İlahi inayət və bu inayətin davam etməsi

Sual: Allah-Təalanın inayəti ilə ölkə daxili və xaricində bir çox imkanlar bəxş etdi. Bu İlahi inayət və bərəkətin kəsilməməsi üçün nə tövsiyə edərdiniz?

Cavab: Bəli, hər halda hamımız bunun fərqindəyik. Dünən orada-burada gəzib-dolaşanları Allah götürüb inayət və kərəmi ilə müəyyən bir səviyyəyə çatdırdı. Hər şeydən əvvəl bunu belə qəbul etmək və bu camaatın bir "inayət camaatı" olmasını dərk etmək lazımdir. Müəyyən bir dövrdə bu işi səmimiyyətlə, ixlasla başladan şəxslər oldu. Bu gün bu camaatın vəzifəsi də onlardan bizə miras qalan bu fəaliyyəti eyni səmimiyyət və xalis niyyətlə hədəfinə çatdırmaq olmalıdır.

Bu həqiqətə təmas etdikdən sonra, indi də üstümüzə leysan kimi yağan İlahi inayət və bərəkətin kəsilməməsi üçün, çox yerdə deyilib yazıldığı kimi, qısaca bunları ifadə etməkdə fayda görürəm:

1. Nəfsimizə qazanılan uğurlar və görülən işlərdə cüzi bir payımızın da olmamasını qəbul etdirməliyik. Bəli, hər şeyin Allah-Təalanın lütfü, bərəkəti və inayəti ilə olduğunu qəbul etməli və beləliklə həm şirkdən qurtulmalı, həm də nəfsin içimizə axıtdığı xudbinlikdən uzaq durmalıyıq.

2. Bununla yanaşı: "Biz bu işin içində olmasaydıq, güman ki, daha xalis niyyətli insanlar bu işə əl atardı və daha böyük uğurlar qazanılardı," deyə düşünməli və "Allahın inayəti mənbəyindən gəldiyi kimi fəaliyyətimizdə (xidmətimizə) əks olunmur, nəfsimizə, xudbinliyimizə dəyib qırılır. Bu səbəblə çox geridə qalırıq," deməliyik.

Əvvəllər bizə belə deyərdilər: Böyüklərin yanına bir nəfər gəlincə "Qardaş, neçə nəfərin qatilisən?", yəni "Neçə nəfər sənin ucbatından həqiqəti tapa bilmədi?" deyə soruşarmışlar. Biz də bu daim bu əndişəni ruhumuzda duymalıyıq ki, ilahi inayət kəsilməsin.

3. Gördüyümüz işlər və əldə olunan uğurlar artdıqca təvazö və ibadətlərimiz də artmalıdır ki, öz özümüzün (nəfsimizin) altında qalıb əzilməyək. İmam Rabbani bir yerdə özünə it qədər dəyər vermir, hətta eşşək belə olmadığını deyir. Bu düşüncə ruhumuza həkk olmalı və bu bizdə adi hala gəlməlidir. Sevgili Peyğəmbərimiz (s.ə.s.) səhər və axşam oxuduğu dualarda və tövbə üçün səcdəyə gedəndə: "Ya Hayyu, ya Qayyum, birahmətikə əstəğis əslihli şəni qulləhu və latəkilni ilə nəfsi tarfətə ayn", yəni: "Ya Hayy, ya Qayyum! Səndən mərhəmət diləyirəm. Məni islah et və məni bir göz qırpımı da olsa, nəfsimlə baş-başa buraxma," deyə dualarla yalvarardı. Biz də bu duanı çox təkrar etməli və bir anlıq da insafsız nəfislə baş-başa qalmamalıyıq.

4. Yuxarıda ifadə edildiyi kimi, hər nöqsan və qüsuru özümüzdən bilməli, nəfsimizi bu xidmətin qarşısında bir maneə olaraq görməli, hər müvəffəqiyyəti əlavə bir İlahi ehsan qəbul etməli və Allaha istinad etməliyik. Qarun ondakı nemətləri özündən bilir və "bütün bunlar mənə elmimə görə verildi," deyirdi. Qarunlar və Fironlar belə deyirlər. Ancaq Peyğəmbərlər və Peyğəmbərimiz (s.ə.s.): "Mən nə bir zərrə mənafenin, nə də bir zərrə zərərin sahibi deyiləm," inancını daşımışlar. Bəli: "bildim, etdim, tutdum, çatdım" düşüncəsi firon düşüncədir.

Peyğəmbərimiz belə buyurur: Bir insanın hidayətinə səbəb olmaq səhra dolu qırmızı dəvələrdən daha xeyirlidir. Əgər sizin əlinizlə, vasitənizlə bir milyon insan hidayətə gəlsə, siz bunu özünüzdən bilsəniz, bu sizi Cənnətə deyil, guman ki, Cəhənnəmə salar. Qurani-Kərimin bu mövzudakı bəyanı açıq-aşlardır: "Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!" ("Saffat" surəsi, 37/96). Bəs bu xeyrlərdən payımıza düşən nədir? Payımıza düşən ancaq acizliyimizdir (əcz), fəqirliyimizdir (fəqr). Bəli biz acizliyimizlə Onun qüdrətinə, fəqirliyimizlə zənginliyinə yol tapar, şükrlə, şövqlə xidmətimizə davam edərsək, bu uğurlar da davam edər.

