İctimai dəyişikliklər zamanı ruhi-mənəvi səviyyəni qoruma

Sual: Əhməd Cövdət Paşa Osmanlı Dövlətinin Qanuni Sultan Süleymana qədərki yüksəliş dövrünü bədəvilik, ondan sonrakı dövrü isə hadarilik və ya mədənilik dövrü kimi qiymətləndirir. Üstəlik Osmanlının son dövründə baş verən tənəzzülü təbii bir proses kimi dəyərləndirir. Onun bu təsnifatını və fikirlərini necə başa düşməliyik?

Cavab:Əslində Əhməd Cövdət Paşanın bu yanaşması tarixçi, sosioloq və tarix fəlsəfəçilərinin ümumi mütaliəsinə bənzəyir. Yaxın dövrün Gibb və Renan kimi tədqiqatçıları da bu düşüncəni dilə gətirmişdilər. Zənnimcə, bu mülahizələri ilk dəfə səsləndirən də İbn Haldun olmuşdur. Onların icmali mənada ifadə etdiyi məsələ budur: İnsan kimi, toplum da doğulur, kamala çatır, qocalır, sonra da ölür. Yəni hər toplumu gözləyən bir quyu var və onların bu quyuya düşməsi qaçılmazdır.

Bu yanaşmanı bir az izah edək; Osmanlıların ilk dövrünə bir mənada "bədəvilik" dövrü demək olar. Lakin Osmanlının özünəxas xüsusiyyətləri nəzərə alanda, bu dövrə mənfi mənada "bədəvilik dövrü"ündən çox "nim-mədəniyyət dövrü" demək hər halda daha uyğundur. Bu ifadədən bu mənanı qəsd edirəm: Bu dövr saf inanc dövrüdür və bu dövrdə insanların duyğu və düşüncəsində safvət (saflıq), paklıq və sadəlik hakim idi. Görülən işlərdə təmənnasızlıq vardı. Onlar yalnız məfkurənin göstərdiyi yolla irəliləyir, əzmlə, səylə hədəfə çatmağa çalışırdılar. Saflıq və sadəlikdən yoğrulan, fani dünyaya gözünün ucu ilə baxmayan və sırf Allahın rizasını düşünən o insanlar hansı məfkurəyə könül vermiş, hansı qayəyə bağlanmışlarsa, onu həyata keçirmək uğrunda canla-başla irəli atılmışlar.

Ruhi-mənəvi səviyyəni (qivam) qoruma iradəsi

Hər xalqın şanlı dövrləri olmuşdur. Osmanlı dövrü də Türk xalqının dillərdə dastan olan bir dövrünün adıdır. Onun xüsusən də ilk yüz əlli ili möhtəşəmdir. Osman Qazi Həzrətləri Söyüdün bağrından çıxmış, həyatını çadırda keçirmiş və ruhunu da çadırda Allaha təslim etmişdi. O, qazandığı zəfərlə rahat ömür sürə bilərdi, ancaq sadə həyatı seçmişdi. Onun həyatı, bir mənada, Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli ilə eyni istiqamətdədir. Yol eyni olunca nəticə də eyni olur. Orxan Qazi Həzrətlərinin haqq və həqiqətə xidmət eşqi, cihad ruhu, bununla yanaşı, sadəlik və saflığı ilə atasından fərqlənmirdi. Demək olar, bütün ömrü at belində keçmişdi. I Kosova Müharibəsində şəhid olan Murad Xudavəndigarın son anlarında söylədiyi "Atdan inməyəsüz!" sözü isə bu duyğu və düşüncənin tarixə həkk olmuş səsi-nəfəsidir. Böyük dövlət xadimi və mükəmməl hərbçi olan bu böyük Hünkar, eyni zamanda məna aləminə aşina bir mənəviyyat böyüyüdür.

Bu böyük şəxsiyyətlər dövründə - biz onların bir neçəsini bir-iki cümlə ilə yad etdik - Osmanlı insanlıq tarixi baxımından parlaq və gözoxşayan bir tablo ortaya qoymuşdur. Bu dövrü şəbabət (gənclik) dövrü də adlandırmaq olar ki, İstanbulun fəthinə qədər davam etmişdir. İstanbulun fəthindən sonra qərblilər ona "imperatorluq" deməyə başladılar. Bu tarixdən sonra "əvvəlki saflıq, sadəlik və paklığın tamamilə itirildiyini demək olmaz. Ancaq bu da bir həqiqətdir ki, əldə olunan zəfər və qalibiyyətlər onları məst etdi, baxışlara sis pərdəsi endirdi.... Hərçənd İstanbulun fəthindən sonra da ilk dövrün saflıq və səmimiyyətini qoruyub saxlamağa çalışan, təkyə və zaviyə anlayışına üstünlük verən İkinci Bəyazid Xan Həzrətləri vardır. Daha sonra haqq və həqiqəti ayağa qaldıran, yer üzündə müvazinət ünsürü olmağa cəhd göstərən, bu ülvi məfkurəyə xas əzmkarlıq, qətiyyət, həsbilik və fədakarlığı təmsil edən Yavuz cənnətməkan gəlmişdir. Bu böyük qəhrəmanın arxasınca qırx altı il Dövləti Aliyəni layiqincə qoruyan Qanuni Sultan Süleyman kimi böyük bir şəxsiyyət vardır. Ancaq ictimai həyat nöqteyi-nəzərindən bu dövrləri daha dərindən tədqiq etsək, bu mərhələdə insani keyfiyyətlərin azalmasına da şahid olacağıq.

