Dövlət sivil qurumlar tərəfindən dəstəklənməli
Bir başqa məsələ: Dövlətin elədiyi elə gözəl, elə böyük işlər var ki, biz bunu edə bilmərik. Dövlət dövlət olaraq dövlətin görə biləcəyi böyük işlər görər. Amma elə şeylər də var ki, bəzən onu dövlət edə bilmir. Dövlətin bəzi yerlərdə məktəblər, mədəniyyət ocaqları açması... bunlar bir az da dövlətlər arası münasibətlərlə bağlı məsələlərdir. Bir dövlətin müəyyən dövrdə başqa bir dövlətlə çox yaxşı əlaqələri ola bilər. İqtisadi, sənayi, mədəni əlaqələriniz çox yaxşı ola bilər. Ancaq dünyanın, sosial coğrafiyası dəyişir. Fransa gah sizin tərəfinizdə olur, gah da sizə qarşı. Bir gün Hollandiya sizin tərəfinizdədir, sabah, sizə qarşıdır. Deyək ki, dövlət bir yerdə universitet açır, məktəb açır; bir yerdə bir dil kursu açır. Sizin işiniz dövlətlər arası münasibətlərdən asılı olarsa, əlaqələr pozulan kimi bütün müəssisələri də bağlayarlar.
Məncə, ağıllı dövlət bu məsələdə alternativli hərəkət edər. Sivil qurumları hərəkətə keçirər. Özü də bəzi işlər görməyə çalışar dövlət səviyyəsində, dövlətin şanına layiq şəkildə. Eyni zamanda alternativi də olar. Sivil qurumlara deyər ki, "Siz də fəaliyyət göstərin. İşdi əlaqələrimiz pozulsa, bu işi siz davam etdirərsiniz". Yaxın tarixdə də belə olmuşdur; bəzi yerlərdə - üzr istəyirəm - fiyaskoların olması dövlət əlaqələrinin pozulmasından qaynaqlanmışdır. Bir Asiya dövləti ilə Türkiyə arasında əlaqələrin pozulması həmin ölkədə həyata keçirilən təhsil fəaliyyətlərinə mane oldu. Ağıllı dövlət, məncə, çox alternativli olar. Hətta yalnız təhsil, məktəblər, mədəniyyət ocaqları, dil kursları... və s. ilə kifayətlənməz. Sənətlə bağlı fəaliyyətlər həyata keçirər: deyər ki, oraya teatr truppaları, film heyəti göndərər, bu sahələrdə əməkdaşlıq edər; kiməsə "çıx" desələr, o ölkədə qala biləcək insanlar olar, sizin düşüncənizi davam etdirərlər, fəaliyyəti davam etdirərlər. Çox alternativli olmaq lazımdır, dünyanın dörd bir tərəfinə uzanıb getmək lazımdır.
Amma unutmamalıyıq ki, biz nə ediriksə, millətimiz üçün edirik, hər şey dövlətimiz üçündür. Dövlət bir gün gəlib bizə desə ki, "Siz hələlik əlinizi çəkin bu işdən, biz bu işə müdaxilə edirik". Biz, "Baş, göz üstünə" deyib əl-ətəyimizi çəkərik o işdən. "Hər halda o iş davam etdirilir", deyə düşünərik. Buna həqiqətən hazır olduğumuzu bütün yoldaşlarımız hər yerdə çəkinmədən, mərd-mərdanə söyləyə bilərlər. Lakin bu kimi qəribə-qəribə fikirlər ortaya atanlar da oralara mərdcəsinə sahib çıxmağı bacarmalıdır.
Heç bir sivil qurum, heç bir təşkilat, heç bir fəaliyyət özünü dövlətin yerinə qoymamalı, əksinə dövlətə dəstək olmalı, dövlətin müəyyən səbəblərə görə buraxdığı boşluğu doldurmağa çalışmalıdır. Bu zaman da, "Mən dövlətimin bir nümayəndəsiyəm. Dövlətim adına edirəm" mülahizəsindən də uzaqlaşmamalı. Daim dövlətin arxasında olmalı, həmişə dövlətə söykənməli, hər şeyi, hər zaman dövlət üçün etməlidir. Bir az əvvəl samimi şəkildə söylədiyim, əvvəllər də söylədiyim mülahizələri də ifadə edərək gerçək düşüncəsini ortaya qoymalıdır. Bərə pozanlıq etməməli, dövlətinə sahib çıxmalı. O biriləri də cığallıq edib dövlət adına xidmət edən insanların əhvalını pozmamalı. Onları ləkələməməli, qara yaxmamalıdır. Onların vəzifəsi də odur. Səsimin, sözümün çatdığı yerə qədər hər kəsə deyirəm bu mövzuda heç kim "Filan, filana alternativəm, mən filanın etdiyini edirəm, mən onlardan daha yaxşı bacarıram bu işi" kimi şeyləri qətiyyən iddia etməsin.
