Könlün daralanda açarın səbir və dua olsun
Könlün daralanda açarın səbir və dua olsun
{ArticleToC: position=here}Lüğəvi mənası ürəyin sıxılması, tutqunluq, gərginlik, mənəvi yorğunluq mənalarını verən "qabz" təsəvvüf terminalogiyasında insanın əbədi feyiz mənbəyindən – halbuki onunla möhkəm irtibatda olmalıdır − əlaqəni zəiflətməsi və mənəvi feyzlərin kəsilməsi səbəbindən, qismən də olsa, ortada qalması və ürəyin qəsvətdən qısılması deməkdir. Bunun əksinə lüğətlərdə yaymaq, açmaq, nümayiş etdirmək, ürəyin açılması kimi təsvir edilən "bast" termini isə təsəvvüfdə qəlbin genişlənib şənlənməsi və ağılın dərinləşib ən qarmaqarışıq məsələləri belə həll etməsi, dolayısilə insanın ilahi lütfləri hiss etməsi və ürəyinin sevinclə döyünməsi mənalarına gəlməkdədir.
Qabiz və Basit isimlərinin təcəlliləri
Allah-Təalanın Qabiz isminin təcəlliləri hər bir insanda mütləq öz təsirini göstərir. Bu təsir inancsız insanlarda depressiya, stress və ruh düşkünlüyü şəklində özünü büruzə verir. Belə insanların intihar etməsinə də çox vaxt bu amil səbəb olur. Möminlərdə isə hər bir qabz bir təyəqqüz{qluetip title=[1]}[1] Ayıq-sayıq, oyaq, gözüaçıq olmaq.{/qluetip} dövrü və Mövlayi-Mütəalaya qəlbən yönəlişə çağırışdır. İnsan daim Basit isminin təcəlliləri və ilahi ehsanlarla qarşılaşsa, nemətlərin qədrini bilməz, laqeydləşər və nankorlaşar. O dalbadal lütf edilən nemətlərin müvəqqəti kəsildiyini də görməlidir ki, qiymətini bilsin. Bu nöqteyi-nəzərdən bast halında məsud həyatın zövqünü duymaq üçün insanın hərdənbir qabza məruz qalması və qəlb səmasını buludların alması da zəruridir.
Bəli, Allah-Təala həm "Qabiz", həm də "Basit"dir. İnsan iradəsinin nisbi təsiri olsa da, qabz və bast Allahın qüdrət, məşiət və iradəsindən asılıdır. "Allah həm qabz edər (daraldar, azaldar), həm də bast (genişləndirər, atırar)" (“Bəqərə” surəsi, 2/245) məallı ayə də bu həqiqəti ifadə edir. Bütün varlığı idarə edən Odur, səmadakı planetlərdən insan qəlbinədək – hər şeyi istədiyi zaman haldan-hala salan Odur. Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) "Qəlb Həzrəti Rəhmanın “barmaqları” arasındadır. Onu haldan-hala salar, ona dilədiyi şəkli verər" bəyanı da bu həqiqəti xatırladır. Allah-Təala istədiyi vaxt Qabiz və Basit isimləri ilə qəlbi elə sıxar, onu elə ehtiyaclar içində qərq edər ki, Ondan qeyri heç kim onu inşiraha qovuşdura, ehtiyaclarını ödəyə bilməz.. diləsə, qəlbə elə genişlik və inşirah verər, onu elə ehsanlarla şərəfləndirər ki, heç vaxt qəmlənməz və heç nəyə ehtiyac duymaz.
Qabz və Bastın təhlükələri
Xülasə- Allah-Təalanın Qabiz isminin təcəllisi inancsız insanlarda depressiya, stress və ruh düşkünlüyü şəklində özünü göstərir. Möminlərdə isə bir təyəqqüzə qədəm qoymağa və Allaha yönəlişə çağırış kimi büruzə verir.
- Bəzi ruhi sıxıntılar və könül darlığı Allahın (c.c.) insanların səbr etməyə və nəfslə mücahidəyə alışması üçün verdiyi Rəbbani qamçıdır.
