Axirətə aid zövq və həzləri də fəda etmə idealı

Fəthullah Gülən: Axirətə aid zövq və həzləri də fəda etmə idealı

Sual: Həzrəti Ustadın “Mən cəmiyyətin imanı yolunda dünyamı da fəda etdim, axirətimi də!” sözlərini necə başa düşməliyik?

Cavab: Dövrün bu nəhəng şəxsiyyətindən əvvəl yaşayan Həzrəti Əbu Bəkir (radiyallahu anh), Həllac Mənsur, İmam Rəbbani kimi neçə-neçə Haqq dostu da buna oxşar sözlər söyləmişdir. Onlar cəhənnəm qapılarında dayanan siyanət (himayə etmək, mühafizə etmək) mələyi kimi davranmış və insanlar o girdaba yuvarlanmasın deyə daima çırpınmışlar. Bu insanlar Nəcib Fazilin sözləri ilə desək, “qollarını yol işarələri kimi” açıb “Bu yolun axırı yoxdur!” deyiblər.

O, öncə dünyasını fəda etdi

Həzrəti Pir bu cümləsində əvvəla insanların imanı naminə dünyanı tərk etməsindən bəhs edir. Həqiqətən də, onun həyatına baxan insan başdan başa bütün ömrünün bu sözləri təsdiq etdiyini görəcək. Çünki onun seçdiyi həyatı adi bir insan nə yaşaya, nə də ona dözə bilər. Onun ömür yolu sürgünlərlə, zindanlarla, təzyiq və əzab-əziyyətlərlə doludur. Bəzən ona həbxsana hücrəsini belə çox görmüş və onu − o pak ruhu məni bağışlasın − ayaqyolu kimi bir yerdə saxlamışlar. Üstəlik soyuq qış günlərində bu hücrənin pəncərələrini də açmış, qısacası onun ölümün pəncəsinə vermişlər. Hətta bununla da kifayətlənməmiş, onu düz on doqquz dəfə zəhərləmişlər. Həbsxandakı fiziki işgəncə və zülmlər bir yana, bu nəhəng şəxsiyyəti azadlıqda da təqib etmişlər.

Halbuki Həzrəti Pir istəsə idi, başqaları kimi məqam və vəzifə sahibi ola, hamı kimi rahat və dəbdəbəli həyat yaşaya və dünya nemətlərindən faydalana bilərdi. Çünki o, gənc yaşlarından etibarən böyük planlar qumağı, əsaslı layihələr hazırlamağı bacaran iti zəkalı bir insan idi. Sözləri və yazıları ilə böyük kütlələrə yön verirdi. Məşrutiyyə dövründə baş verən qarşıdurmalarla əlaqədar “Sünuhat” adlı əsəri qələmə almış və orada problemlərin həllinə dair bir çox düstur ortaya qoymuşdur. Həmçinin “Muhakimət” adlı əsəri ilə elmdə yeni cığır açmış, üləmanı belə heyrətə salmışdı. Anadolunu qarış-qarış gəzərək üsyan qaldırmağa hazırlaşan əşirətləri bu fikirdən daşındırmış, meydanlardakı çıxışları ilə də narazı kütlələri sakitləşdirmişdir. Divani-hərbdə (Hərbi məhməkə) mühakimə edildikdən sonra ideallarından zərrə qədər güzəştə getmədən mərd-mərdanə yüksək səslə: “Zalımlar üçün yaşasın cəhənnəm!” deyə hayqırmışdır.

Belə yüksək zəkalı bir insan dünyanı azacıq düşünüb bəzi şeylərə göz yumsa idi, gül kimi həyat yaşayardı. İstiqlal müharibəsindən sonrakı illərdə Milli Məclisdə bir kreslo tutar, heç kimin işinə qarışmaz və beləcə “hörmət-izzət” sahibi olardı. Ona aidati-məsturədən, yəni müasir dillə desək, xüsusi məxfi xərclərdən maddi vəsait ayrılar, geniş maddi imkanlar verilərdi. Başqaları kimi onun da bağ-bağatları, dənizə baxan evləri, villaları olardı və beləcə rahat yaşayardı. Ancaq o, məfkurəsi uğrunda hər şeydən imtina etdi və insanların imanı naminə əzablı bir ömür yolu seçdi.

“Axirəti fəda etmək” ifadəsini necə başa düşməliyik?

Həzrəti Bədiüzzaman millətinin imanı yolunda axirətini də fəda etdiyini söyləyir. Bu məsələdə belə, öz nəfsini düşünmür. Yəni o, Allahla irtibatını gücləndirmək üçün bir guşəyə qapanıb münzəvi həyat yaşamaq, ərbəinlərə girmək, mənən kamilləşmək, ruhani zövqlərlə feyzlənmək, kəramət göstərmək, əl öpdürmək kimi yollardan da uzaq durur. Yeganə dərdi, yeganə qayəsi millətinin imanı olduğuna görə dünyəvi zövqlərdən də, üxrəvi həyatın mənəvi həzlərindən də imtina edir. Bəs onun axirət üçün Allahdan dilədiyi bir şey yox idi? Əlbəttə, var idi. Ancaq o, bunu Allahın fəzlindən (Cənabi-Allahın bəndələrini bağışlaması fəzlindən, cəzalandırması ədalətindəndir), kərəmindən, məxsusi rəhmətindən gözləyirdi.

