Axirət İnancı
İnsan varlıq aləmində Cənabi-Haqqın isimlərinin nöqteyi-mihraqiyəsidir[1]. O hər bir İlahi ismin əzəmətli təcəllisinə məzhər olan mükəmməl varlıqdır. Güllü, çiçəkli, bağlı, bağçalı yer üzü, aylı, günəşli, kəhkəşanlı səma insan mahiyyəti ilə müqayisədə çox sönükdür. M. Akifin ifadəsi ilə aləmlər insan mahiyyətində mətvidir, yəni dürülmüşdür. Bəli, aləmlər bir föhristtək insanın mahiyyəti ilə ifadə edilir. Deməli Allah (cəllə cəlaluhu) insanın xilqətinə xüsusi əhəmiyyət vermiş, onu Hakim isminin təcəllisi ilə hikmət abidəsinə çevirmişdir. Başqa sözlə, kainatı bir kitab, insanı da onun föhristi kimi tənzimləmişdir.
Əgər belə bir mahiyyətə malik varlıq ölümdən sonra dirildilməsə, bu, ehtimamla, həssaslıqla, mükəmməl şəkildə xəlq edilən insana laqeydlik olar ki, Cənabi-Haqq belə əbəs işdən münəzzəh və mübərradır. Bəli, insan öldükdən sonra diriləcək və həqiqi dəyərini də məhz o zaman tapacaqdır.
Bu həqiqəti belə də ifadə edə bilərik: Cənabi-Haqq kainatda camalını və kamalını göstərmək üçün daim isim və sifətləri ilə təcəlli edir. Hətta kainat bu təcəllilərin təcəssümündən ibarətdir. Məhz bu təcəllilərin daha dar dairədə hər kəsin görüb anlaya biləcəyi, mələklərin rahatca sezə biləcəyi, cin tayfasının, ruhanilərin mütaliə edəcəyi kiçik kitab şəklində yazılmış forması insandır. Bəli, buna görə də insan böyük əhəmiyyətə malik varlıqdır. Qaldı ki, Cənabi-Haqq hər il bir çox şeyə "bəsu-bədəl-mövt"lə[2] yenidən həyat bəxş edir. Ən kiçik, az faydalı şeyləri yenidən dirildən, hətta ən adi bir toxuma belə yeni həyat bəxş edən Allah-Təalanın insan kimi böyük məna daşıyan, mühüm bir varlığa laqeyd yanaşsması... dünyada isim və sifətlərinin güzgüsü olan insanı o biri aləmdə də eyni mahiyyətdə isim və sifətlərinə aynadarlıq etdirməsi heç mümkündürmü? Xeyr bu, hər işində külli hikmət olan Cənabi-Haqqın icraatlarına ziddir. Hər şeyi hikmətlə yaradan və heç bir əbəs işi olmayan Allah (cəllə cəlaluhu) insanı bu qədər hikmətlərlə süslədikdən sonra heç çürüdərmi?
Rəbbimiz nöqteyi-nəzərindən öldükdən sonra dirilişin zəruruliyi haqqında (həşr risaləsinə baxmaq olar) çox şey demək olar. Bəli, kainatdakı mövcud olan digər növlər növ kimi dirildiləcək; insan isə fərd-fərd dirildiləcək və özünəxas xarakter, duyğu, lətifələri ilə üxrəviliyin bütün xüsusiyyətlərini əks etdirən İlahi qüdrətin bir möcüzəsi olaraq yenidən xəlq ediləcək.
Bu mövzunun bizə aid yönünə gəlincə; ictimai həyatın nizam-intizam və ahəngi, ailə səadəti, fərdin hər yaşda xoşbəxtliyi ölümdən sonra diriliş həqiqətinə inanmaqdan asılıdır. Bəli, belə bir əqidəsi olmayan toplumda fərd qətiyyən hüzur tapa bilməz. Qısaca, "inanmayanlar da hüzur tapa bilməz" deyə bilərik. Həmçinin bünövrədə belə əqidəyə malik olmayan cəmiyyət də... Bəli, həşr əqidəsi - yenidən diriliş, Allah hüzurunda hesab vermə, dəftəri sağ əldən alıb cənnətə girmə, Rəbbin camalını görməyə namizəd olma kimi.. xüsuslar ümid və hüzur dolu həyat üçün vacib əsaslardır. İnsan bu üxrəvi əsaslara inanırsa, həm Rəbbin xoşnud olduğu istiqamətdə yaşayacaq, həm də daim hüzurlu olacaq. Belə ki, insanın qəlbən buna inanırsa və bu istiqamətdə əməlləri varsa, o axirətdə yeni əbədi bir gənclik qazanacaq, dünyada inkişaf etdirdiyi hislər qaytarılacaq, Rəbbin yolunda göstərdiyi bütün cəhd və səyi çeşid-çeşid cənnət nemətləri şəklində önünə səriləcək. Bu, "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!" ("Nəcm" surəsi, 53/39) ayəsinin tam mənası ilə zühuru deməkdir.
