Günaha görə cəza və günaha görə tövbə

Sual: Qurani-Kərimə baxanda qədim qövmlərin etdikləri zülmə və işlədikləri günaha görə əzab və müsibətlərlə cəzalandırıldığını görürük. Həmçinin günahın növündən asılı olaraq tövbələr də fərqlidir. Buna binaən düçar olduğumuz bəla və müsibətləri doğru anlaya bilmək və buna müvafiq tövbə edə bilmək üçün hansı məqamlara diqqət yetirməliyik?

Cavab: Sualda qeyd etdiyiniz məsələyə "Ənkəbut" sureyi-cəliləsində keçən bu ayeyi-kərimə örnək təşkil edir:

فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا وَمَا كَانَ اللّٰهُ لِيَظْلِمَهُمْ وَلٰكِنْ كَانُۤوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

"Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər" ("Ənkəbut" surəsi, 29/40).

Gördüyünüz kimi ayeyi-kərimədə həmin qövmlərin və ya həmin qövmlərə mənsub fərdlərin hər birinin öz günahına görə cəzalandırılmasından bəhs olunur.

Sözügedən ayədə hansı qövmün hansı əzabla cəzalandırılması açıq şəkildə bildirilmir. Ancaq digər ayələrdən bu müsibətlərin hansı qövmün başına gəlməsi haqqında müəyyən məlumatlar əldə edə bilərik. Məsələn, "Ad" və "Səmud" qövmləri tükürpədici səslə həlak edilmiş, Qarun yerin dibinə batırılmış, Firon isə suda qərq edilmişdir.

Gəlin suala qayıdaq, əvvəla sözügedən qövmlərin etdikləri günah və üsyanla başlarına gələn müsibətlər arasında bir bağlılıq axtarmağın bizim üçün o qədər vacib olub-olmadığını bilmirəm. Bununla yanaşı, belə bir əlaqə qurmağın məsləhətli və faydalı olacağını düşünürüksə, diqqətlə nəzər yetirib edilən günahlarla bu günahlara görə verilən cəzaların bir-biri ilə bağlı olduğunu görə, bunlar arasında bir əlaqə qura bilərik. Məsələn, "Ad" və "Səmud" qövmləri səmaviliyi görməmiş, görə bilməmişdilər. Peyğəmbərə gələn vəhyi inkar etmiş, bir peyğəmbərin timsalında onlara səslənən səmanın səsini eşitməmişdilər. Bunun nəticəsində də gözlənilməz dəhşətli səmavi səslə yerlə-yeksan edilmişdilər. Bir daha təkrar edim ki, Qurani-Kərim belə bir bağlılıqdan açıq-aydın bəhs etməsə də, istidlalla[1] belə bir əlaqə qurmaq mümkündür.

İkinci misal: Qurani-Kərimdə açıq-aydın Qarunun üsyanından və ona verilən cəzadan bəhs olunur, özü də iki səhifəyə yaxın. Bu ayələrdə o bədbəxtin xəzinələri ilə xalq arasında qürrələnməsi, özünü yekə aparması və bəzi insanların ona qibtə edərək belə var-dövlətə sahib olmaq istəməsi dilə gətirilir. Yerin üstündə hind quşu kimi sinəsini qabardıb gəzən Qarun günahına uyğun olaraq verilən cəza ilə yerin dibinə batırılmışdır. Hz. Pirin ifadə etdiyi kimi təvazökarlıq insanı ucaltdığı kimi, təkəbbür və qürrələnmə yerin dibinə batırır.

Ayənin axırında isə fəzləkə olaraq belə buyurulur:

وَمَا كَانَ اللّٰهُ لِيَظْلِمَهُمْ وَلٰكِنْ كَانُۤوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

"Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər". Zülm etmək həddini bilməmək, haqq-hüquq tanımamaq, ədəbsizlik və haqqa meydan oxumaq deməkdir. "Ənkəbut" sureyi-cəliləsində sözügedən ayədən əvvəl peyğəmbərinə qarşı ədəbsizlik edən, həddini aşan qövmlər haqqında məlumat verilmiş, onların başına gələn bəlalardan bəhs edilmişdir. Ayənin axırında isə bildirilir ki, onlara, haşa, Allah Təala zülm etməmişdir, onlara ancaq layiq olduqları cəza verilmiş və əslində onlar etdikləri zülm və günahlarla öz-özlərinə zülm etmiş, zülmü (müsibəti) öz-özlərinə rəva görmüşlər.