- Qabz halında olan insan ümidsizliyə düşməz və Allah-taalanın inayətinə sığınarsa, bast halında çata bilməyəcəyi zirvələrə belə yüksələ bilər.
Bəzi ruhi sıxıntılar və könül darlığı insanların səbr etməyə və nəfslə mücahidəyə alışması üçün Allahın (c.c.) verdiyi Rəbbani qamçıdır. Tənbəlləşən heyvanın qamçı ilə hərəkətə gəlməsi kimi, təmbəlləşən və ülfət (adiləşmə duyğusu) içində qıvrılan insanlar da qabzu-bastla qamçılanır və vəzifəsində gümrah, ciddi və əzmkar olmağa sövq edilir.
Əslində insan daim səbir və şükür qanadları ilə yola rəvan olmalıdır, xövf və rica tarazlığını da həmişə qoruyub saxlamalıdır. Təəssüf ki, bəzi adamlar sıxıntı zamanı rica və səbirlə hərəkət etmək əvəzinə ümidsizliyə düşür, rahat və hüzurlu vaxtlarda isə xövf və şükürlə hərəkət etmək yerinə arxayınlaşıb rahatlığa düşkünləşirlər. Halbuki xövf və rica tarazlığını qoruyub saxlamaq həyati əhəmiyyət kəsb edir. İnsan özünü mələklərlə eyni cərgədə görsə belə, qətiyyən nəfsinə güvənməməli, aqibət və axirətinə arxayın olmamalıdır. Mütləq ümidsizlik küfür olduğu kimi, mütləq arxayınlıq, rahatlıq da küfürdür. Bəli, aqibət və axirətlə əlaqədar tamamilə ümidsiz olmaq küfür xüsusiyyəti sayıldığı kimi, bir insanın əməlinə güvənməsi, aqibətindən zərrə qədər əndişələnməməsi və Cənnətə girəcəyinə əmin olması da bir küfür vəsfidir.
Beləliklə, insan cəlali təcəlli{qluetip title=[2]}[2] Calal − həddən artıq böyüklük, əzəmət, hiddət, qəzəb. Təcəlli − bir xüsusiyyətin, bir vəsfin zahir olması, görünməsi. Cəlali təcəlli − Allahın Cəlal sifətinin zahir olması.{/qluetip} olan qabz halını ümidsizlik bataqlığına yuvarlanmadan qarşılamalı, camali təcəlli{qluetip title=[3]}[3] Camal − Allahın lütf və ehsanı.{/qluetip} sayılan bast halını da aqibətə arxayınlıq yalanına aldanmamağa diqqət edərək dəyərləndirməlidir.
Basta məzhər olan insan məna aləmini müşahidə edə bilməyən və həyatını üxrəvi qayələrə həsr etməyi bacarmayan insanların düşdüyü qəflət və laqeydlikdən uzaq olmalı, şükür hisləri ilə dolub daşmalı və həmişə təmkinli olmalıdır. Qabz halına məruz qalıb könül səması müvəqqəti tutulanda insan da sədaqət və vəfa işığı ilə yoluna davam etməli, ümidsizliyə əsla təslim olmamalı və səbirdən ayrılmamalıdır.
Bəli, qəlbi his bağlayıb zülmətə qərq olmuş bir insan özünü ümidsizliyin pəncəsinə təslim etməsə və vicdanının dili ilə daim: "Buraxma məni, Allahım. Buraxma ki, Sənsiz heç nə edə bilmərəm!" deyərək Allah-Təalanın inayətinə sığınsa, o kəsif abı-havaya baxmayaraq, hətta bast halında yüksələ bilməyəcəyi zirvələri belə ötüb keçə bilər. Çünki əsl qulluq qabz vaxtı onun toruna düşmədən sədaqətlə davam etdirilən qulluqdur. O qulluqda Allah-taalanın əmrlərini yerinə yetirmə düşüncəsindən başqa bir niyyət və məqsəd yoxdur; üstəlik onda eşq yoxdur, iştiyaq yoxdur, cəzbə yoxdur, incizab yoxdur, zövqü-ruhani yoxdur; ibadət və übudiyyət sırf Uca Yaradanın əmri olduğu üçün əda edilir. Məhz ibadətü-taət nəşvəsindən məhrum qaldığı bir vaxtda qulluğunu, ibadətini davam etdrən, axsatmayan bir insan birə on, birə yüz, birə min və hətta daha çox savab qazanacaq. Bu baxımdan, mömin enişli-yoxuşlu bu yolda hansı halda – qabz və ya bast – olduğuna baxmadan mütəmadi olaraq yürüməli və ona yaraşan sədaqət və vəfanı hər zaman ortaya qoymalıdır.
