Bir daha fivaq və ittifaq
Sual: Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ümmətinin ümumi fəlakətə məruz qalmaması və daima başqalarının hökmranlığı altında yaşamaması üçün elədiyi duaların qəbul olunduğunu, ancaq müsəlmanların ixtilaf və iftiraqına dair niyazının qəbul edilmədiyini buyurur (Tirmizi, “Fitən”, 14; İbn Macə, “Fitən”, 9). Hədisdə dilə gətirilən məsələlərin ortaq cəhəti nədir? Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bununla müsəlmanlara nə çatdırmaq istəyir?
Cavab: Qurani-Kərimdə möminlərin ibrət alması üçün bir çox peyğəmbər qissələri bəyan edilmişdir. Bu qissələrdə əks olunan əsas məsələlərdən biri də peyğəmbərlərə iman gətirməyən qövmlərin həlak edilməsidir. İnkar və zülmdən əl çəkmədiyinə görə Həzrət Nuhun qövmü tufanla (“Ənkəbut” surəsi, 29/14), Həzrət Hudun qövmü məşum bir qasırğa ilə (“Əraf” surəsi, 7/71), Həzrət Salehin qövmü qorxunc bir səslə həlak edilmişdir (Bax: “Qəmər” surəsi, 54/31). Sodom və Qomorra isə yer üzündən silinmişdir.
İlahi afətlərin yalnız bu qövmlərin bölgələrində baş verdiyini, yaxud da bütün bəşəriyyətin başına gəldiyini bilmirik. Ancaq nəzərə alanda ki, Allah Rəsulundan əvvəlki peyğəmbərlər yalnız müəyyən bir qövmə göndərilmişdir, çox güman, ilahi fəlakətlər də müəyyən bir bölgəyə gəlmişdir. O halda peyğəmbərinə inanmayıb küfr və zülmdən əl çəkməyən bütün insanlar həlak edilsə də, fəlakətin sərhədləri müəyyən bir bölgədən kənara çıxmamışdır. Demək, Xatəmül-Ənbiya olan Peyğəmbərimiz bütün bəşəriyyətə göndərildiyinə görə (“Səbə” suərsi, 34/28), Onu inkar edib zülmdən əl çəkməyənlərin hamısı ilahi qanunun bir nəticəsi olaraq həlak ediləcəkdi.
Qəbul edilən dua
Məhz bu səbəbdən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ümmətin belə bir ümumi fəlakətə məruz qalmaması üçün Allaha dua etmişdir. “Nə qədər ki onların arasındasan, Allah onlara əzab verməyəcək. Bağışlanma dilədikləri zaman da Allah onlara əzab verən deyildir” (“Ənfal” surəsi, 8/33) ayəsi də Onun duasının qəbul edildiyini sübut edir.
Bildiyiniz kimi, Peyğəmbərimizə aid olan nəbəvi xüsusiyyətlərə “Xüsusiyyəti-Məhəmmədiyə” deyilir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) nə qədər ki ümmətinin arasında, onun başındadır, Məhəmməd ümməti keçmiş qövmlərin məruz qaldığı fəlakələrdən xali olacaqdır. Ayənin zahiri mənası şübhəsiz, bu həqiqətdən bəhs edir. İşari təfsir baxımından isə ayədən belə bir məna da çıxır: Nəbilər Sultanı (sallallahu aleyhi və səlləm) möminlərin qəlbində yaşayarsa, Məhəmməd ümməti keçmiş qövmlər kimi cəzalandırılmaz. Əgər möminlərdə güclü Məhəmmədi ruh olarsa, Allah-taala Səadət Əsrində ümmətini bağışladığı kimi, O dünyasını dəyişəndən sonra da ta qiyamətədək İslam ümmətini əfv, siyanət (himayə), riayət (qoruma) və hifz edəcəkdir.
Ayənin ardında buyurulur ki, ilahi həlakı sovuşduran ibadətlərdən biri də isteğfardır, yəni Allahdan bağışlanma diləməkdir. Məhəmməd ümməti xəta və günahların ardınca isteğfar edərsə, Allah (cəllə cəlaluhu) da onları yuxarıdan, aşağıdan, sağ və soldan gələn müsibətlərdən qoruyar, həlak etməz. Xülasə, Allah-taala Peyğəmbərimizin ümumi həlaka dair duasını qəbul etmişdir. Üstəlik, bu məsələ Quranda da bəyan edilmiş, tarixin səhifələri də buna şahid olmuşdur.
Təkrar edən tarix və müvəqqəti əsarətlər
Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) müsəlmanların daima işğal altında qalmaması haqqındakı duası qəbul edilmişdir. Demək, O (sallallahu aleyhi və səlləm), möminlərin bəzən işğala məruz qalacağını, ancaq bu vəziyyətin uzun müddət çəkməyəcəyini qeyb gözü ilə görmüşdür. Dünyasını dəyişəndən dörd-beş əsr sonra müsəlmanlar səliblərin, ardınca monqolların hücumlarına məruz qalmış, xilafətin paytaxtı Bağdad işğal edilmişdir. Ancaq işğalların heç biri uzun çəkməmişdir. Nə səliblər, nə monqollar, nə də sonrakı zalımlar və işğalçıların hökmranlığı uzunömürlü olmamışdır. Bir gün Allahın izni və inayəti ilə hamısı sona yetmişdir.
