Bir dəfə deyil, on dəfə xidmət etdin

Şübhəsiz ki, səyahətin dinimizin təbliğində çox böyük rolu var. Səyahətin irşad və təbliğdə oynadığı rolu anlamaq üçün Əfəndilər Əfəndisinin (sallallahu əleyhi və səlləm) bu nurəfşan (nur saçan) kəlamını xatırlaya bilərik: O buyurur ki: "Ümmətimin səyahəti Allah üçün cihaddır" (Əbu Davud, Cihad 6).

Cihadın müxtəlif mənaları var. Bunlardan biri maddi cihaddır ki, bu da vətən və millət düşmənləri ilə çarpışma, əlbəyaxa olma deməkdir. Bu, cihadın bir cəhətidir. Cihadın digər bir cəhəti isə “ileyi-kəlimətullah”dır. Yəni Allah şanını könüllərə nəqş edib, adını hər yana yaymaq üçün cəhd və səy göstərməkdir. Bu mənada cihad daim cari və daim müqəddəs bir vəzifədir. Üstəlik bu elə bir vəzifədir ki, biz, dualarımızda daim bu məfkurəni, bu müqəddəs xəyalı diləyir və: "Allahım! İslam dinini dünyanın hər yanına yay və bizi bu yolda xidmət etdir" deyə dua edirik.

Əfəndimizin (sallallahu əleyhi və səlləm) kəlamında da cihad ən önəmli əməldir və ondan daha əhəmiyyətli bir şey yoxdur. Əbu Hüreyrə Həzrətlərinin rəvayət etdiyi hədis bu baxımdan maraqlıdır: "Bir gün Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) belə bir sual verdilər: “Ey Allahın Rəsulu! Allah üçün cihad hansı əməllə bərabərdir?”. Buyurdu ki: “(Başqa əməllə) ona gücünüz çatmaz”. Bu sualı ikinci, hətta üçüncü dəfə təkrar soruşdular: “Rəsulullah (sallallahu əleyhi və səlləm) hər dəfə eyni cavabı verdi: “(Başqa əməllə) ona gücünüz çatmaz,” dedi və sonra belə əlavə etdi:“Allah üçün mücahidə edən, o cihaddan dönənə qədər dayanmadan oruc tutan, namaz qılan və Allahın ayələrini oxuyan kimsə ilə bərabərdir” (Buxari, Cihad 2; Müslim, İmarət 110).

Niyyətin ənginliyi

Ümumi mənada cihada nəzər yetirsək, bu ümmətin səyahətinin daha çox cihadla bağlı olduğunu görərik. Elə isə həyatını irşad və təbliğə həsr etmiş “həqiqət könüllüləri” əvvəla ileyi-kəlimətullah niyyəti ilə səyahətə çıxmalı və səfərləri İslamiyyəti təbliğ məqsədi ilə etməlidir. Bu məqamda: "Əməllər niyyətə bağlıdır. Niyyət nədirsə, ələ o keçər” (Buxari, Bedül-vahy 1) həqiqətini də yada sala bilərik. İnsan bu sağlam niyyətlə yola çıxsa, əldən gəldiyi qədər cihad vəzifəsini yerinə yetirər, edə bilmədiyini də Allah (c.c.) o xalis niyyətənə mükafat olaraq etmiş kimi qəbul edər.

Qulluğun təməlində də məhz bu incə məqam gizli deyilmi? Deyək ki, biz altmış il yaşayırıq. Bu altmış ilin altmışını da ibadətlə keçirə bilmirik. Ömrümüzün çox hisssəsi yuxuda və uşaqlıq dövründə, bir hissəsi də xəstəliklərlə keçir, nəticə etibarilə biz Rəbbimizə qulluğu layiqincə edə bilmirik. Lakin Allah (c.c.) ömrümüzü tam olaraq qəbul edir. Məsələn, bir mömin gecə yatmağa hazırlanarkən: "Yatıb bir dincimi alım ki, səhər namazımı gümrah qıla bilim" mülahizəsi ilə yatağa girsə, Əfəndimizin (sallallahu əleyhi və səlləm) müjdəsinə əsasən, onun alıb-verdiyi nəfəs belə zikir yerinə keçər. Bəli, bu, niyyətlə boşluğu doldurmaqdır.

Əsas mövzumuza dönək: Əgər biz də başdan ileyi-kəlimətullah kimi sağlam bir niyyətlə yola çıxsaq və niyyətimizi axıra qədər qoruya bilsək, yol boyunca boşluqlarımız olsa da, məqsədimizi tam həyata keçirə, onu kamil mənada təmsil edə bilməsək də, elə inanır və ümid edirik ki, Allah (c.c.) mərhəməti ilə boşluqlarımızı dolduracaq.

Yeri gəlmişkən mövzunun başqa bir yönünə də diqqət çəkmək istəyirəm. Deyək ki, bir mömin İslamiyyəti bir daha dövrün şərtlərinə görə anlatmaq üçün və ya bir seminar niyyəti ilə yola çıxdı. Bu səfər cihad sayıldığına görə, yol boyu benzini, əməyi, zəhməti, yorğunluğu... hər şeyi axirətdə ona savab olaraq qaytarılar. Çünki hədislərdə də ifadə edildiyi kimi:“Allah üçün cihadda heyvanların təzəyi belə o biri dünyada savab yerinə keçər” (Buxari, Cihad 46). Belə mömin axirətdə bu sürprizlərlə qarşılana bilər: Bir, sən dünyada haqq deyib həqiqətə tərcüman oldun. İki, hal və hərəkətlərinlə, yəni təmsilinlə də bunu təbliğ etdin. Üç, o qədər çətinlik çəkərək oraya çatdın. Dörd, səyahət üçün filan qədər xərcə girdin. Beş, bu iş üçün vaxt ayırdın... Bütün bunlar axirətdə toplanmaqla insana: "Sən bir deyil, beş-on qat xidmət etdin" deyilə bilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.