Bilgi Toplumu
Sual: "Məhz bilgi toplumu olmaqla gələcəyi qucaqlamaq[1] mümkündür" ifadəsindəki "bilgi toplumu olmaq" sözü ilə nə nəzərdə tutulur?
Cavab: Bu, bir həqiqətdir ki, tarix boyu elm böyük əhəmiyyət kəsb etmişdir. İnsanı digər varlıqlardan fərqləndirən və üstün edən elə elm deyilmi? Əslində, mələklərin Hz. Adəmə istər inqiyad[2], istər böyüklüyünü qəbul etmə mənasında səcdə etməsi də bu hikmətlə bağlıdır. Allah (c.c.) Hz. Adəmə "əsma"nı[3] öyrətməklə onu üstün etmişdi. Əsmanı müsəmmasız təsəvvür etmək mümkün olmadığına görə, deməli, Hz. Adəmə öyrədilən əşyanın həqiqəti idi. Bir mənada eyni məziyyət Peyğəmbərimizə də əta edilmişdir. Fərq ondadır ki, Hz. Adəmə icmal şəklində verilənlər Allah Rəsuluna təfsilatı ilə verilmişdi. Hz. Adəm "əsma"nı rəhbərlik etdiyi insanların səviyyəsinə uyğun bilir və öz elmi ilə o dövrün insanlarının ehtiyacına uyğun tərkiblər düzəldərək onların istifadəsinə təqdim edirdi.
Bəli, Allah Təala Hz. Adəmə əsmanı da, müsəmmanı da öyrətmiş, ona əşyanın pərdə arxasını göstərmiş, sonra da əşya və hadisələrə müdaxilə səlahiyyəti vermişdir. Ona bəxş olunan xilafətə (yəni xəlifəlik məqamına) bu zaviyədən yanaşa, "xilafət varlığın sahibi Allaha vəkalətən varlığa müdaxilə etmə səlahiyyətidir" deyə bilərsiniz. Belə bir lütf də ancaq bilik sayəsində mümkün ola bilər.
Bu gün də əşyaya müdaxilə var. Lakin bu müdaxilə layiqli əllərdə olmadığına görə müəyyən qarışıqlığa, qarşısıalınmaz hadisələrə gətirib çıxarır. Bəli, məhz buna görə bir çox ziddiyyət və təzadlarla üzləşirik. Halbuki peyğəmbəranə yanaşmalarda belə təzadlar yoxdur.
Bəli, Hz. Adəmə "təlimi-əsma" ünvanı altında əsasən bilik öyrədilmişdir. Buna müasir, bugünkü fərqlənməni nəzərə alaraq "bilik" də deyə bilərsiniz, biliyin əsasını təşkil edən araşdırmalar, təsbitlər və məbdə-müntəha, müntəha-məbdə paralel araşdırmaları ilə əldə olunan ən doğru, ən həqiqi bilik mənasında "elm" də deyə bilərsiniz, nəticə dəyişmir. Hz. Adəmin mələklərdən üstünlüyü məhz bu bilikdən (elmdən) qaynaqlanır. Bu bilik Hz. Nuhda daha da inkişaf etmiş, Hz. İbrahimdə daha da sürətlənmiş, Hz. Hud və Hz. Salehdə qat-qat artmış, Fəxri Kainatda isə zirvə nöqtəsinə çatmış və (Bədiüzzamanın ifadəsi ilə) tam şəkildə təfsil edilmişdir. Çünki Ondan sonra artıq peyğəmbər gəlməyəcəkdi. Elə isə Onun bəyanı, istər Quran, istər Səhih Sünnə olsun, gələcəkdə edilən kəşf və təsbitlərlə əsla təzad təşkil etməməlidir. Başqa sözlə, Allah (c.c.) qüdrət, iradə və məşiəti ilə yazdığı kainat kitabının dəhlizlərində insanlığın rahat hərəkət etməsi üçün kəlam sifətindən qaynaqlanan "şəriəti-ğarra[4]" rəhbərliyini bəşəriyyətin əlinə vermişdir və bunun sayəsində insanlıq o dəhlizlərdə rahat yürüyə bilir.
