İnsani münasibətlərdə nəzakət və zəriflik
Sual: Göründüyü qədər oturuş-duruşdan xitab etmə şəklinə qədər əksəriyyət ədəbi-müaşirətdən məhrumdur. Ədəbi-müaşirəti kitablardan öyrənmək mümkünmü? Ədəbi-müaşirət gözəlliklərini mənimsəmək və onu təbiətimizə hopdurmaq üçün nə tövsiyə edərdiniz?
Cavab: Ədəbi-müaşirət insanlarla münasibətdə iffətli, həyalı, nəzakətli və sayğılı olma, pis rəftar və hadisələr qarşısında belə mümkün qədər heç kimi incitməmə, söz və davranışlarda zəriflik, incəlik və səmimilik əsaslarına əməl etmək deməkdir.
Təsis etdiyi ədəb və nəzakət mədəniyyəti ilə mələkləri belə qibtə etdirən İslam dünyası, təəssüf ki, müəyyən bir dövrdən sonra bu xüsusiyyətini itirmiş və Əsri-Səadətdən əvvəlki cahiliyyə dövrü kimi, yeni bir cahilik dövrünə girmişdir. Məhəmməd Qütb bu həqiqəti çatdırmaq üçün bir əsərinin adını
جَاهِلِيَّةُ الْقَرْنِ الْعِشْرِينَ
(iyirminci əsrin cahilliyi) qoymuşdu. Çünki bu dövrdə bütün dəyərlərimiz, Nəcib Fazilin ifadəsiylə, “kündə-kündə” dağılıb getdi. Bəli, iyirminci əsr ruh və məna kökünün üstündə boy atan inanc sistemimizdən ibadətü-taət həyatımıza, ondan sualda da keçən ədəbi-müaşirət anlayışımıza qədər bizə aid bütün dəyərlərin tar-mar olmasına şahidlik edən bir yüzillikdir. Dindən qopub uzaqlaşmaqla ədəbi-müaşirətlə bağlı dəyərləri, sistem və terminologiyanı da itirdik, itirdik və oturub-durmaqdan danışıq və xitab tərzinə qədər nsanlarla münasibətdə öz fikir və mədəni dünyamıza yadlaşdıq.
Məsələn, keçmişdə bir ata oğlunu kiməsə təqdim edəndə “məxdumunuz” (xidmətçiniz) deməyə diqqət edərdi. Əgər qız uşağıdırsa, "kəriməniz" deyə təqdim edərdi. Özündən bəhs etmək məcburiyyətində qalanda sözə “bəndəniz”lə başlayar, qarşılıqlı xitablarda "zati-aliniz", "əfəndim" kimi ehtiram məzmunlu ifadələrdən istifadə edərdi. Bu üslub süni deyildi, əksinə tərbiyəmizin təzahürü idi. İndi isə o təbirləri "mənim məxdumum", "mənim kəriməm" şəklində istifadə edirlər. Hətta heç yadımdan çıxmır, ali təhsil görmüş və professor olmuş bir şəxsin "Mən zati-aliləri bu məsələni belə düşünürəm" sözlərini eşidəndə nə deyəcəyimi bilməmişdim. Təvazökarlıq və ruh zərifliyin ifadəsi olan bu kəlmələr necə oldu ki, belə yanlış işlənməyə başladı?! Çünki biz bir neçə əsrdir ki, ədəbi-müaşirət məsələlərini unutmuş və həyatımızdan çıxarmışdıq. Əgər siz ədəb-ərkana aid bu məsələləri, onların söykəndiyi əxlaqı və dəyərləri gündəlik həyatınızdan çıxarıb atsanız, o mövzuya dair sözlər də tədricən köhnələr, nimdaş bir əşya kimi unudulub gedər. Daha sonra siz əsl məna və məzmunu ilə birgə bir kənara atdığınız bu sözləri dəb və zövq xatirinə işlətsəniz, bu kimi gülünc səhvlər qaçılmaz olar.
