Niyə bu qədər çox hədis var?

Bəzi şərqşünaslar və ardıcılları hədislərin sayca çox olduğunu, xüsusən bəzi səhabələrin çox hədis rəvayət etdiyini irəli sürürlər. Bununla səhih hədislərə, həmçinin sünnəyə şübhə salmağa çalışır, Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) bağlı bu qədər hədisin meydana gəlməsini qeyri-mümkün hesab edirlər.

Bu kimi iddiaların əsassız olması açıq-aşkardır. Əvvəla, hədis İslam dinində və müsəlmanların həyatında böyük çəkiyə malikdir. Əshab həzrətləri (əleyhimurrahmətu vər-rıdvan) bunu dərk edirdilər. Rəsulullahın söz və davranışlarını qavrayaraq həyata keçirməyi dünya-üqba səadətinin açarı hesab edən “səhabə” adlı qüdsilər toplumu Onun mübarək dilindən düşən hər inciyə talib idilər. Buna görə də Onun mübarək söz, feil və təqrirlərini diqqətlə izləyir, dərk etməyə çalışır, müzakirə edir və yaddaşlarına həkk etdikdən sonra həyatlarının düsturuna çevirirdilər.

Səhabələr iyirmi üç illik Rəhbər Peyğəmbərin (sallallahu əleyhi və səlləm) hər hərəkətini yaxından izləyir, Onu həyatın hər mərhələ, hər səhifə, hər dövründə olduğu kimi təqlid edirdilər. O da həm onlara, həm də qiyamətə qədər bütün möminlərə dünya-üqba üçün lazım olan hər şeyi bir-bir izah edirdi. Əbu Zeyd Amr b. Axtabın ifadəsi ilə:

"Bəzən səhər namazını qıldırıb minbərə çıxır, günortaya qədər danışırdı. Günorta əzanı oxununca minbərdən enib günorta namazını qıldırır, təkrar minbərə çıxıb ilkindi namazına qədər danışırdı. İlkindi əzanı oxununca enib ilkindi namazını qıldırır, arxasınca təkrar minbərə çıxıb axşama qədər danışırdı. O, bununla kainatın yaradılmasından qiyamətə, həşrə, ondan da Cənnət və Cəhənnəm qapılarının açılma anına qədər hər şeyi şərh edir, gözlər önünə sərirdi" (Müslim, fiten 25; Ahmet b. Hanbel, el-Müsned, 5/341; Taberani, əl-Mu'cemu'l-Kebir, 17/28)

Və bir mənada 23 il Onunla birlikdə ömür sürən səhabə bütün bunları mənimsəyir, Onun ifadəsi ilə bunlardan: "dişləri ilə yapışırdı. Səhabənin önünə keçib namaz qıldırır, sonra da: "Mən necə qılıramsa, siz də elə qılın" (Buhari, ezan 18; Ahmed b. Hanbel, el-Müsned, 5/53) buyururdu. Əshabənin gözü qarşısında həcc edir və: "Mənasiki məndən götürün" buyururdu (Nesai, menasik 220; Ahmed b. Hanbel, el-Müsned, 3/318).

Xatirəsi belə ipək qumaş içində saxlanılırsa...

Elə isə səhabə, əlbəttə, Onun hər addımını, hər sözünü izləyib mənimsəyəcək, hifz edib həyata keçirəcək və gələcək nəsillərə ötürəcəkdi. Çünki onlar Allah Rəsuluna çox bağlı idilər. Onun hər söz və davranışının Cənnət qapısı olduğuna inanır (biz də ürəkdən belə olduğuna inanırıq), Onu səmimi qəlbdən sevir və nəinki hədisini saçının, saqqalının mübarək bir telini belə qoruyub saxlamada bir-birləri ilə yarışırdılar. Ondan gələn hər şeyə dəyərli bir xatirə və sonsuz aləmdən verilən əmanət kimi baxırdılar.

