Qul oldum!.. Hürr oldum!..
Nəfsinin məhkumu olan, daim cismani həzz və ləzzətin arxasınca qaçanlar hürriyyəti heç bir məhdudiyyət və maneə ilə qarşılaşmadan hər bir istəyi gerçəkləşdirmək kimi anlamış və tərif etmişlər.
Bu əyri hürriyyət düşüncəsi ilə əxlaq və fəzilətin yerinə cismaniliyi qoymuşlar. İfrat sərbəstliyi həyat fəlsəfəsi kimi mənimsəyən bu talesizlər azad olduqlarını və sərbəst yaşadıqlarını iddia etsələr də, əslində fərqinə varmadan bədənin, cismani arzuların, dünyəviliyin toruna düşmüş, mövqe və mənsəbin, sərvət və şəhvətin quluna, köləsinə çevrilmişlər. Bu əsarətin nəticəsi olaraq Allahla irtibatsızlıqdan qaynaqlanan mənəvi boşluqla üzləşmiş, dolayısilə, neçə-neçə illətlərə düçar olmuş, insanları anarxiyaya meyilli kütlələrə çevrirək cəmiyyəti böhrandan-böhrana aparmışlar.
Dinimizdə “ağıla gələn hər şeyi, hər istəyi etmək” mənasında "mütləq hürriyyət" yoxdur. Müasir Qərb anlayışına görə azadlıq "başqasına zərər verməyən hər şeyi etmək" şəklində olmasına müqabil, bizim azadlıq məfhumumuz "insanın nə özünə nə də başqasına zərər verməmək şərti ilə məşru (qanuni) dairədə istədiyini etməsi" şəklindədir.
Bundan əlavə, İslamın qəlbə və ruha aid yönü etibarilə hürriyyət "insanın Allahdan qeyri heç nəyin və heç kəsin əsiri olmaması, heç nəyə baş əyməməsi"dir. Ömrünü nəfsani həzzin arxasınca sürünə-sürünə keçirən, nemətlərə şükür etmək əvəzinə daha da azğınlaşan, qazandıqca hərislik edib həddini aşan, bir tərəfdən də əlindəki imkanları itirmə qorxusu ilə tir-tir əsən bir zavallını – dünyaya hökmdar da olsa – hürr saymaq qeyri-mümkündür. Çünki bizə görə, həqiqi azadlıq ancaq dünyəvi əndişələrdən, mal-mülk dərdindən qəlbən sıyrılıb Haqqa yönəlmək sayəsində mümkün ola bilər. Buna görə də, Allah Rəsulu (əleyhi əkməlüt-təhaya) dünya malına bağlanan, daim onun dərdini çəkən insanları "dinarın, dirhəmin, məxmərin, qumaşın qulları" kimi təvsif edərək qınamışdır. Bir Haqq dostu da tələbəsinə belə nəsihət etmişdir: "Oğul, köləlik zəncirini qır at və azad ol! Nə vaxtadək qızıl və gümüşün əsiri olacaqsan?".
Bəli, arzu və istəklərə bənd olan bir qəlbin sahibi heç vaxt azad ola bilməz. Ömrünü maddi mənafe və cismani həzlər əvəzində girov qoyan və mütəmadi borc ödəmək məcburiyyətində qalan bir insanın azad olması qeyri-mümkündür.
Əksinə, dünyanın nəfsə, həva və həvəsə aid yönlərindən tamamilə üz döndərən, qəlbini dünyadan, dünyanı da qəlbindən uzaqlaşdıran insan zindanda da olsa, həqiqi azadlığa çıxmış sayılır. Yaradana yönələn, həqiqi qibləsinə üz tutan, yalnız Haqqa qulluqla arzulara, gücə, şəhvətə, şöhrətə və s. kimi köləlik növlərindən xilas olan insan həqiqi mənada hürrdür. O, boynuna heç bir kəməndin keçirilməsinə razı olmaz; ehtiras onun üfüqünə ləkə sala bilməz; həva, həvəs və şəhvət ona baş əydirə bilməz. O, Həzrəti Mövlana ədası ilə, "Qul oldum, qul oldum, qul oldum... Hər kölə azadlığa çıxanda məsud və bəxtiyar olur. Mən Sənə qul olmaqla səadət və sevinc tapdım" deyər, qulluğu ilə, bir mənada, sultanlıq taxtına çıxar.
Əsirlərin əsarəti
Əslində, azadlığı daha ümumi mənada götürmək lazımdır. Məsələn, adətləri, vərdişləri və alışqanlıqları tərgitmək, bir mənada, tamamilə müstəqil olmaq da azadlığın başqa bir səviyyəsidir. "Tərkül-adət minəl-muxliqat – Adətləri, vərdişləri tərk etmək öldürücü amillərdəndir" ifadəsində qeyd edildiyi kimi, insanın alışdığı, aludə olduğu şeylərdən uzaqlaşması çox çətindir. Mədə, yatma, rahatlıq, ailə düşkünlərinin bunları müvəqqəti də olsa, tərk etməsi, demək olar ki, qeyri-mümkündür.