Yeri gəlmişkən qeyd edim ki, Həzrəti Pir və onunla eyni yolda irəliləyən insanlar millətlə bütövləşmiş və millətin bir parçasına çevrilmişdi. Bir mənada, millət adlı vücudun beyninin içində yerləşən neyronlar olmuşdular. Bu səbəbdən onlar vücudda baş verən hər şeyi dərindən hiss edir və ciddi şəkildə təsirlənirdilər. Belə bir insan Həzrəti Əbu Bəkir kimi “Bədənimi elə böyüt ki, cəhənnəmi doldurum və başqa heç kim oraya girməsin!” də, “Millətimin imanını səlamətdə görsəm, cəhənnəmin alovları içində yanmağa razıyam” da deyə bilər.

Lakin Ustad qədər əngin vicdana sahib olmayan bir insanın bu sözlərin həqiqətini anlaması mümkünsüzdür. Bəli, bu fədakarlığı anlamaq üçün bu günün əzabları ilə yanaşı, gələcəyin əzablarını da iliklərə qədər hiss etmək və qəlbən bu odda yanmaq gərək. Bu isə insanın bütün bəşəriyyətə qucaq açan əngin bir vicdana sahib olmasından asılıdır. Buna ümumbəşəri vicdan da demək olar. Belə bir vicdana malik insanlar başqalarının dərdinə də, sevincinə də şərik olar. Belə ki, dünyanın uzaq bir yeri alova bürünsə, bu od onları da yandırar. Çünki onlar bu alovun ağrısını vicdanlarında duyurlar.

O baxımdan, hər kəs haqqında deməsək də, bizim kimi adi insanların bu əngin mülahizənin həqiqətini anlaması mümkün deyil. Biz varsa, övladımızın, həyat yoldaşımızın, dostumuzun ağrı-acılarını müəyyən qədər duysaq da, bütün bəşəriyyətə qucaq açan əngin bir vicdana sahib deyilik. Bu səbədən də çox vaxt böyük insanların çəkdiyi iztirabı anlamaqda çətinlik çəkirik.

Bir vaxtlar tanıdığım bir adamı Yaşar Xocanın vəzinə qulaq asmağa aparmışdılar. Mərhum həmişəki kimi coşqu və göz yaşları içində vəz vermişdi. Mən qonaq gələn qardaşımızın bundan təsirləndiyini düşündüyüm halda, onun: “Bu niyə belə eybəcər-eybəcər hıçqırır!” sözlərini eşidəndə mat-məəttəl qalmış və çox üzülmüşdüm. Çünki bir tərəfdə anlama və hiss etmə qabiliyyətini itirmiş kobud bir düşüncə, o biri yanda isə zəriflik və kövrəklik timsalı bir şəxsin əngin vicdanı var idi. Bu cür əngin vicdanın hislərini anlamaq isə onun məqamına yüksəlməklə mümkündür.

Allah haqqı hər şeydən üstün tutulmalıdır

Şahi Geylani, Həzrəti Qəzali, İmam Rəbbani və Həzrəti Bədiüzzaman kimi şəxslərin məfkurəsi çox böyük olduğuna görə onlar özlərini düşünməmişlər. Bu cür abidə şəxsiyyəti tanımaq kimi bir bəxtəvərlərliyə çatan insanlar da bu fədakarlıq idealını özlərinə qayə seçməlidirlər. Bəli, bu yolun fədakar yolçuları heç vaxt dünyadan kam almaq, yazda dağlara çıxıb qışda villalarda kef çəkməyi düşünməməlidir. Onlar bu cür fikirləri rahatlıqla və dərhal özlərindən uzaqlaşdırmağı bacarmalıdırlar. Eyni zamanda kəşf və kəramət göstərmək, insanların ürəyindən keçənləri oxumaq, metafizik dünyalarda gəzmək, ruhanilərlə birlikdə uçmaq kimi mənəvi feyzlərdən də keçməli və ömürlərini yalnız millətin imanının xilasına həsr etməlidirlər. Bu kimi feyzləri hiss edəndə də “Görəsən, Allah bunlarla məni sınağa çəkmir ki?” deyə qorxmalı və mərd-mərdanə “Allahım əgər bu, istedrac deyil, bir lütfdürsə həmd olsun Sənə. Ancaq mən bunun talibi deyiləm” deməyi bacarmalıdır. Əslində bu cür təmkinli davranış eyni zamanda Allah haqqını hər şeydən üstün tutmaq deməkdir.

Burada yanlış anlaşılmasın deyə bir məsələni diqqətə çatdırmaqda fayda görürəm: axirətdən və ya mənəvi feyzlərdən keçmək ibadətü-taəti, övrüdü-əzkarı tərk etmək və ya onlara əhəmiyyət verməmək mənasına gəlməməlidir. Əksinə, mömin bu ibadətləri layiqincə yerinə yetirməklə yanaşı, kəşfü-kəramətə, ruhani zövq və həzlərə nail olmaq deyil, hiss elədiyi gözəllikləri başqlarına çatdırmağı qarşısına məqsəd qoymalıdır. Bu da bir həqiqətdir ki, imanını ibadətü-taətlə, övradü-əzkarla qorumayan bir insanın başqalarının imanını qurtarması mümkün deyildir.

Sonda bir məsələni də çatdırım ki, insanın öz nəfsindən keçərək daim başqalarını yaşatma hissi ilə yaşaması, daim bu düşüncə ilə oturub-durması, gecə-gündüz bəşəriyyəti qurtuluşunu xəyal etməsi peyğəmbərə xas məziyyətdir. Axirətdə insanlar müəyyən kateqorialara bölünəndə din, iman, Allah, Quran və bəşəriyyət yolunda çırpınan insanlar, inşallah, peyğəmbərlərin yanında olacaqlar. Bu səbəbdən də alihimmət (yüksək ideal sahibi) olmaq, yaşamaq duyğusunu bir kənara qoyub həmişə yaşatma idealının arxasınca getmək lazımdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.