Nəfs və vicdan mexanizmləri

Sual: Sual: İnsanın tərəqqi və tənəzzülündə rol oynayan vicdan və nəfsin mahiyyətini qavramaqla bağlı nə deyə bilərsiniz?

Cavab: İnsanın bir mülk[1], bir də mələkut[2] yönü var. Onun bu yönlərini başqa təbirlərlə də ifadə etmək mümkündür. Belə ki, bəziləri bunu mələki və şeytani, bəziləri maddi və mənəvi, bəziləri cismi və ruhi, bəziləri də nəfsi və vicdani adlandırmış, eyni həqiqəti müxtəlif ifadələrlə izah etməyə çalışmışlar.

Bizə görə, insanın maddi və mənəvi yönlərini ayrı-ayrı mexanizm kimi götürüb dəyərləndirmək daha məqsədəuyğundur. Bunlardan mənəvi olana "vicdan mexanizmi", digərinə də "nəfs mexanizmi" deyə bilərik.

Qəlb, ruh, sirr[3], xafi[4], axfa[5], əmr aləminə[6] aid Rəbbani lətifələr[7], iradə, idrak, şüur, hiss və duyğular vicdan mexanizmini meydana gətirir; hər cür şəhvani arzu, istək və kaprizlər (şıltaqlıq), kin, nifrət, hərislik, inadkarlıq kimi müəyyən hikmət və məqsəd üçün insana verilən duyğular da nəfs mexanizmini təşkil edir... Bu iki mexanizm daim bir-birinin əleyhinə işləyir. Belə ki, vicdan mexanizmi qələbə çaldığı təqdirdə nəfs mexanizmi də müsbətə çevrilər və insanın ucalıb yüksəlməsinə xidmət edir. Bəli, təsəvvüfçülərin təsnifi ilə desək, nəfs mexanizmi əmmarəlikdən[8] sıyrlılaraq ləvvamə[9], mülhəmə[10], raziyə[11], mərziyyə[12] və safiyə[13] dərəcələrinə sıçrayaraq insan üçün yararlı mahiyyət qazana bilər. Ona görə də insanı yalnız mənəvi tərəfi ilə götürüb tərbiyə etmək və ya yalnız vicdan mexanizmindən ibarət qəbul etmək nöqsanlı və natamamdır. Həqiqi vəlayət (övliyalıq) Səhabə vəlayətidir. Səhabə nəfs mexanizmini "Sıbğatullah"la, yəni İlahi boya ilə boyamış və insana verilən mənfi duyğuları belə vəlayət möhürü ilə möhürləmişdir.

Məsələn, şəhvəti nəzərdən keçirək. Bu duyğu yalnız özünəxas istiqamətdə işlədilərsə, başdan-ayağa şər mənbəyi olar. Ancaq səhabə məsləyində bu duyğu belə vəlayətin bir yönünə  çevrilmişdir. Belə ki, şəhvətdən halal dairədə istifadə olunduqda kişinin xanımı ilə münasibəti belə ona savab qazandırır.

Bir gün Allah Rəsulu bu haqda məlumat vermiş, səhabə "necə ola bilər?" mənasında təəccüb etmişdi. Peyğəmbərimiz də onlara məntiqli və məntiqli olduğu qədər də fitrətə uyğun cavab vermişdi: əgər bir insan halal dairədə qalıb həmin işi etməsəydi, haram işləyəcəkdi. Deməli, o halal dairə ilə kifayətlənməklə haramdan ictinab etmişdir. (Haramı tərk etmək isə insana bir vacib (ibadət) savabı qazandırır). Demək ki, insan nəfs mexanizminə aid şəhvət hissi ilə də cənnəti qazana bilər. Digər tərəfdən, nəfs mexanizminə aid olan bütün hisləri cənnətin tələvvünlərinə vəsilə kimi qəbul edə bilərik. Yəni necə ki insan vicdan mexanizminin hiss və duyğuları ilə cənnətə xas bəzi tələvvünləri seyr edib yaşaya bilir, eləcə də nəzarət altına alınmış nəfs mexanizminin bəzi hisləri ilə də cənnətə xas bəzi tələvvünləri duyub dərk edəcək. Cənnətin ruhla yanaşı cismə də xitab etməsinin hikmət və sirlərindən biri də, yəqin ki, elə budur. (Hz. Adəmin torpaqdan yaradılması ilə bağlı palçıq, qurumuş palçıq və s. kimi ifadələri insan oğlunun mahiyyətini ortaya çıxaran xüsuslar şəklində də başa düşə bilərik. Yoxsa bu ifadələri hamıya məlum palçıq kimi şərh etmək natamam bir anlayışdır...)