İslam aləmini ciddi məşğul edən Səlib qoşunları Alparslan, Məlikşah, Qılınc Arslan, Səlahəddinin qılıncla ilə üzə-üzə gəlmiş və gəldikləri kimi geri qayıtmışlar. Sonra Allahın (cəllə cəlaluhu) izni ilə, Səlcuqlular güc toplamış, İslamın iki əsrə yaxın hakim olmasında böyük rol oynamışdır.
Səlcuqlular zəiflədikdən, Babailər üsyanları ilə “iflic” olduqdan sonra Söyüddə tırtılın metamorfoz keçirərək kəpənəyə çevrilməsi kimi, yeni bir dövlət "dünyaya gəlmişdir". Bəli, Osmanlı İslam aləminin şimalında onun keşiyində durmuşdur. Malik ibn Nəbinin sözü ilə desək, əgər İslam dünyasının şimalında Osmanlı dövləti olmasaydı, indi İslam dünyası yox idi. Bəşər tarixində nə romalılara, nə çinlilərə, nə də hindlərə, nə də bir başqa millətə dövlətini düz dörd əsr sülh və əmin-amanlıq içində idarə etmək qismət olmuşdur.
Hal-hazırda İslam dünyası yenə işğal altındadır. Keçmişdə silah gücü ilə həyata keçirilən işğalçılıq siyasəti bu gün İslam dünyasındakı əlaltılarla yerinə yetirilir. Müsəlman coğrafiyası bu əlaltılarla idarə edilir. İşğalçı qüvvələr onlara xidmət etməyə meyilli tiranları seçir, daha sonra da onların vasitəsilə İslam dünyasını idarə edirlər.
Tarix təkrar edir. İnşallah millət tam müstəqilliyini əldə edəcək, tiranlar dövrü sona çatacaqdır. Kim bilir, hansı “qarışqalar” fironun sarayını yerlə-yeksan edəcək, hansı “ağcaqanadlar” Nəmrudları yerə yıxacaqdır. Çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dua etmiş, Allah da duasını qəbul edərək: “Ümmətin əbədi işğala məruz qalmayacaq” müjdəsini vermişdir.
İftiraqın mənbəyi: bəşərin zəif cəhətləri
Üstəlik İnsanlığın İftixarı (sallallahu aleyhi və səlləm) qeybi gözü ilə, əngin fətanəti ilə hərislik, tamahkarlıq, rəqabət, həsəd, şöhrətpərəstlik, vəzifəpərəstlik kimi bəşəri hislərin ümməti bölüb parçalayacağını və aralarına düşmənçilik salacağını görmüş, ümmətini bu təhlükədən qorumaq üçün Allah-taalaya dua etmişdir. Ancaq Onun bu duası qəbul edilməmişdir.
Allah-taala Rəsulullahın (sallallahu aleyhi və səlləm) duasını birbaşa rədd etməsə də, “Yox, onları bir-birinə düşmən edəcəyəm” deyə buyurmasa da, möminlərin ittifaq və birliyini onların iradəsinə həvalə etmişdir. Çünki insan, məni bağışlayın, heyvan deyil, yan-yana düzülən ağac deyildir. O, iradəsi olan bir məxluqdur. Bu səbəbdən də iradəsini ortaya qoyaraq həsəd, kin, nifrət, qeyz, paxıllıq kimi hislərlə mübarizə aparmalıdır ki, mənən tərəqqi etsin. Başqa sözlə desək, Allah vifaq və ittifaq ilahi bir ərməğan olaraq Ümməti-Məhəmmədə bəxş etməmişdir. Əksinə birlik və ittifaqın təsis edilməsini möminlərin iradəsinə həvalə etmişdir.
Əgər möminlər bir-biri ilə razılığa gəlmək, uzlaşmaq və əl-ələ vermək istəyirlərsə, Geylani, Şazəli, Mövlana, Yunus Əmrə və Həzrət Pir kimi hamıya qucaq açmalı, döyənə əlsiz, söyənə dilsiz olmalı, ürək sındıranları əfv etməlidir, vifaq və ittifaqa həmişə hazır olmalıdır. İradələrini ortaya qoyaraq buna nail olsalar, birlik və ittifaqı bərqərar edərlər. Axirətdə isə bu əməllərinin əvəzində, inşallah, ilahi ərmağanlarla qarşılanarlar. Burada göstərilən səyin axirətdə mükafatı böyük olacaq.
