Nəfsin dərəcələri və nəfsi-ləvvamə

Nəfsi-əmmarə insanın boynuna yüyən keçirib onu haram olan yerlərdə gəzdirir, caiz olmayan əyri yollara sürükləyir, yersiz sözlər söylətdirir, qadağan olunan şeylərə qulaq asdırır, yasaq olana əl uzatdırır, ən azı mənfi düşüncələrə sövq edib xəyalını çirklədir. Mütəmadi çirklənən xəyal isə ruhun kirlənməsinə səbəb olur və hətta, insanı fasiqliyə aparıb çıxarır.

Mömin əkin kimidir

Nəfsi-əmmarədən bir az yüksəkdə nəfsi-ləvvamə var. Nəfsi-ləvvaməyə çatan insan ən xırda fənalıqdan belə narahat olur ki, bunun da ən aşağı həddi işlədiyi gunahlardan narahatlıqdır... harama baxar-baxmaz, əqrəb sancan insan kimi təbibin yanına qaçır, namazı nöqsanlı qılsa, “Meracım hədər oldu!” deyib nəfsini hesaba çəkir. O, əvvəlcə belə böyük məsələlərdən başlayaraq tədricən içindən keçənlərə belə aman verməməyə çalışır. Bu məqam hədisdə belə təsvir edilir: “Mömin əkinə bənzər. Əyilsə də, yenə dikəlib qalxar”. Bu məqama yüksəlmiş insan bütün ömrünü nəfsi ilə mübarizədə keçirər. Mübarizədə də, Allahin inayətilə, ümidsizlik bataqlığında batıb boğulmaz. Tez-tez özünü yeniləyir. Büdrəyib yıxılsa da, daha yüksək əhval-ruhiyyə ilə ayağa qalxar, Allah (c.c.) xövfündən tir-tir əsər və heç vaxt Onun mərhəmətindən gözünü çəkməz. Bu da ki nəfsi-ləvvamənin ən yüksək dərəcəsidir. Eyni zamanda nəfsi-raziyəyə keçidin də ilk pilləsidir.

Məncə hər mömin həyatının müəyyən dövrlərində böyük-kiçik – işlədiyi günahlara görə ciddi narahatçılıq hissi keçirir. Bu, nəfsi-ləvvaməyə aid xüsusiyyətdir, bunu hiss etməyən nəfs isə hələ də nəfsi-əmmarədədir. Əslində pis əməllərindən narahat olmayan insanın aqibətindən qorxmaq lazımdır. Allahın razı olmadığı əməlləri – istər iç dünyasında, istərsə hərəkətlərində – işləyən bir insan əgər bu əməllərindən narahat olmursa, hər an sarsıdıcı təhlükə ilə üzləşə bilər. Dolayısilə, günah işləyən mömin dərhal tövbə edib Allahın dərgahına üz tutaraq ah-fəğan etməli, ağlayıb sızlamalıdır. Üstəlik günaha kəffarə olsun deyə sədəqə paylamalıdır. Hədis kimi rəvayət edilən “Hər dəfə günah işləyəndə tövbə etmədən əvvəl sədəqə verin!” sözü də bu həqiqəti xatırladır.

