Din, hikmət və qüvvət

Sual: "Millətləri yaşadan üç əsas amil var: din, hikmət və qüvvət" deyə buyurursunuz. Bunu izah edə bilərsinizmi?

Cavab: Əvvəla din insanları ixtiyari, iradi olaraq xeyirə sövq edən İlahi sistem deməkdir. Bu icmali tərif sözbəsöz Kitab və Sünnədə keçməsə də, Kitab və Sünnənin ruhuna uyğun tərifdir. Din, İlahi sistem və ya sistemlər məcmuəsidir. Onu bəşəri sistemlərdən fərqləndirən ən əsas amil vəz`i-İlahi, yəni İlahi qaynaqlı olmasıdır. Belə ki, bəşəri sistemlərə "vəz`i-bəşəri", "qəvanini-vəz`iyə", yəni bəşərin qoyduğu qanunlar deyilmişdir. Din vasitəsilə xeyirə sövq edilmə, tamamilə Allaha məxsusdur, lakin bu işdə insan iradəsinin də payı var. İnsanlar cüzi iradəyə malik olduqlarına görə, bir tərəfdən digər tərəfə cəmadat[1] kimi sövq edilmirlər. Nəticə etibarilə din, Kitab, Sünnə həmçinin sələfi-salehinin Kitab və Sünnə əsaslı saf, duru ictihadlarından təşəkkül etmiş İlahi və külli bir sistemdir.

"Hikmət"ə gəlincə, indiyə qədər hikmət məfhumuna müxtəlif təriflər verilmişdir. Qurani-Kərim Peyğəmbərimizə (s.ə.s.) Kitabla yanaşı hikmət də verildiyindən bəhs edir və burada hikmət Kitaba istinad edilir. Buna görə də, bir çox şərhçi “hikmət Kitabla eyni deyil” demişlər. Başqa bir ayədə: "Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir" (“Bəqərə” surəsi, 2/269) buyurulur. Sünnə hər cəhətdən Quranın icmalını təfsil[2], ümumisini təxsis[3] və mütləqini təqyid[4] elədiyinə görə biri minə çevirən, sistemi ənginləşdirən böyük bir xeyir mənbəyidir. Bu səbəblə mühəddislər “hikmət”in Sünnə olduğu qənaətinə gəlmişlər. Üstəlik namaz, zəkat, həcc, orucun təfsilatı da Sünnə əsaslıdır. Dolayısilə, Sünnə xeyri-kəsrdir[5] və bu xeyri-kəsrdən ilk və ən böyük payı alan da Peyğəmbərimizdir (s.ə.s.).

Hikmət eyni zamanda, Ustadın da işarə etdiyi kimi, bizə haqq və həqiqət kimi təlim edilən İslami məsələlərin daha sonra “kəşf”[6] və “müşahidə”[7] ilə görünməsi və əşyanın mahiyyətini dərk edilməsi mənasını ehtiva etmişdir. Biz, ətrafımızda yalnız qapı, pəncərə və dörd divar görürük, ancaq Allah Rəsulu (s.ə.s.): "Sizin görmədiyinizi görür, eşitmədiyinizi eşidirəm. Əgər gördüyümü görsə idiniz və bildiyimi bilsə idiniz, az gülər, çox ağlayardınız" buyurur. Bu nöqteyi-nəzərdən əşyanın pərdə arxasına (əsl mahiyyətinə) vaqif olmaq da hikmət məfhumuna daxil edilmişdir. Bu vaqiflik kəşf və müşahidə yolu ilə əldə olunduğu kimi, hislərin, sezişin inkişafı ilə, xəyalın vüsəti ilə də mümkündür... Əhlullah bizim əqlən dərk etdiyimizi, yəqinən bildiklərimizi vicdanən də kəşf edir, duyur, hətta yaşayır ki, bu da böyük bir xeyirdir (xeyri-kəsir).