Ola bilsin ki, ilk dövrdəki saflıq və paklığın gücü ilə dövlət daha da qüvvətləndi. Krallar onun qapısında xəlayiq kimi diz çöküb əmrə müntəzir dayanmağa başlamışdılar. Lakin bir mənada daxilən, yavaş-yavaş tənəzzül əlamətləri də görünməyə başlamışdı şübhəsiz. Belə ki, Qanunidən, məkanı cənnət olsun, sonra nə Sarı Səlim, nə III Murad, nə də - istisnalar xaric - ondan sonrakı hökmdarlar ordu başında səfərə çıxmamışlar. Təsəvvür edin ki, Sultan Rəşad Balkan səfərində olanda xalq padşahın bu səfərini qeyri-adi hadisə kimi böyük sevinclə qarşılamışdı. Halbuki padşahın xalqın içində, ordunun başında olması mənəvi dəstək baxımından çox əhəmiyyətlidir. Bu, həmçinin şər və düşmən cəbhənin içinə qorxu salmaq deməkdir.

Yuxusu gələr-gəlməz dərhal yatağa girən, səhər yeməyini yeyən, sonra qəhvəaltı edən, arxasınca nahar yeməyi yeyən, oğul-uşaqdan ayrıla bilməyən insanın at belində səfərə çıxması çox çətindir. Çünki insan tədricən bu vərdişlərin əsirinə və aludəçisinə çevrilir. At belində bunlardan məhrum olacağına görə, o evi, ailəsinin yanında qalmağı seçir. Nəticə etibarilə, bütün bunlar yavaş-yavaş tənəzzül dövrünün başlamasına gətirib çıxarır. Düzü dünyanın cazibədar gözəlliklərinin insana “gəl-gəl” dediyi belə bir dövrdə qivamı qorumaq, həqiqətən, çox çətindir. Osmanlının bu qivamı (ruhi-mənəvi səviyyəni) qorumaq üçün gördüyü ən böyük tədbir, bəlkə də, təkyə və zaviyələrdə ruh və məna insanları yetişdirmək olmuşdur. Eyni zamanda, yetişdirdiyi güclü şeyxülislamlarla bu keyfiyyəti qorumağa çalışmışdır. Demək ki, bu da olmasaydı, tənəzzül dövrü daha tez başlayacaqdı.

Ömrün üzadılması üçün görülən tədbirlər

Elə başa düşülməsin ki, bu sözləri deməkdə məqsədimiz onları günahlandırmaqdır. Çünki belə bir mərhələni "şərti determinizm" kimi qiymətləndirmək olar ki, bunu da qəbul etməkdə bir qəbahət yoxdur. Təbii mərhələ sayılan bu cür tənəzzül toplumlar üçün qaçılmaz görünür. Lakin mahir həkimlər ömrü uzada bilər. Ola bilsin ki, Allahın bu mövzuda qəzası[1] da müalicələrlə əlaqədar dəyişir. Bəlkə də, İbn Haldun və bəzi Qərb alimlərinin gözdən qaçırdığı məqam məhz budur.

Bu məsələni bir az da izah etməyə çalışaq: Cənabi-Allah toplumların doğumu, yüksəlişi və süqutuna müəyyən vaxt təyin etmişdir. Lakin biz bu təyin olunmuş vaxtın müddətini bilmirik. Məsələn, ömrünü başqalarının dirilişinə həsr edən, "aləmi dirçəltməsək, biz də dirçəlmərik" anlayışına sadiq qalan iman, eşqü şövq qəhrəmanlarının dövrünü birinci mərhələ kimi götürək. Biz ilahi qədərdə bu mərhələ üçün nə qədər zaman ayrıldığını bilmədiyimizə görə, "bu mərhələnin ömrü əlli ildir, yüz ildir" deyə fikir yürüdə bilmərik. Çünki qədər ilahi elmin təzahürüdür. Biz isə bu elmi qavraya bilmərik. O halda bizim vəzifəmiz istər birinci, istər ikinci, istərsə də, üçüncü mərhələ - hansı dövrdə olur-olsun, iradəmizi ortaya qoyaraq o dövrün xeyir və gözəlliklərinin ömrünü uzatmağa çalışmaq olmalıdır.