Mən şəxsən gözümdə böyütdüyüm bəzi şəxslərin mənimlə bağlı iltifatlı sözlərini, rəğbət və təşviq dolu ifadələrini heç unutmamış, məni dəyirman daşı kimi dəfələrlə əzib üyüdən hadisələrə baxmayaraq heç vaxt yaddan çıxarmamışam. Ehtimal ki, hər müsəlman belədir.

Hər mömin böyük hesab etdiyi şəxslərin (bu şəxslər Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) əlinə su tökə bilər) ona dediyi sözləri unutmur, üstəlik bəzi xatirələri müqəddəs bir əmanət kimi ipək qumaş içində saxlayırsa, səhabə kimi təmiz və mərd insanlar onları vəhşətdən mədəniyyətə, cəhalətdən bəşəriyyətə müəllimlik məqamına yüksəldən Allah Rəsulunun ləli-gövhər sözlərini, davranışlarını unudarmı heç?! Mümkün deyil, unutmadılar da...

Siz Ramazan aylarında lihyeyi-səadəti (Peyğəmbərimizin mübarək saqqalı) görmək üçün məscidlərə can atır, hətta bir-birinizlə yarışırsınız. Allah Rəsulunu (s.ə.s.) bu qədər yaxından tanıyan səhabələrin Ondan qalma xatirələrə hörmətsizlik edəcəyinə heç inanarsınızmı?

Hz. Ənəs Ondan qalan məstləri sinəsinə sıxır, “kimsə əlindən alar” deyə ürəyi ağzına gəlirdi. Şamda möminlərin əmri Müaviyə kimdəsə Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) aid bir cübbə olduğunu eşidən kimi cübbəyə adam ağırlığında qızıl təklif edir, təbii deyilmi? Onun mehtərəsini (dəridən hazırlanmış çiyinə asılan su qabı) belə illərlə qoruyub saxladılar. Oxu, yayı və digər bəzi xatirələri bu gün hələ də Topqapı Sarayında nəşə və sevinc saçır. Sultan Səlim gətirib Topqapı Sarayına yerləşdirdiyi bu müqəddəs əmanətlərin başında fasiləsiz gecə-gündüz Quran oxutdurdu və bu gözəl adət bu gün də davam etdirilir. Yeddi deyil, bəlkə də, yetmiş dövlətə hökm edən və üç qitədə hökmran olan Osmanlı Dövlətinin sultanı Sultan Əhməd Onun mübarək ayağının izi qalan qəlibi başına tac etmək istəyir və belə deyir: "Nola tacım kimi başımda gəzdirsəm qədəmi-pakını".

Ondan neçə əsr sonra yaşayanlar Onun mübarək xatirələrinə belə ehtiram göstərirsə, Onu görən səhabə hörmətsizlik edərdimi? Əsla! Qaldı ki, möminin həyatında heç bir xatirə sünnənin bir məsələsinə də bərabər ola bilməz. Onun xatirələri belə qorunub saxlanılırsa, əlbəttə, hədisləri, sünnəsi daha möhkəm qorunmalı idi və qorundu da.

Həzrəti Ömərin həssaslığı

Əhməd İbn Hənbəl nəql edir: “Hz. Ömər (radiyallahu anh) cümə namazına gedərkən Hz. Abbasın evinin divarının dibindən keçirdi. Bu vaxt damdakı navalçadan Hz. Ömərin cübbəsinə iki damla qan damcıladı. Əmirəlmöminin ürəyi sıxıldı və: "Kim damın üstündə heyvan kəsir? Qanı üstümü kirlətdi!" deyə navalçanı yerə saldı. Sonra da cübbəsini dəyişdirib məscidə gəldi. Xütbə oxudu, arxasınca da həmişəki kimi, gördüyü xoşagəlməzliklər barədə xəbərdarlıq etdi: "Camaat, yanlış işlər görürsünüz. Gələndə filan divarın dibindən keçirdim. Bir navalçadan üstümə qan damcıladı. Mən də navalçanı yerə saldım," – dedi. Bunları eşidən Hz. Abbas sarsılır, həyəcanla yerindən sıçrayıb: "Ya Ömər, sən neylədin? Mən bu gözlərimlə gördüm; o navalçanı ora şəxsən Rəsuli-Əkrəm öz əlləri ilə qoymuşdu," – dedi və susdu.