Bəli, həşrə iman insanın yeganə hüzur mənbəyidir. Bunu dərk edən səhabeyi-kiram hüzurlu ömür sürmüş, ölümü də sevinclə qarşılamışdır. Məsələn, İslamiyyət uğrunda gedən böyük döyüşlərin birində bir səhabə xurma ağacına söykənib xurma yeyirdi. Birdən Peyğəmbərimizin ümid dolu səsi gəldi: "Bu gün kim savabı Allahdan umaraq ölərsə, cənnətə istədiyi qapıdan girə bilər". Bunu eşidən səhabə əlindəki xurmaları tullayıb, "Bəh, bəh! Əgər bunların (kafirlərin) əli ilə cənnətə girəcəyəmsə, cana minnət" deyir.. Bəli, ölümü belə insana sevdirən həşr inancıdır. Bu, insanın əvəzolunmaz hüzur mənbəyidir.
Gənclik və dəliqanlılıq dövründə insanın arzularına, tamahına sərhəd qoyan, nəfsini cilovlayan yalnız həşr inancıdır. Bu inamla o, "Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin"ə əsasən nəfsini hesaba çəkər və səhv addım atmamağa səy göstərər. Bu isə həm şəxsin, həm ailəsinin, həm də mənsub olduğu cəmiyyətin əmin-amanlıq və hüzur içində olması deməkdir.
Bu məqamda Hz. Yusufun peyğəmbərlikdən əvvəl Züleyxanın təklifinin cavabında "Allaha sığınaram" deməsini xatırlatmaq, zənnimcə, kifayətdir.
Buna bənzər bir hadisə də Hz. Ömər dövründə baş vermişdir: Fəttan bir qadının oxlarına məruz qalan bir gənc yoldan sapma əsnasında, "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar" ("Əraf" surəsi, 7/201) ayəsi şimşək kimi beyninə çaxır, silkələnib özünə gəlir və ayənin çulğaladığı həyəcanla da ürəyi dayanır və əbədi aləmə köçür.
Hz. Ustada istinadən deyə bilərik ki, uşaqların səadəti də həşrə inamdan asılıdır. Əks halda ətrafda baş verən ölüm hadisələri o zəif, zərif körpələrdə ruhi yaralar açar və onlara rahatlıq verməz.
Bəli, uşaqların ölüm hadisələrində yeganə təsəllisi öldükdən sonra dirilmə inancıdır. Onlar baş verən ölüm hadisələri qarşısında "Yaxınlarımız, yoldaşlarımız, qardaşlarımız ölsələr də, Cənabi-Allah onları daha gözəl bir yerə apardı, bizdən daha yaxşı yaşayırlar, bəlkə də, cənnətin bağ-bağçasında gəzirlər. Cənnət çaylarına girib-çıxır və kövsərdən içirlər" inancı ilə təsəlli tapacaq və bəla, müsibət və ölümlərlə üzləşərkən sarsılmayacaqlar.
Bunu gənclik dövrünə də şamil etmək olar. Belə ki, gənclik dövrü bəşəri hislərin aşıb-daşdığı, hədd-hüdud bilmədiyi dövrdür. Çünki gənclərin çoxu sərazad[3] və əhli-kefdir. Qabağına çıxan, ağlına gələn hər şeyi eləmək istəyir. Onların gücü-qüvvəsi, sərazad kefləri millətin ismətini, namusunu, hətta bütövlüyünü daim təhlükə altında qoyar. Halbuki bu dəyərlərin qorunması hər bir sistemin əsas prinsipidir. Öldükdən sonra dirilmə inancı istədiyi kimi yaşamaq istəyən gənclər üçün də tənzimedici mahiyyət daşıyır. Bir baxın, nəvaxtdan ki bu əqidəni nəslimizin beynindən və ruhundan silib təmizləməyə başladılar, elə o gündən bəri güc mənbəyi olan gəncliyin əksəriyyəti anarxiya amilinə çevrildi və cəmiyyətin əmin-amanlığı üçün təhlükə mənbəyini təşkil edir. Bu baxımdan əgər yeni bir nəsil yetişdirməyi düşünürüksə, ilk işimiz onlara həşr inancını aşılamaq olmalıdır.