Qeyd etdiyimiz kimi, nəfsi-ləvvamənin sirrinə vaqif olmayan bir insan, nəfsi-əmmarə zindanından çıxmamış sayılır və belə insan həmişə təhlükədədir. Hərçənd bəzi əhlullah, həta Hz. Yusif kimi bəzi peyğəmbərlər belə nəfsi-əmmarədən şikayət etmişdir, ancaq şübhəsiz ki, tamam fərqli bir anlayışdır. Mömin ilan-çayanlı yolla gedən insan kimi, daim diqqətli olmalı, hər zaman nəfsini qınamalıdır. Hər kəsin nəfsini qınamasının doğru olub-olmaması mübahisəli ola bilər. Bu tamamən insanın vicdanına aid subyektiv məsələdir. Ancaq insan hansı məqamda olur-olsun, heç vaxt günahlarını unutmamalıdır. İnsan sabaha yaxşı hazırlaşmaq üçün tez-tez keçmişinin səhifələrini vərəqləməlidir. Böyük insan Həsən Bəsri Həzrətləri -çox guman ki xəyalından keçənləri nəzərdə tutur- günahlarını bir-bir sayıb tökərək nəfsinə belə səslənir: “Fasiq! Yadındadı, bir gün küçədə haramı görüb gözünü çəkmədin!? Bilirdin ki, gözünə haram sataşacaq, yenə də diqqət eləmədin. Sən hələ də özünü övliya sanırsan?! Bir gün filan yerdə nəfsini cilovlaya bilərdin, amma ipini buraxdın, özün də yava at kimi dalınca düşdün!” və s.və i.

Buna görə də insan tez-tez nəfsini qınamalı, özünü düzəltməli, əməllərini gözdən keçirməli və gələcəyini keçmiş həyatı da nəzərə alaraq qurmalıdır. Üstəlik insan verilən nemətləri görməli, görüb Alvarlı İmamı kimi “Deyildir bu mənə layiq bu bəndə, Mənə bu lütf ilə ehsan nədəndir?” deməlidir.

Bəli, gərək insan nəfsini qınasın, ancaq bunları da heç vaxt unutmasın:

1. Özünü qınama elə səviyyədə olmalıdır ki, insanı Allahın mərhəmətindən ümidini üzməsinə, ümidsizliyə düşməsinə, ruhi-mənəvi tarzlığın pozulmasına gətirib çıxarmasın.

2. İnsan əl açıb dua edəndə mümkün qədər özünü mühakimə etməməli, yalnız Onun mərhəmətinə üz tutub istəklərini dilə gətirməlidir.

3. Bu karvanda gedən insan digər yolçulara hüsnü-zənn bəsləməli və “Rəbbim! Bu qədər insan fasiq, facir ola bilməz. Nəfsim haqda belə düşünsəm də, onları qınaya, hərəkətlərini mənfiyə yoza bilmərəm” deməlidir.

Xülasə, nəfsi qınama, tənqid etmə və pis olduğunu öz-özünə təlqin etmə məsələsində bu cür müəyyən prinsiplərə riayət edilməlidir.

Hər şeyin düzünü Allah bilir.

Xülasə

  • Nəfsi-ləvvamə ilk öncə böyük məsələlərdən başlayaraq tədricən içindən keçənlərə belə aman verməməyə, özünü qınamağa başlar.
  • Ləvvamə nəfsini elə qınamalıdır ki, Allahın mərhəmədindən ümidi kəsilməsin, ümidsizliyə düşməsin ruhi-mənəvi tarzlığı pozulmasın.
  • Bu məqamda olan insanın həyatı ömür boyu nəfsi ilə mübarizədə keçər. Mübarizədə də, Allahin inayətilə, ümidsizlik bataqlığına düşüb boğulmaz.

Əzbərləmə qabiliyyətini necə gücləndirmək olar?

Əvvəla bunu qeyd edim ki, Allah güclü hafizə, əzbərləmə istedadı və qabiliyyətini verməmişsə, əlimizdən bir şey gəlməz.

Ona görə də Rəbbimizin, verdiyinə razı olmalı və Ona həmd-səna etməliyik.

İkincisi, Allah güclü hafizə, əzbərləmə qabiliyyəti vermişdir, ancaq hafizəni zəyiflədən, bulandıran, gücünü əlindən alan və əzbərləməyə mane olan günahlar da var... Bu günhalardan biri, xüsusən də, dövrümüzdə çox geniş yayılan və nisyan (unutqanlıq) xəstəliyinə səbəb olan harama baxmaqdır. Harama baxmaq insanda ciddi və köklü unutqanlığa səbəb olur.

