Allaha layiqincə təzim və təqdir
Sual:
وَمَا قَدَرُوا اللهَ حَقَّ قَدْرِهِ وَاْلأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمٰوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالٰى عَمَّا يُشْرِكُونَ
“Amma onlar Allahın qüdrət və əzəmətini layiqincə qiymətləndirmədilər (uca tutmadılar), Ona layiqincə təzim etmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun əli ilə büküləcəkdir. Allah onların uydurduqları şəriklərdən tamamilə xali və ucadır!” (“Zumər” surəsi, 39/67) ayəsini izah edə bilərsinizmi?
Cavab: Ayənin əvvəlində işlənən “وَمَا قَدَرُوا اللهَ حَقَّ قَدْرِهِ” ifadəsi: “Onlar Allah-taalanı Calal və Camal sifətləri ilə layiqincə tanıya bilmədilər, Onun hər şeyə gücü çatan qüdrətini, bəndələrinə bəxş etdiyi lütf və nemətlərini, sonsuz mərhəmət və şəfqətini görmədilər, şanına layiqincə təzim edib ehtiram göstərmədilər, bu səbəbdən də qədirbilməz və nankor oldular” mənasına gəlir. “حَقَّ قَدْرِهِ” ifadəsindən aydın olur ki, o insanların arasında Allahı müəyyən dərəcədə təqdir edənlər olsa da, bu təqdir Allah-taalanın şanına layiq səviyyədə olmamışdı. Çünki “layiqincə təqdir” ilə “təqdir” eyni şey deyildir. Məsələn, Rəbbimiz bizi yaradan, əhsəni-təqvim bəxş edən, peyğəmbərləri ilə bizi doğru yola səsləyib hidayət lütf edən, bizə mükafat vəd edərək şövqə gətirən, qeyb aləminə inam hissi verən və bizi heç yalqız qoymayan Uca Allahdır. Bütün bunları bilmək, bu şüurla Ona ehtiram və şükür bəsləmək öz-özlüyündə bir təqdirdir. Bunun əksi isə korluq, təqdirsizlik və nankorluqdur.
Ayənin ardınca Uca Allah öz əzəmət və ululuğunu ifadə etmək üçün belə bir örnək verir “وَاْلأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ” “Qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq”. Yəni dünya sizin gözünüzdə nə qədər böyük olsa da, Allah-taalaın nəzərində kiçik bir nöqtədən, bir zərrədən seçilmir. İlahi qüdrətin bu şəkildə təsvir edilməsi yer sakinlərini bir mənada itaət və ibadətə çağırır, yəni “Onun qüdrəti və iradəsi qarşısında siz də təzim edin, Onun əmrlərinə itaət edin” buyurur.
Ayədə işlənən “ وَالسَّمٰوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ” “Göylər aləmi Onun əli ilə büküləcəkdir” ifadəsi isə Allah-taalanın səmaları bir kağız kimi dürəcəyini xəbər verir.
Ayənin xülasəsi sayılan “سُبْحَانَهُ وَتَعَالٰى عَمَّا يُشْرِكُونَ” ifadə isə “O (cəllə cəlaluhu), səbəblərdən ucadır. Çünki Allah (cəllə cəlaluhu) insanların şirk qoşduqları şeylərdən xali və ucadır” mənasına gəlir.
Xəşyətin mərifət və vicdan yönü
Bəndənin Allah-taalanı təqdir etməsinin, ucaltmasının müxtəlif dərəcələri var ki, bu da kainatdakı qüdrət və əzəmətin, üstümüzə yağan nemət və lütflərin səthi və ya dərindən hiss edilməsindən asılıdır.
