İnsan və məsuliyyətləri

Sual: Elə insanlar var ki, dünyaya gəlməmişdən iqtisadi, siyasi və mədəni haqları əllərindən alınmış olur. İslam bərabərliyi müdafiə edən bir dindirsə, müsəlmanların mühafizəkarlığı onlara məsuliyyət yükləməzmi?

Cavab: Mən bu sualı belə başa düşdüm: Bəzi insanlar dünyaya gələrkən əsarətdə, əsir düşmüş bir şəxsin övladı olaraq dünyaya gəlir. Bəlkə də, müharibə dövründə azadlılığını itirib əsir olublar. Bəziləri də ya atasının, ya da babasının tənbəlliyi və miskinliyi ucbatından var-dövlət qazana bilməyib kasıb qalır. Bu səbəblə belə insanlar dünyaya başqalarına möhtac olaraq gəlir, böyüyür; inkişaf imkanları olmadığına görə bir ömür bundan məhrum qalır. Əgər o başqasının qapısında xidmətçi olduğuna görə təhsil almağa imkanı yoxsa, nə məktəbə gedə bilir, nə də universitet oxuya bilir. Bəli, bir mənada o oxuma imkanından məhrumdur. Bəzi insanları iqtisadi haqlardan, bəzilərini də təlim və tərbiyədən məhrum qoyan belə bir mühafizəkar tutumu davam etdirmə, mühafizə etmə və bunu qoruma əgər müsəlmanlar tərəfindən həqiqətən mənimsənilib, mühafizə edilibsə, bunu edənlər məsuldurmu?

Əgər sualda qəsd edilən məqsəd budursa, əvvəla, deyim ki, bu dünya imtahan dünyasıdır. Bəziləri kasıb doğulur, bəziləri təhsildən məhrum olur, bəziləri də istədiyi halda cəmiyyətə faydalı olmaq üçün zəmin tapa bilmir… Bu, qədərlə bağlı bir məsələdir. Cənabi-Haqq bəzi insanları belə yaradır. Bəli, kimi elə olur, kimi də belə. Səbəbini bilsək də, bilməsək də müəyyən səbəblərə görə bəzi insanlar haqqında belə fətva verilmişdir. Bu səbəblər, ümumiyyətlə, fərd və cəmiyyət olaraq bir millətin xətası, günahı, iradələrinin sui-istifadəsinin nəticəsi də ola bilər, bilmədiyimiz bir sirlə bəşərin sülhü, əmin-amanlığı üçün Cənabi-Haqqın təqdiri də ola bilər. Gəlin hər ikisini də daha geniş izah edək.

Hal-hazırda bəziləri yoxsulluq və zərurət içində yaşayırlar. Bu, bəzi fərdlər, qəbilələr və ailələrin başına gələ biləcəyi kimi, millətlərin də başına gələ bilər. Məsələn, türk milləti kasıbdır. Bunu deyərkən millətin böyüklərinin və onu bu hala gətirənlərin xətalarını nəzərə almadan, məsələyə sadəcə Allahın verdiyi fətva nöqteyi-nəzərindən baxsaq, qədəri tənqid etmiş və öz başımızı özümüz yarmış olarıq. Görəsən, bu millətin belə pərişan hala düşməsinə və səfilləşməsinə səbəb olan şey sadəcə Cənabi-Haqqın onlar barədə verdiyi fətvadır, yoxsa bu milləti bu hala gətirən əcdadların cahilliyi, maarif ocaqlarının tələblərə cavab verməməsi və idarəçilərin acizliyidir? Biz ikinci bəndə əhəmiyyət vermədən yalnız məsələyə birinci bənddən yanaşası olsaq, dinsizlərin iddia etdiyi kimi –haşa– Cənabi-Haqqa ədalətsizlik isnad etmiş olar və məsələni tam analiz edə bilmədiyimizə görə daim tərəddüd keçirərik.

Əvvəla, bu millət elm və mədəniyyət cəhətdən Qərb dövlətlərindən geri qaldısa, buna bir dövrdə Qərbin inkişafına çaş-baş baxan bəzi şəxslər səbəb olmuşdur. Bu şəxslər mədrəsələri inkişaf etdirə bilməmiş, yenilik gətirə bilməmiş, müsbət elmləri təhsilə tətbiq edə bilməmiş, daha sonra da müsbət elm üçün ayrıca məktəblər açmış, ancaq onu dinə, dini də ona düşmən göstərmiş; biri ruh, digəri cəsəd ikən din ilə müsbət elmləri bir-birinə düşmən etmiş və nəticədə də millət də geriləməyə başlamışdır. Beləliklə, bu şəraiti kim hazırladısa, əvvəla, günah ona aiddir. İndi onlar bu millətin çəkdiyini görürlərsə, bu əzab da onlarındır və axirətdə də Allaha hesab verəcəklər. Nəhayət, dinə aid məsələlərin günahı axirətdə cəza olaraq önümüzə çıxacağı kimi, "ayəyi- təqviniyə"yə (Allahın kainata qoyduğu qanunlar) riayət etməmək də eynilə axirətdə cəza olaraq mütləq onların qarşılarına çıxacaq.