İnsanda bir də qəzəb hissi var. Əgər bu hiss olduğu kimi qalsa, insanı çürüdər və düşüncələri qanlı, duyğuları qanlı, gözü qanlı, əli qanlı bir cani, bir Firona çevirə bilər. Ancaq həmin qəzəblə insan ismət, namus və vətən uğrunda döyüşə girib öldürsə, qazi, ölsə, şəhid olar. Məhz belə bir qəzəb ən az həlimlik qədər Allah nəzdində məqbuldur. Əgər insanın türabi (torpağa xas) cəhəti belə düzgün istifadə edildikdə onu bu dərəcəyə yüksəldirsə, siz vicdan mexanizminin düzgün işlədildikdə nə olacağını bir düşünün!

Bəli insan türabi cəhəti ilə belə mələklər səviyyəsinə yüksələ bilər. Vicdan mexanizmi də dövrəyə girincə, o, mələklərdən də üstün olur. Çünki mələklər seçim çətinliyi çəkmirlər. Onların iradəsi Allahın razı olduğu gözəllikləri seçmə şəklində təcəlli edir. Halbuki insanın iradəsi yaxşı ilə pis arasında mütləq seçim etməkdə mükəlləfdir. Mükafat məşəqqətin dərəcəsinə uyğun olacağına görə, bu maneələrin aşılması insanın mələklərdən üstün hala gəlməsinə vəsilə və vasitə olacaqdır.

"Vicdan"ın söz mənası "tapmaq"dır. İnsan vicdanla həm özünü, həm də Rəbbini tapır. Məhz buna görə də İmam Rəbbani, İmam Qəzali, Mövlana və Bədiüzzaman kimi İslam alimlərindən bir çox Qərb mütəfəkkirlərinə qədər yüzlərlə insan kəşf[14] və sezişləri ilə[15] vicdanı araşdırmış və onun bu xüsusiyyətini dönə-dönə vurğulamışlar. Burada "kəşf və seziş" ifadəsini xüsusi olaraq işlədirəm. Övliyalar vicdani xüsusiyyətlərə kəşfən, mütəfəkkir və filosoflar isə sezişlə vaqif olurlar. Vicdanın yalan deməməsi barədə isə hər iki qrup həmfikirdir.

Bədiüzzaman Həzrətləri ilk qələmə aldığı əsərlərində Cənabi-Haqqın varlığına dəlil olan əsas və təməl bürhanlardan danışarkən  vicdanı da qeyd edir. Lakin daha sonra vicdanı hər kəsin anlayacağı səviyyədə obyektiv bir dəlil hesab etmədiyi üçün "Sözlər"də bu dəlilləri üçə qədər azaldır: Quran, Peyğəmbərimiz və kainat kitabı...

Bəli, vicdanın gizli dilini hər kəs anlaya bilməz. Buna görə də vicdan obyektiv bir dəlil deyil. Ancaq vicdan onun dilini bilənlər üçün ən böyük və etibarlı dəlildir. İnsana heç bir məlumat, heç bir bilik vicdanının hiss etdirdiyini duyura bilməz.

Vicdanda nöqteyi-istinad[16] və nöqteyi-istimdad[17] var. İnsan bununla acizliyini, heçliyini dərk edir və bu idrakla Haqq-Təalaya sığınır (arxalanır) və diləyini Ondan istəyir. Madam ki, insanda "mədəd umma" hissi var, deməli, ona mədəd edəcək Zat da var. Əksinə isə bu hiss insana əbəs yerə verilmiş olardı. Halbuki kainatda heç bir şey əbəs deyildir. Bizim hər bir duyğumuzun mütləq qarşılığı var. Ona görə də vicdandakı istinad və istimdad nöqtələrinin də, şübhəsiz ki, bir qarşılığı olmalıdır. Ancaq ömrü boyu bircə dəfə də vicdanını dinləməmiş bir insanın bunu duyub sezməsi mümkün deyil. Hərçənd şüur da vicdan mexanizminin bir bölümüdür, ancaq onun da təkbaşına bir dəyəri yoxdur. İradə, hiss və qəlblə birləşincə təkbaşına bir vicdana çevrilir.