Bu sözlər Ömər üçün kifayət idi.. dəvənin boynunu qatlayıb altına alan böyük Ömər minbərə çökdü və Hz. Abbasa (radiyallahu anh) and verdi:

"Vallah, mən başımı o divarın dibinə qoyacağam. Sən də ayağınla başıma basıb əlinlə o navalçanı yerinə qoyacaqsan. Qoyana qədər də başımı yerdən qaldırmayacağam!"

... Və getdilər. Böyük xəlifə dünyaya tac olan başını Hz. Abbasın ayaqlarının altına qoydu; Hz. Abbas iki şey arasında qalmışdı: bir tərəfdə Allah Rəsulunun qoyduğu navalça, digər tərəfdə də ən yaxın dostu, Möminlərin Əmiri – Xəlifəyi-Ruyi-Zəmin, ilhama məzhər övliya. Hz. Abbas xəlifənin başına basıb navalçanı yerinə qoydu (Ahmed b. Hanbel, el-Müsned, 1/210; İbnü'l-Cevzi, Sıfatü's-safve, 1/285).

Bəli, Onun ən kiçik xatirəsinə bu qədər həssas, bu qədər etina ilə yanaşan bir nəslin Onun (sallallahu əleyhi və səlləm) hədislərinə laqeyd yanaşması mümkündürmü. Çünki hədis din deməkdir, həyat deməkdir, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) həqiqəti, sufilərin ifadəsi ilə, "Həqiqəti Əhmədiyə" "dünya-üqba arasında səadət körpümüz" deməkdir. Bu mövzunu, inşaallah, gələn həftə davam etdirdəcəyik.

Xülasə

  • Rəsulullahın söz və davranışlarını qavrayaraq həyata keçirməyi dünya-üqba səadətinin açarı hesab edən “səhabə” adlı qüdsilər toplumu Onun mübarək dilindən düşən hər inciyə talib idilər.
  • Səhabə Peyğəmbərimizin hər söz və davranışının Cənnət qapısı olduğuna inanır (biz də ürəkdən belə olduğuna inanırıq), Onu səmimi qəlbdən sevir və nəinki hədisini saçının, saqqalının mübarək bir telini belə qoruyub saxlamada bir-birləri ilə yarışırdılar.
  • Möminin həyatında heç bir xatirə sünnənin bir məsələsinə də bərabər ola bilməz. Onun xatirələri belə qorunub saxlanılırsa, əlbəttə, hədisləri, sünnəsi daha möhkəm qorunmalı idi və qorundu da.

Həftənin duası

Bizi hifz elə, ey yeganə Qoruyanımız! Bizi din və dünya işlərində insi-cinni şeytanların, daim pisliyi əmr edən nəfsi-əmmarənin zərərindən, inanan qullarına kin və nifrət bəsləyən düşmənlərin təcavüzlərindən qoru!
Onların hiylələrindən bizi və bütün qəlbi ilə dininə bağlanmış bütün inananları himayə et.

Sözün cövhəri

İnsan mərifət nöqteyi-nəzərindən özünü Cənabi-Haqqa çox yaxın hiss edirsə, onun hər hərəkəti "həram dairəsi"nə uyğun olmalıdır. Artıq o küçədə deyil, giriş qapısında deyil, dəhlizdə, ya da gözləmə otağında da deyil, "həram dairəsi"nə girmiş, çadırını sultan sarayının mərkəzində qurmuşdur. Orada oturuş da, duruş da başqa olur, danışığın da, sükutun da keyfiyyəti dəyişir. Həram dairəsində hal və hərəkətlər tamamən özünəxas xüsusiyyətə malikdir. Bu, müəyyən dərəcəyə çatmış insanların Allahla xüsusi bir münasibətidir; bu münasibətə görə də xüsusi mükəlləfiyyət, buna əsasən də xüsusi fədakarlıq tələb olunur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.