Bir inkişaf modeli
Sual: Müsəlmanların iqtisadi, ictimai siyasi və s. sahələrdə məhkum olduqları mövqedən xilas ola bilmələri mümkündürmü? Bu barədə hansı əsaslara riayət edilməlidir?
Cavab: İslam ona tabe olanların həm dünya, həm də axirət səadətini təminat altına alan bir dindir. Niyyət əsas olmaqla İslama xidmət amalına könül vermiş hər insan fərdi, ailəvi, ictimai həyatının hər anını ibadətə çevirə biləcəyi kimi, iş həyatını bu xidmət istiqamətində tənzimlədiyi təqdirdə ömrünü də tamamilə ibadətə çevirə bilər.
Müsəlmanlar dünyanın hər yerində və hər zaman həm zəngin, həm də hakim güc olmalıdırlar. Çünki müasir dövrdə iqtisadi və elmi baxımdan bir üstünlük əldə etmədən müsəlmanların dünya ilə hesablaşmaları mümkün deyil.
Allah (c.c.) Qurani-Kərimdə: "…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" (Nisa, 4/141) deyə ifadə edir. Yəni kafirlərin möminlər üzərində hakimiyyət qurmalarına razı olmadığını üstün bir üslubla xatırladır. Buna əsaslanaraq, möminin istər fərd, istər camaat olaraq kafirlərin müvazinətlərinə tabe olmasının bir məsuliyyət olduğu deyilə bilər.
Məsələn, dünyadakı iqtisadiyyatın gedişatını həmişə başqaları təyin edir və biz yerimizdə sayırıqsa.. və bu kasıblıq və zillətdən xilas olma cəhdi, səyi yoxdursa, deməli, biz davamlı günah işləyirik. Çünki təfsirçilərə görə, Allah (c.c.) burada zahirən tarixi bir gerçəkdən xəbər verir. Bununla yanaşı, tarixdə möminlərin dəfələrlə kafirlərin əmrinə tabe olaraq, əsarət həyatı yaşadıqları da bir həqiqətdir. Elə isə, onların bu halı Quranın xəbər verdiyi həqiqətə ziddir. Halbuki, Quran həmişə doğru söyləyir və həqiqəti xəbər verir. Beləliklə də, ayədəki ifadə bir həqiqəti xəbər verən cümlə deyil, bir hədəf, bir məqsəd təyin etmə, yəni bir inşa cümləsidir. Bu baxımdan möminin hər sahədə onu yüksəldən dinamikləri istifadə etməsi və zirvəyə sıçraması şərtdir. Ustad Bədiüzzamanın təsbitləri ilə desək, dünyada hər şey elmə bağlıdır. Bu yaxınlarda bunu futurist Toffler də söyləmişdi. Bu baxımdan, cəhalətə qarşı elm dinamiyini əldə edə bilməyən bir cəmiyyət yaşadığı dövrə və texniki inkişaflara məğlub olacağı kimi, ittifaq qurub təfriqəyə qarşı mübarizə aparmayan bir cəmiyyət də müasirlərinə məğlub olacaqdır. Bəli, bu dünya Qərb Avropa Birliyi və Gömrük Birliyi kimi birlikləri təsis edərkən, əgər öz içindəki çəkişmə və çaxnaşmaları məğlub edə bilməsə, düşmən birliklər qarşısında uzun müddət tab gətirə bilməyib məğlubiyyəti qəbul etmək məcburiyyətində qalacaqdır.
Digər tərəfdən, kasıblıq və zərurətə qarşı zənginlik yollarını araşdırmayan bir millət, gec-tez başqalarının əsarəti altına düşməyə məhkumdur. Belə bir məhkumiyyətə düşmüş müsəlman bir millət kafirlərin hökmü altına girdiyi üçün Allah qatında da məsul və günahkar sayılır. Buna görə, müsəlmanlar hər zaman İslam dininin prinsiplərinə bağlı olmaqla yanaşı şəriəti-fitriyənin qanunlarına da riayət etməlidir. Çünki şəriəti-fitriyəyə riayət etmək sədd-i zerai (ortaya çıxa biləcək mənfi halların qarşısını almaq) baxımından -fiqhə aid bir qanundur- vacib hökmündədir.