Haqq varlığının susmayan bütün şahidləri kimi, vicdan da təkbaşına haqqı və həqiqəti hayqıran ilahi və səmavi sədadır. Ancaq bu, bizim tərif etdiyimiz vicdana aiddir. Əksinə nəfs mexanizminin altında qalıb əzilmiş bir vicdandan eyni nəticələri gözləmək, əlbəttə, mümkün deyil.

Bəli, şəhvət, kin, qəzəb, şan-şöhrət dəlisinə çevrilmiş bir insan təsəvvür edin. Belə bir insan hər işində ruhunu saran bu mənfi hislərin təsiri altındadır. Belə vicdanın əli-qolu bağlı, dolayısilə, təsirsizdir. Biz belə bir insana sözün tam mənasında "vicdansız" deyirik. Belə insanların vicdan mexanizmi haqqında məlumatı olmadığı kimi, vicdanın ifadə etdiyi mənanı və onun ali məqsədini də sezməsi mümkün deyil.

Burada başqa bir mühüm məsələ də var:

Kant "Saf ağlın tənqidi"ndə "Allahı nəzəri ağılla deyil, əməli ağılla tanımaq olar" deyir. Demək ki, gözəl davranışlar, gözəl əməllər bir müddət sonra insanın təbiətinə çevrilərək onu mücərrəd biliyin "əli" çatmayan məqamlara yüksəldir. Bəli, mücərrəd bilik və məlumatın insanı bu səviyyəyə yüksəltməsi mümkün deyildir. Təmrindən yoxsul, əməldən məhrum insanlar cildlərlə kitab oxusalar da, vicdanla duyulan şeyləri hiss edə bilməzlər.

Yerinə yetiriləsi əməllər isə bizə məlumdur: dinin gözəl gördüyü, "saleh əməl" kimi səciyyələndirdiyi əməllərdir. Vicdan mexanizmini işlətmək və ondan səmərə almaq "saleh əməl" anlayışının həyata keçirilməsi ilə sıx bağlıdır.


[1] Bir şeyin zahiri tərəfi, varlıqların bizə görünən cəhəti, duyğu orqanlarla qəbul etdiyimiz aləm.

[2] Varlıqların ilahi isimlərlə bağlı batini yönü. Ruh və mələklərə xas gizli aləm.

[3] İnsanın ruhunda mövcud olan bir hissin adı.

[4] Gizli, zərif və dərin bir duyğu. İnsanın batini hislərindən biri.

[5] Çox gizli, ruhun dərinliklərində olan hiss.

[6] Yalnız ilahi əmrlə bütün işlərin dərhal gerçəkləşdiyi aləm. Yaradılışa aid qanunlar aləmi.

[7] Qəlbin ayrı bir dərinliyinin ünvanı

[8] Daim pisliyi əmr edən, ləzzət və şəhvəti istəyən, qəlbi səfalətə, günaha sövq edən tərbiyə olunmamış nəfs.

[9] Günah işlədikdən sonra özünü qınayan nəfs.

[10] İlahi ilhamlarla şərəfləndirilmiş nəfs.

[11] Başına gələn hər hadisəni Allahdan bilib razı olan nəfs.

[12] Allahın rizasını qazanmış nəfs.

[13] Vəhbi olan lədünni elmlə şərəflənən ənbiya varislərinin vəsfidir.

[14] Gizli bir şeyin Allah-Təala tərəfindən ilham olunması ilə aşkara çıxarılması.

[15] Açıq bir dəlil olmadan, olmuş və ya olacaq bir şeyi anlamaq, hiss etmək.

[16] Kainatda cərəyan edən dəhşətli hadisələr qarşısında insanın çox güclü bir yerə sığınmağa və güvənməyə fitri ehtiyac hissi.

[17]Sonsuz əməl və arzuların yerinə yetməsinə olan fitri ehtiyac.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.