Könül darlığının çarəsi
Qabzdan xilas olmağın ən birinci yolu tövbə və istiğfardır. Mömin qəflətlə mübarizə aparmalı, günahların öldürücü zərbəsindən tövbə ilə xilas olmalı, üsyan ləkələrini göz yaşlarıyla yumalı və könül gözünü bir daha vəralara çevirməlidir.
Edilən günahdan, pis əməldən dərhal sonra bir savab, bir yaxşılıq və xeyir əməlin qabz vaxtının qısalmasında böyük rolu var.
Mənəvi həyatımızda sıxıntılara və qabz halına inşirah gətirən amillərdən biri də psixoloji hal və vəziyyəti dəyişməkdir. Psixoloqlar da əhvalın düzəlməsi və çökən sıxıntının dağılması üçün hal və vəziyyəti dəyişməyi məsləhət görürlər. Hirsli insana dəstəmaz almağın məsləhət görülməsinin bir hikməti də məhz budur.
Çox ağır və boğucu bir qabz halı keçirən insan əgər həmin vaxtı insanlar arasındadırsa, dərhal bir yerə qapanıb qəlbən xəlvətə çəkilməli, bütün varlığıyla Allah-taalaya təvəccöh etməli və heç kimin eşitmədiyi bir məkanda ürəyini Rəbbinə boşaltmalıdır. Orada lahutiliyə qanad açmalı, bir az qəlbinin səsinə qulaq verməli, ruhunu sıxan kənar şeylərdən, hüzuru pozan səslərdən, hay-küydən bir az da qəlbən uzaqlaşmalı və bəzi şeyləri vicdanən görməyə, duymağa, hiss etməyə çalışmalıdır. Əksinə qabz halında təkdirsə, bu vaxt da dərhal yoldaşları ilə qaynayıb-qarışmalı, onlarla dərdini bölüşməli, ürəyini yaxın dostlarına açmalı, onların fikirlərinə də müraciət etməli, ayaq üstə dayana bilmirsə, yoldaşlarının eşq və şövqünə söykənməlidir. Qəlbi məna aləminə aşina olan insanlarla bəzi iman həqiqətlərini müzakirə etməli, nəsihətlərə qulaq verməli və Quran dinləməlidir.
Xülasə, hər bir insanda həyatın müəyyən dövrlərində az-çox bezginlik, laqeydlik, tənbəllik və bir mənada ümidsizlik olar bilər. Bu da qəlb sıxıntısı və könül darlığı ilə nəticələnə bilər. Hətta bəzən uzun çəkən qabz halları ümidsizliyə də səbəb ola bilər; hətta belə vaxtlarda insan elə hala düşər ki, nə bir işartı görər, nə bir inşirah əlaməti hiss edər. Ancaq inanan insan qabzı da, bastı da Allahın sınağı bilməli, bast halında qəflətə və laqeydliyə yol verməməli, qabza mübtəla olanda da bunu ümidsizlik səviyyəsinə çatdırmamalıdır. Əsl mömin hər şeyə rəğmən daim vəfayla, sədaqətlə "Rəhmət Qapısı"nı döyməli, ruhi-mənəvi sıxıntılarla və qəlb tutqunluğu ilə üzləşəndə də bu qapıdan əsla ayrılmamalıdır.
Haftanın Duası
Sözün Özü
- tarixində yaradılmışdır.