Dövlət kimdi?
Burada unutduğum, lakin yeri gəlmişkən ifadə etmək istədiyim bir məsələ var: əslində bu Fəaliyyətin könüllüləri ən kiçiyindən ən böyüyünə qədər; istər sənaye, istər iqtisadi, istər mədəni fəaliyyətlərdə - bütün işlərini soruşdular, icazə aldılar. Mən bəzilərini tanıyıram: mərhum Turqut Özal, bəlkə, iyirmi yerə məktub yazdı. Baş nazir vəzifəsində olarkən etdiyi kimi, prezident olarkən də bunu elədi. Keçən dəfə ona yaxın adamlardan biri danışdı: "Turqut Özal mənim yanımda bir dövlət başçısına "Mən bu işə zaminəm" dedi,". Dövlət başçısı "Mən bu işə zaminəm, mən bu işin arxasındayam, mən bu fəaliyyətə cavabdehəm" deyirsə, onda bəs dövlət kimdir? Dövlət Fəaliyyətə sahib çıxır. Dövlət özünə alternativəmi sahib çıxır? Möhtərəm Süleyman Dəmirəlin bu məsələ ilə bağlı, bəlkə, iyirmi imzasız məktubunu gördüm. Mənim görmədiklərimi də saysaq, bəlkə də, qırxdan çoxdur. Qırx dövlətin başçısına dövlətin nümayəndəsi olaraq məktub yazır. Bəzilərinin də altına imza atıb "İçini istədiyiniz kimi doldurun, aparın," - deyir. Bu mərd hərəkətdir. Bunu alqışlamaq lazımdır. Baş nazir ikən elədi Süleyman bəy, Çankayaya çıxanda da bunu elədi, sahib çıxdı.
Sonra hörmətli Bülent Ecevit gəldi. Kritik bir dövrdə, "Fevral" rüzgarının əsdiyi bir dönəmdə gəldi bu insan. Ardıcıl brifinglər verilirdi ona. İndiyə qədər çox dövlət xadimi gəlib keçib, hamısını ehtiramla yad edirik, lakin Bület Ecevit həqiqətən təqdirəlayiq mövqe nümayiş etdirdi. Deyilənlərin çoxunu rədd edib "Bunlar məni qane etmir, doğru deyil bunlar. Osmanlı dövründə belə görülməyən işlər görülür" demişdi. Biz bunları görməsək, nankorluq olar. O dövlətin başında olan insanlardan biridir, eyni zamanda sosial-demokrat mühitində yetişib. O tərəfi də bilir, bu tərəfi də bilir bu insan. İndi belə bir insan bunu hiss eləmədi, Fəaliyyətin dövlətə alternativ olub-olmadığını başa düşmədi. Amma siz "başa düşdüz" qalxıb əcaib-qəraib iddialar ortaya atırsınız; insafınız olsun, utanın!
Tansu Xanım eyni şeyi elədi, Məsud bəy gəldi eyni şeyi elədi. Ondan sonra gələnlər eyni şeyi elədi, sağdakı eyni şeyi eləyir, soldakı eyni şeyi eləyir, hər kəs eyni şeyi eləyir; həmçinin dövlət adamları, universitet ziyalıları... həmin ziyalılar fikirlərini kitablaşdırır, bəlkə, səksən, yüz min tirajla çap olunub müxtəlif yerlərə paylanılır. Sizin təhsil müəssisələrinizə sahib çıxan dövlət deyilsə, ricali-dövlətin (dövlət xadimləri) sahib çıxdığı şey dövlət deyilsə... O zaman siz nəyə dövlət deyirsiniz?
