Cahiliyyə dövrünə aid dörd xüsusiyyət
Sual: Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində buyurur:
إِنَّ فِي أُمَّتِي أَرْبَعًا مِنْ أَمْرِ الْجَاهِلِيَّةِ لَيْسُوا بِتَارِكِيهِنَّ الْفَخْرُ فِي الْأَحْسَابِ وَالطَّعْنُ فِي الْأَنْسَابِ وَالِاسْتِسْقَاءُ بِالنُّجُومِ وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ
(Hakim, “əl-Müstədrək”, I/539). Hədisin bəyanına görə, İslam ümməti dörd cahiliyyə adətindən – ata-babalarla öyünməkdən, söy-kökünə görə insanları pisləməkdən, ulduzlardan yağış istəməkdən və ölüyə ağı deməkdən əl çəkməyəcək. Bu hədisi necə başa düşək?
Cavab: Əvvəla qeyd edim ki, cahiliyyə dövrünə aid bu dörd xüsusiyyətin müsəlmanlar arasında olduğu kimi qaldığını və ya qalacağını düşünmək doğru deyildir. Çünki cahiliyyə dövrünün insanlarında səhih etiqad yox idi. Məhəmməd ümməti isə səhih inanca malikdir. Ona görə də sözügedən xüsusiyyətlər bəzi müsəlmanlarda müşahidə edilsə də, onların keyfiyyətcə əvvəlki xüsusiyyətlərdən fərqli olduğunu nəzərə almaq lazımdır. Başqa sözlə desək, qeyd edilən xüsusiyyət və ya adətlər cahiliyyə insanlarının qanına işləmişdi, onların ruhuna kök salmışdı. Sözügedən xüsusiyyətlərə bəzi müsəlmanlarda inanc və ya əqidə kimi deyil, keçmişdən qalma adət kimi rast gəlinir. Hədisdəki “Onlar bu adətlərindən əl çəkən deyillər” ifadə onların bu xüsusiyyətləri dəyişdirərək davam etdirməsi mənasına gəlir.
Ata-babalarla öyünmək boş təsəllidir
Dörd xüsusiyyətdən birincisi – “الْفَخْرُ فِي الْأَحْسَابِ” ata-babalarla (əcdadla) öyünmə və fəxr etmədir. Əslində məqam, mənsəb, bilik, sərvət, gözəllik və s. ilə öyünmək, fəxr etmək Allaha hörmətsizlikdir. Ustad həzrətlərinin yanaşması ilə desək, Allahın lütf və ehsanlarını saymamaq nankorluq, onları özündən bilmək isə fəxrdir. O halda nankorluq və fəxrdən uzaq olmaq istəyənlər əvvəla bilik, ürfan, ağıl, mühakimə, sərvət, səhhət və s. nemətləri Ondan bilməli, “Bütün bu gözəlliklər Gözəllər Gözəlinə aiddir” deməli, bəxş edilən nemətləri ancaq “təhdisi-nemət” (nemətə şükür) niyyəti ilə dilə gətirməlidirlər.
Daha təfərrüatlı desək, insanın fəxr etməsi və özünü bəyənməsi Allahın xoşlamadığı pis xüsusiyyətdir. Fəxr edən və təkəbbürlənən insanları Allah yerlə-yeksan edər. Hədisdə də insanı məhvə sürükləyən bu əməlin bir növündən – nəsəb, soy, əcdad və nəsillə iftixar etməkdən bəhs edilir. Ona görə də, hətta Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) pak nəslindən də gəlsə, “Allahım, belə bir mübarək silsileyi-zəhəbdən (qızıl silsilə) gəlmək məndən asılı deyildir. Bilirəm, bunu mənə nəsib edən Sənsən, bu gözəllik Sənə aiddir və bu, mənim üçün ağır məsuliyyətdir. Ya Rəbbim, bunu mənə bəxş etdiyinə görə Sənə həmd-səna edirəm. Buna layiq olmaq üçün mənə köməl et!” deməli, heç vaxt özünü başqalarından üstün tutmamalıdır.
