Sələfə hörmət
Sual: Bəzi böyüklərimizin şəxsi xətaları bizi sui-zənnə (onlar haqqında mənfi düşüncələrə) sövq edir. Onlara yenidən məhəbbət, hörmət və etimad duymağımız üçün bizə nə tövsiyə edirsiniz?
Cavab: Əgər həqiqətən belə bir şey varsa, deməli içimizə müsibət girib, böyük bir bəla bizi uçuruma aparır. Bu isə öz-özümüzü məhv edəcək bir yola girmək deməkdir.
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu ümmətin sonradan gələnlərinin, əvvəlkiləri tənqid etməyə başladığı anın, onların həlak olmağa üz tutduqları an ola biləcəyinə diqqət çəkir. Qurani-Kərim ata-babalarımıza dua etməyi tövsiyə edərək bizə onları xeyrlə yad etməyi məsləhət görür: "Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" (Həşr surəsi, 59/10)
Bu ayədən əvvəlki ayələrdə də səhabənin böyüklüyü, onların fədakarlığı, qəhrəmanlığı və səmimilikləri, nümunəvi həyat yaşayıb, özlərinə bəxş olunan imkanlarıçox yaxşı dəyərləndikləri nəzərə verilir. Sözügedən ayədə də Allah möminlərin sələfə qarşı necə davranacaqlarını, onları xeyir-dua ilə yad etməyi, dualarında nə deyəcəklərini öyrədir. Quran dua edəcək insanlar hələ dünyaya göz açmamış onlara dərs verərək: "Sələfinizə, ata-babalarınıza belə dua edin!" deyir. Bu dua ilə səhabənin bəzən şəxsi içtihadlara əsaslanaraq bir-birilərinə qarşı olmaları və sonradan gələnlərin bunu başa düşə bilməmələri səbəbilə, onlar haqqında mənfi fikirlərə girməmələri tövsiyə edilir.
Bəli, içtihada əsasən Aişə Anamız və Hz. Talha ilə Zübeyrin (r.a.) Hz. Əliyə qarşı çıxmasını, ona müharibə elan etməsini anlamaq bizə çətin gəlsə də, biz yenə də onlar haqqında hüsnü-zənn etməli (onlar haqqına müsbət düşünməli) və onlara hörmətlə yanaşmağa çalışacağıq. Bu ayə ilə Qurani-Kərim bizə yol göstərərək: "Onların hal və hərəkətlərini əsla tənqid etməyin!" ― deyir.
Bu ayə ilə Qurani-Kərim sanki bizə: "Onları tənqid etmək sizə düşməz. Onlar, Allah Rəsulunun (sallallahu əleyhi vəsəlləm) dediyi kimi, səmadakı ulduzlar kimidirlər" demək istəyir.. və sonradan gələnlərə ədəb-ərkan öyrədir.
Keçmiş haqqında müsbət düşünmək və onları xeyirlə yad etmək ümumi bir qanundur. Bir xalqın sonradan gələnləri əvvəlkilərə rəhmət oxumalı, onları xeyirlə yad etməlidir. Necə ki, tarix boyu müsəlman cəmiyyəti səhabə və təbiuna söz demədiyi kimi, dedirtməmişdir də. Belə ki, səhabə arasındakı məsələlərin böyüdülüb fitnələrə səbəb olduğu bir dövrdə Həsən Bəsri Bəsrəyə gəlir. Ona: "Bir səhabəmi böyükdür yoxsa, Ömər bin Əbdüləzizmi?" deyə sual verirlər. Əslində Ömər bin Əbdüləzizin böyüklüyü dillərə dastandır, buna söz ola bilməz. Əxlaq, kamillik və fəziləti ilə onu ölçə biləcək tərəzi yoxdur və ola da bilməz. Belə ki, onu Hz. Ömərlə müqayisə etsəniz, Hz. Ömərin səhabəliyi xaric onları bir-birindən ayıra bilməzsiniz. O bu qədər böyükdür. Ancaq Həsən Bəsri səhabənin böyüklüyünü göstərmək üçün: "Ömər bin Əbdüləziz ən sonda gələn səhabələrdən Hz.Vəhşinin atının burnunda bir toz ola bilər" ― deyir.. və həqiqi ölçü də budur. Bununla bizə həm səhabəyə, həm də digərlərinə dərin və şüurlu hörmət təlqin edir.