Bu təməl düşüncəyə əsasən, hər mömin -qanuni (halal) dairədə olmaq şərtilə- mütləq bir yol tapıb zəngin olmalıdır. Lazım olanda sərmayələr birləşdirilməli, ölkədaxili, ölkəxarici investisiyanın etibarlı və rəqabətli növlərinə mütləq sərmayə qoyulmalıdır. Müsbət və dini elmlərlə yetişmiş insanlar vasitəsi ilə gələcəyi qucaqlamaq və zamanı hər yönü ilə bizim lehimizə çevirmək üçün iqtisadiyyatın bu təsir gücü unudulmamalı və hal-hazırda iqtisadi güc ona sahib olan əllərdən mütləq alınmalıdır. Allah (c.c.) Qurani-Kərimdə yer üzünün saleh insanlara miras qoyulduğunu xəbər verir (Ənbiya, 21/105). Elə isə, möminlər öz bilgisizlikləri və prinsipial iş görməmə səbəbi ilə başqalarına qapdırdıqları yerlərini geri almaq məcburiyyətindədirlər. Bu baxımdan, möminlərin ölkədaxili və ölkəxarici sərvət qazanma yollarını kəşf edib zəngin olmaları şərtdir. Çünki bütün varlığı ilə xidmətə bağlanmış bu insanların ticarət etmələri, pul itirmə qorxuları -niyyətlərinə görə- düşmən qarşısında keşik çəkmənin qorxusu kimi savab qazanma vəsiləsi ola bilər. Çünki xeyir yolunda bəzən şər kimi görünən işlər belə xeyir ola bilər.
Məsələn, möminin namazını rahat qılmaq üçün bədəndən artıqları çölə atması.. təharətdən çıxanda da "Sübhanəkə" və ya "Ğufranək" deməsi.. dəstəmazını yaxşı almaq üçün istibra etməsi və azanı diqqətlə dinləyib diqqətini namaza toplaması.. bəli, bunların hər biri bir ibadətdir. Çünki fuqəhaya görə, xeyir yolunda və o xeyirə səbəb olan hər qanuni səbəb bir ibadətdir. Elə isə, bu ölkənin iqtisadiyyat və təhsil baxımından inkişaf etdirilməsi, birlik və bərabərliyimizin təmin edilməsi, müsəlmanların dövlətlər müvazinətində o əhəmiyyətli yerlərini əldə etmələri mülahizəsi ilə göstərilən hər cür təşəbbüs bir ibadət hökmündədir.
Burada xatırladılmalı olan başqa bir məsələ də peşə qurumlarının ciddi şəkildə təşkilatlanaraq bir-birləri arasında həmrəylik qurmalarıdır. Bəli, hər bir peşənin mütəxəssisləri öz aralarında birləşməli, mütəşəkkil işə girməli və Allahın izni ilə, məğlub edilməz bir güc halına gəlməlidir. Hərçənd ki, bizim heç kimlə rəqabət aparmaq kimi bir niyyətimiz yoxdur. Lakin bir-birini sevən və özünün qazandığı qədər qardaşının da qazanmasını arzu edən, eyni düşüncəyə sahib insanların bir araya gəlməsi çox əhəmiyyətlidir.. və təbii ki, belə bir birlik başqa cür və başqa niyyətlərlə bir araya gəlmələrdən də çox fərqlidir. Belə bir fərqliliyi ortaya qoya bilmək üçün də bu cür təşəbbüslərə ehtiyac vardır. Məsələn, Yaponiyada olduğu kimi, ölkəmizdə də gənc, yetkin və yaşlı iş adamları bir araya gələ bilər, konfrans və seminarlar tərtib edib işləri ilə əlaqəli məsələləri dərindən müzakirə edə bilərlər. Bu müzakirələr nəticəsində ölkədaxili və xaricdə həyata keçirəcəkləri bütün iqtisadi təşəbbüslərdə bir-birilərinə dəstək ola bilər və fərdi təşəbbüslərin yerinə kollektiv şüuru hakim edərək onun rəhbərliyi ilə zirvələrə yüksələ bilərlər.
- tarixində yaradılmışdır.