Mötəbər hədis kitablarında olmasa da, Şazəli, Muhyiddin Ərəbi kimi şəxslərin hafizəni gücləndirib unutqanlığı azaldan bəzi təsirli duaları var. Onların xələfləri bu duaları toplayıb gələcək nəsillərə ötürmüşlər.

Bir hədisdə hafizəsindən şikayət edənlərə dörd rükət namaz qılıb dalınca da bir dua oxumaq tövsiyə edilir. Bir gün Hz. Əli Allah Rəsulunun hüzuruna gəlib Quranı yadda saxlaya bilmədiyindən gileylənir. Rəsuli-Əkrəm ona cümə gecəsi birinci rükətdə “Fatihə”dən sonra “Yasin” surəsi, ikincidə “Fatihə”dən sonra “Duhan” surəsi, üçüncü rükətdə “Fatihə”dən sonra “Səcdə” surəsi, axırıncı rükətdə də “Fatihə”dən sonra “Mülk” surəsi oxunmaqla qılınan dörd rükətlik bir namaz öyrədir. Namazdan sonra da dua kitablarında olan “hifz duası”nı oxumağı tövsiyə edir.

Hz. Əli beş və ya yeddi gecə bu namazı qılıb dalınca da duanı oxuyur və Allah Rəsulunun hüzuruna çıxıb: “Ya Rəsulullah! Əvvəllər mən heç dörd-beş ayə də əzbərləyə bilmirdim. İndi isə qırx ayəyə qədər əzbərləyə bilirəm. Ayələri oxuyanda, elə bil, Allahın kəlamı gəlib durur gözümün qabağında. Əvvəllər hədis eşidəndə tam əzbərləyə bilmirdim. Ancaq indi heç bir hərfini də unutmuram” (Tirmizi, Dəavat, 114). Hədisçilər bu hədisi tənqid etsələr də, böyük şəxslər ona etimad edirlər.

Hafizə harama baxmaqdan zəifləmişsə, ictimai şərait buna səbəb olursa, mümkün qədər, məcbur qalmadan, ictimaiyyətə qarışmamaq, çöldə-bayırda gəzməmək, bizi maraqlandırmayan insanlarla münasibəti azaltmaq lazımdır.

Vəzifəmizi və məsuliyyətimizi yerinə yetirərkən haramlarla üz-üzə gəlmək qaçınmaz olsa da, mümkün qədər uzaq olmaq lazımdır. Çünki əhlullah harama baxmağın unutqanlığa səbəb olduğunu vurğulayır. Ustad Həzrətləri də müasir dövrdəki açıq-saçıqlığın nisyan xəstəliyinə səbəb olduğunu buyurur.

Həftənin duası

Ya Rəbbim! Səndən cənnət diləyirik. Bizə oraya yaxınlaşdıran qövli və feili əməllər nəsib et. Cənnəti istədiyimiz kimi, rizanı da istəyirik, bizə mərhəmət et, bizi Sənin xoşnudluğuna nail olan bəxtiyarlardan et! Bizə imanın həqiqətini elə çatdır ki, yalnız Sənin məhabətini hiss edək və xəşyətimiz də yalnız Səndən olsun! Dualarımızı qəbul et və arzularımızı gerçəkləşdir... ehtiyacılarımızı qarşıla və bizi tərk edib xüsrana atma!

Sözün cövhəri

Qərb mədəniyyəti ömrünü tamamlamışdır. Bəli, Qərb hazırda öz beyni ilə hərəkət etmir. Əksinə, mövcud texnologiyanın yeni texnologiyanı istehsal etməsi ilə varlığını davam etdirir. İstehsalat kompyuterlərin ümidinə qalmışdır və kiçik müdaxilələrlə hazırkı çarxı hərəkətə gətirirlər. Bundan sonra Qərb anlayışının insanlığa verəsi bir şeyi yoxdur. Çox guman ki, bu mərhələdən sonra cilovu bakir dimağlı insanlar ələ keçirəcəklər. Məhz buna görə mən millətimizi bu işə namizəd kimi görürəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.