Kültür həyatımızdan gözlədiklərimiz

Sual: Bu gün kültür həyatımız bizdən nə gözləyir?

Cavab: Hal-hazırda bizim ən böyük vəzifəmiz bu millətin kültür həyatına xidmət etməkdir. Əgər bu vacib işi axsatsaq, hər şeyi axsadarıq. Məncə, dünyada ən zərərli mürtəcelik, gerilik, fanatizm varsa, o da budur. Çünki belə halda ya dövrün inkişafı ilə ayaqlaşa bilmir, ya da onu sadəcə təqib edirsiniz. Halbuki Qurandan sünnəyə, müctəhidlərin səmimi ictihadları və dövrümüzdə yol göstərmək naminə ortaya qoyulan düsturlara qədərki yolda sədaqətli, inqilabçı ruha malik olmasanız, inkişaf edən hadisələrlə Allahın lütf etdiyi ehsanları tanımada, müəyyənləşdirmədə və onlara motivasiya olmada çətinlik çəkər, bəlkə də, onlarla heç motivasiya da ola bilməzsiniz. "İrşad edirəm" deyə bir kənara çəkilər, insanları qaranlıq dəhlizə atar və: "Gəl hələ bir oturub mənqibə oxuyaq" deyib bununla təsəlli tapmağa başlayarsınız. Halbuki şərtlər dəyişib, çox şey başqalaşıb. Məsələn, İslamiyyətə aid mövzular artıq seminar, konfrans salonlarında tədqiq edilir. Və həmçinin şərtlər sizə universitetlərin, akademiyaların, tədqiqat mərkəzlərinin yolunu göstərir.

Bu gün həm müsbət, həm də dini elmlər sahəsində həllini gözləyən dünya qədər məsələ var. "Muhakemat" əsəri ilə çağı tənbeh edən və istedadlı insanları düşünməyə dəvət edən dövrün mütəfəkkiri Bədiüzzaman deyir ki: "Mənə görə, İslam milləti səkkiz əsrdir durğunluq yaşayır". Demək ki, bütünlüklə İslam dünyasında bu əsrlər ərzində çağın problemlərinə həll tapa bilən elm adamı yetişməmişdir.

Biz nisbilik nöqteyi-nəzərindən bəzi elm adamlarımıza layiq olduqları böyüklüyü verərək onları başımıza tac etsək də, bu böyüklük bizə görədir. Onların başımıza tac olmaları həqiqi böyüklüyün ifadəsi deyildir. Həqiqi böyüklük birinci, ikinci, üçüncü və hətta dördüncü əsrdə olmuşdur, indiki dövrdə də bu böyüklüyü o səviyyəyə yaxın reallaşdırmaq olar. Bəli, Hicri beşinci əsrdə bir düyünlənmə baş verdi. Və bu düyünlənmədə Nizamiyə, sanki, həm başlanğıc, həm də son oldu. Bir baxımdan demək olar ki, sonuncu dəfə İslam aləminə Nizamiyə mədrəsələri böyük töhfələr vermişdir. Bu son mənbə İmam Qəzalidən Fəxrəddin Raziyə uzanan silsilədəki bir çox dühaya feyiz qaynağı olsa da, daha sonralar məqsədindən çox geri qalmış və gözlənilən missiyanı yerinə yetirə bilməmişdir.

Yenidən bu günə dönürəm.

Xidmətimiz və fəaliyyətimiz çərçivəsində bəzi məsələləri qavramaqda gecikmələr olduğu kimi, ilişib yolda qalmalar da oldu.. gələcəkdə də olacaq. Bu, bir tələbəni evə yerləşdirmədən pansion, yataqxana, məktəb açmağa qədər kültür həyatımız adına aşılası hər mərhələdə yaşandı. Bunu xatırlatmağı faydalı görürəm. Bu bizə müxtəlif şəraitlərdə görüləcək tədbirlər barədə xəbərdarlıq olmalıdır.

Bəli, bir pansion açaq deyiləndə: "Bizdə belə şey varmı?" deyə münaqişə edilir, qiyamət qoparılırdı. Məktəb açma təklif veriləndə: "Mənim bu işlərə heç cür ağlım yatmır" deyən insanlar çıxır və fikirləri bulandırırdılar. Köhnə düşüncə və anlayışda olanlar daim qəzet, jurnal, televiziya və universitet açma kimi təşəbbüslərə mane olmaq istəyirdilər. Belə insanlar bilgi, düşüncə və fikir baxımdan yaşadığı dövrə bir neçə əsr geridən baxırlar. Və zənnimcə, gələcəkdə belə insanların sayı daha da çoxalacaq. Çünki bir çoxları dövrün sürətli elmi inkişafı ilə ayaqlaşmaqda çətinlik çəkəcək. Halbuki işıqlı gələcək üçün təməl əsaslara sədaqətlə yanaşı, inqilabçı ruhlara da ehtiyac var. Bu ruhdan məhrum olanlar gələcəkdə ya ələnib töküləcək, ya da başqalarına maneə törədəcəklər. Əlbəttə ki, onların imanları, Cənabi-Haqqla olan irti­bat­ları və məfkurəyə bağlılığı əhəmiyyətlidir, ancaq yenə də bu düşüncələrinə görə onlara "mürtəce" demək ən uyğunudur.

