İctimai Ədalət

İslamiyyətlə birlikdə gələn ictimai ədalətin əsasları nələrdir?

İslam – inanc, ibadət, müamilət (davranış qaydaları, hal və hərəkət), əxlaq və ədəb hökmləri ilə bir vəhdət təşkil edir. Bunlardan birinin olmaması, vəhdəti və bütövlüyü pozar və vəhdətdən gözlənilən məqsədin reallaşmasına mane olar. Quranın “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım...” (Maidə, 5/3) ayəsi, İslamın bir sistem kimi vəhdətini bildirən ən böyük dəlildir.

İctimai ədalət adlı məfhum da bu vəhdətin cəmiyyət həyatına əks olunması ilə ortaya çıxan bir nəticədir. İslamiyyətin ilk dövrlərində İslam bir bütöv olaraq yaşandığı üçün ictimai ədaləti bir məfhum kimi, bəlkə də, heç kəs bilmirdi, çünki o bir həqiqət olaraq onsuz da bilavasitə qüvvədə idi. Həyat, etiqad, iqtisadiyyat, müamilət və s. hər yönü ilə qol-qola, çiyin-çiyinə ahənglə addımlayırdı.

Kommunizm, kapitalizm kimi bəşəri sistemlər öz qayda-qanunlarındakı nöqsanlardan meydana gələn uçurumu aşmağa çalışarkən bəşər övladı ictimai ədalət məfhumu ilə tanış oldu. Bu mərhələdən sonra İslam alimləri “ictimai ədalət” məfhumu üzərində fikir yürütməyə, tədqiqat aparmağa və ona aid əsasları islami nəsslərdən çıxarmağa başladılar. Mərhum Seyid Qütb bu ad altında müstəqil bir əsər də yazdı. Əslində görülən bu işlər, sadəcə məsələnin sənədləşdirilməsindən ibarətdir. Çünki yuxarıda da ifadə etməyə çalışdığımız kimi, bizim dünyamızda ictimai ədalət İslamın bir bütöv olaraq tətbiq edilməsi ilə bilavasitə ortaya çıxan nəticədir. Səbəb deyil, nəticədir.

İctimai ədalət – cəmiyyətin təbəqələri arasında müxtəlif sahələrdə ahəngin, bərabərliyin təsis edilməsidir. Məsələn, cəmiyyət üzvlərinin gəlirlərinin bərabər olmasa da, aralarında dəhşətli uçurumun olmaması iqtisadi sahədəki, hər kəsin azad iradəsi ilə sistem daxilində seçmə və seçilmə hüququna sahib olması idari sahədəki, amir-məmur, əsnaf-işçiyə və s. baxılmadan qanun qarşısında hər kəsin bərabər olması ədli sahədəki ictimai ədalətin göstəriciləridir. Nümunələrini verdiyimiz, və yaxud da vermədiyimiz sahələrdə qeyri-tarazlıq, əlbəttə ki, cəmiyyətdə anarxiya və qarışıqlıqlara gətirib çıxaracaq. Varlı-kasıb, əzən-əzilən, aristokrat-səfil kimi qütbləşmələri özü ilə gətirəcək. Hal-hazırda Qərb dünyası da vəsf etdiyimiz bu çərçivənin xaricində deyil. Hətta onların sistemləri ilə idarə edilən islam ölkələri də bu kateqoriyaya, çox təəssüf ki, daxildir.

Bu qısa girişdən sonra, sualda bildirilən İslamın ictimai ədalətə gətirdiyi əsasları bütövlükdə sərf-nəzər etmək, sizin də bildiyiniz kimi, bir söhbətin çərçivəsinə sığmaz. Bu mövzuda bir çox müstəqil əsərin yazıldığını -ki buna təmas etmişdik- nəzərə alaraq, məni üzrlü qəbul edəcəyinizi ümid edirəm. Buna görə də, ictimai ədalət mövzusu üçün bəzi həssas nöqtələrə Əsri-Səadət nümunələri ilə təmas edək, o vəhdəti nəzərə alaraq suala cavab verməyə çalışaq.