Bu yerdə ağıla belə bir sual gələ bilər: “Bu təqdir adi mərifətdir (Allahı bilməkdir), yoxsa bütün üzv və ruhi-mənəvi lətifələri də ehtiva edir?” Məhəbbət mərifət torpağında böyüyüb boy atır, sevmək də bilməkdən qaynaqlanır. Demək, insan qəlbində Allah xəşyəti, yəni Rəbbə ehtiramdan doğan bir qorxu hissi meydana gəlibsə, bu ehtiramın kökündə ilk növbədə bilmək dayanır. Sonra da bu bilik mərifətə çevrilərərək, vicdana hoparaq nəticədə fitrətə həkk olunur. Mömin bu mənəvi məqama çatandan sonra ibadətlərini artıq batini səbəblərin sövqü ilə yerinə yetirir. Yəni o: “Allah sübhandır, bütün nöqsanlardan xalidir. Həmd olsun Ona, əzəmət taxtının yeganə Sultanı Allah ən gözəl təsbehə layiqdir. Böyük olan Allahdır. Bütün həmd-sənalar Ona aid və Ona layiqdir. Səhər-axşam zikrlərlə yad edilməyə layiq yeganə Zat Odur” duasını təkcə əmr və tövsiyə olduğu üçün etmir. Bu dualar həm də qəlbi cuşa gətirən əşya və hadisələri müşahidənin, ilahi qüdrət və iradəni təfəkkürün bir ifadəsi şəklində ortaya çıxır.
Bu baxımdan, mömin nəzəri olaraq ilahi qüdrət, iradə və məşiəti təqdir hisləri ilə ana bilər. Ancaq əsas məsələ bu təqdir hissini öz ruhuna və vicdanına nəqş etməsidir. Əks halda, o, təzim və təqdir hislərini yalnız əmr edildiyi üçün və ya kimsə xatırladanda ifadə edəcəkdir. Təfəkkür edərək vicdan “pətəyini” ürfan və mərifət balı ilə dolduran inanclı insanlar həyatın hər bir mərhələsində, hətta bəziləri ömrün hər anında təqdir və təzim hisləri ilə coşub-daşarlar. Məsələn, ilahi qüdrət və əzəmətin bir təcəllisi ilə qarşılaşanda dərhal: “سُبْحَانَ اللهِ” “Allah (cəllə cəlaluhu) bütün nöqsanlardan xalidir” deyərlər. Bəzən özünün başdan-ayağa nemətlərlə bəzəndiyini görər və “اَلْحَمْدُ لِلهِ حَمْدًا كَثِيرًا” “Allaha saysız-hesabsız həmd-səna olsun” zikri ilə coşar. Bəzən də Allahın (cəllə cəlaluhu) əzəmət və ululuğunu əks etdirən icraatını gözünün qabağına gətirib “اَللهُ أَكْـبَـرُ” “Yeganə böyük Allahdır” zikri ilə cuşa gələr.
Belə ki, Rəcaizadə Mahmud Əkrəmin dediyi kimi “Bir kitabullahi-əzəmdir sərasər kainat / Hansı hərfi yoxlasan, mənası Allah çıxar”. Yəni möminin qarşısına hansı “hərf” çıxarsa və Allahı hansı şəkildə ifadə edərsə, mömin də hislərini o cür dilə gətirər. Həqiqi təqdir məhz budur. Burada əsas məsələ Allaha təqdir hissinin vicdana nəqş edilməsidir.
Xəşyətin insana təsiri və təzahürü
Bu məsələyə aydınlıq gətirən bir hədisdə Bəşəriyyətin İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) namazda saqqalı ilə oynayan bir nəfərə buyurur: “لَوْ خَشَعَ قَلْبُهُ لَخَشَعَتْ جَوَارِحُهُ” “Əgər onun qəlbində xuşu olsa idi, üzvləri də xəşyəti hiss edərdi” (Əbdürrəzzaq, “əl-Müsənnəf” 2/266; əl-Hakim ət-Tirmizi, “Nəvadirül-üsul, 2/172). Əgər insanın qəlbində Allaha xəşyət hissi və dərin ehtiram varsa, bu – jest (əl-qol hərəkətləri) və mimikalar da daxil olmaqla, bütün hərəkət və davranışlarına sirayət edər.
