Allah Rəsulu bu işi həll etməyi Hz. Əli və Miqdad ibn Əsvədə tapşırdı, onlar da bir qadının saçları arasında gizlədilmiş məktubu tapıb gətirdilər. Allah Rəsulu Xatibi çağırıb bunun səbəbini soruşduqda Xatib bin Bəltəa belə cavab verdi: "Ya Rəsulullah! Hökm verməyə tələsmə. Mənim ailəm, uşaqlarım Məkkədədir. İstəyirdim ki, bunu bəzi adamlara xəbər verim, ailəmi himayə etsinlər".
Xatib fədakar səhabə idi. Xanımını və uşaqlarını Məkkədə qoyub gəlmişdi və onların Məkkə fəthində kafirlərin xəyanətinə tuş gəlib öldürülməsini istəmirdi. Ancaq yanlış qərar vermişdi. Bu zaman orada olan Hz. Ömər qılıncı qınından yarıya qədər çəkib: "Ya Rəsulullah! İzn ver, bu münafiqin boyunu vurum" – dedi. Allah Rəsulu belə buyurdu: "Xeyr, ya Ömər! Allah nəzəri-müəllası (ali nəzəri) ilə Bədir səhabələrinə təvəccöh buyurdu və "Bədirdə olanlar (vuruşanlar) nə edir-etsin, hamısını əfv etdim" dedi".
Allah Rəsulunun səhabələrinə baxış keyfiyyəti
Bu örnəklərdə Rəsuli-Əkrəmin Onunla eyni səfdə olan insanlara baxış keyfiyyəti dəqiq və aydındır. Eyni zamanda Allahın müamiləsi də müşahidə edilir. Bizim vəzifəmiz də Allah və Rəsulunun əxlaqı ilə "əxlaqlanmaqdır".
Xülasə, biz kim olur-olsun qruplar arasındakı fərqləri ciddi mənada cəbhələşmə (qruplaşma) fərqi sayaraq bir-birimizə hücum edirik, bu isə bizim mübtədi olmağımızdan (həqiqi mənada İslamın ruhunu qavramaqda yeni olduğumuz), rüşdə yetməməyimizdən (kamilləşmədəyimizdən) və hələ bədəvilkdə olmağımızdan qaynaqlanır. Bu mücrüm və günahkar qardaşınız bəlkə də, öz anlayışına müxalif bir məşayix (şeyx) tərəfindən heç gözləmədiyi yerdə ən böyük təhqirə məruz qalmışdı. Onun əlini öpüb iki dəfə alnıma qoymuşdum və iftar süfrəsinə dəvətini gözləyirdim. Amma Müqəddəs Ramazan ayında məni – yanlışlıqla – böyük görən yoldaşlarımın yanında haqqımda "Filan Əfəndi sizi ziyarətə gəlmiş" deyə təqdim etmiş, evlənməməyimi üzə vuraraq mənə bir günahkar kimi baxmışdı, bu da qəddimi bükmüşdü. Yenə də bilsəm ki, belə deməyəcək –Allah bilir – gedib həmin şəxsin əlini təkrar öpər, könlünü almağa çalışaram.
Bir başqası isə yaxamdan yapışıb məni silkələmişdi və zındıqlara eləmədiyini mənə rəva görmüşdü. Ancaq içimdə heç nə dəyişməmiş, yalnız "baxış, zaviyə, yanaşma fərqi var" demişdim. Hələ də mübtədilikdə olan, möminlərə münasibətdə müsamihə keyfiyyətini qavraya bilməyən bu insanlara əgər səviyyəm uyğun olsaydı, əl açıb "Ya Rəbbi! Bu insanlara irşad və hidayət et" deyə dua edərdim.
Bəli, təkrar edirəm, mən əsla möminlərdən incimərəm. Bütün qardaşlarıma da bunu tövsiyə edirəm. Əllərini, ayaqlarını öpmə bahasına da olsa, məni söysünlər, təhqir etsinlər, amma heç kim mömin qardaşlarına düşmənçilik etməsin və əsla onlarla vuruşmasın...
Bu mövzuda hökmümü təkrar edərək bu fəsli nöqtələmək istəyirəm: Başı külahlıların, çənəsi saqqallıların mübahisəyə qarışmasına da "bunlar əcnəbi güclərin təhriki ilə hərəkət edirlər" deyib hidayət diləklərimi təkrar edirəm.
Xülasə
- Mömin də bəzən səhv edə bilər. Ayağı büdrəyib yıxıla bilər. Bizim vəzifəmiz yıxılana balta çalmaq deyil,
- Allah Rəsulu onunla eyni taleyi bölüşən insanlara qarşı olduqca vəfalı idi, onların kiçik-böyük bütün xətalarını bağışlamağa üstünlük verirdi.
- Allah imanlı insanı ehtirama layiq etmişdir. Buna görə də O, möminlərin daim bir-birini bağışlamasını, xoşgörülü və mərhəmətli olmasını istəmişdir.
Allah hüzurunda yaxanı qurtarmaq üçün...
