Məqsəd və vasitə
Hər işdə və hər fəaliyyətdə əvvəla hədəf və məqsəd müəyyən edilməlidir ki, insan vasitələrə bağlı qalmasın. Millət yolunda göstərilən xidmətlərdə ruha istiqamət və hədəf göstərilməsə, düşüncələr girdaba dönərkən xidmət edənlər də buna qurban gedər.
* * *
Düşüncədə hədəf və məqsəd daim aydın olmalı və ən birinci yerdə durmalıdır. Əks halda insan, çox istiqamətə yönələr və ortada çaş-baş qalar. Nə qədər təmtəraqlı addımlar var ki, məqsəd və vasitə qarışıqlığı ucbatından səmərəsiz olmuş, heç bir xeyirli nəticəyə səbəb olmadığı kimi, özündən sonra da kin və nifrət qalmışdır.
* * *
Hər iş və hər fəaliyyət əvvəla Uca Yaradan və Onun rizasına bağlanmalıdır. Əks halda, araya növbənöv bütlərin girməsinə, batilin haqq görünməsinə, həva və həvəsin fikir surətinə bürünməsinə və qəzvə adı ilə cinayətlər törədilməsinə səbəb ola bilər...
* * *
Haqqın rizasına bağlanmış işlərin zərrəsi günəş, damlası dərya və bir anı əbədiyyət dəyərindədir. Onun rizası olmayan bir yolla dünya cənnətə dönsə də, heçdir; dəyəri yoxdur və sahibinin çiyninə günah dolu yükdür.
* * *
Vasitə və vəsilənin dəyəri onun məqsədə çatdırması və bunda nöqsansız olmasındadır. Bu baxımdan, hədəfə aparmayan, hətta o yolda maneə törədən vasitələr məlundur. Dünyanın lənətlənməsi də onun məhz bu üzünə məxsusdur. Yoxsa, min bir "Əsmayi-İlahi"nin təcəllisinə ayna və təmtəraqlı bir sərgi olan bu dünya həm sevilməyə, həm də alqışlanmağa layiqdir.
* * *
Haqq məfkurəsini dirçəltmək üçün müxtəlif yol və vasitələr var. Bu yollar haqqa sayğını və həqiqət düşüncəsini inkişaf etdirdiyi ölçüdə dəyərlidir. Bir ev ona sığınanları mərifətlə qanadlandırır, bir məbəd qübbəsi altında toplanan camaatda sonsuzluq düşüncəsini aşılayır və bir məktəb şagirdlərini ümid və inancla yüksəldə bilirsə, deməli “vasitəçilik” borcunu yerinə yetirir və buna görə də müqəddəsdir. Əksinə, “vasitəçilik” borcunu layiqincə yerinə yetirməsə, bunların hər biri insan oğlunun yolunu kəsmiş tələdir. Cəmiyyət, dərnək, siyasət, vəqflər də belədir..!
* * *
Böyük-kiçik hər müəssisə qurucusu o müəssisənin quruluş məqsədini, yaranma hikmətini tez-tez xatırlamalıdır ki, iş hədəfindən sapmasın və səmərəli olsun. Əksinə, hədəfi və quruluş məqsədi unudulmuş yurd-yuvalar, məktəblər yaradılış qayəsini unutmuş insan kimi, zərərli və ziddiyyətli yola girər və əsla da əsl məqsədinə çatmaz.
* * *
Fikrin məhdudiyyəti və haqqı yalnız öz cəbhəsində görmək bir vasitəpərəstlik və hədəfsizlikdir. Eyni inanc, eyni duyğu və düşüncəni paylaşan insanlara qarşı kin və nifrət bəsləmək, hədəf və məqsəd düşüncəsindən məhrumiyyət deyilmi? Ah, o kainatı öz naqis düşüncəsinə görə idarə etmək istəyən nəfsin kölələri olan səfillər..!
- tarixində yaradılmışdır.