Fəaliyyətin bəraəti
Qaldı ki, Fəaliyyətin məsələsi bir-iki dəfə də müzakirəyə təqdim edilmişdir. Və bunlar müsbət cavablandırılmışdır. Harada? Məhz "Hakimiyyət qeyd-şərtsiz millətindir" ifadəsinin, məzmunun təmsil edildiyi yerdə - Böyük Millət Məclisində. Böyük Millət Məclisində "fəaliyyətin bəraəti" mahiyyətində, "Bəli bu Türk millətinin mənafeyinə uyğundur" deyilmişdir... elə isə sən hansı dövlətdən danışırsan? Dövlət adamlarının bu mövzuda fikirlərinə baxmayaraq, Böyük Millət Məclisinin bu mövzuda mövqeyinə baxmayaraq sən durub əsassız danışırsansa, qaydaya zidd, qanuna zidd, qanunu təmsil edənlərə, icraedici orqana, qanunverici orqana zidd danışırsansa, özünü sorğuya çəkməlisən, azca insafa gəlib öz-özünlə üzləşməlisən. Dolayısilə, millətin mənimsədiyi bu fəaliyyəti könüllülər təmsil edir, Allahın izni ilə, sonuna qədər də təmsil ediləcək. Filanın, filankəsin belə deməyi heç bir əhəmiyyət kəsb etmir, "Günəşi palçıqla suvamaq olmaz!"
Yoxlamalarda nələr tapıldı?
Yeri gəlmişkən bir haşiyə çıxmaq istəyirəm: Bu müəssisələrin başına gələn şeylərə şahid olmadım. Bu mövzuda açıq, dəqiq bir şey deyə bilmərəm. Həm Türkiyədə, həm burada yanıma gələn insanlar dəfələrlə mənə danışdılar. Müxtəlif hökumət dövrləri oldu. Bir dövrdə müəyyən bir təbəqə hökumətə güclü təsir göstərdi və bu müəssisələri ciddi təqib, təftiş adı altında təqib atəşinə tutdular. Təftiş olanda ümumiyyətlə xəbər verirlər, "Gəlirik, filan məsələləri yoxlayacağıq" deyirlər. Lakin gözləri dola-dola danışan yoldaşlar deyir ki, "Gecə yarısı müəssisələrə soxuldular. Hətta qızların qaldığı yataqxanaların şkaflarını ələk-vələk elədilər. Yastıqların altına baxdılar, yataqları qaldırıb baxdılar, nə vaxt təftişi edəcəklərini bilmirdik." Demək olar ki, hər yerdə bu baş verdi. Bu iş başlayandan bəri, bəlkə də, beş-altı hökumət dəyişdi və hər hökumət dövründə bu davam etdi. Hiddətlə gəldilər, qəzəblə gəldilər, təftişə yaraşmayan şeylə elədilər, hətta bəzən nalayiq hərəkətlər də elədilər.. hər şey elədilər. Ancaq indiyə qədər Türkiyə təhsil qanuna zidd heç bir şey tapmayıblar. Heç bir şagirdin mənfi ifadəsini eşitməlidir. İfadə aldılar. Ciddi təftişlər oldu, dinləmələr oldu, dəftərlər yoxlanıldı, bilgisayarlara baxıldı, hər şey, hər yer bir-bir axtarıldı, heç bir dövrdə belə axtarış olmamışdı, lakin qanuna, sistemə, demokratiyaya, cümhuriyyətə, dünyəviliyə zidd bir sözün mində birinə də rast gəlmədilər. Elə isə nə deyirsiniz? O məktəblərə nə deyirsiniz? Budur dövlət nəzarət edir. Dövlət təftiş edir, dövlətin məktəbidir, Milli Təhsilin nəzarəti altındadır.