Təsəvvür edin ki, bir millət bir dövrdə heç çalışmayıb, tənbəllik edib, hər şeyin ayağına gəlməsini gözləyib; başqaları da gözüaçıq olub çox çalışıb, qazanıb, dünyaya hökm edir, biz isə kasıb qalmışıq. Bu problemi nə qədərin üstünə atmaqla, nə də hal-hazırda işin başında olanları ittiham etməklə həll edə bilərik. Əgər bir millət, bir ailə, bir şəxs kasıb qalıbsa, onu bu hala salan səbəbləri yaxşı araşdırmaq lazımdır. Məsələn, biz kasıbıqsa, demək ki, atalarımız buna səbəb olub, Allah da bizim haqqımızda belə bir hökm verib. Əgər varlı olmaq istəyiriksə, əzmkar olmalı, iradənin haqqını verməli (qabiliyyətlərimizdən layiqincə istifadə etməli); ancaq haqqımızda "yaxşı millət" hökmünü verən yenə də Allahdır. Bu, işin bir yönüdür. Bəli, qədər iradəmizi hesaba qataraq bizim haqqımızda fətva vermişdir.

Məsələnin ikinci yönü, bu vəziyyətin belə davam etdirilmə məsələsidir. Bəli, bəziləri bunun beləcə davam etməsini arzulayırlar. Məsələn, kapitalist və kommunist fikirli insanlar millətin kasıb, mədəniyyətsiz və cahil qalmasını istəyir. Ancaq Allahı, Quranı və Rəsulullahı tanıyan heç bir mömin ictimai, iqtisadi, mədəni tənəzzülə razı olması qeyri-mümkündür. Hər kəs tezliklə bu səfalətdən qurtulmağa çalışacaq. Yəni biz bu miskinliyin, cahilliyin, iqtisadi çöküşün müdafiəçisi deyilik. Belə bir anlayışı davam etdirmək üçün də heç bir əsasımız yoxdur.

- Müxtəlif istismar və haqsızlıqların müşahidə edildiyi cəmiyyətimizdə müsəlmanların əzilənləri müdafiə etmək əvəzinə kapitalistlərin tərəfində görünmələri doğrudurmu?

Nə əqidə, nə də əməl baxımından heç bir müsəlman nəinki müsəlmanları, başqa millətləri istismar edənlərin tərəfində də ola bilməz. Ayrı bir məsələyə də toxunmaq istəyirəm. Əqidə baxımından bir mömin: "Mən kapitalistəm" desə, artıq ona mömin deyilməz. "Əqidə olaraq sosialistəm" desə, onun üçün də eyni şey keçərlidir. Necə ki: "Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" ("Ali-İmran" surəsi) və "Allah yanında (haqq olan) din, əlbəttə, islamdır" kimi ayələr bu həqiqəti açıq şəkildə ifadə edir. Bəli, Allah nəzdində yol, sistem və nizam yalnız İslamdır. Bir insan bunun xaricində heç nəyə sahib çıxmamalıdır.

Bir başqa mövzunu da xatırlatmaq istəyirəm. Nəinki bunlar, bir mömin: "Mən fikrimdə və ruhumla filan cərəyana bağlıyam" desə, yenə dindən çıxmış olar. Çünki hansı cərəyan olur-olsun "şəxsi mənəvi" olaraq Allahın qoyduğu yolun alternativi mahiyyətindədir və belə bir cərəyan içində dinin yeri yoxdur. Onsuz da biri durub desə ki, bu hərəkat dinə bağlıdır, tez-tələsik həbsə atılar. Buna görə də kimsə hər hansı bir yolu nəzərdə tutaraq qəlbən mən "filançıyam" iddiasında olsa, zəlalətə düşər. Ancaq hər hansı bir siyasi partiyaya səs vermək başqa bir şeydir. Əhvəni-şərdir (iki şərli işi daha az şərlisi), əşəddi-şərdir (iki şərli işi daha şərlisi), şərdir, amma bu bir vəzifədir.

Əslində müsəlmanın özünə xas siyasət xaricində bir siyasəti, hiylədən uzaq bir çarəsi var. O da budur: siyasətin bulanıq, dolanbaclı, əyri göstərən ab-havasından üz döndərərək hər cür anlayışın fövqündə, hər cür peşə, məşrəb, məzhəb xaricində bir "dərsi-həqiqət" verməsidir ki, müxalif və müvafiq hər kəs rahatlıqla əlini uzatsın və diksinmədən, ürkmədən, qorxmadan o həqiqəti götürsün. Quranın ali həqiqətlərini hər hansı bir yolun və məşrəbin rənginə boyayaraq o bənzərsiz cövhərlər ayaqaltına salınmamalıdır. İslamın yolu və üsulu budur. Qoyun insanlar səs vermək istədiyi yerə səsini versin, o, ayrı bir mövzudur. Müsəlman kommunizm və ya kapitalizmin tərəfdarı ola bilməz. Kommunizm, sosializm, İslam sosializmi kimi axınlar fəlsəfədən keçən xəstəliklərin çölə sızmasıdır. Sosializmin və ya kapitalizmin olduğu yerdə din yoxdur. İslamın olduğu yerdə də ondan başqa heç bir şey yoxdur. Allah nizamı və Allaha aparan yol – İslam heç nə ilə qarışdırılmamalı və bulandırılmamalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.