Vicdan yalan söyləməz

İqtisadçılar kitablarında ölkənin iqtisadiyyatı üçün yeni formullar, qaydalar icad edir, onu ortaya qoyurlar. Məsələn, vergi qanununa vergi ödəyicilərinin vergilərdən yayınmasına imkan verməyən, onları vergi ödəməyə məcbur edən, başqa çıxış yolu qoymayan yeni maddələr əlavə edirlər. Ardınca da şeytani bir fikirlə vergidən yayınma yolları axtarıb tapırlar. Buna binaən bir-birinin ardınca gələn həll yollarının, eyni zamanda yayınma yollarının göstərilməsi çıxılmaz "fasid dairə" əmələ gətirir. Bu "fasid dairə"də nə dövlət umduğunu tapa bilər, nə də mükəlləfdən (vergi ödəyicilərindən) istədiyi şeyi əldə edə bilər. Halbuki əvvəlcə "məşəri-vicdan (cəmiyyətin vicdanı)" islah edilməsi vacib və zərurətdir. Buna görə də İslam başda bunu əsas götürür. Millət Allaha inanmalıdır. Çünki Allaha inanmayan insan üçün qeyri-məşru hər şey adi haldır. Fərd Allaha inam sayəsində məziyyət və fəzilət abidəsinə çevrilə bilər. Beləliklə, birinci görüləcək iş pak və saf vicdanlı fərdlərin yetişdirilməsi olmalıdır.

Əsri-səadətdə baş vermiş vicdanın hər şeyin həllində ilk açar olduğunu göstərən bir hadisəni danışmaq istəyirəm: "Bir daşınmaz əmlak üstündə mübahisə düşür. Məsələni həll etmək üçün Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) bildirib Onun hakimlik etməsini istəyirlər. Peyğəmbərimiz hələ şikayət dilə gətirilməmiş: "Mən də sizin kimi bir insanam. Siz məsələnin həlli üçün yanıma gəlirsiniz. Biriniz dəlil baxımından daha güclü, ya da üslubundan daha qaneedici ola bilər. Beləcə mən eşitdiyimə əsaslanıb həmin adamın lehinə hökm verə bilərəm. Kimin lehinə onun qardaşının haqqına girərək hökm versəm (həmin şəxs bilsin ki), ona cəhənnəmdən bir alov parçası kəsirəm" buyuraraq bir həqiqəti dilə gətirir, - Buna görə də məhkəmədə hakimin əvvəlcə mühasibəni (özünü sorğu-sual çəkməyi) nəsihət etməsi sünnətdir. - Bunu eşidən hər iki səhabə haqqından vaz keçir. Ancaq Allah Rəsulu Ona ərz edilmiş məsələni həlsiz qoymur, hər iki tərəfi razı salan bir təklif edir: "Gedin, o malı aranızda bərabər şəkildə bölün. Sonra püşk atın. Kimə hansı düşsə, götürsün. Sonra da bir-birinizə haqqınızı halal edin. Allahın hüzuruna hesabını verə bilməyəcəyiniz bir şeylə getməyin".

Demək, vicdanlar pak və inancla abad olanda məsələlərin həll asanlaşır. Bəli, hər bir fərd öz iç dünyası ilə cəmiyyətdə yaşamağa layiq məziyyətlərə sahib olmuşsa, belə fərdlərdən ibarət cəmiyyətdə əmin-amanlığın və ahəngin pozulması mümkün deyildir. Beləliklə, ilk növbədə vicdan islah olunmalıdır. İnsanlar bir gün Allahın hüzurunda hesab verəcəyinə inanmalıdır ki, bilərəkdən xəta etməsinlər. Bir arpa dənəsinə görə də Allaha hesab verəcəyini nəzərə alan mömin zəkatı verməkdən boyun qaçırmaz və faiz kimi məsələlərdən uzaq olmağa çalışar. Buna binaən, bu məsələdə ilk şərt vicdanların saf, təmiz, pak olmasıdır.