Halbuki Müsəlman ən çətin şəraitdə də yaşamağa özünü alışdırmalı və belə bir şeylə üzləşərkən də dərhal geri çəkilməməlidir. Bir insanın yurdunu, yuvasını sevməsi, onu cənnət sarayına bənzətməsi təbii haldır, ancaq yuvasına aludə olması və onu “olmazsa, olmaz” sayması doğru deyildir. Çanaqqalada şəhid olanlar yurd-yuvasına, həyata və dünyaya aludə olsaydılar, bu gün biz azadlığın heç üzünü də görə bilməzdik. Dolayısilə, insan o səviyyədə azad olmalıdır ki, yeri gələndə din, iman, vətən və millət uğrunda isti yuvasını tərk etməyi, hətta ağılından silib atmağı bacarsın və bunu etməməklə daha böyük sarsıntılara məruz qalmasın.
Allahadır təvəkkülümüz, etimadımız...
Hürriyyətin digər tərəfini isə “güc haqdadır” prinsipinə əsasən hərəkət etmək, zalımların zorakılığı qarşısında geri çəkilməmək və başqalarının boyunduruğuna razı olmamaq təşkil edir.
"Baş əymərik ədaniya dünyayi-dun üçün;
Allahadır təvəkkülümüz, etimadımız"
deyən Baqi məhz belə bir azadlıq fikrini səsləndirir. Bəli, əgər Allaha təvəkkül etmisənsə, Ona güvənirsənsə, üç-beş günlük dünya üçün sən də alçaqlara baş əyməz, onların qarşısında boyun bükməzsən. Əks halda, hər güclüyə qul olar, hər zorbaya köləlik etmək məcburiyyətində qalarsan, bu gün ona, sabah buna və birisi gün də bir başqasına baş əyərsən; ondan daha güclü-qüvvəlisi çıxıb təzyiq göstərəndə də onlara itaət edərsən. Bu baxımdan, neçə-neçə insan ehtişamlı, dəbdəbəli ömür sürsə də, heç vaxt həqiqi azadlığı hiss edə bilmir, ömrünü əsarətdə keçirir. Və neçə-neçə insan məhrumiyyətlər içində yaşasa da, Allahdan başqa kimsəyə borclu olmadığına görə zərrə qədər də asılı və məhkum deyildir. Həzrəti Bədiüzzaman bu həqiqəti nə gözəl ifadə edir: "Onu tanıyan və itaət edən zindanda da olsa, bəxtiyardır. Onu unudan saraylarda da olsa, zindandadır, bədbəxtdir".
Xülasə
- Nəfsinin məhkumu olan, daim cismani həzz və ləzzətin arxasınca qaçanlar hürriyyəti heç bir məhdudiyyət və maneə ilə qarşılaşmadan hər bir istəyi gerçəkləşdirmək kimi anlamışlar.
- Bizim azadlıq anlayışımız "insanın nə özünə nə də başqasına zərər verməmək şərti ilə məşru (qanuni) dairədə istədiyini etməsi" şəklindədir.
- Allahı tanıyan və Ona itaət edən zindanda da olsa hürr sayılır. Onu unudan isə saraylarda da olsa zindandadır, bədbəxtdir, əsirdir.
Azadlıq və hər kəslə əlaqə
"Könüllülər Hərəkatı" adı ilə dilə gətirilən dialoq və təhsil (maarifçilik) fəaliyyətlərinin müstəqil olması çox əhəmiyyətlidir. Bu hərəkat haqda araşdrıma aparan sosioloq və politoloqlar da hər dəfə bu müstəqilliyi vurğulayır və "Bu hərəkat xarici gücdən dəstək almayan müstəqil sivil toplum hərəkatıdır" deyirlər.
Bəli, "bu günün qarasevdalıları" ünvanı ilə andığım təhsil könüllüləri "Bu nəcib millətin öz yarasını özü sağaltmağa gücü çatar. Ona görə də, millətə baş vuracaq, əsla başqalarından asılı olmayacaq və yadlara diyət ödəmə zillətinə düşməcəyik" deyib çıxdılar yola. Onlar əvvəla Allaha güvənərək, sonra da – zahiri səbəblər baxımından – millətimizin himmətinə arxalanaraq hürriyyətin havasını ciyərə çəkə-çəkə, azadlıq badəsindən içə-içə yürüdülər, ömür boyu yadlara əl açmadılar, kimsədən borc almadılar.