İradənin dəyəri
Şəhvət hissini iradəsi ilə cilovlayanlar iffət abidəsinə, həsəd və hərislik hislərini boğanlar isteğna qəhrəmanına çevrildiyi kimi, iradi olaraq vifaq və ittifaq qurmağa çalışanlar da fəzilət abidəsinə dönürlər.
Bəli, özlərinə mömin deyən bəzi insanlar sizə pislik edə bilər. Yollarınıza daş, tikan ata bilərlər. Getdiyiniz yolları, keçdiyiniz körpüləri dağıda bilərlər. Sizi cəmiyyətdən təcrid etmək istəyə bilərlər. Ancaq siz vifaq və ittifaq xatirinə fəzilət abidəsi olmaq istəyirsinizsə, bütün bunları görməzliyə vurmalısınız, “Bu da keçər!” deyib yolunuza davam etməlisiniz. Körpüləri dağıtsalar, kəndir çəkib, taxt döşəyib yeni körpülər qurmalısınız, işi-gücü bölüb-parçalamaq olanlara əhəmiyyət vermədən Allahın izni və inayəti ilə yolunuzdan ayırlmamalısınız.
Gün gələcək, sizə pislik edənlərdən bəziləri peşman olacaqlar. Peşman olub yanınıza gələndə sizi axtardıqları yerdə tapmalıdırlar. Hətta onlar üzr istəyəndə siz alicənablıq göstərib “Əstağfirullah! Bizim bunlardan xəbərimiz yoxdur. Siz həmişə yanımızda olmusunuz” deməyi bacarmalısınız.
Halbuki onlar qısqanclıq və həsədlərindən sizdən çox uzaqlaşmışdılar. “Hərəkatın qarşısını alın. Yaşamağına imkan verməyin. Axırına çıxın” deyirdilər. Üstəlik, bu zülmü sizə rəva görəndə əllərində ciddi əsasları da yox idi. Əksinə onları buna məcbur edən rəqabət, qısqanclıq, həsəd hisləri idi. Onlardan ən məsumu belə paxıllıq hissindən alışıb-yanırdı. Öz ağıllarına görə, “sahə bölgüsü” aparır, hərə özünə bir istiqamət ayırırdı. Haqq yolçusunun bütün bunları görməzliyə vurması, belə bir hadisə heç baş verməyibmiş kimi hərəkət etməsi böyük bir fəzilətdir.
İnsan xarakterini düzgün anlamaq
Digər tərəfdən unutmamalıyıq ki, vifaq və ittifaq əbədi deyildir. İnsanlar arasında bəzi ixtilafların çıxması təbiidir. Çünki insan təbiəti buna meyillidir. Biz daim vifaq və ittifaqı qurmağa çalışsaq da, belə bir şəraitdə gözələnilməz hərəkət və davranışlarla üzləşə bilərik. Ona görə də, hər şeyə hazır olmalıyıq ki, xəyallarımız puça çıxanda ümidimizi itirməyək.
Bəzi insanlar Həzrət Əbu Bəkir, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli kimi hərəkət edərək möhkəm qardaşlıq bağları, dostluq əlaqələri qura bilərlər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də səhabələr arasında belə bir birlik qurmuşdur. Həzrət Pirin ilk tələbələrində də bir mənada bu birliyi görmək mümkündür. Ancaq sonra məsələyə fərqli düşüncələr, fərqli fəlsəfi görüşlər qarışdığına görə, əvvəlki saflıq, demək olar ki, qalmamışdır.
Bəli, hər insanın bəzi zəif cəhətləri var. Bəzi insanlar mənsub olduqları heyətin ümumi ahəngini poza bilərlər. Bəziləri ümumi ahəngə xələl gətirən xəta və günahlara yol verə bilərlər. Bəziləri buz eqosunu, mənəm-mənəmlik hissini əridib birlik anlayışına yiyələnməkdə çətinlik çəkə bilərlər. Bütün bunlara baxmayaraq, bizim vəzifəmiz məsələlərə vicdanla yanaşmaq, insanları xəta və nöqsanlarına görə özümüzdən uzaqlaşdırmamaq, əksinə qəlblərinə yol tapmaq, onları islah etməyə çalışmaq və bu əmanəti mənzilbaşına çatdırmaqdır.
Qurani-Kərim bir çox ayədə möminlərə pisliyi yaxşılıqla sovuşdurmağı, insanları bağışlamağı, onlara tolerant yanaşmağı əmr edir. Biz Quranın bu prinsiplərinə görə hərəkət etməli, nöqsanları mümkün qədər görməməliyik. Əks halda çox adam hürküb qaçar. Bu da Haqq rizası üçün həyata keçirilən fəaliyyətlərə zərər verər. Bəli, vifaq və ittifaqı qoruyub saxlamaq istəyiriksə, xəta və nöqsanlarına görə heç kimin üstündən birdəfəlik xətt çəkməməli, əksinə qəlblərə yol tapmalı və onları şəfqətlə bağrımıza basıb islah eləməyə çalışmalıyıq.
- tarixində yaradılmışdır.