Qabilin Qurbanı Onu Allahdan Uzaqlaşdırdı
Qurani-Kərim və heç bir etibarlı hədisi-şərif Həzrəti Adəmin (ə.s.) bu iki övladının adlarından bəhs etməsə də, "Kütübi-salifə"də adlarının Habil və Qabil olduğu bildirilən iki qardaş arasında bir məsələyə görə anlaşılmazlıq çıxır və Qabil qardaşı Habili qısqanclıqla, haqsız yerə öldürür. Quran bu iki qardaş arasında baş verən hadisənin detallarından bəhs etmir, çünki bu hadisə zaman və məkanla məhdud deyil. Burada əsas olan da adlar deyil, şəxsiyyət və təmsil etdikləri zehniyyətdir.
Bütün ibadətlər vəhyə görə formalaşmışdır
Təfsirlərdə və digər İslami əsərlərdə keçdiyi kimi - bu mövzudakı məlumatların çoxu İsrail nənşəlidir- Qabil əkinçi, Habil isə çoban idi. Hər ikisi də qurban kəsənə əmri alanda Qabil qoyun kəsməmiş, məhsulun yaxşı hissəsindən qurban verməyə də qıymamış və qiymətsiz sünbül dəstəsini qurban olaraq təqdim etmişdi. Habil isə bəyəndiyi bir qoyunu qurban kəsmişdi. Habilin qurbanı qəbul olunmuş, Qabilinki isə rədd edilmişdi. Deməli, hələ o dövrdə insan oğlu Allahın qoyduğu ibadət qaydalarına öz ağıl və məntiqini qarışdırmağa başlamış, qurbanı öz mahiyyətindən uzaqlaşdırıb onu Allaha yaxınlıq vəsiləsi olduğu halda, Allahdan uzaqlaşmağa vəsilə etmişdir.
Allaha yaxınlaşmaq üçün bir yol olan Qurban xüsusiyyətləri təsbit edilmiş bir heyvanı müəyyən bir vaxtda, ibadət məqsədi ilə və üsuluna uyğun şəkildə kəsmək deməkdir. Sadəcə qurban deyil, bütün ibadətlər fiqhi deyimlə, təəbbüdi sahəyə aid olar və vəhyə görə, formalaşmışdır. Bəli, ibadətlər "təəbbüdi"dir, yəni onları Allah əmr etdiyi üçün, Onun istədiyi vaxtda, Onun göstərdiyi şəkildə və Onun rizasını qazanmaq niyyəti ilə etsək, ya da sırf Allah qadağan etdiyi üçün bəzi şeylərdən çəkinsək, bax onda etdiklərimiz ibadət hökmünə keçər. Quran necə bəyan etmiş, Peyğəmbərimiz (s.ə.s.) necə göstərmişsə, eynilə qoruyub əməl etdiyimiz, onlarda dəyişikliyə, artırma və azaltmaya yol vermədiyimiz, Peyğəmbərimizin (s.ə.s.) öyrətdiyi formaya toxunmadığımız müddətdə ibadətlərimiz ibadət olaraq qalır.
İbadətlərə verilən dəyər
Bəli, ibadətlərdə əhəmiyyətli olan Cənabi-Haqqın buyurduğu kimi hərəkət etməkdir. Yəni, üsul Allah tərəfindən qoyulubsa, bu bir dəyər ifadə edir. Yoxsa bir ibadətin, şəkil olaraq, öz məntiqinizə görə daha mükəmməlini, daha ağırını və daha müşkülünü ortaya qoysanız da, onun bir dəyəri yoxdur. Əslində, ibadətlərmiz bizim almaq istədiyimiz şeylərin qarşılığı ola bilməz; qulluq adına ortaya qoyduğumuz niyyət, səy və əməllərimiz arxasına düşdüyümüz Allah rizasına, cənnət və Camalullah kimi nemətlərin əvəzi ola bilməz. Umduğumuz nəticə qarşısında, ödədiyimiz qiymət çox kiçik və yetərsizdir. Lakin umduğumuzu bizə lütf edən, Allahdır. Sahib olmaq istədiyimiz o mal-mülk, o xoşbəxtlik, o saraylar, o köşklər, o villalar..., hər nə isə, onu satın ala bilmək üçün verməyə məcbur olduğumuz məbləği yaradan, o pulu kəsən də Allahdır. Yəni, zərbxana da ona aiddir.
Məhz bənzətmədə xəta olmasın, o zərbxanada Allah növ-növ pullar kəsir. Sizin namazınız bir növ puldur, orucunuz bir növ puldur, zəkatınız bir növ puldur.. hətta rəftarlarınız, davranışlarınız, xeyirli düşüncələriniz, səmimi niyyətləriniz puldur. Allah qatında bunların hər birinin ayrı-ayrı dəyəri var. Bütün bunlar istəklərinizə nail olmaq yolunda təqdiri birbaşa Allaha aid olan bir hədiyyədir sizə. Yoxsa siz, sizə aid qiymətlərlə istədiklərinizi ala bilməzsiniz. Məsələn, Allahın böyük məbləğ vəd etdiyi beş vaxt namazla əldə edəcəyiniz axirət nemətlərini, dəstəmazından duasına qədər, o namaza görə dözdüyünüz məşəqqətin əlli min qatını çəksəniz, yenə də namazdan başqa bir şeylə əldə edə bilməzsiniz.
Bu baxımdan, ibadət və itaətiniz Allahın buyurduğu əsaslara bağlı olmalıdır ki, bir dəyər ifadə etsin. O, nəyə nə qədər dəyər veribsə, Onun təyin etdiyi çərçivədə ibadətlərinizi yerinə yetirdiyiniz zaman axirət nemətlərini və əbədi səadəti satın ala bilərsiniz. Əgər O, Sirat körpüsündən keçməyi namaza, qurbana bağlayıbsa, keçid bileti ancaq bu pulla alınar deyibsə və siz də bu keçiddən keçmək istəyirsinizsə, o pulu verməyə məcbursunuz.
- tarixində yaradılmışdır.