Hz. Muhamməd (s.ə.s.) Zeyd b. Harisəni peyğəmbərliklə şərəflənmədən öncə satın almışdı. Sonra ona azadlıq verdi və övlad kimi öz yanında saxladı. Onlar bir-birilərinə o qədər isinişmişdilər ki, illər keçəndən sonra bir gün Zeydin atası onu axtarıb tapmış və illərlə axtardığı bu əziz övladını aparmaq istəmişdi... Əfəndimiz (s.ə.s.) gedib-getməmə mövzusunda ona tamamilə sərbəst verdi. O isə gözü yaşlı Əfəndimizə (s.ə.s.) baxmış, hüzuruna qaçmış və: “Mən Səninlə qalmaq istəyirəm,” demişdi. Əfəndimiz də onun bu mərdliyi müqabilində qollarından tutub bir daşın üzərinə çıxardıb: “Şahid olun, Zeyd bundan sonra mənim övladım”, - buyurmuşdu. “Əhzab” surəsində “Onları (əsil-nəsibləri bilinsin deyə) öz atalarının adları ilə çağırın,” (Əhzab, 33/5) ayəsi nazil olana qədər də ona “Zeyd b. Muhamməd” deyildi. Bu, o dövrün sahib-kölə münasibətinə bir nümunədir.

Eyni müstəvidə bir başqa nümunə: Əbu Zərr (r.a.) bir gün əlinə aldığı geyimlik parçanı ikiyə bölmüş, bir hissəsini özünə, digər hissəsini də köləsinə ayırıb paltar tikdirmişdi. Bu hərəkətin səbəbini soruşanlara o, Əfəndimizin (s.ə.s.) hədisi ilə cavab vermişdi: “Onlar (kölələriniz) sizin himayənizə verilmiş qardaşlarınızdır; yediyinizdən yedirin, geydiyinizdən geydirin, ağır iş yükləməyin, əksinə işlərində kömək olun.”

Bir gün Allah Rəsulunun hüzuruna Mudardan müsəlmanlar gəldi. Mudar əsl ərəblərdən ibarət bir qəbilə idi.. əynində yundan geyimləri var idi, çünki geyməyə başqa heç nə yox idi. Məscidi tər və yun qoxusu bürümüşdü. Əfəndimizin (s.ə.s.) gözləri bulud kimi doldu.. onları bu halda iztirab içində görüncə az qala ağlayacaqdı. Sonra səhabələri yardıma, köməyə təşviq etdi. Əshabi-kiram hələ onda kömək dünyagörüşü və düşüncəsinə malik deyildi, öyrənə bilməmişdilər. Yaxşı ki, biri yerindən sıçrayıb getdi, əlinə nə keçdisə, gətirdi. Onun arxasınca başqaları da.. nəhayət məsciddə xeyli mal yığıldı. Bir az əvvəl mübarək üzünə buludlar çökən o insanın qüdsi çöhrəsi par-par parlamağa başladı. Səhabə əfəndilərimiz onun təbəssümünü: “Sevinəndə üzü elə parlayırdı ki, sanki günəş idi” cümlləsi ilə günəşə bənzədirdilər. Təbəssüm etdi və buyurdu ki: “Bir şeyə səbəb olan, o işi görmüş kimidir”.  Yığılanlar o qəbilədən gələnlərə paylandı, onlar da hər şeydən razı qalıb getdilər.

Bu üç nümumədə göründüyü kimi, ağa-kölə, məmur-işçi, varlı-kasıba baxmadan İslamın gətirdiyi əsaslarla toplum arasında qaynaşma və yaxınlaşma təmin edilir. Belə bir əsaslarla yaşayan bir cəmiyyətdə işçinin iş sahibinə, kölənin ağasına nə etirazı, nə sabotajı, nə də üsyanı olar.