Bu cur əhli-qəlb olan böyük zatların jest və mimikalarına, hərəkət və davranışlarına bir baxın, xəşyətin inikasını və əlamətlərini görəcək, hiss edəcəksiniz, beləcə də onların hüzurunda mənəvi boya ilə boyancaq, mənəvi hüzura qərq olacaqsınız. Belə ki, uşaqlıq illərimdə Alvarlı Efe həzrətlərinin hüzurunda inşirah hisləri duyardım. Bu zatlar “Allah (cəllə cəlaluhu)”, “Peyğəmbər (aleyhi əkməlüttəhaya)” deyəndə və ya dini-mənəvi məsələlərə həssaslıqlarını izhar edəndə siz iman və izandan elə feyz alarsınız ki, bunu kitablarla ifadə etmək mümkün deyil.
Bir gün Alvar İmamının hüzuruna çıxan bir nəfər: “Efe həzrətləri! Həccə getmişdim, Mədinənin itləri, bilmirəm baxımsızlıqdan, yoxsa başqa bir səbəbdən, qotur olmuşdu” deyir. Bunu eşidən Həzrət birdən gur səsi ilə: “Sus! Mən Mədinənin qotur itlərinə də qurban olaram”, − deyir. Bu sözləri ona dedirən səbəb Bəşəriyyətin İftixarı Peyğəmbərimizə (aleyhi əlfü əlfi salətin və salam) bəslədiyi dərin sevgi və ehtiramdır. Bəli, Alvar İmamı məsələyə həssaslığını dərhal ortaya qoyur. Demək, əsas məsələ insanın müqəddəs dəyərlərə qarşı duyduğu dərin həssasiyyətlə özünü xuşu və xəşyət çağlayanına atması, özünü onun axarına buraxmasıdır.
İtirdiyimiz mühüm dəyər
Təəssüf ki, bu məsələləri vicdanən mənimsəmə kimi mühüm bir dəyəri itirmişik. Biz, formal müsəlmanlığın qurbanları qəlbimizi itirmişik, mənəvi dərinliyimizi unutmuşuq. Bəzi dini məsələlərdən qismən xəbərimiz olsa da, – bunu bizə öyrədənlərdən Allah razı olsun – qəlbi (ruhi-mənəvi) həyata dair xüsusları öyrənmədiyimizə, nəticə etibarilə yaşamadığımıza görə nəzəri və təqlidi biliklərin ümidinə qalmışıq. Halbuki “O gün nə mal-dövlət, nə də övlad bir fayda verər! O gün ancaq qəlbi-səlim fayda verər” (“Şuəra”, surəsi, 26/88-89), “Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbinə ehtiram göstərən və Ona xəşyət duyanlar üçündür!” (“Beyyinə” surəsi, 98/8) ayələrində də bəyan edildiyi kimi, axirətdə insanın xilası qəlbi-səlimlikdən, Allaha ehtiram bəsləməsindən və xəşyət duymasından asılıdır.
Halımız acınacaqlıdır, çünki minbəri titrədən ayə bizim qəlbimizə əsər eləmir. Bir dəfə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sualda verilən ayəni minbərdə oxumuşdu. Altındakı minbər elə lərzəyə gəlmişdi ki, az qala, Onu yıxacaqdı (Bax: Müslim “Sifatül-münafiqin”, 25; Əhməd ibn Hənbəl, “əl-Müsnəd, 2/72). Qəlbimizi itirməsəydik, minbəri titrədən o ayə qəlbimizi lərzəyə gətirər və bizdə xəşyət hissi doğurardı!..
Rəbbimizdən niyaz edək ki, bizə zahirpərəstlik, formallıqdan qurtulub batinə, qəlibdən qurtulub mənaya keçməyi nəsib etsin! Qəlblərimizi xəşyət hissi ilə doldursun ki, həyatımızın hər bir anına, hər bir hərəkət və davranışımıza əks etsin.
- tarixində yaradılmışdır.