Bəziləri “hikmət”i fəlsəfə mənasında işlətmişdir. İslam mühəqqiqlərinin[8] əksəriyyəti fəlsəfəyə qarşı əks mövqedə dayanmış, onunla mübarizə aparmışlar. Bəzi dövrlərdə diqqətsizlik və laqeylikdən müəyyən fəlsəfi fikirlər içimizə sızsa da, bu virus və mikroblar kəlam elminin təqdim etdiyi “dərmanlarla” məhv edilmişdir. Məsələn, fəilosoflar təsəlsülü[9] ortaya atanda kəlam üləması təsəlsülün batil cəhətlərini nəzərə verib buna etiraz etmiş və filosofların irəli sürdüyü dəlilləri onların özlərinə qarşı çevirməyi bacarmışdır.

Batil fəlsəfi axınlara qarşı İmam Qəzali kimi mühəqqiqlərin mübarizəsi dillərə dastandır. Bəli, fəlsəfi fikirlərin təzadlarını, əsassızlığını və məhvə məhkum olduğunu sübut edən İmam Qəzalinin xidmətləri əvəzolunmazdır. Pozitivistlərə qarşı İmam Qəzali və Bədiüzzaman kimi yüksək zəkaların (kəşf və mənəvi müşahidə xaricində) məntiqi məsələlərə bir mütəxəssis kimi yanaşmaları da (əgər buna fəlsəfə demək olarsa) bizə görə bir fəlsəfədir və eyni zamanda “hikmət” məfhumuna daxildir.

Düzü, Qəzali filosofları təkfir belə etmişdir, ancaq bu da bir həqiqətdir ki, filosofların nəsləri olduğu kimi qəbul etməyi axmaqlıq sayması, elmi-İlahini məhdudlaşdırması, filosofları peyğəmbərlərdən üstün tutması, həşri-cismanini[10] qəbul etməməsi kimi küfrə səbəb inanc və düşüncələri vardı. Onların bu düşüncələri bir cəhətdən Zahirilərə[11] əks-reaksiyadan irəli gəlirdi. Bəli, təmkin, hüsnü-zənn və sələfi xeyrlə yad etmə anlayışı əsas olsa belə, bu "əhli sünnənin donmuş qafaları və əbləhlərinin" insan düşüncəsini tamamən donduran, hətta bir-birinə zidd rəvayət və nəsləri bir-birindən ayırmadan hamısına "doğrudur, əməl edilməlidir" deyən bu don vurmuş başların ifratı filosofları təfritə sürükləmişdir.

Bu cür zəlalətə batmış fəlsəfəyə hikmət nəzəri ilə baxmasaq da, yuxarıda ifadə etdiyimiz kimi, dövrümüzə aid məsələlərə əqli çərçivədə yanaşan, yəni dəqiq və humanitar elmlərin prinsiplərinə əsaslanmış, Quran və Sünnə müstəvili sistemə də “hikmət” nəzəri ilə baxmaq olar.

Həmçinin kainat qanunlarının insan həyatının qanun və prinsipləri ilə uzlaşmasının araşdırılması, Qurani-Kərimlə kainat arasındakı uyğunluğun ortaya çıxarılması da “hikmət” məfhumuna daxil edilmişdir. Bəli, əgər Qurani-Kərimlə kainat arasında fikri ziddiyyət varsa, biri o birinə zidd görülür və göstərilirsə, belə anlayışlı insanlar əhli-cənnət olsalar da, dünyada uğur qazanmaları mümkün deyildir. Quranla kainat arasındakı əlaqənin dərk edilməsi və bunun insan həyatına və bu həyatın qanunlarına tətbiq edilməsi dini həyatın da, dünyada və axirətdə uğurun da ən vacib amilidir. İslamdakı təfəqqüh[12] və bu fəaliyyətin əsas məhsulu olan "fiqhi" bu vəhdətin ən mühüm təzahürü kimi qəbul etmək olar. Təsəvvür edin ki, ən çox “qiyas” və “ictihad” Hənəfi fiqhində edilmişdir. Hətta Hənəfilər bu mövzuda xeyli tənqidə də məruz qalmışlar. Ancaq bu məktəb din-insan-kainat münasibətini ən yaxşı ortaya qoyan, Səlcuqlu, Osmanlı, hətta Abbasi kimi böyük dövlətlərin idarəsinin dini-hüquqi təməlini təşkil edən bir fiqh məktəbidir və inkişafa olduqca əlverişlidir. Mən şəxsən İmam Maliki çox sevirəm. Ancaq bu gün “Muvatta” ilə Ərzurumu belə idarə etmək mümkün deyildir. Məhz müsəlman dövlətləri Hənəfi fiqhinin əhatəliliyi sayəsində qitələrə hökm etmişlər. Osmanlı dövründə tərtib olunan qanunlar belə hicri altıncı əsrdə aparılan tədvinatın[13] adaptasiyasından başqa bir şey deyildir. Bu da, hikmətin ayrı bir cəhətidir.