Əsri-Səadətdə səhabələrdən biri bir gün nəfsinə məğlub olub küçədən keçən bir qadına toxunur, öz ifadəsi ilə onu öpür. Lakin sonra vicdanı onu rahat qoymur, etdiyinə min peşman olub Nəbilər Sərvərinin yanına gəlir. Əslində bu səhabə, yalnız Allahın, o qadın və özünün bildiyi bu hadisəni gizlədərək, heç kəsə deməyə bilərdi. Onun bu mərdliyinə Quran belə qarşılıq verir:

“(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)” (Hud, 11/114). Burada əsas məsələ səhabənin işlədiyi və bəlkə də, heç kəsin görmədiyi, görsə də inkar edə biləcəyi bir günahı gəlib Nəbilər Sərvərinə səmimi şəkildə etiraf edə bilməsidir.

Bu müstəvidə bir başqa nümunə də Hz. Maiz (r.a.) ilə əlaqədardır. O, bir gün baş-gözünə vura-vura Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir: “Ya Rəsulullah! Cəzamı ver!” Allah Rəsulu: “Nə oldu sənə?” deyə soruşanda da: “Zina etdim,” -deyir. Bəli, o zina etmişdi, ancaq Allahdan başqa heç kəs onun zina etdiyini bilmirdi. Allah Rəsulu: “Get tövbə et, Allahın bağışlamayacağı günah yoxdur” -deyərək onu göndərir. O gedir, bir daha geri qayıdır. Bu gedib-qayıtma bir neçə dəfə təkrarlanır. Allah Rəsulu da hər dəfə: “Get tövbə et, Allahın bağışlamayacağı günah yoxdur” -deyib onu göndərir. Nəhayət, Maiz: “Cəzamı ver, məni vicdan əzabından qurtar”, -deyir. Allahın bu mövzudakı hökmü isə aydındır; Maiz daşqalaq ediləcək. Daşqalaq edilərkən ağrıya dözə bilməyən Maizi bir ara qaçmaq istəyir, lakin orada olanlardan biri əlinə keçirdiyi bir sümük parçası ilə buna fürsət vermir və Maiz oradaca son nəfəsini verir. Hətta bir nəfər də ona nalayiq söz atır. Aradan bir iki gün keçmiş Allah Rəsulu (s.ə.s.) belə buyurur: “Maiz üçün istiğfar edin, elə bir tövbə etdi ki, əgər tövbəsi yer üzünə paylansa idi, hər kəsə çatardı. Çünki heç kəsin olmadığı bir yerdə günah işlədi, lakin heç kimin bilməməsi günahını etiraf etməsinə mane olmadı...” Günah işləyən insan gəlib günahını söyləməlimi, xalqın içində açmalımı? O ayrı məsələ. Lakin səhabənin vicdanı bu idi.

Bir günah işlənmişdi; bu günahın bir ortağı da vardı. O da ortaya çıxacaqdı.. Bunu heç kəs bilmirdi. Qısa müddət sonra Gamiddən bir qadın gəldi. Maizin dediyi sözləri təkrarlayır, Cənabi-Haqqın hüzuruna ləkəli getmək istəmədiyini deyirdi. Əfəndimiz (s.ə.s.) onu da göndərmək istəyincə: “Maizi başdan sovduğun kimi, məni də sovmaqmı istəyirsən?” -dedi. Allah Rəsulu onun da günahlarını təmizlənməkdə qərarlı olduğunu anlamışdı. Lakin bətnindəki körpəyə də eyni cəzanı vermək doğru olmazdı. Buna görə Allah Rəsulu onun uşağı dünyaya gətirməsinə icazə verdi. Bir müddət sonra qadın qucağında körpəsi ilə təkrar gəldi. Bu səfər də Əfəndilər Sərvəri (s.ə.s.) körpənin hələ anaya ehtiyacı olduğunu deyərək bir az böyütdükdən sonra gəlməyini söylədi. Qadın getdi, uşağını yemək yeməyə öyrətdi, hətta bəzi zəif rəvayətlərə görə, ağzına bir loğma qoydu və yemək yeyə bildiyini göstərmək üçün bu şəkildə Əfəndimizin (s.ə.s.) hüzuruna gətirdi. Daha sonra isə tərəddüdsüz, sevə-sevə qaşqalaq olunmağa getdi. Ona kimsə nalayiq söz atınca, Əfəndimiz (s.ə.s.) həmin şəxsi bu hərəkətinə görə qınadı.