“Nəslim filan bəydən gəlir. Babalarım var-dövlətli adamlar olub. Bizim dənizə baxan imarətlərimiz, saraylarımız vardı” kimi ifadələr də əcdadla fəxr etmək sayılır. Eyni şəkildə nazir, baş nazir, prezidentin övladı olmaq da, təşəxxüsə gətirib çıxara bilər. Halbuki bunun ilahi dərgahda bir qiyməti yoxdur. Əksinə belə bir şeylə fəxr etmək Allah xoş qarşılamaz. Belə insanlar, imanları varsa, bu əməlinin cəzasını dünyada çəkər, imanları yoxdursa, cəzası “böyük məhkəmə”yə qalar. Bu da daha ağır aqibətdir.
Ona görə də insan əcdadı ilə öyünərək özünü alçatmamalıdır, bunu üstünlük bilməməlidir. Çünki ata-babaların məziyyətinin insana heç bir faydası yoxdur. Əsas məsələ insanın öz dəyəridir. Allah-taala “Allah dərgahından ən üstün olan təqvalı bəndədir” (“Hucurat” surəsi, 49/13) buyuraraq sözügedən bu məsələyə diqqət çəkmişdir.
Bəli, insanın Allah dərgahında dəyəri ibadət, Rəblə irtibat və ehsan şüuru ilə ölçülür. Bir möminin ibadətləri, Allahla irtibatı və ehsan şüuru yerli-yerində deyilsə, kimin nəslindən olur-olsun, hansı soydan gəlir-gəlsin, ona bir faydası yoxdur. Həzrət Ömər: “Biz İslamla izzət qazanan qövmük. Ona görə də bizə İslamdan qeyri izzət lazım deyildir” (İbn Əbi Şeybə, “əl-Müsənnəf”, 7/10; Hakim, “əl-Müstədrək”, 1/130) hədisi ilə fəzilət və izzətin ancaq İslamda olduğunu vurğulamışdır.
Bəşəriyyətə hökm edən kasta sistemi
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ikinci sırada “وَالطَّعْنُ فِي الْأَنْسَابِ” sözü ilə insanları söy-köklərinə görə pisləmək xüsusiyyətindən bəhs etmişdir. Halbuki bir insanın kasıb ailədə dünyaya gəlməsi, atasının çoban olması nöqsan deyil. Əsas odur ki, insan şəxsən fəzilət və gözəl keyfiyyətlərə malik olsun. İbrahim Haqqı həzrətləri bu gerçəyi gözəl nəzmə çəkib:
“Haqqı gəl sirrini eyləmə zahir,
Olayım der isən bu yolda mahir;
Xarabat əhlinə x or baxma Şakir
Dəfinəyə malik viranələr var”.
Bəli, elə insanlar var ki, zahirən “viranəyə” bənzəsələr də, içlərində dəfinələr yatır.
İnsana böyüdüyü mühitə, maddi vəziyyətinə, yaşadığı cəmiyyətə, ailəsinə və s. görə qiymət vermək böyük səhvdir. Əslində özünü üstün bilmə və insanlara yuxarıdan baxma hissinin tarixi uzaq keçmişə gedib çıxır. Məlumatlara görə əsasını Hindu dinlərindən götürən və Hindistanda ortaya çıxan “kasta sistemi” əslində peyğəmbər məktəbindən keçməyən əksər toplumlarda mövcud olmuşdur. Müasir dövrdə bu anlayışın bəzi əlamətlərini, ölkəmiz də daxil olmaqla, dünyanın bir çox ölkəsində aşkar və ya gizli şəkildə görmək mümkündür. Əgər bəşər mədəniyyətinin, demokratiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, dünyada hələ də kasta sistemi davam edirsə, insan olaraq özümüzü bir daha sorğu-suala çəkməliyik.
Bu məsələnin bizim toplumla da əlaqəsi vardır. Anadolu bir çox qövmün gəlib-keçdiyi bir bölgədir. Tarixin müxtəlif dövrlərində müxtəlif yerlərdən fərqli irq, din, mədəniyyətə malik qövmlər Anadoluda məskunlaşmış və əksəriyyəti də müsəlmanlığı qəbul etmişdir. Kiminsə soy-kökünü araşdırsanız, bir neçə nəsildən sonra ata-babalarının yəhudi, erməni, yunan və s. olduğunu görəcəksiniz. Ona görə də insanı pisləməyə haqqınız yoxdur. Səhabələrin çoxunun atası müsəlmanlığı qəbul etmədən dünyadan köçmüşdür. Ona görə də insanları keçmişinə, nəsəbinə görə qiymət vermək doğru deyil.