Məsələn, barənizdə "Əgər bu cür eləsiniz, çox böyük ziyan görər və bir də əsla belinizi dikəldə bilməzsiniz" hökmü verilir və bu hökmün əlamətləri görünməyə başlayır. Ancaq siz buna baxmayaraq, ruhi-mənəvi səviyyənizi qorumaq üçün ciddi əzmkarlıq göstərirsiniz. Məsələn, dünya ayağınıza qədər gəlir, müşavirlik, müdirlik, nazirlik kimi vəzifələr qapınızı döyür, ancaq siz: "Mən Allahın rizasını qazanmaq və Onun adını ucaltmaq urğunda çalışıram, bu insanların mənə təklif etdiyi şeyə bax!" deyib ixlas və səmimiyyətlə bütün bunlardan imtina edirsiniz. Güman ki, bu cəhdiniz sayəsində qəza ətaya çevrilər və siz yeni bir yüksəliş mərhələsinə qədəm qoyarsınız. Elə zənn etməyin ki, bununla örnək verdiyim vəzifələrə dəyərsiz yanaşıram. Şübhəsiz ki, bunlar toplumun həyatında mühüm rola malikdir. Dövlət üçün böyük əhəmiyyət kəsb edir. Ancaq çox mühüm bir məfkurəyə könül vermiş insanlar gördükləri işlər əvəzində heç vaxt vəzifə, şan-şöhrət arzulamamlı, dünyəvi-uxrəvi heç bir təmənna ummamalı və qətiyyən bu kimi arzulara boyun əyməməlidirlər.

Bəli, insanlar qivamı qorusalar, ruhi-mənəvi canlılığa xələl gəlməz və toplumun ömürü uzanar. Məsələn, adanmış ruhların sıçrayışla marafona atıldığı dövrə şahid oldunuz və "Allahın izni ilə, bu insanlar bu performansla əlli il bu işi davam etdirər" qənaətinə gəldiniz. Ancaq onlar ruhi-mənəvi səviyyəni qorusalar, yaxşı və doğru bəslənsələr, həyatlarını söhbəti-Cananla bəzəsələr, Allah rizasına ürəkdən bənd olub daima Allaha bağlı olsalar, əlli il kimi görünən bu dövr yüz ilə çıxar. Hətta ruhi-mənəvi həyəcan davam etsə və onların həyatında yüksək metafizik coşğunluq hakim olsa, bu müddət yüz deyil, yüz əlli ilə də çıxar. Bundan əlavə, hər kəsin iqtisadi, siyasi və mədəni həyatla qaynayıb-qarışdığı, dünyəviliyin müəyyən sahələrdə hakim olduğu, bir mənada insanların sənət və s. fəaliyyətlərlə təsəlli tapdığı, yəni kültür mərhələsinin yaşandığı dövrdə belə insanlar hələ də müəyyən qədər ruhi-mənəvi səviyyəni qoruyurlarsa, yıxıla-yıxıla da olsa, “hiperbarik oksigenasiyada” və ya “reanimasiyada” da olsa, nə bilmək olar, bəlkə də, bu dövrü üç yüz il yaşayarlar. Bu mərhələdə yeni bir cəhd və yeni bir yönəliş Cənabi-Allahın başqa bir ətası[2] və xüsusi lütfünə vəsilə ola bilər.

Əsas mövzumuza, Osmanlı Dövlətinə qayıdaq: əslində bu qədər düşməni olan bir dövlətin süqutuna deyil, uzunömürlülüyünə heyrət etmək lazımdır. Çünki biz iyirmi beş ildir dağdakı bir ovuc quldurun öhdəsindən gələ bilmirik. Təsəvvür edin, böyük bir düşmən cəbhə, dənizlər də daxil, hər tərəfdən Osmanlını əhatə etmişdi. Bu qədər düşmənlə mübarizə aparan bir dövlətin təkrar heç kimə söykənmədən ayağa qalxması, özünü toplaması olduqca çətin idi. Buna baxmayaraq o, varlığını qorudu və müəyyən səviyyədə tarixi missiyasını yerinə yetirdi. Bütün bunları nəzərə alaraq Osmanlının fəzilətini elan və etiraf etmək, xeyirxahlıqlarını yad etmək və Allahdan onlar üçün əfv diləmək lazımdır. Altı əsr hakimiyyətdə qalmaq dünyada heç bir "imperatorluğa" nəsib olmamışdır. (Roma İmperatorluğu bir mənada uzunmüddətli hakimiyyəti olmuşdur. Ancaq bildiyiniz kimi Romada altı-yeddi sülalə hakimiyyətə gəlmiş və hər biri müəyyən müddət hakimiyyətdə qalmışdır. Misir Fironları da bir sülalədən deyil, onlar da iki-üç əsrdən bir dəyişilirdi.) Dolayısilə bir tərəfdən Şərq və Qərbdən böyük bir düşmən cəbhənin aramsız hücumlarına, digər tərəfdən çox təhlükəli bir coğrafiyada yerləşməsinə baxmayaraq Osmanlı Dövlətinin altı əsr hakim olmasına, aciz qənaətimcə, heyrət etmək lazımdır.

[1] Qədərin həyata keçməsi.
[2] Müəyyən səbəblərə görə qədərin qəzaya keçməməsi, yəni yazının həyata keçməməsi.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.