Bu, yalnız o dövrə məxsus olan şey deyil. Bir şəxsə salam vermək belə cinayət sayıldığı dövrdə hər şeyi gözə alıb tərəddüd etmədən onun ətrafında toplanan insanlara da münasibətimiz belə olmalıdır. İstər səhabə, istər sonradan gələnlər ümmi (oxuma-yazma bilməmə, başqa fikir cərəyanlarına girməmə) olmalarına və bir çox məsələdən xəbərsiz olmalarına baxmayaraq, həyatını ortaya qoyub yeri gələndə çəkinmədən zindana girmiş, məhkəmədən məhkəməyə süründürülmüş, lakin heç vaxt yollarını dəyişdirməmişlər.
Bir daha təkrar edim, nə olur-olsun bizim vəzifəmiz keçmişimizə hörmətlə yanaşmaqdır. Biz bu hörməti hal, hərəkət və sözlərimizlə bildirməli və onları xeyirlə yad etməliyik ki, gələcək nəsil də bizə rəhmət oxusun. Əksinə bu gün bizə böyük bir mirası əmanət edənlərə lazımi ehtiram göstərməsək, sabah biz də eyni aqibətlə qarşılaşarıq. Bundan zərər çəkən də İslamiyyətdir, müsəlmanlardır.
Sələflərimiz haqqında belə müsbət düşünmə və onları xeyirlə yad etmə, eyni zamanda Haqqa hörmətin ifadəsidir. Çünki Cənabi-Haqq Quranda bizdən bunu tələb edir. Əgər bizdən əvvəlkilərə qarşı içimizdə mənfi düşüncələr var və onlar haqqında müsbət düşünə bilmiriksə, deməli bizdə ciddi nöqsanlar var. Əgər biz bu düşüncələrlə təbiun dövründə yaşasa idik, səhabələri də tənqid edər və məvh olanlardan olardıq.
Sualda bu duyğu və düşüncə yenidən necə bərpa oluna bilər, deyə soruşulur.
Bir, müsəlman dünyadan köçmüş böyüklər haqqında ― doğru da olsa― nalayiq sözlər deyiləndə: "Bu qeybətdir. Qeybət də haramdır" ― deyə xatırlatmalı və o sözü dedirtməməlidir. Sözü dinlənməsə, oradakıların yanından uzaqlaşmalı və onları öz günahları ilə baş-başa buraxmalıdır.
İkincisi, nə səviyyədə olursa-olsun İslam dininə xidmət etmiş insanları təqdirlə yad etmək, onlara hörmət göstərmək və hər yerdə onlara qarşı məhəbbət oyandırmaq əhəmiyyətli məsələdir. Beləliklə, biz onlar haqqında müsbət təsəvvür oyadaraq mənfi fikirlərin də qismən silinməsinə zəmin hazırlamış olarıq. Üstəlik, beləcə Cənabi-Haqqın rizasını da qazanarıq.
Əslində, sələfə xor baxıb onları kiçik görmək insanı mənəvi feyzlərdən məhrum edən bir xəstəlikdir. Onların çoxunun özünə görə bir aləmi var və onlar Cənabi-Haqqın mərhəmətinin cəlb olunmasına bir vəsilədir. Onların əleyhində olan isə Cənabi-Haqqın rəhmətindən məhrum qalar.
Bəli, əgər bu gün Cənabi-Haqqın ilhamından məhrumuqsa, bunun ən böyük səbəblərindən biri şübhəsiz ki, keçmiş böyüklərin əleyhində olma və onlar haqqında nalayiq sözlər deməkdir…
- tarixində yaradılmışdır.