Zənnimcə, - başa qayıdıram yenə - bunu bəzi şəxslər, oliqarx azlıq özü ya bacarmadığına görə edir, ya dinə, imana, milli ruha, ruh və məna köklərimizə, milli ruh köklərimizə düşmən olan bəzi insanlar paxıllıqdan edir, ya da bu günə qədər millətimiz üçün heç bir ciddi iş görməmiş və gələcəkdə görmək istəməyən, heç bir yaxşı şey vəd etməyən, yalnız "Görən, harada bir villa keçirə bilərəm" xülyaları ilə oturub-duran insanlar qısqanclıqdan edir. Onların bu cür müsbət işləri həzm edə bilməməsini çox normal qarşılamaq lazımdır. Paxıllıq çəkməkdə davam edirlər. Mənim ağzıma yaraşmaz və siz də bu cür şeyləri bilməzsiniz, sizə də o cür şeyləri dolayı yolla da olsa təlqin etmək istəmirəm. "Qəzəbdən çatlasınlar, əzilsinlər; beyin qanaması keçirsinlər" demirəm, deyə bilmərəm. İllərdən bəri mənə qarşı amansızcasına düşmənçilik edən, bircə dənə müsbət söz yazmayan insanlara belə xitab edərkən "Bəy" dedim. "Paşa" dedim və Cənabi-Haqq lütfü ilə, inayəti ilə, hidayəti ilə üfüqlərini açsın, insanımız üçün edilən bu xidmətləri olduğu kimi onlara da göstərsin... dilədim. O təmənnamı bir daha təkrar edirəm.
Sual: "Dövlətə sızmaq istəyirlər" deyilir, buna nə cavab verək?
Cavab: Biz bu dövlətin adamlarıyıq. Mən Anadolu insanıyam. Qana, dəmə, damara, kəllə sümüyünə baxan bir irqçi deyiləm, Turançı deyiləm. Lakin millətimi dəlicəsinə sevirəm. Bir insanın öz vətənindəki müəssisələrə girməsinə isə, bəzilərini təşviq etməsinə... sızma demək olmaz ki... o sızma işini bir dövrdə Türk millətindən olmayanlar elədilər, müəyyən dövrdə, müəyyən bir yerə qədər də gəldilər. İndiki narahatçılığın kökündə də bu yatır.
Sən bu millətin övladısan, bu millətin bir fərdisən. Hər yerdə olmaq haqqındır sənin. Amma bəziləri, bəli, "bəziləri" dolanbaclı yollarla çox vacib, həyati əhəmiyyətli məqamlara gəldilər; yəni gəlib "hipofiz"də oturub, millətin görmə sistemini təzyiq altına alıblar, millətin doğru görməsinə mane olurlar; sizin davranışlarınızı, hərəkətlərinizi də həmin paranoyya ilə "Bunlar sızmaq istəyirlər" şəklində izah edirlər.
Onlar sızma məsələsində o qədər baş yorublar ki, bir yerdə qapı zəngi çalınsa "sızma" deyir, qapı döyülsə, "bu da sızma" deyir.. sızma, sızma.. sızma paranoyyası olublar. Bir millətin fərdi öz milləti içində, öz milləti üçün işləyən müəssisələrə sızmaz, haqqıdır, girər orada işə; mülkiyəyə də girər, ədliyyəyə də girər, kəşfiyyata da girər, xariciyyəyə də girər, hərbiyə də girər... Niyə girməsin millət buralara? Anadolu insanını yalnız Quran kurslarındamı həbs etmək istəyirsiniz? Yalnız bunamı təşviq edək; "Yalnız "İmam Xatib"lərə getsinlər" deyək? Xeyr, dünən dediyim kimi, əvvəlki gün də dediyim kimi, dünən də dedim, bu gün də söyləyirəm, "Əgər Anadoluda olan hər şey Anadolu insanınıdırsa, hər yerə girmək, işləmək onun haqqıdır, haqqından istifadə edir. Belə bir haqqdan istifadəyə mane olmaq haqsızlıqdır, zülmdür; bu əks-reaksiya verər bir gün.. "Zalımın zülmü varsa, məzlumun da Allahı var; bu gün xalqa cövr etmək asan, sabah Haqqın divanı var".
Səsim çatsaydı, Anadoluya bir daha hayqırardım: Övladlarınızı Quran kurslarına qoyduğunuz qədər, İmam Xatibə də qoyun; oraya qoyduğunuz qədər mülkiyədə də oxudun... Anadolu insanına deyirəm mən... oraya qoyduğunuz qədər Ədliyyədə də oxudun; istiqamətləndirin hər tərəfə, çünki ölkə sizin ölkəniz, o müəssisələr də sizin müəssisələrinizdir.
- tarixində yaradılmışdır.