Ulduz falı və qəlbdəki dərin boşluqlar
Cahiliyyə dövrünə aid olub ümmət arasında hələ də davam etdirilən adətlərdən biri də “وَالِاسْتِسْقَاءُ بِالنُّجُومِ”, yəni ulduzlardan yağış diləmə, yağışı ulduzların yağdırdığına inanmaqdır. Mesopotamiyada ulduzlar müqəddəs sayılırdı. O bölgənin sakinləri inanırdı ki, ulduzlar insanların taleyinə birbaşa təsir edir. Hal-hazırda bu kimi inanclar aradan qalxsa da, onun qalığı sayılan ulduz falı və bürclərə inam hələ də davam edir. Deməli bu cahiliyyə adəti surətini dəyişdirərək hələ də mövcudluğunu davam etdirir.
Peyğəmbərimiz (Sallallahu aleyhi və səlləm) bir hədisində Allah-taalanın belə buyurduğunu bəyan edir: “Bəzi bəndələr Mənə iman edərək, bəziləri də inkar edərək səhəri açdı. “Yağış Allahın inayəti və mərhəməti sayəsində yağdı” deyənlər Mənə inanıb ulduzları inkar edənlərdir. Yağışı ulduzlardan bilənlər isə Məni inkar edib ulduza inananlardır” (Buxari, “Məğazi”, 37; Müslim, “İman”, 125).
Demək, yağışı Allahın mərhəmətindən bilmək və buna görə Ona həmd-səna etmək imanın, ulduzlardan bilmək isə şirkin əlamətidir. Əgər Allah-taala izzət və əzəmətinə ulduzları pərdə edərək yağışı yağdırsa idi, onları bu məsələdə səbəb saymaq qəbahət olmazdı. Ancaq təbiət elmlərinin də sübut etdiyi kimi, ulduzlarla yağışın yağması arasında birbaşa əlaqə yoxdur.
Hər bir insanın fitrətində inanma duyğusu vardır. O, əsl həqiqətlərə, yəni Allaha, peğəmbərlərə, Qurana, axirətə inanmayanda bu hissi onu batilə inanmağa sövq edir. Kimi yoqada çarə axtarır, kimi meditasiyadan kəramət umur, kimi də ulduz falları ilə özünə təskinlik verir. Bu yanlış yönəlişlərin səbəbi ruhun inanma duyğsunun həqiqəti tapa bilməməsidir. Bəli, insan təbiəti, insan fitrəti həqiqəti axtarır. Ancaq bəzən həqiqət əvəzinə batillə qarşılaşır və imana möhtac qəlbini ağılsız, şüursuz daş, ağac, ulduzlarla ovutmağa çalışır.
Qəzavü-qədərə iman və yas mədəniyyəti
Hədisdə “وَالنِّيَاحَةُ عَلَى الْمَيِّتِ” sözü ilə ifadə edilən son məsələ isə ölü arxasınca ağı deməkdir. Hələ də ölkəmizin bəzi bölgələrində Quran və Sünnə ilə bir araya sığmayan “ağı çəkmə” adətinə şahid oluruq. Ölənin yaxınları bir yerə toplaşıb ölünün yaxşı əməllərini, fəzilətini sayıb tökür, “qaşı eləydi, gözü beləydi” deyə mədhiyyə söyləyirlər. Xüsusilə də, qadınlar baş-gözlərinə vuraraq, dizlərinə döyərək “ağlayırlar”.
Halbuki şişirdilmiş və uydurma sözlərlə edilən təzim, təbcil və təqdirin ölüyə heç bir faydası yoxdur. Nəinki faydası, hədisdə buyurulduğu kimi, dirilər ağı deyəndə mələklər “Sən həqiqətən belə insan idin?” deyib ölünü hesaba çəkir, ona əzab verirlər.