Əhli-dünyanın şeytanın danışdırması ilə, bizim haqda dediyi bəzi şeylərin, qənaətimcə, bir əsası olmalıdır. Bəli, bizim içimizdə, yuxarıda ifadə etdiyim kimi, kitabdan sünnəyə, ondan müctəhidlərin səmimi ictihadlarına və ondan da çağın rəhbərinin prinsip və düsturlarına sadiq olsa da, inqilabçı ola bilməyən və bəzi dəyişikliklərə hazır olmayan xeyli mürtəce ruhlu insanlar var. Əhli-dünya çox güman şeytanın işarəsi ilə bunu hiss edir ki, dayanmadan həqiqi müsəlmanlara olmasa da, bizə "mürtəce" deyir. Ölçünü yenə Bədiüzzamandan götürək, o deyir ki: "Mən içimdə ixlasa azca zidd bir şey hiss etsəm, əhli-dünya kəşf və kəramət səviyyəsində bir həssaslıqla məni təhdid etməyə başlayır...". Bəli, əhli-dünya öz anladığı mənada bizə "mürtəce və doqmatik" deyərək başdan-ayağa haqsızlıq və zülm edir. Ancaq məsələyə öz meyarlarımızla baxınca onların sözlərində həqiqət payı olduğunu görürük. Əslində bununla demək istəyirəm ki: Öz-özümüzü sorğu-suala çəkməliyik. Dövrümüzdə Quranı layiqincə təmsil edə bilirikmi? Heç olmasa hicri bir, iki, üç və dördüncü əsrləri çağdaş şərtlərə uyğun şəkildə həyata keçirə bilirikmi? Əgər bunlara müsbət cavab verə bilmiriksə, bəzi küfr doqmatiklərinin bizə yönəltdikləri sözləri "intaqi-bil-haqq (Allahın dedizdirməsi)" qəbul edib "bunları Allah dedizdirir" demək daha doğru olmazmı? Bu məsələni: "insanlar zülm, qədər isə ədalət edər" meyarı ilə də dəyərləndirə bilərik.

Gəlin düşünək: başqalarının seçdiyi məsələləri, sualları əhatə edən ən son fiqh əsəri Fateh Sultan Mehmet dövründə yaşamış və Fateh məscidində imamlıq etmiş mərhum Ustad Halepli İbrahim Əfəndinin yazdığı "Mülteka'l-Ebhur" və eyni dövrə aid Molla Hüsrev Həzrətlərinin yazdığı "Dürer və Gurer "dir. Aradan əsrlər keçib və təbii ki, çox şey dəyişib. Halbuki heyət qurmaq və bu sahədə mütəxəssis yetişdirib dövrün məsələlərinə həll tapmaq olardı. Və beləcə keçən dörd-beş əsr də əvvəlkilər kimi bizim əsrimiz ola bilərdi. Amma həqiqət budur ki, biz yeddi-səkkiz əsrdir müəyyən şeylərə ilişib qalmışıq.

Bizim bu dediklərimiz uzaq və yaxın sələfi-salehini xeyirlə yad etməyə mane deyil. Allah kainatın zərrələri qədər onlardan razı olsun! Ancaq sələfi-salehini xeyirlə yad etmək bir baxımdan da onlar kimi yaşamaqla mümkündür. Necə ki onlar yaşadıqları dövrü dərk etmişlər, hətta gələcək dövrlərə də xitab etmişlər; bizlər də eyni şəkildə yaşamaq və onlar kimi olmaq məcburiyyətindəyik.