Günahlarını gizlətməyənlərin aqibəti

Sualınızın ikinci hissəsinə gəlincə, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə:

كُلُّ ابْنِ آدَمَ خَطَّاءٌ وَخَيْرُ الخَطَّائِينَ التَّوَّابُونَ

"Bütün insanlar xəta edə bilər. Ancaq xəta edənlərin ən xeyirlisi tövbə ilə təkrar Allaha yönələnlərdir" (Tirmizi, Kıyamet 49) buyurur. Bəli, insan xəta edə, günah işləyə bilər. Ancaq edilən günahı gizlətmək və faş etməmək əsasdır. Çünki Həzrəti-Ruhu-Seyyidil-Ənam (əleyhi əlfü əlfi salatin və salam) Buxaridə keçən bir hədisi-şərifdə:

كُلُّ أُمَّتِى مُعَافَى اِلَّا الْمُجَاهِرُونَ

"Açıq-aşkar günah işləyənlər istisna olmaqla bütün ümmətim əfv olunacaq" buyuraraq əlavə edir ki, bir qulun gecə ikən etdiyi və Allahın da bağışladığı bir günah əməli səhər başqalarına danışması açıq-aşkar günah işləməyin bir növüdür" (Buhari, Edeb 60). Beləliklə, bu insan Allahın örtdüyü, faş etmədiyi xətanı özü açmış, günahını xalqın içində açıb tökərək insanları həmin günaha şahid etməklə, bir mənada özü öz əlini-qolunu bağlamışdır. Bu davranış da axirətdə onun əleyhinə olacaq.

Bu səbəblə deyirik ki, bəli, hər kəs yıxıla bilər. Ancaq yıxılandan sonra təkrar Allaha təvəccöh edib Ona yönəlmək, Ona sığınmaq əvəzinə günahı başqalarına danışmaq günaha daha böyük bir günah əlavə etmək deməkdir. Halbuki Cənabi-Haqq Səttarul-Uyubdur (Günahları, ayıbları sətr edən, yəni örtəndir). Yalnız Ona sığınmaq və:

يَا سَتَّارُ يَا غَفَّارُ، اِغْفِرْلَنَا ذُنُوبَنَا كُلَّهَا وَ اسْتُرْ عَيُوبَنَا كُلَّهَا

"Ya Səttar və Ğaffar olan Allahım! Bütün günahlarımızı bağışla! Bütün ayıblarımızı da sətr elə, ört!" deyərək Sətttar və Ğaffar kimi mübarək isimlərlə Ona yalvarıb-yaxarmaq lazımdır.

Vəsayətlər (təzyiq, istila, asılılıq)

Sualda qeyd edildiyi kimi, günahın növünə uyğun tövbə etmə məsələsi də, həqiqətən, həssas mövzudur. Çünki tövbə nə bir mücərrəd peşmançılıq hissidir, nə də sadəcə sözlə əfv diləməkdir. Əlbəttə, qəlbən peşman olmaq və əl açıb istiğfar etmək çox əhəmiyyətlidir. Ancaq həqiqi, səhih tövbə bununla yanaşı işlənmiş günahın bir daha təkrarlanmaması üçün fövt və ehmal edilən şeyləri düzəltməyi, günahın törətdiyi maddi-mənəvi yaranı aradan qaldırmağa çalışılmağı və həmin günaha sürükləyən xüsuslara qarşı möhkəm və qərarlı mövqe sərgiləməyi tələb edir. Məsələn, bu coğrafiyanın insanı bir dövrdə qəflətlə qol-boyun olub gözüaçıqlıq etməmiş və buna görə yad fikir və düşüncələrin istilasına məruz qalmışsa, bu qəflət günahına bir cümə axşamı mərasimlə istiğfar cümlələri dilə gətirməklə tövbə etmək olmaz. Allah xatirinə, bir baxın; bu gün millətimiz və İslam dünyasının üstündə neçə cür vəsayət var! İqtisadi asılılıq, mədəni asılılıq, üstüörtülü siyasi asılılıq və s. Əgər bu vəsayətlər bizim şəxsi mənafeyi güdməyimiz, eqoistlik etməyimiz, mənəm-mənəmlik (ənaniyyət) hissi ilə parçalanmalara səbəb olmağımız… kimi böyük günahların nəticəsidirsə, vəhdət ruhunu diriltmək üçün ənaniyyətimizi ayaq altına alaraq və şəxsi mənafeyi bir kənara ataraq millətimizi və onun gələcəyini düşünməliyik. Bəli, inanan insanlar olaraq bu kimi vəsayətlərin altında olmaq elə bir cinayət, elə bir günahdır ki, bu günahı yumaq üçün "qürurum, mənliyim" demədən, ənaniyyətimizi ayaq altına almalı, alıb vifaq və ittifaq naminə var güclə səy göstərməliyik. Məhz bu duyğu, düşüncə ilə, iztirab içində və səmimi qəlbdən "Allahım, nə olar, bəxtinə düşdük. Bizi bağışla və bizi ayağa qaldır. Laqeydlik üzündən buraxdığımız boşluqları doldurmaq üçün bizə güc, qüvvət, iradə ver; fürsət və imkan lütf et!.." deyə yalvarıb yaxarmalıyıq.