Əsas məsələ insana hörmətdir
Bəs indi neyləməliyik? Biz ilk öncə insanın zatına, onun varlığına olan məxsusi hörməti ortaya qoymalıyıq. Çünki insan hörmətə layiq bir varlıqdır. Allah (cəllə cəlaluhu):
لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِۤي أَحْسَنِ تَقْوِيمٍ
"Şübhəsiz, biz insanı əhsəni-təqvimdə yaratdıq" (“Tin” surəsi, 95/4) ayəsi ilə insanın alicənab və üstün bir varlıq olduğunu and içərək bildirir. İnsan potensial olaraq məhz bu qədər qiymətli varlıqdır. Bildiyiniz kimi, bir Yəhudinin cənazəsi aparılanda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ayağa qalxır. Cənazənin Yəhudi olduğunu xatırladanlara isə qısaca, "…amma insandı" buyurur. Bu səbəblə biri sizə hörmətsizlik etsə belə, siz gərək mükərrəm[1] olaraq yaradılan insana qarşı həmişə hörmət edəsiniz. Əgər bəziləri sizin dəyərlərinizə əhəmiyyət vermir, Allah və Rəsuluna qarşı hörmətsizlik edirsə, onlara da ancaq namusunuz sayılan ədəb və üslub çərçivəsində cavab verməlisiniz. Unutmayın ki, siz Müsəlmansınız, Məhəmməd ədəbi və Quran əxlaqı ilə bəzənmisiniz. Yəni mənimsədiyiniz əxlaq Quran əxlaqıdır. O halda siz nə haqla başqaları kimi davranırsınız? El-aləmin dili-ağızı pozula bilər, bəziləri keçdiyi yerləri çirklədə bilər və hər kəsə − məni bağışlayın − diş qıcaya bilərlər. Ancaq siz əsla belə davranmamalısınız. Ən çətin vəziyyətdə belə siz öz xüsusiyyət və fərqliliyinizi ortaya qoymaq məcburiyyətindəsiniz.
Zati-Üluhiyyətə və ya Rəsuli-Əkrəm Peyğəmbərimizə (əleyhissalatu vəssalam) − haşa və kəlla − dil uzadılan yerdə, əslində, kamil möminin ürəyi dayanmalıdır. Ancaq hər nə olur-olsun kamil mömin ədəbli və nəzakətli davranar, "Mənim Allah və Rəsulundan öyrəndiyim ədəbə görə burada belə hərəkət etməli, onlara bu çərçivədə cavab verməliyəm!" deyər və sırf Allah və Rəsulunun xatirinə bu cür hallara səbir edər. Səbir edər, amma sevgi və şəfqət çalarlı yumşaq və nəzakətli üslubla məsələnin həqiqətini müsahibinə izah etməyə çalışar.
Bəli, ilk növbədə əsas məsələdən, yəni "insana hörmət"dən başlamalı və bütün insanlara insan olduqlarına görə hörmət göstərməliyik. Məsələn, siz birinə inanmasa da, Allahın qulu olduğuna görə, digərinə Allaha inanan bir qul olduğuna görə, o birisinə Allahı doğru anlayan bir qul olduğuna görə, bir başqasına isə sizinlə eyni taleyi bölüşdüyünə və eyni hədəfə doğru yol adığına görə − hər kəsə yerinə görə hörmət göstərirsiniz. Beləcə insanlara göstərdiyiniz hörmət hər birinin mövqeyinə görə arta-arta dəyərlərdən uca dəyərə çevrilir. Bəli, ilk növbədə içimizdə belə bir hörmət hissinin cücərməsi lazımdır. Daha sonra səsimiz, nəfəsimiz bu hissin səsi və nəfəsi olmalı, bu məsələ işlənə-işlənə təbiətimizin bir dərinliyinə çevrilməlidir. Mən elə ailələr tanıyıram ki, qardaşlar belə öz aralarında bir-birinə "filan əfəndi", "filan əfəndi" deyə müraciət edirlər. İstər böyük qardaş, istər kiçik qardaş olsun insana hörmət anlayışı bu cür müraciət etməyi tələb edir. Siz əvvəlcə bu həqiqəti qəbul etməlisiniz ki, daha sonra bunu ifadə edəsiniz.
Məsələn, bir televiziya kanalında çalışanlar bu gün hamı tərəfdən qəbul olunan ümumi üslubdan fərqli olaraq bir-birinə "bəy" deyə müraciət etməyə başlayır, tədricən bunu mənimsəyirlər və bir müddət sonra artıq heç kim bunu qəribsəmir. Bu üslub başlanğıcda bəzilərinə süni gələ bilər. Lakin tədricən bu fikir də aradan qalxar. Bu baxımdan bizə aid hörmət bildirən nə qədər dəyər varsa, bir-bir diriltmək, təkrar canlandırmaq lazımdır. Məhz onda özümüzlə doğmalaşacaq və hörmət ab-havasında özümüzü rahat ifadə edə biləcəyik. Dolayısilə heç kim üzücü, incidici, qulağa xoş gəlməyən nalayiq, yersiz sözlərlə üzləşməycək.
Üç-beş nəfərlə də olsa “bismillah” deməliyik
Bu əxlaq və ədəbin qəbul edilib mənimsənilməsi isə müəyyən qədər vaxt tələb edir. Çünki cəmiyyətimiz uzun zamandan bəri çox ciddi bir sayğısızlıq “tufan”ına məruz qalmışdır. Bu gün, ümumiyyətlə, danışıqda əndazədən və ölçüdən əsər-əlamət qalmayıb. Demək olar ki, bütün cəmiyyətdə "loru" dil hakimdir. Media isə cəmiyyətdən daha betər vəziyyətdədir. Belə ki, mediada işlədilən bəzi sözlərin mənalarını öyrənmək üçün lüğətə baxsanız, həmin sözlərin başında "külhanbəylərin işlətdiyi ağız dili" mənasına gələn "loru" qeydini görəcəksiniz. Bu baxımdan bir yerdən işə başlayaraq hörmət hissini təkrar diriltməyə çalışmalıyıq. Başlanğıcda bəlkə buna diqqət edən üç-beş nəfər çıxacaq, bunlar dar dairədə də olsa, üslubları ilə, rəftar və davranışları ilə bu fərqliliyi hər fürsətdə ortaya qoyacaq və başqalarına da nümunə olacaqlar.