Bəli, İnsan Quranın onunla varlıq arasında qurduğu körpülər sayəsində məxluqata yad gözlə baxmaqdan qurtulmuş və varlıq aləminə dost, həmdəm olmuşdur. Bu baxımdan demək olar ki, Peyğəmbərimiz (s.ə.s.) varlıq adından deyiləsi hər şeyi bəyan etmişdir. Qiyamətə qədər elm nə qədər inkişaf edir-etsin, yenə də 14 əsr əvvəl bəyan edilənlərlə təzad təşkil etməyəcək, ondan fərqli olmayacaq. Bu, bəzilərinin zənn etdiyi kimi "Peyğəmbərimiz fizika, kimya riyaziyyat, biologiya, anatomiya sahələrindəki kəşfləri əvvəlcədən bildirmişidir" şəklində başa düşülməməlidir. Demək istəyirik ki, İnsanlığın İftixarının bəyanları bu kimi məsələlərə zidd deyil, hətta bir-birini tamamlayır. Bu baxımdan elm çox əhəmiyyətlidir, çox əhəmiyyətli olduğuna görə də "Hər şey nəticə etibarilə elmlə bağlıdır" deyə bilərik
Bəli, gələcəyi qədərini, axarını bir mənada elm təyin edəcək. Elmsiz heç nə əldə etmək olmaz. Xüsusilə, dünyada cərəyan edən qloballaşma prosesi elmin əhəmiyyətini daha da artırır. Necə ki, bir dövr Qərb dünyası sənaye inqilabı edəndə biz geri qaldıq və bu, bizə baha-başa gəldi və əziyyətini əsrlərlə çəkdik, hələ də çəkirik. Texnologiya inqilabında da geridə qaldıq, bunun sarsıntısı hələ sovuşmayıb. Eləcə də dünyanın hal-hazırkı səviyyəsinə çata bilməsək, qatarı bu dəfə də qaçırsaq, güman ki, düşmənlərimiz belimizi dikəltməyə imkan verməyəcək.
Bu baxımdan bir tərəfdən Allaha bütün varlığımızla inanmalı, Peyğəmbərimizə hədsiz ehtiram göstərməli və İslam dininin bütün təfərrüatını, incəliyini qavramalı, digər tərəfdən isə hər sahəni bu iman, bu inancla fəth edib yoğurmalı, bu iman və inanca uyğun şəkilləndirməliyik. Yəni ən səviyyəli araşdırma mərkəzlərinə malik olmalı, "NASA" kimi məşhur müəssisələrə sahib olmalı və fəza şəhərlərini biz salamlıyıq. Yoxsa dünya müvazinətində heç bir rolumuz, təsirimiz olmaz və hadisələr həmişə əleyhimizə inkişaf edər.
Əgər bir gün dünya robotlarla idarə edilsə, bu robotların idarə mərkəzi müsəlmanların əlində olmalıdır. Və əgər gələcəyə texnologiya hökm edəcəksə, idarəetmə bazası müsəlmanların nəzarətində olmalıdır. Ən yaxşı hərbçilər, ən yaxşı pedaqoqlar müsəlmanlardan çıxmalıdır. Bunu da unutmamaq lazımdır ki, qloballaşma özü ilə bir çox dəyişikliklər gətirməklə yanaşı, hüququn əhəmiyyətini də ön plana çəkmişdir. Gələcəyin idarəçiləri, rəhbərləri humanitar sahələrdən seçiləcək, bəlkə də, hüquqşünaslardan olacaq. Bu baxımdan da hüquq və siyasət, yəni mülkiyyə böyük əhəmiyyət kəsb edir. Buna görə də dünyanı yaxşı idarə edə bilən hüquqçular yetişdirməlisiniz. Xülasə, dünyada, demək olar ki, bütün sahələrdə öndə olmalıyıq. Bu baxımdan da, hansı sahə olur-olsun, həmin sahəyə aid elmləri bütün bölmələri ilə öyrənib sistemləşdirmək şərtdir. Üstəlik belə bir məsələdə qətiyyən tələsmək olmaz. Əgər kimsə "Mən dünyagörmüş adamam, bu işləri dərhal gerçəkləşdirmək lazımdır" deyə tələskənlik edərsə, ahəstəlik və sistemlilik tələb edən belə bir məsələyə zərər verər. Halbuki hələ heç bir sahədə kifayət qədər kadr yetişməyib.
Yeri gəlmişkən, xüsusən, bir mühüm məqamı da nəzərə çatdırmaq faydalıdır: Hal-hazırda İslam fiqhini, yəni İslam hüquq sistemini təkrar nəzərdən keçirib bu günün ehtiyaclarına uyğun tərtib, tənsiq[5] və tənzim etmək zəruridir. Ancaq təəssüf ki, (həm kəmiyyət, həm də keyfiyyət olaraq) bu işin öhdəsindən gələ bilən kadrlarımız yoxdur. Bu kadrların yetişməsinə, əlbəttə, müəyyən vaxt lazımdır. Üstəlik mövcud fiqhi biliklər mütləq bilgisayara köçürülməlidir. Təkcə bu işin özü belə çox vaxt tələb edir. Halbuki iş mövcud biliklərin bilgisayara yüklənməsi ilə qurtarmır. Bu bilikdən istifadə edərək yeni tərkiblər düzəltmək də lazımdır. Ancaq üzüntümü təkrar dilə gətirməyə məcburam; hazırda bütün bunları lazımi səviyyədə yerinə yetirəcək kadr heyətinə sahib deyilik. Yəni NASA və NASA kimi böyük tədqiqat mərkəzlərini idarə edə biləcək kifayət qədər kadrımız olmadığı kimi – bunu rahatlıqla etiraf edirik, – İslam elmlərindəki vəziyyət də bundan fərqli deyil. Sözlərimdə qətiyyən mübaliğə yoxdur və reallığı da danmıram. Yalnız həqiqətə tərcüman olmağa çalışır, mövcud vəziyyəti, olanları qeyd edirəm...
