O Gecə Səma Bayram Edirdi
Əgər Allah (c.c.) varlıq aləmində məkan olaraq ən müqəddəs yer kimi Kəbəni görürsə, Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) dünyaya təşrif gətirdiyi məkanın Kəbədən başqa bir yer ola bilməsi mümkün deyildi.
“Beytullah”ın binası da buna bir işarədir. Üstəlik “Allahın nəzər etdiyi yer buradır. Cənabi-Haqqın isim və sifətlərinin xəlitəsi buradadır" deyilibsə, şübhəsiz ki, Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) dünyaya şərəf gətirdiyi yer də ən mübarək “Büqa (torpaq parçası)” sayılan Kəbə olmalı idi.
Bəli, Nəbilər Sərvərinin başqa bir yerdə dünyaya gəlməsi qeyri-mümkündü. O (sallallahu əleyhi və səlləm), ancaq Kəbənin ana bətnində nəşət edə bilərdi. Anası başqa bir yerdə olsa belə, gəlib Onu Kəbədə dünyaya gətirməli idi. Çünki insanlardan bütün İlahi isim və sifətlərin hərəkət və mərkəz nöqtəsi olan Hz. Məhəmməd Mustafanı (sallallahu əleyhi və səlləm), bütün bu isim və sifətlərin cəmləşdiyi məkandan - Kəbədən başqa bir yer bəsləyə bilməzdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Kəbədən 53 yaşında ayrılmışdı. Kəbə Nəbilər Sərvərini qoynunda bəsləyən bir ana idi. Ancaq əzəmətli və məxafətli bir ana. Güman ki, onun belə olması Əfəndimizin (sallallahu əleyhi və səlləm) düçar olduğu bəla və müsibətə ruhdan düşmədən sinə gərməsi və daha bir çox qabiliyyət və istedadını inkişaf etdirməsi baxımından böyük əhəmiyyət kəsb etməsindəndir.
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Kəbəni müşahidə etmiş, onda gizli olan sirləri şəhadət aləmindəki bir bəşərə məxsus bütün qabiliyyət, istedad və zahiri-batini hislərlə dərindən duymuşdur. Halbuki, Kəbənin həqiqəti səma hüdudlarının xaricində, “Sidrətül-Müntəha”dadır. Əfəndimizin (sallallahu əleyhi və səlləm) merac səyahəti də Sidrətül-Müntəhada sona çatmışdır. Bir yöndən Nəbilər Sərvəri (sallallahu əleyhi və səlləm) Meracda səmaların ətəklərini ləl-cəvahiratla doldurmuş, onları gəlişi ilə şərəfləndirmişdi. Çünki həsrətini çəkdikləri O Dürrü-Yektanın (bənzərsiz inci) səsi-sədası gəlmiş və onlar nəhayət vüsala çatmışdılar. Digər yöndən də, Əfəndimiz (sallallahu əleyhi və səlləm) merac səyahətində müxtəlif yerlərə baş çəkmiş, hər getdiyi yerdə də “Buyur, xoş gəldin!”lə qarşılanmış və O, bu təmtəraqlı qarşılama mərasimi ilə Sidrətül-Müntəhaya qədər yüksəlmişdir. Sidrətül-Müntəha Onun üçün belə aşılmaz bir zirvədir, çünki bura fövqəlbəşər bir məkandır. Əfəndimiz (sallallahu əleyhi və səlləm) də nəticə etibarilə, digər məxluqlar kimi xəlq olunmuş bir bəşər idi.
Bəli, Sidrətül-Müntəhaya qədər Əfəndimizi (sallallahu əleyhi və səlləm) keçdiyi yerləri şərəfləndirmişdi. Çünki o vaxta qədər belə uzun bir səyahətə çıxan, Sidrətül-Müntəhaya qədəm qoyan və bilavasitə Mütəkkəllimi-Əzəlidən (Allah (c.c.) kəlam əxz etmə dərəcəsinə heç kim yüksələ bilməmişdi. Bu məsələni bir təşbehlə ifadə etsək, Əfəndimiz (sallallahu əleyhi və səlləm) Ona analıq edən Kəbədən ayrılarkən kədərlə ayrılmış, lakin Kəbəyə “Sən başqa, mən başqa” deyərək araya bir məsafə qoymuşdur. Əfəndimiz (sallallahu əleyhi və səlləm) Mədinədəki o dəbdəbəli qarşılanma mərasimi ilə Kəbədən hüzünlü ayrılığa bir təsəlli tapmışdır. Mədinə İnsanlığın İftixarına öz qoynunu açmış, O da Kəbə kimi, Mədinəyə də dua etmiş və Mədinə də üns ab-havası ilə dolmuşdur.
Əfəndimiz getdiyi yerləri şərəfləndirmişdirÜstəlik Əfəndimiz (sallallahu əleyhi və səlləm) peyğəmbərliyini səma sakinlərinə göstərmək üçün göyləri qarış-qarış gəzmiş, başda digər peyğəmbərlər olmaqla bütün göy sakinləri mədinəlilərin hicrət zamanı Allah Rəsulunu “Üstümüzə ay doğuldu...” nəğmələri ilə qarşıladığı kimi, Onu böyük coşğu ilə qarşılamışdılar. Əfəndimiz bir çox qapıdan keçmiş, Onu qarşılayanları, hətta Onu müşayiət edən Cəbrayılı belə müəyyən bir məqamdan sonra geridə qoymuş və pərdələrin, maneələrin qalxdığı bir nöqtədə Kəbənin Sidrətül-Müntəhadaki həqiqəti ilə üz-üzə gəlmişdir.
Allah Rəsulu meracdan bəhs edərkən: “Elə bir nöqtəyə çatdım ki, taleyin qələmlərinin xışırtılarını duydum” buyurur. Həmçinin, Əfəndimiz Sidrətül-Müntəhada Cənabi-Haqqın camalını kəmiyyətsiz, keyfiyyətsiz, maneəsiz və pərdəsiz müşahidə etmişdir. Üstəlik O (sallallahu əleyhi və səlləm) ənbiyayi-izamı (böyük peyğəmbərlər) da olduğu kimi görmüş, onlarla fövqəlzaman görüşüb söhbət etmişdir. İnsanlığın İftixarı səyahət əsnasında Kəbənin həqiqəti ilə də görüşmüş və beləcə Onu bəsləyən ananı tanımış, onun əlindən öpmüş və onunla bərabərləşmiş və ya onu aşmışdır. Bu, həm Onun (sallallahu əleyhi və səlləm) anasına qovuşması, həm tərbiyə və ədəbini nümayiş etdirmə imkanı, həm də səma sakinlərinə bu böyük vüsalı göstərmə mərasimi idi. Bu mərasimdə, bəlkə də, bizim bilmədiyimiz aləmlərdə minlərlə, yüz minlərlə ulduz sağa-sola saçılmışdır. Çünki yer kürəsi yaranandan bəri ulduzlar belə bir mərasimə şahid olmamışdı. Belə ki, o gecə ulduzlar sanki incilər kimi o Dürrü-Yektanın ayaqlarına sərilmişdi. Bəli, məsələyə Onun ruhunun genişliyi nöqteyi-nəzərindən baxınca, bunu başqa cür ifadə etmək də mümkün deyil.
Allah (c.c.) Nəbilər Sərvərini müxtəlif ayə və bəyanları ilə yerdəkilərə tanıdaraq Onun kim olduğunu təqdim etdikdən sonra, merac möcüzəsi ilə də səma sakinlərinə Onu tanıdıb təqdim etmişdir.
- tarixində yaradılmışdır.