Sözün buraya qədər olan bölümünü bundan sonrakılara bir müqəddimə, bir giriş qəbul edə bilərsiniz. Millət olaraq təhsil problemlərimizi həll etmək və bütünlüklə insanlığın kültür həyatına öz kültürümüzü hakim etmək məcburiyyətindəyik. Bu gün bizim təşəbbüsümüzlə universitetlər açma işi – ki, bu hələ bir layihədir – hansı dərslərin, hansı nisbətdə oxudulmasına dair plan və proqramı ilə reallaşdırıla bilsə, dövrlə ayaqlaşma naminə böyük bir addım atılmış olacaq. Yüksək səviyyəli tədqiqat mərkəzlərinin qurulması da çox əhəmiyyətlidir. Buralarda məşğul olan elm adamları elm adına bu günə qədər deyilən hər şeyi yenidən sorğu-suala çəkəcək və elmi bir daha şərh edəcəklər ki, bu olmadığı təqdirdə dualizmdən xilas olmaq mümkün deyil. Son cümlə ilə xüsusilə buna işarə etmək istəyirəm. Müasir dövrdə mövcud müsbət elmlər hər sahəsi ilə Qərb materializminə söykənir. Qərbliyə görə maddə əsasdır. İlk partlayış və termodinamikanın prinsipləri müzakirəsiz qəbul edilən "həqiqətlərdir". Təbii bu zaman biz din naminə bunları aşaraq bir şey deyəndə də məsələləri "yamaqlı boxça" kimi təqdim etməkdən qurtula bilmirik. "Sızıntı", "Zəfər", "Sur" kimi jurnalların bu barədə böyük xidmətləri var. –Allah fəaliyyətlərinə səmərə və bu fəaliyyətə könül verənlərə də savab versin!– Ancaq bu həqiqəti də görməməzliyə vurmaq doğru deyil. Görülən işlər Qərblinin elm anlayışı ilə sintez edilir və bu da istər-istəməz süni çıxır. Halbuki istənilən həqiqi dəyərləndirmə bu deyil. Və əfsuslar olsun ki, hələ o səviyyəyə çatılmamışdır. Çünki bizim öyrəndiyimiz texniki elmlər hələ bizim meyarlarımız əsasında möhkəm bünövrəyə oturdulmayıb. Hal-hazırda bizim elm tarixi yazıçıları müxtəlif fərziyyələr irəli sürərək bu mövzuda bir nəticə əldə etməyə çalışırlar. Ancaq elmi Qərbdən alıb ona İslami ölçü qazandırma düşüncəsinə söykənən bu fərziyyələrlə də əsaslı bir nəticə əldə etmək olmaz. Zənnimcə, elm nə qədər ki bu günkü bünövrəsi üzərindədir, onu müsəlmanlaşdırmaq mümkün olmayacaq. Ancaq bir gün müsəlmanlar Qərblilərə məxsus mövcud meyarları bir kənara atıb kəşf edilən hər şeyi təkrar laboratoriyaya salıb araşdıra bildiyi nisbətdə müsbət nəticə əldə oluna bilər. Hal-hazırda elmin oturdulduğu bünyə yanlışdır. Yanlışla doğrunu əldə etmək isə qeyri-mümkündür. Doğru bir məqsədin vasitələri də doğru olmalıdır.

Bu əhəmiyyətli missiya üçün də inqilabçı, yenilikçi ruha malik insanlar lazımdır. Onlar hal-hazırda mövcud olan hər düşüncə və anlayışı, İslami məsələlər daxil, yenidən gözdən keçirəcək, kitab və sünnə ilə təsbit edilmiş nəsslərin xaricində hər şeyi bu yeni anlayışla ölçüb biçəcəklər. Belə olduğu təqdirdə biz də elm adına dual yaşamaqdan xilas olacağıq. Buna necə etiraz edilə bilər ki? Bu kainat Allahın qüdrət, iradə və elmi ilə meydana gəlmiş bir kitabdır. Qurani-Kərim də bu kainat kitabının bir bəyanıdır. Bu iki kitab arasında, əsas etibarilə, heç bir ziddiyyət yoxdur. Bizim istədiyimiz anlayış da məhz budur. Bu reallaşdırılsa, dövr fəth edilmiş olacaq.

Bu gün artıq akademik səviyyədə işlərə girmək qaçılmazdır. Bu işləri yalnız elm və texnika ilə məhdudlaşdırmaq nöqsan olar. Hədis, fiqh, təfsir, kəlam kimi bütün İslami elm sahələri də bu akademik araşdırmalara daxil edilməlidir. Bunun üçün də texnikanın yüksək səviyyəli imkanından mütləq faydalanmalı və məsələn, mövzu hədis isə, rical (ravilərin bioqrafiyası) kitablar təkrar nəzərdən keçirilməli, mətn mətnin kriteriyalarına görə yoxlanılmalıdır. Çünki bəzi şeylər gözdən qaçmış ola bilər. Belə ki, bəzi alimlər sələflərinin gözündən qaçan rical ilə bağlı bir çox məsələni təsbit edib kitablarına daxil etmişlər. Buna Darekutni, Hakim və İmam Beyhaki kimi şəxsləri nümunə göstərmək olar. Bu nə İmam Buxarinin, nə də İmam Müslimin böyüklüyünə xələl gətirməz. Ancaq bu gün kompüter vasitəsi ilə aparılan təsbitlər, zənnimcə, keçmiş təsbitlərdən daha sağlam olacaq.

Bəli, məsələ sadəcə inananları cənnətə yönəltmək məsələsi deyil. Məsələ Cənnətə gedərkən dünyanın bütün qapılarını Firdövslərə açmaqdır ki, məncə, asas olan da məhz budur. Bu da elmlə, mədəniyyətlə və miras qoyulan İslami anlayışla, hətta onu həyata həyat etməklə və onu hər kəsin hüsnü-qəbul görəcəyi bir sistem halında təqdim etməklə olacaq. Bu isə ancaq bütün İslami məsələləri akademik səviyyədə tədqiq etməklə mümkündür. Avam düşüncə və avam görüşlərin bu məsələdə nəsə vəd edəcəyini ehtimal etmək ən zəif ehtimaldır.

Kültürümüz həqiqi kültürə malik insanlar tərəfindən dirçəldilib həyata keçiriləcək və yenə onlar tərəfindən canlılığı qorunub davam etdiriləcəkdir. Təbii, belə bir missiyanı daşıyan nəsilləri yetişdirmək də yenə bizim vəzifəmizdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.