Bəli, əgər insan ibadətlə Allaha yaxışlanmayıbsa, nə yas mərasimində çoxlu adam olmasının, nə barəsində söylənən təriflərin, nə də “yaxşı insan idi” kimi sözlərin ona bir faydası olar. Üstəlik, fasiq bir adam haqqında bilə-bilə “yaxşı insan idi” demək yalandan şahidlik etməkdir. Allah insanı bu yalanına görə hesaba çəkər. Əlbəttə ki, məscidə gələn, namaz qılan, əxlaqlı, fəzilətli görünən insan haqqında gözəl fikirlər söyləmək olar. Çünki biz zahirə görə hökm veririk. Qəlbləri yalnız Allah bilir. Ancaq açıq-aşkar dinə düşmənçilik edən və ya sözü ilə əməli bir olmayan, göz görə-görə oğurluq eləyən, vəzifəsindən sui-istifadə edən, iftira, böhtan atan insanlar haqqında “yaxşı insan idi” demək həm dəhşətli bir yalan, həm də Allaha qarşı hörmətsizlikdir.
Üstəlik imamın “Ölü haqqında nə düşünürsünüz?” sualına camaatın “Yaxşı insan idi” deyə cavab verməsi sünnədə yoxdur, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) belə bir əməlinə hədislərdə də rast gəlmirik. Bu, xalqın icadıdır. Həta bəziləri bu sualı üç dəfə təkrar edir, axırda da: “Haqqınızı halal edin?” deyə soruşurlar. Ancaq bunların heç biri nə Quran və Sünnədə, nə də fiqh kitablarında əksini tapıb. Ona görə də bidətdir, nə ölüyə, nə də diriyə faydası var.
Unutmayaq ki, əgər insanın imanı, saleh əməli varsa, cənazə namazını iki adam da qılsa, ona bir zərəri yoxdur. Çox sevdiyim Əhməd Naimin də cənazə namazını beş-on nəfər qılmışdı. Bir gün bunu Yaşar xocaya söyləyəndə: “Allah razı olarmı ki, bu günahkar insanlar Əhməd Naimin cənazə namazını qılsın?!” demişdi. Xalq Mehmet Akifə də vəfazılıq etmiş, cənazəsində iştirak etməmişdi. Camedə namaz qılındıqdan sonra tələbələr bayraqları əllərinə alıb gəlmişdilər. Tarix layiqincə dəyər verilməyən neçə-neçə insanlar görmüşdür.
Firon və tiranların yas mərasimi
Digər tərəfdən, saleh əməl işləmədən ölən bir insanın yas mərasimində izdiham olsa da, bunun ölüyə bir faydası yoxdur. Fironların, Nəmrudların, Şəddadların yasında milyonlarla insan iştirak etmişdir, ancaq bu, onları cinayət və zülmün vəbalından qurtara bilməz. Onları o biri dünyaya milyonlarla insan yola salsa da, yer yerindən oynasa da, bütün bəşəriyyət yığışıb bir ağızdan “Biz bu insandan razıyıq” desə də, bunların ölüyə heç bir faydası yoxdur. Beləsinin yeri yenə cəhənnəmdir, yenə cəhənnəmdir, yenə cəhənnəmdir.
Düzdür, hədislərdə ölünün arxasınca qırx nəfər gözəl şahidlik edərsə, onun əfv olunacağı bildirilir. Ancaq bu şahidlik yuxarıda da qeyd etdiyim kimi, bilə-bilə edilən yalan şahidlik deyildir.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ölüm və axirətlə bağlı bir hədisində Əbu Zərrə buyurur: “Gəminə bir daha əl gəzdir, çünki dəniz çox dərindir. Azuqəni tam götür, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, yoxuş olduqca sərtdir. Əməlində ixlaslı ol, görən və dəyərləndirən Rəbbin hər şeydən xəbərdardır.” (əd-Deyləmi, “əl-Müsnəd”, V/339).
Budur Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) dəyər verdiyi xüsusiyyətlər. Əgər saleh dairədən çıxmayaraq axirətə köçmüsünüzsə, tərtəmiz ruhunuz nicat tapar, inşallah və “Hamımız Allaha aidik və hökmən Ona dönəcəyik” (“Bəqərə” surəsi, 2/156) həqiqəti ilə sərəfraz olarsınız. Əks halda çəkilən ağıların, deyilən mərsiyyələrin, yas mərasiminə gələn milyonlarla insanın sizə heç bir faydası olmaz.
- tarixində yaradılmışdır.