İftiraq baiskarları Cənnət üzü görə bilməz

Bilə bilməzsiniz, Kordovanı düşünəndə ürəyim necə yanır, könlüm necə hicranla dolur. Bəli, oradakı möminlər bir-biri ilə didişməklə məşğul ikən Ferdinandın gəlib onların üstünü alması və bu coğrafiyada bir "gül dövrü"nün sona yetməsi mənim üçün böyük hicrandır. Nəticə olaraq, səkkiz əsr sizin əlinizdə müəyyən bir səviyyəyə çatan, eyni zamanda Qərb Renessansının yaxşı və gözəl ünsürlərinin mənbəyini təşkil edən bir coğrafiyanı gözünüzün içinə baxa-baxa qəsb etdilər.

O nəhəng Dövləti-Aliyənin (Osmanlının) sonu da bundan fərqli deyil. Bəli, əfsuslar olsun ki, dünya dövlətləri müvazinətində mühüm mövqeyə malik böyük ölkə - Dövləti-Aliyə iftiraqlar nəticəsində yerlə-yeksan oldu. Mehmet Akifin ifadəsi ilə, o böyük dövlətdən "xarab ellər, yıxılmış xanümanlar, kimsəsiz çöllər, başsız ümmətlər, əmək məhrumu günlər və fikri-fərda bilməz (sabahı düşünməyən) axşamlar" qaldı.

Ancaq biz,

تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ

"Onlar bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir" ("Bəqərə" surəsi, 2/134) ilahi fərmanını nəzərə alıb öz halımıza, pürməlalımıza baxmalıyıq. Bəli, onlar qazandıqları ilə Allahın hüzuruna getdilər. Biz də bu gün bir ümmət, bir millətik. Biz də kəsalətli, laqeydik, heç cür bir-birimizlə yola gedə bilmirik, bir-birimizlə ortaq məxrəcə gələ bilmirik. Bütün bunlar, bu iftiraqlar, ziddiyyətlər böyük bir milləti zəiflətdi, sonra da başqaları gəlib toxmağı başına vurub onu süründürdü və hələ də süründürür.

Bütün bu günahlar hər kəsin haqqını tapdaladığına görə, şəxsi günahlardan qat-qat böyükdür. Hüquq sistemində xalqın haqqı eyni zamanda Allah haqqıdır. Bu baxımdan millətin hüququna təcavüz eyni zamanda Allahın haqqını da qəsb etməkdir. Bu səbəblə, bir milləti iftiraqla bölüb parçalayanlar namaz qılsa, oruc tutsa, zəkat versə, həccə getsələr də, bütün millət haqqını halal etməsə, onlar Cənnətə girə bilməz.

Bu səbəblə vəhdət ruhunu yaralayan və bir-biri ilə boğuşub bu böyük milləti parça-parça edənlər bu ağır və böyük günahın vəbalından, aqibətindən qurtulmaq istəyirsə, etdikləri cinayətin böyüklüyünü dərk etməli, iftiraqın bu topluma xəyanət qədər ziyan verdiyinin fərqinə varmalı və hizb[2] düçüncəsini bir kənara atıb vifaq və ittifaqa gedən yolları açmalı, heç olmasa, sülhün bərqərar olması və ixtilafa düşməmək üçün əzm və cəhd göstərməlidirlər. Əks halda, qeyd etdiyim kimi, bütün xalq haqqını halal etmədikcə onlar Cənnətin qoxusunu da ala bilməz. Hər birimiz məhz bu anlayışla "Kaş ölümün acısını təpədən-dırnağadək hiss edəm, amma aləmi-İslamın dimdik, ayaq üstə olduğunu, Ümməti-Məhəmmədin vifaq və ittifaq içində vəhdətini görəm" deyə dua etməli və bütün cəhd və səylə bu işə yönəlməliyik ki, bu halımız bütün günahlara kəffarə olsun və başımızdan əskik olmayan bəla və müsibətlər də sovuşsun. Bəli, Haqq-Təalaya: "Allahım min dəfə canımı al, amma ölkəmdə nizam-intizam olsun. Nə olar, ya Rəbbi, bəxtinə düşdük, canımızı al, lakin bizi ruhumuzun abidəsini ucaltmağa müvəffəq et. Neyləyək, acizik, zəifik, əlimizdən bir şey gəlmir. Fələyin çarxına həmişə məğlub oluruq. O çarxlar bizim arzu-istəyimizə görə fırlanmır. Çünki yüyən başqasının əlində, sükan başqasının idarəsində. Vallah, billah, tallah, çırpınırıq, amma sözlərimiz havada qalır" kəlmələri içimizi yaxan bir hicran və həsrət alovu olmalı və qəlbimiz həyəcanla inləməlidir ki, bu halımız günahlara kəffarə olsun və millətimizin gələcəyi bir daha çiçəklənsin.


[1] Ümumi mülahizələrdən xüsusi nəticələr çıxarmaq

[2] Tayfa, zümrə, partiya

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.