Zəkat verməyə adam yox idi

Bu şərt yerinə yetirildikdən sonra, İslamın hal-hazırkı problemlərinin çarəsi faizin qadağan edilməsi və zəkatın fərz şüuru ilə yerinə yetirilməsidir. Allah Təala ayələrdə: "Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar!" ("Bəqərə" surəsi, 2/276) və "Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar" ("Bəqərə" surəsi, 2/275) buyuraraq bu əməlin dəhşətini bildirir. Qurani-Kərim bu prinsiplərlə şərin qarşısını aldıqdan sonra, "(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!" ("Bəqərə" surəsi, 2/43) - deyə onun yerinə xeyri yerləşdirir. İnsan gündə beş dəfə Allaha verdiyi əhdi-peymanı təzələdikcə, digər vəzifələr ona çətin gəlməyəcək. Qurani-Kərimin bir çox ayəsində namazın ardınca zəkatdan bəhs olunur. Və bu, ciddi şəkildə təşviq edilir. Kim nə deyir-desin, biz İslam tarixində bəşəriyyətin heç bir dövrdə görmədiyi, görə bilməyəcəyi xariqələrlə qarşılaşırıq. Məsələn, Ömər bin Əbdüləziz dövründə xalqın rifah səviyyəsinin yüksəldiyini, ən aşağı və ən yuxarı təbəqələrin ərimə və orta zümrənin meydana gəlmə səviyyəsinin kulminasiya nöqtəsinə çatdığını müşahidə edirik. O elə bir firavan dövr idi ki, insanlar zəkat vermək üçün küçə-küçə, qapı-qapı gəzsələr də, çox vaxt zəkat əllərində qalırdı. Bəli, o dövrdə bu məsələ rahatlıqla həll edilmişdi. Çünki verən hər fərd Quranın "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir" ("Bəqərə" surəsi, 2/261) ayəsinə inanaraq verirdi. Belə bir mükafata nail olmaq üçün hər fərd sevə-sevə bu comərdliyi göstərir, dövlət və millətə yardımına tələsirdi. Dolayısilə də, cəmiyyət təbəqələri arasında dərin uçurumlar əmələ gəlmirdi.

Hər kəs işçisindən razı, işçi də sahibindən məmnun idi. Hz. Ömərin azad etdiyi kölə Yərfə, İbn Ömərin azad etdiyi kölə Nafi, Hüzeyfənin azad etdiyi kölə Salam keçmiş sahibindən ayrılmırdı. Örnəklər bununla məhdudlaşmır, azad edildiyi halda, sahibindən ayrılmayan insan az deyildi. Onlara kölə və xidmətçidən daha çox övlad kimi baxırdılar və qətiyyən istismar etmirdilər. Əbu Zərin paltarının yarısı təzə, yarısı da köhnə idi. Çünki qumaşın yarısı ilə köləsinə paltar tikdirmişdi. Bu xidmətçinin belə bir sahibə üsyan etməsi, ondan narazı olması heç mümkündürmü? Allah Rəsulu insanlara yanlarında işləyənlərin onlarla qardaş olduğunu, yediyindən yedirib, geydiyindən geydirməyi əmr etmişdi. Onlara ağır iş gördürməməyi, ağır işlərdə kömək etməyi buyurmuşdu. Məhz belə bir cəmiyyətdə iğtişaş və çaxnaşma olmaz, ola da bilməz. İndiki dövrdə ortaya çıxan və çıxma ehtimalı olan problemləri aradan qaldırmaq üçün İslamın gətirdiyi əsasları nəzərə almaq vacibdir. Xülasə edəsi olsaq, əvvəla mə'şəri-vicdan düzəlməli, sonra riba (faiz) qadağan edilməli, sonra da zəkat vacib kimi həyata keçirilməli. Müasir problemlərin həllində bunlar çox əhəmiyyətlidir... Və eyni zamanda bunlar hazırkı və qiyamətə qədər bütün bəşəri problemləri bərtərəf etmə iqtidarındadır.

Xülasə

  • Vicdanlar bir-bir islah olmadan ictimai problemlərin həlli qeyri-mümkündür.
  • Peyğəmbərimiz (s.ə.s.) əvvəlcə vicdanları müəyyən bir səviyyəyə gətirmişdi. Bundan sonra ortaya çıxan problemləri həll etmək olduqca asan olmuşdu.
  • Faiz cəmiyyəti içdən gəmirən bir qurd, zəkat isə toplumu başdan-ayağa dirildən bir iksirdir. Cəmiyyəti bu qurddan qurtarmaq və bu iksirlə təkrar canlandırmaq lazımdır.

Ən böyük günah hansıdır?