Borclu qalmadılar, çünki bu seçkin (güzidə) millətin əksəriyyəti dialoq və təhsil (maarifçilik) fəaliyyətlərinin fəlsəfəsini təsdiqləyir, doğru və uzunömürlü işlər gördüyünə inanırdılar. Bəlkə də, bəzi tələskən təbiətli insanlar təhsilə və könüllərin fəthinə yönəlmiş fəaliyyətlərdən səmərə əldə etmək üçün uzun vaxta ehtiyac olduğunu bilmədiklərinə və umduqları nəticəni dərhal görə bilmədiklərinə görə bir qədər (bu fəaliyyətləri) müşahidə edir və dinləyirdilər. Bəzən beş-on il uzaqdan seyr edir, dinləyir; “adanmış ruhlar”ın nə qədər vəfalı və səmimi olduqlarını öyrənməyə çalışır; qəlblərinin din, vətən, millət üçün döyünüb-döyünmədiyinə baxır və uzun-uzadı ölçüb-biçəndən sonra bu yolun doğru və etibarlı olması qənaətinə gəlirdilər. Allahın izni ilə, bu yolla xalqın gözünün açılacağını və ölkəmizin güclənəcəyini düşünürdülər. İnanırdılar ki, millətimizi gözləyən zülüm, xəyanət və haqsızlıq qarşısında birlikdə hayqırıb yer kürəsi “xor”unu təşkil edərək bütün dünyada Türkiyənin səsi-sədası olan müstəqil lobbilər ancaq bu yolla meydana gələcək. Ədirnədən Qarsa qədər Anadolu insanı bu hərəkatı ağıla, məntiqə uyğun görüb onun ətrafında toplanmışdı. Dolayısilə, bu iş təkcə bir insiyaqın (sövq edilmənin) deyil, eyni zamanda başlanğıcdan etibarən ehtiva etdiyi məntiqi dərinliyin nəticəsidir.
Əslində hürr və müstəqil olmaqla dialoq və hər kəsin mövqeyinə hörmət anlayışından qaynaqlanan hər kəslə münasibətdə olma zidd şeylər deyildir. Çünki yalnız Allaha qulluq şüuru ilə hərəkət edir, yalnız Onun rizasını qazanmaq üçün çalışırsınızsa, deməli, əsl qapıya üz tutub digər şeylərdən qurtulmusunuz. Bu niyyəti həyata keçirmək üçün dialoq, tolerantlıq və təhsil yolunu seçmisinizsə, tərəf müqabillərinizlə görüşərkən bəzi davranışlarınıza müəyyən hədd qoymuş ola bilərsiniz. Məsələn, onları da hesaba almaq, onların hərəkətlərini, davranışlarını və hissiyyatını da nəzərə almaq məcburiyyətində qala bilərsiniz. Ancaq bu, azadlığı məhdudlaşdırmaq mənasına gəlmir, mahiyyətcə İslamın ruhuna da zidd deyil. Çünki insanların hissiyyatını da nəzərə alaraq onları başa düşməyə çalışmasanız, özünüzü onların yerinə qoymasanız, yəni müasir ifadə ilə desək "impatiya" etməsəniz, onların ehtiyacını görə, istəklərini müəyyənləşdirə, dilini anlayıb hislərini öyrənə bilməz və əksər məsələlərdə düzgün qərarlar verə bilməzsiniz.
Dolayısilə, xoşgörü, dialoq deyəndə və hər kəslə əlaqə qurarkən dinin rüxsət verdiyi çərçivədə hərəkət etmiş, yenə Haqqa qulluğunuzu səsləndirmiş, hürriyətin başqa bir yönünü hiss etmiş, yaşamış və azadlığınızı başqalarına da hiss etdirməyə cəhd göstərmiş olursunuz.
Həftənin duası
Bizə siyanət et (qoru), ey yeganı Qoruyanımız.. bütün dünya və axirət işlərimizdə insi-cinni şeytanların, daima şəri hökm edən nəfsi-əmməranin zərərindən, inanan qullara kin və nifrət bəsləyən düşmənlərin təcavüzündən hifz et, ey daim inayəti bizimlə olan Rəbbimiz.. Peyğəmbərimizə, Onun üstün ailə üzvlərinə, hər biri bir nurəfşan ulduz olan səhabələrinə salət-salam edərək bunları Səndən diləyirik, Rəbbimiz!
Sözün cövhəri
Allahu-təalanın bu günə qədər millətimizə çox lütfü, ehsanı olmuşdur. Bu qədər manelərə baxmayaraq, Haqq Təala xalqımızın səsini çox qısa müddətdə bütün dünyaya çatdırdı. Bu bir nemətdir və bunu dilə gətirmək də bir mənada nemətə şükürdür. Neməti hər yerdə və hər fürsətdə yad etməliyik. Bu, Onun bizə bəxş etdiyi nemətləri dərk etmə, hiss etmə və vicdanən cavab vermə baxımından bir mənada Haqq Təalaya bir şükürdür.
- tarixində yaradılmışdır.