5. Hər xeyir və müvəffəqiyyəti Allahdan görmə şüuru özünü Onun adını yayma cəhdlərimizdə və qısqanclığımızda göstərir. Gizli riyalar da var, məsələn bəzən: "Filan işdə uğur qazandıq. Aciz olsaq da Allah filan işi bizə gördürdü" deyə gizli-gizli riyaya giririk. Bəzən yanıma gələnlər "filan qədər insanla filan şeyi oxuduq, filan qədər ziyalı ilə söhbət etdik" kimi sözlərlə özlərindən bəhs edirlər. Halbuki biz daim Allahdan danışmalı və bu mövzuda çox qısqanc olmalı, Allahdan qeyri bir şeyə meyil etməməliyik?

Ümimiyyətlə dəcəl uşaqlar çox sevilir. Söz uşaqlara gələndə biz də uşağımızdan danışmağa istəyirik, buna can atırıq. Bəzən yazılarımızın, dil qabiliyyətimizin gözəlliyini gözəlliyini nümayiş etdirmək üçün fürsət axtarırıq. Bunlar bizə yaraşmayan şeylərdir. Hətta çox çirkin əməldir. Halbuki biz hər imkanda mütləq Allahı anlatmalıyıq. Bir yerdə vəfadan və vəfalı yoldaşlardan bəhs olunursa, dərhal sözə girməli və "Allahdan vəfalı, daha sadiq dostmu var?" deyib Allahı anlatmalıyıq. Haqqa riayət və haqqın yerinə yetirilməsindən söz açılıbsa, dərhal: "Əgər yerinə yetiriləsi bir haqq varsa, o da bizi yoxdan var edən, bizə həyat bəxş edən, insan səviyyəsinə yüksəldən, möminliklə şərəfləndirən, üstəlik imana və Qurana xidmət etdirən Allahdır," deməli və Allah (c.c.) dura-dura başqaları haqqında danışarkən qısqanclıq hissi ilə narahat olmalıyıq. Hələ biri durub: "Məclisdə danışdım, xalq coşdu və filan qədər himmət toplandı," desə, narahat olmalı və "Buna bax, Rəbbimiz dura-dura özündən danışır," deyə için-için yanmalıyıq.

Bəli, Allah nəzdində yerimizi, məqamımızı öyrənmək istəyiriksə, Allahın nəzdimizdə (əməl və düşüncələrimizdə) yerinə baxmalıyıq. Onunla olan irtibatımızı gözdən keçirməli, daim buna nəzarət etməli və həmişə oyaq olmalıyıq.

Əgər Onunla irtibatımız möhkəmdirsə, hər fürsətdə Onu anlatmağa bir yol tapacaq və dolayısilə də yalnız Onu görəcək, Onu tanıyacaq, Onu düşünəcək, Onunla oturub-duracaq, Onun üçün baxacaq və qəlb qapılarımızı Ondan başqa hər şeyin üzünə örtəcəyik.

6. Allahın yardım və inayətinə ən böyük bir səbəb də "vifak və ittifaq"dır (amal birliyi). Allahın inayətinə nail olmaq üçün sərmayə lazımdır, bu sərmayə də camaat içində vifak və ittifaqın qorunmasından, bölünmə və ixtilafa düşməməkdən asılıdır. Bir olduğumuz zaman gözlərin görmədiyi, qulaqların eşitmədiyi, ağılasığmaz lütflərə nail olar və Qaf dağından ağır yükləri daşıya bilərik. Əksinə, vifak və ittifaqımız pozular, bir-iki nəfər qalarsaq, nə edirsiniz-edin, vifak və ittifaq olmasa, əsas dinamizmi itirər və İlahi inayətin kəsilməsinə səbəb olarıq. Bu baxımdan, bütün cəhd və səyimizi dəmir kimi, polad kimi "bünyanı-mərsus" olmaq üçün sərf etməliyik. Quran: "Allahın (qüdrət) əli onların əllərinin üstündədir," ("Fəth" surəsi, 48/10) deyə fərman edir. Bu baxımdan da, zənnimcə, camaata gələn İlahi ehsanı insanlığı irşad etmək istedadına malik qütb, qövs və fərdi- fəridlər əldə edə bilməzlər.

İnsanlıq çətindir, qulluq ondan da çətindir. Axır zamanda böyük bir missiyanı həyata keçirmə məcburiyyəti isə hər şeydən daha çətindir. Biz çətinliyi istəyirik. Dağların, göylərin qaçdığı çətinliyi, yəni çiynimizə mənlik və iradəni yükləmişik və bu mənlik və iradəmizi də bu çətinliyi dəf etmək üçün Allahın güc və qüdrətinə sığınaraq gücləndirəcəyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.