Dolayısilə, mühüm məsələləri həyata keçirmək arzusunda olan səriştəsiz insanlar bu topluma İslam baxımından dalbadal uğursuzluq yaşada bilər. Və belə bir iflas, uğursuzluq elə qarşısıalınmaz təxribatlara gətirib çıxarar ki, bu vəziyyətdə itirdiyimiz fürsətləri bir daha əldə etmək olduqca çətindir. Bu qədər vacib bir məsələyə naşı yanaşmalarla bir nəticə əldə etmək mümkün deyildir. Fiqhdə Əbu Hənifələri, İmam Əbu Yusufları; hədisdə Buxariləri, Tirmiziləri, Müslimləri, kəlamda Seyid Şərif Cürcaniləri, Taftazaniləri, əxlaq və təsəvvüfdə İmam Qəzaliləri, İmam Rəbbaniləri, Hz. Bədiüzzaman kimi insanlar yetişdirənə qədər cəmiyyətdə hər bir "müalicə" yanlışdır, əks nəticələr doğurar, bir daha da bu xətaların açdığı yaraları sağalda bilmərik. Yeri gəlmişkən haşiyə olaraq qeyd edim ki, bütün bu sözlərimin hesabını Allaha verməyə hazıram. "Niyə əhval-ruhiyyəmizi pozursan?" deyənlər ola bilər. Ancaq vicdanən çox rahatam, hesab verməyə də hazıram, çünki bu məsələnin qətiyyən zarafatla, qeyri-ciddi insanlarla təmsil edilməsi mümkün deyil.
Bəli, mövzunu yekunlaşdıraq: Sualda da keçdiyi kimi, "gələcəyi qucaqlama bilik toplumu olmaqdan asılıdır". Çünki bilik əşya və hadisələrin bizə anlatdığı, təkvini əmrlərin (təbiət qanunları) və bu təkvini qanunların önümüzə sərdiyi əşyanın hiss edilməsi, dərk edilməsi və Yaradanın uca məqsədinin sezilməsi deməkdir. Əşyaya hökm və müdaxilə səlahiyyəti ilə yaradılan insan bunu görəcək, oxuyacaq, sezəcək və öyrənəcək. Öyrəndikdən sonra da hadisələrə müdaxilə və hökm etmə yollarını axtaracaq. Məhz bu məqam Uca Yaradanın əmri ilə əşyanın insana, insanın da öz Yaradanına təslim və məhkum olduğu məqamdır.
Bəzi insanlara görə, dünyanın elmlə idarə edilməsi insanların robotlaşması, qarışqa toplumuna çevrilməsi kimi fəlakətlərə gətirib çıxaracaq. Bu qətiyyən doğru deyil. Elmsiz keçmiş olmadığı kimi, elmsiz bir gələcəyi də təsəvvür etmək mümkün deyil. Hər şey nəticə etibarilə elmlə bağlıdır... və elm olmadan dünya insana heç nə verməz.
Xülasə, bu da danılmaz həqiqətdir ki, əksər şəhərlərimizdə insanlar robotlaşır, insani hislər məhv edilir, düşüncə ilə birgə səhhət, səhhətlə birlikdə insani fəzilətlər silinib gedir. Ancaq bunun günahını elm və texnikada görmək də haqsızlıqdır. Bəlkə də, əsl qəbahəti həqiqi elm adamının məsuliyyətdən boyun qaçırma xüsusiyyətində axtarmaq lazımdır. İctimai məsuliyyət şüuruna malik elm adamları öz vəzifələrini yerinə yetirsəydilər, bəlkə də, indi bu narahatedici məqamların bir çoxu olmazdı!
[1] Gələcəkdə baş verən dəyişikliklərə indidən hazırlıqlı olmaq
[2] Boyun əymə, itaət etmə, ram olma
[3] Allahın gözəl isimləri
[4] Parlaq və nurlu şəriət – İslamiyyət
[5] Nizama salma; sıralama, düzəltmə
- tarixində yaradılmışdır.