Avropada da Orta Əsrlərdən sonra Russo, E. Renan kimi şəxslər dini inkar edir, Allah, Peyğəmbər və həşri qəbul etmirdilər. Ancaq bu inkarçılar və digər mütəfəkkirlər bir gün anarxiya hər tərəfi bürüyəndə "təbii din" fikrini ortaya ataraq həqiqətdən uzaqlaşdırdığı nəsilləri saxta dinlə yenidən bərpa etməyə çalışdılar. "Təbii din"də məqsəd bu idi: "Əgər insanları məfhum da olsa fövqəlbəşər bir gücə və qüdrətə inandırmasaq, ibarə edə bilməyəcəyik". Lakin bu əsassız təşəbbüslər heç bir işə yaramadı.
Elə isə yeni bir dünya qurmaq istəyənlər, mütləq iman qaynağına müraciət etməlidirlər. Əksinə qarın doyurmaqla, paltar geyindirməklə, hər yerdə bir neft quyusu qazıb, neft fışqırtmaqla gəncləri təmin etmək mümkün olmayacaq. Çünki əbədiyyət üçün yaradılan insan əbədiyyət və əbədi olan Allaha unamdan başqa heç bir şeylə tətmin ola bilməz. "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır" ("Rad" surəsi, 13/28)
Ailənin səadəti də öldükdən sonra dirilməyə inanmdan asılıdır. Kişi və qadın öldükdən sonra dirilməyə inanırsa, gəncliyini, səhhətini itirsə də, xoşbəxtliyini itirməyəcək. Bəli onlar, "Biz bu günə qədər gözəl bir həyat yaşadıq, bundan sonra -inşaallah- o biri aləmdə bu həyatımızı olduğu kimi davam etdirəcəyik" deyib ilk günkü qədər xoşbəxt yaşayacaqlar.
Xülasə, insanlara həyatı və təbiətin gözəlliklərini sevdirən, Allaha aparan yolları açan, ruhları şahlandıran, insana onun əbədiyyətə namizəd olduğunu göstərən Allaha və öldükdən sonra dirilməyə inamdır ki, bunlar hüzurun, fərəhliyin və əmin-amanlığın mənbəyidir. Baxın maddi imkan və zənginliyə baxmayaraq bir çox ölkədə ciddi mənada hüzursuzluq hökm sürür. Bəzi ölkələrin əhalisinin 60-70 faizi alkoqolikdir. Narkotik geniş vüsət alıb. Əxlaqsızlıq, rəzalət.. və nələr, nələr. Bu problemlər nəsillərin tətmin olmaması və daim mehrab və minbər dəyişdirməsindən qaynaqlanır. Bundan başqa onların bu hüzursuzluğu həll etmək üçün atdığı hər addım yeni-yeni böhranlara səbəb olur. Çünki çıxış nöqtəsi səhvdir.
Bəli, millətin hüzur və səadətini düşünənlər əvvəla xalqa axirətə aparan yolları açmalı və gəncləri öldükdən sonra dirilməyə inandırmalıdır. Bunun sayəsində anarxist və dinsiz gənclər birdən-birə qarışqanı əzməyən, həşərata ayaq basmayan mələk kimi insanlar olacaq. Tarixdə elə insanlar var ki, qarışqanı səhvən ayaqlayıb öldürdüklərinə görə kəffarə verməyə yollar axtarmışlar. Özünü bu qədər dərindən hesaba çəkən belə bir şəxs heç vaxt insanları, ailəni narahat etməz, cəmiyyəti sarsıdan problemlər çıxarmaz.
[1] İlahi isimlərin təcəllisinin toplandığı nöqtə
[2] Öldükdən sonra dirilmək
[3] İstədiyi kimi yaşayan, azad
- tarixində yaradılmışdır.