Üfüq İnsanlar: Peyğəmbərlər
Sual: "Peyğəmbərlər insanlıq üçün son həddir. İnsanlığı o zirvəyə yüksəltmək mümkündür," – buyurursunuz. Bunu izah edə bilərsinizmi?
Cavab: Peyğəmbərlər Allahın seçdiyi və xüsusi təchizatlı mükəmməl insanlardır. Maddi-mənəvi ən gözəl vəsflərlə süslənmiş bu insanlar, eyni zamanda hər kəsin nümunə və model qəbul etdiyi xarakterə də malik olurlar. İnsanlar Allahın onlardan gözlədiyi və müəyyən bir səviyyəyə gəlmək istədiyi nöqtədə nümunə olaraq peyğəmbərləri görürlər.. onlar rəhbərliyi, atalığı, dövlət başçılığı, hakimliyi və möcüzələri ilə, xülasə, həyatın hər sahəsində insanlar üçün son həddir.
İndi isə bu mülahizələr çərçivəsində deyə bilərik ki: Peyğəmbər dimağı (ağıl, şüur) fiziki aləmi dərk etdiyi kimi, metafizikanı da əhatə edir. Çünki biz hələ vəhy məfhumunu, onun mələklə görüşmə məsələsini çözə bilməmişik. Onun həyatdakı bütün müvəffəqiyyətlərinə “fətanəti-uzma” deyirik. “Fətanəti-uzma” möhtəşəm və insanfövqü ağıl deməkdir. Allahın müqəddəs elçiləri onlara bəxş edilən nailiyyətlərlə bir çox məsələni həll etmişlər. Əslində bu səbəb olaraq onların şüur və idrakının fövqəlşüur olması ilə bağlıdır. Yəni Allah adi bir insanı seçib bu böyük vəzifə ilə şərəfləndirməmişdir. Allah peyğəmbərlərin ruhu kimi şüurlarını da fövqəladə inkişaf etdirmişdir. Bu baxımdan peyğəmbərlərin idrak səviyyəsi də ən yüksək səviyyə, son həddir və hər kəsin əldə etməyə çalışdığı bir zirvədir.
Peyğəmbərlərin möcüzələri də elmi tədqiqatların, inkişafın və idrakın son həddi sayılır. Hz. Süleymanın (əleyhissəlam) Bəlkisin taxtını Səbadan gətirtməsi və oradakı insanların da bunu görməsi görüntünün nəqlinə (cəlbi-surətə) işarət edir (Bax: “Nəml” surəsi, 27/40). Bu Peyğəmbərin bir möcüzəsidir və insanlıq üçün son həddir. Bəşər elm və tərəqqi ilə buna ancaq bir az yaxınlaşa bilər. Necə ki, televiziyanın icadı bəşərin bu səviyyəyə gəldiyini göstərir. Hz. İsa (əleyhissəlam) ən ağır xəstələrə şəfa verən – Qurani-Kərimin ifadəsi ilə – Allahın izni ilə ölüləri dirildən, korların gözünü açan, abraş (səpgi, qotur xəstəliyi) xəstəliyini sağaldan bir peyğəmbərdir (Bax: “Ali-İmran” surəsi, 3/49; “Maidə” surəsi, 5/110). Bununla Allah peyğəmbəri vasitəsi ilə insanlığa bunu demək istəyir: "Tibb sahəsində bir gün elə inkişaf olacaq ki, ölümə belə həyat rəngi veriləcək". Təbii bu: "Ölmüş insanlar dirildiləcək" mənasına gəlmir. Həmçinin, Hz. İbrahimin odda yanmaması insanın da buna nail olmasına bir dəvət hökmündədir. Bu gün insan oğlu “amyant” maddəsini kəşf edərək bunun qismən reallaşdırmış sayılır. Söz Sultanı Əfəndimiz (sallallahu əleyhi və səlləm) də nitq və kəlamda elə bir zirvədir ki, insanlığın o məqama yüksəlməsi bir zərurətdir.
Buna istinadən, insanlıq gələcəkdə bəzi həqiqətləri vicdanlara duyurmaq üçün gücünü, qüvvəsini nitqdən alacaq; kəlamın üslub və ədası ən təsirli bir silaha çevriləcək. Onsuz da, kütləvi informasiya vasitələri ilə günümüzdə görülən istər mənfi, istər müsbət işlər də bunun əhəmiyyətini göstərir.
Bəli, ölümə həyat rəngi vermək və odda yanmamaq mümkündür. Hətta bəlkə də, gələcəkdə görüntü ötürmə ilə yanaşı, cismin transferi məsələsi də baş tutacaq. Hərçənd bu məsələ mənə fiziki olaraq bir az uzaq gəlir. Çünki cisim hərəkət etdiyi yöndə boyunu itirir və işıq sürətinə çatanda da yox olur. Belə halda ürək necə olacaq, bilmirəm.! Ancaq gələcək bir çox sürpriz və qeyri-adiliklərə hazır olmalıdır. Texnika inkişaf etdikcə bütün bunlar bir-bir reallaşacaq. Bəşər bu inkişafla peyğəmbərlərin yüksəldiyi üfüqlərə çatacaq, ancaq o səviyyəyə tam olaraq gəlməsi də mümkün deyil.
Bəli, peyğəmbərlər insanların önündə maddi-mənəvi hər yöndə nümunəvi abidə və Allahın seçdiyi ən mükəmməl insan toplumudur. Allahın rizası, salamı onların və bizim Peyğəmbərimizin üzərinə olsun.
- tarixində yaradılmışdır.