Din və hikmətdən sonra qüvvət gəlir. Hikmətin qanunları, dinin və dövlətin düsturları qüvvətlə dəstəklənməsə, hər şey kağızda qalar və istənilən nəticə alına bilməz. Həmçinin hikmətin həyata keçirilməsi elə də asan olmaz. Qüvvət olmasa, cild-cild kitablardakı, zehin və ruhlardakı naxış-naxış hikməti necə həyata keçirə bilərsiniz? Həqiqətədən də keçirə bilmirik. Çünki icazə vermirlər. Elə isə qüvvətin də yaradılımasında bir hikmət var. Bu səbəblə hikmət qədər qüvvətə də əhəmiyyət verilməsə, din adına, dəyanət adına çox şey nəticəsiz qalar. Bəli, hikmət kitablarda qala bilər, fantaziya olsun deyə kitabxanalarda qoruna bilər, məclislərdə müzakirə edilə bilər, lakin onu qüvvətsiz həyata keçirmək mümkün olmaz.

Həmçinin, din, hikmət və qüvvət üçü bir yerdə, ittifaqda olmalıdır. Əks halda, dinsiz və hikmətsiz qüvvət zülüm və zorakılıq vasitəsi, dinsiz hikmət fırıldaqlığın çarxı, qüvvətsiz din də sırf "vicdana qalmış iş"ə çevrilər; dolayısilə də onların yaradılış məqsədi həyata keçməmiş olar.


[1] Cansız varlıqlar

[2] Müxtəsər ifadə edilmiş məsələləri təfərruatla izah etmək. Məsələn, “Namaz qılın” əmri qısa şəkildə bildirilmiş, Pey­ğəm­bə­ri­miz isə namazla bağlı bu hökmün təfərrüatını öz həyatında tətbiq edərək göstərmişdir, yəni icmali olanı izah etmişdir.

[3] Ümumi hökmləri xüsusi, müəyyən məsələlərlə izah etmək. Məsələn, Quranın “Nisa” surəsi 11-ci ayəsində əksini tapan miras hökmləri (Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!) hər kəsə, ümuma birbaşa şamil edilmişdir. Ancaq Peyğəmbərimiz (s.ə.s.) "Qatilə miras düşmür" buyuraraq bu ümumi hökmü qatillər barədə xüsusiləşdirmişdir. Yani hökmün onlara aid olub-olmadığını izah etmişdir.

[4] Mütləq hökmüm icra edilməsi şərtlərini müəyyən etmək. Məsələn, Quranda “oğruların əlinin kəsilməsi” ilə bağlı mütləq əmr var, lakin bu əmrin necə, hansı şərtlər daxilində tətbiq edilməsi yoxdur. Peyğəmbərimiz də bu əmrin icrası şərtlərini müəyyən etmişdir, açıqlamış, yəni mütləq olan bir əmri təqyid etmişdir.

[5] Böyük xeyir

[6] Allahın ilhamı ilə gizli bir şeyin ortaya çıxması.

[7] Qəlb gözü ilə mənəvi həqiqətləri görüb dərk etmək

[8] Tədqiqatçılar, həqiqəti axtaranlar

[9] Sonradan var olan şeylərin bir-birinin varlığına səbəb olaraq başa doğru sonsuza qədər silsilə şəklində uzanması fikri. Batil fəlsəfə

[10] Ölümdən sonra insanın cismani olaraq yenidən diliməsi

[11] İslam hökmləri Quran və Sünnənin zahiri (ləfzi) mənalarından çıxaran məzhəb. Davud bin Ali bin Xələf əl-İsbahani tərəfindən qurulduğuna görə Davudiyə məzhəbi də adlandırılmışdır.

[12] Fiqh etmək, məlum olandan məlum olmaynı, görünəndən görünməyəni tapmaq.

[13] İslam hüququnun yüksəliş dövrü.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.