Əslində bizdə ədəb mövzusunda bir çox kitab yazılmışdır. Təbii ki, bunlara baxılmalı və yararlanmalısınız. Lakin unutmayaq ki, kitablarda əksini tapan bu mövzuların qəbul edilməsi onların xüsusi məclislərdə, dairələrdə işlənib tətbiq edilməsindən asılıdır. Bir vaxtlar məscid imam və müəzzinlərimizin kürsü və minbərdə hərəkət və davranışları, söhbətləri insanlara gözəl şeylər aşılayırdı. Toplum məsciddən çox şey götürürdü. Məscidlə yanaşı təkyə və zaviyələrdəki insanlar da ayrı bir ədəb dərsi verirdi. Orada münasibətlər sayğı və hörmət çərçivəsində qurulmuşdu. Həyatın mərkəzində hörmət dayandığına görə də sayğı insan təbiətinin bir dərinliyinə çevrilirdi. Dolayısilə insanlar danışıq və hərəkətlərində çətinlik çəkmədən və sünilik etmədən çox təbii şəkildə sayğılı və ədəbli davranırdılar. Keçmişdə hər küçədə bəlkə də, əlli belə nurəfşan ocaqlarla rastlaşardınız. Əlli yerdə əlli müdrikin oturduğunu və ətrafına bizə xas gözəlliklər saçdığını görərdiniz. Oraya baş çəkən insanlar da mütləq belə bir boya ilə boyanıb dəyişərdilər.
İndi isə küçələrdə (ədəb) qəhətə çəkilib. Bəzi müəssisələr bu mövzuda “qısırlıq” dövrü keçirir. Bir çoxundan da məhrum qalmışıq. Müəssisələr olmadığı kimi, İslamın ali əxlaqını öyrədən insanlar da yoxdur. Belə bir vəziyyətdə ilk növbədə dar dairədə, xüsusi məclislərdə üç-beş insanla da olsa ədəbi-müaşirət dəyərlərini yenidən canlandırmağa çalışmalıyıq. Siz bir evdə iki-üç yoldaşla birlikə qalırsınızsa, “bismillah” deyib orada bu ədəb və hörməti təkrar diriltməyə cəhd göstərəcəksiniz. Bu məsələni israrla həyata keçirəcək və təbiətinizə həkk edəcəksiniz. Ədəbə aid bu məsələlər Allaha, Peyğəmbərə, həşrə iman, namazın kamil qılınması kimi dünya və üqbamızı abad edən mühüm və həyati məsələlərlə müqayisədə zahirən ikinci dərəcəli görünsə də, buna laqeyd qalmaq olmaz. İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) imanın yetmişə yaxın şöbəsinin olduğunu, birinci şöbəsinin Allaha iman, ən axırıncısının isə insanlara əziyyət verən şeyləri yollardan təmizləmək olduğunu buyurur ki, bu da bir ədəbdir. Bəli, birinin ayağına tikan batmasın, biri yola atılan bir nəsnəylə zərər görməsin deyə çör-çöpü qaldırıb bir tərəfə atmaq imanın biri şöbəsi sayılır. Eyni şəkildə mömin qardaşınla qarşılaşanda ona gülər üz göstərmək, quyudan doldurduğun bir tuluq suyu oraya gələn birinin tuluğuna boşaltmaq kimi məsələlər də imanın şöbələrindən sayılmışdır. Bu baxımdan bu kimi məsələlərə diqqət etmək lazımdır.
Son olaraq qeyd edim ki, imana aid bütün bu şöbələr və onlarla bağlı əməllər bir-birini tamamlayan amillərdir. Əgər siz Allah rizası üçün ədəbə aid bir məsələni yerinə yetirirsinizsə, bu eyni zamanda sizə Allahı, Peyğəmbəri, həşri də xatırladır. Bir an Onu xatırlama, bir an Onunla birlikdə olma isə min illərin Onsuzluğuna bərabərdir. Elə isə zahirən kiçik görünsə də, bu kimi məsələlər xatırlatdığı mənalar etibarilə çox böyükdür. Bu baxımdan başqaları nə edir-etsin, keçmişdə ədəbi-İslamiyə və ədəbi-Quraniyə adlanan məsələləri öz aramızda diriltməli, öz tərbiyə anlayışımızı, öz nəzakət və zərifliyimizi ortaya qoymalıyıq.
- tarixində yaradılmışdır.