Məncə, hər bir fərd təhsildə sistemin, imkanların əlverişli olub-olmamasına baxmadan, müxtəlif sahələri dəyərləndirərək bu millətə nə lazımdırsa, ortaya qoymalıdır. Heç bir nəbi, övliya, və ya mürşid vəzifəsini yerinə yetirmək üçün şəraitin əlverişli olmasını, qanun və nizamın müəyyən imkanlar verməsini gözləməmiş, əksinə ən xırda imkanları ən səmərəli şəkildə dəyərləndirmə yollarını axtarmışdır.
Zindana salınmış bir insan təsəvvür edin. Ayağında qandal, boynunda boyunduruq, qolunda da zəncir... Bu insanı gecə saat 1-dən sonra çölə çıxarıb yarım saat gəzdirərək içəri gətirirlər. Məhz mömin bu vəziyyətdə belə "Bu yarım saatı görəsən, necə dəyərləndirə bilərəm?" duyğu və düşüncəsində olmalıdır. Əksinə "Şərait olsa, mən də filan-filan işləri görərəm " deyib bir kənara çəkilmək qətiyyən doğru deyil. Mömin Allahın bəxş etdiyi imkanları son damlasına qədər dəyərləndirərək səmimi qəlb və hüsnü-niyyətlə daim çalışıb-vuruşan bir aksiyon insanıdır.
Canla-başla çalışmağa dair bir örnək: Məsələn, bir nəfər bir yerə vaiz təyin edildi. Bu şəxs həftənin yeddi günü məscid-məscid, küçə-küçə gəzməli, lazım gəlsə, çayxanalarda söhbət məclisləri düzəldib xalqa qarışmalı, onlara haqq və həqiqəti anlatmalıdır. Həmçinin müəllim də təyinatla işlədiyi məktəbin şagirdlərinin qəlbinə öz duyğu və düşüncəsini boşaltmaq üçün fürsət axtarmalı və onları sahili-səlamətə (güvənilir, etibarlı, əmin-aman sahil) çıxarma dərdi ilə qıvrılmalıdır.
Kainatda cəbri bir qanun var. Belə ki, canlı-cansız hər şey öz növünün hakim olmasına çalışır. Məsələn, kaktus və tikanların qarşısı alınmasa, dünya kaktus və tikanla dolar. Cansızlar toxumlarını atıb üstünə qonan arının ayağına yapışaraq və ya küləyi qənimət bilərək ətrafa yayılırlar, növü artsın və hakim olsun deyə... Bu Allahın cahanşümul qanunudur. Mömin iradi olaraq bu qanuna tabe olmalı, toxumlarını hər yana saçmaq üçün sancı çəkməli, bu sancı ilə qıvrım-qıvrım qıvrılmalıdır.
Buna görə də imkanın yaxşı, şəraitin əlverişli olmasını gözləməməliyik. Qurani-Kərim mömini hər fəsildə meyvə verən ağaca bənzədir (Bax. "İbrahim" surəsi, 14/25). Qolu-qanadı qırılsa, baş ilə dünya ilə oynamalıdır. Bir ayağı kəsilsə, axsaya-axsaya vəzifəsini yerinə yetirməlidir, çünki dünyaya Allahı tanıyıb tanıtmaq üçün göndərilmişdir.
Xülasə, möminlər hazırkı imkanları dəyərləndirdimi, bu məsələləri ölçüb-biçdimi bilmirəm, bildiyim bir şey var: Vəzifəsini yerinə yetirməmiş, düşüncələrə nüfuz edə bilməmiş və qəlblərdə taxt qura bilməmiş insanlar Allahın hüzurunda yaxalarını qurtara bilməyəcək.
Sözün cövhəri
Uşaq tərbiyəsi üçün ana-atanın yetişdirilməsi şərtdir. Ata atalıq, ana da analıq vəzifəsini bilərək layiqincə yerinə yetirməlidir. Ana işləsə də, axşam evə gələndə uşağı ilə yaxından maraqlanmalı, ana şəfqətini ona doyunca verməlidir. Ana-ata şəfqətindən məhrum olan uşaqlar cəmiyyətdən təcrid olunur, hətta zaman keçdikcə bəzən cəmiyyətə düşmən kəsilirlər.
Həftənin duası
Ya Rəbbim! Dualarımızı qəbul et.. acizliyimizə, zəifliyimizə və möhtaclığımıza mərhəmətinlə müamilə et.. (aşılmaz görünən) çətinlikləri bizim üçün asanlaşdır.. xəyallarımızdakı amallara həqiqət libası geydir.. bizi dünya və axirətdə utandırma! Bunları Səndən Sənin gözəl isimlərin haqqı üçün, Peyğəmbərimiz Həzrəti Məhəmməd Mustafa hörmətinə diləyirik! Kainatın İftixarı Peyğəmbərimizə, güzidə ailəsinə və ulduzlar qədər parlaq əshabi-kirama səlat və salam olsun!
- tarixində yaradılmışdır.