Eyni mövzuda bir başqa nümunə də Hz. Ömər (r.a.) dövründən verək:

Hz. Ömər dövründə daim məscidin ön cərgələrində səf tutan bir gənc vardı. Bir gün bu cavan Hz. Ömərin (r.a.) gözünə dəymədi. Harada olduğunu soruşanda, araşdırdılar və işin həqiqətini öyrəndilər. Belə ki, məscidə gəlib-gedərkən bir fəttan, bir iffətsiz qadın bu subay gəncin qabağını kəsir, onun ruhuna girmək istəyirmiş. Nəhayət, bir gün qadın bir bəhanə ilə gənci içəri aparır. Əxlaqsız şeylər təklif edir. Gənc isə bu təhlükəli məqamda günahla göz-gözə ikən hiss edir ki, dili nəsə təkrarlayır. Diqqət yetirəndə bunun: “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar,” (Əraf, 7/201) ayəsi olduğunu görür və Cənabi-Haqqın onu yalqız qoymadığını anlayır.

Hz. Yusuf (ə.s.) kimi Rəbbinin bürhanına şahid olduğu üçün də oradaca yıxılır və ruhunu Allaha təslim edir. Aparıb basdırırlar. Hz. Ömər (r.a.) onun məzarının başına gələrək ona: “Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət gözləyir (Rəhman, 55/46)!” -deyir. O əsnada birdən-birə bir səs gəlir məzardan: “Ya Ömər! Rəbbim mənə sənin dediyinin iki qatını bəxş etdi”.

Bu misallarda da gördüyümüz kimi, cəmiyyət inanc və əməl baxımından bütünləşmiş və bunun nəticəsində də hər şəxsin öz nəfsinə nəzarət etməsi təmin edilmişdi. Artıq o toplumda heç kəs özündə şəxs yaşadığı ictimai mühitə zərər vermə haqqını görmürdü. Məhz belə anlayışa malik insanların qurduğu cəmiyyətdə ictimai ədalət bilavasitə reallaşırdı.

Varlı-kasıb nizam-intizamı baxımından da İslam ictimai həyatda nizamlayıcı rola malik bir çox əsaslar gətirmişdir. Zəkat, sədəqə, qurban, kəffarə, hədiyyə, qərzi-həsən (borc alıb-vermə) bunlardan ağıla gələn ilk əsaslardır. Tarix də şahiddir ki, bu əsaslar həyata həyat verdiyi dövrdə indiki kimi nə ictimai təbəqələr arasında qorxunc uçurumlar vardı, nə də bu təbəqələrin bir-birlərinə bəslədiyi kin və nifrət. Varlı varlılığın haqqını verir, zəkatını, yeri gələndə sədəqəsini ehtiyacı olanlara yağdırırdı. Elə bir onlar Allahın, belə demək düzdürsə, mal-mülkünü paylayan məmurları idilər. Verdikləri bu qədər ehsan və lütf qarşısında təkəbbürə, lovğalığa qapılmır, kasıblara minnət etmir, özlərini Allah malının əmanətçisi bilib paylayırdılar. Elə, “Onlar zəkat vermək üçün daim fəaliyyətdələr” (Muminun, 23/4) ayəsi onları təsvir edir.

Bir neçə müxtəlif mövzularda misallarını verdiyimiz bu toplum İslamın həyatın hər sahəsini əhatə edən qayda-qanunlarını bütövlükdə yaşayırdı. Bunun təbii nəticəsi olaraq da bəşəri sistemlərin əsrlərdən bəri sadəcə xəyalını qurduqları, lakin heç cür reallaşdıra bilmədikləri ictimai ədalət İslam toplumunda həyata keçirdi.

Xülasə, ictimai ədalətin reallaşması həyata yalnız iqtisadi baxımdan yanaşan, insanı istehsal və istehlak edən bir məxluq olaraq görən və bu fikiri əsas qəbul edən bəşəri sistemlərlə mümkün deyildir. O ancaq, həyata bir bütöv olaraq yanaşan İslamın ümumbəşəri dəyərləri ilə həqiqət ola bilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.