Səhih hədislərdə böyük günahların (kəbair) sayı beş, yeddi, doqquz, hətta yetmiş olaraq keçir. Kəbairin bəziləri bunlardır: Allaha şirk qoşmaq, adam öldürmək, ana-ataya üsyan etmək, zina böhtanı atmaq, döyüş zamanı cəbhəni atıb qaçmaq, yalan danışmaq və zina etmək.

Burada bir hədisi-şərifə əsaslanaraq günah mövzusunda mühüm bir prinsipə diqqətinizi çəkmək istəyirəm: "Müntəzəm, israrla edilən kiçik günah kiçik qalmaz. İstiğfarla da böyük günah yerində durmaz". İnsan böyük günah işləyib ardınca Hz. Adəm kimi, "Rabbəna zaləmna ənfüsəna - Ey Rəbbimiz! Biz özümüzə zülm etdik" ("Əraf" surəsi, 7/23) deyə dua etsə, bu böyük günah əriyib gedər. Titrəyən qəlbə və ürpərən dimağa sahib olub hər günahdan sonra içində fırtınalar qopan bir insanın - inşallah - böyük günahı olmaz, ola bilməz. Dayanmadan kiçik günah işləyən, məsələn küçələrdə boş-boş gəzən və bunu əhəmiyyətsiz bilən insan bu vəziyyətdə o qədər günah işləyər ki, həqiqi mənada harama girsə, heç bu qədər günaha batmaz. Əslində ən böyük təhlükə təhlükə olduğu bilinməyən təhlükədir. Ən böyük günah insanın günah olduğunu bilmədən etdiyi və arxasınca nədamət hissi keçirmədiyi və vicdan əzabı çəkmədiyi günahdır. Ən kiçik günah isə dərhal böyük bir nədamətlə Mövlanın hüzuruna pənah gətirib ciddi peşman olunan günahdır.

Hz. Adəm "Vəla təkraba həzihiş-şəcəratə - Bu ağaca yaxınlaşmayın" ("Bəqərə" surəsi, 2/35) sərhədini aşaraq məmnu (qadağan olunmuş) meyvəyə əl uzatmışdı. Əslində bu bir zəllə (Peyğəmbərlərin işlədiyi peyğəmbərə xas xətalar) idi. Şeytan da "Üscudu - Səcdə edin" əmrinə itaət etməyərək səcdə etməmişdi. Şübhəsiz, bu da böyük bir günah idi. Şeytanın günahı küfr meyvəsini vermiş, Hz. Adəmin zəlləsi isə peyğəmbərlik payəsinə belə xələl gətirməmişdi. Çünki Hz. Adəm cürmünü etiraf edərək Rəbbil-aləminin hüzuruna üz tutmuş və səmimi qəlbdən Ona yönəlmişdir, şeytan isə "Palçıqdan yaratdığın varlığa səcdə edəcəyəm! Məndən üstün saydığın varlıq budur?" deyə təkəbbürə, qürura qapılmışdı. (Bax. "İsra" surəsi, 17/61)

Xülasə, ən böyük günah günah olduğu bilinmədən edilən günahdır, günah edərkən peşmançılıq çəkmədən edilən günahdır, nədamətlə əridə bilmədiyimiz günahdır. Ən kiçik günah isə istiğfar və tövbə alovunda əriyib yox olan günahdır.

Allah Təala günah işlətdirməsin. Əgər büdrəyib yıxılsaq, tövbəyə irşad və hidayət etsin.

Həftənin duası

Ey bütün həmdü-sənaların yeganə ünvanı Uca Rəbbim! Xəzinələrindən bizə lütf etdiyin bütün nemətlər, qəlblərimizə süslədiyin bütün zinətlər və ruhlarımıza sevdirdiyin bütün gözəlliklər üçün biz də Sənə həmd və şükranımızı ərz edirik. Bəxtinə düşdük, bizə mərhəmət et, lütfən bu qədər ikram və ehsanından sonra (bunları) geri alaraq bizi əzaba düçar etmə... xoşnudluğundan məhrum etməklə cəzalandırma!

Sözün cövhəri

İnsan Allahın bəxş etdiyi nemətlər nisbətində Onunla münasibət "qurmamışsa", dünya sultanlığının fövqündə müsəlmanlığın qədr-qiymətini bilmirsə və əlinə düşən imkanları qiymətləndirməklə riza və ridvana qovuşmağa səy göstərmirsə, o, ilahi ehsana gözlərini yummuş bir zavallıdır. Bu cür boğaza qədər nankorluğa batan bir insan üçün başqa günah axtarmaq mənasızdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.