İdeal Rəhbər və Müzakirəli Oxuma

Sual: Dünyanın hər yanında Könüllülər Fəaliyyətinə olan rəğbətin gündən-günə artdığına şahid oluruq. Bu fürsətləri hədər etməmək və insanların dünyəvi-üxrəvi səadətini təmin etmək üçün hansı xüsusları ön planda götürməliyik?

Cavab: Həqiqətən, hazırda həndəsi[1] şəkildə inkişaf var, böyümə var. İnsanımız yer üzü coğrafiyasının 150-160 ölkəsində fəaliyyət göstərir. Demək olar ki, yer üzündə səsinizi, nəfəsinizi çatdırmadığınız yer qalmayıb. Təhdisi-nemət[2] olsun deyə deməliyəm ki, Allahın səhabəyə olan lütfünə bənzər lütfə məzhər olmuşuq. Əlbəttə, bu mənzərə tamamilə Haqq Təalanın bir lütfü və ehsanıdır. Bizə "bu lütf ilə ehsan nədəndir" bilmirik? İnşallah, bu, bir istidrac deyil və inşaallah axırda bizi qürura sövq edib ağlımızı başımızdan almaz.

Yeni bir səfərbərlik ruhu

Bu həndəsi böyümənin müqabilində rəhbərlik edən insanların kəmiyyət və keyfiyyəti hələ də riyazi[3] vəziyyətdədirsə, o zaman mövcud vəziyyəti təkrar gözdən keçirib doxsanıncı illərin başlanğıcında yoldaşların "hicrət savabı" deyib ölkə xaricinə köçlər tərtib etdiyi kimi könüllərdə yeni bir səfərbərlik eşq və iştiyaqı alovlandırmaq lazımdır. Qurani-Kərim:

وَالَّذِينَ هَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللّٰهِ

"Allah yolunda hicrət edib mücahidə (cihad) edənlər" ("Bəqərə" surəsi, 2/218) buyuraraq bizə bu hədəfi göstərir. Yəni insanlar hicrətlə nəzdi-uluhiyyətdə (Allahın nəzdində) bir dəyər əldə edirlər. Sonra da "hicrətin haqqıdır" deyib hicrət etdikləri yerdə insanlarla Allah arasındakı maneələri aradan qaldıraraq Allahı bir daha könüllərə tanıtma istiqamətində mücahidə edirlər. Buna görə də həndəsi böyüməyə müqabil, Səadət Əsrində olduğu kimi, ciddi bir yetişdirmə metodu ilə insanların qəlbi və ruhi həyatına diqqət yetirmək, onları cismaniyyətdən sıyırıb, heyvaniyyətdən (ağıl və idrakdan məhrumiyyət) çıxarıb qəlb və ruh mehvərində Allaha yönəltmə naminə səy göstərmək çox əhəmiyyətlidir. Səhabənin son, Tabiunun ilk dövrlərində İslamı qəbul edən bəzi mübtədi insanlar dinin ruhunu tam qavraya bilmədiklərinə görə Xaricilik, Rafızilik və Batinilk kimi cərəyanların meydana çıxmasına səbəb olmuşlar. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu vəziyyəti belə təsvir etmişdi: "İçinizdən elə insanlar zühur edəcək ki, siz onların namazına baxıb öz namazınızı, onların orucuna baxıb öz orucunuzu, onların əməllərinə baxıb öz əməllərinizi kiçik görəcəksiniz. Onlar Quran oxuyacaqlar, lakin oxuduqları Quran qırtlaqdan aşağı keçməyəcək, onlar dinə oxun şikarı deşib keçdiyi kimi, girib çıxacaqlar" (Buhari, Fedailü'l-Kur'an 36) buyurmuşdur.

Siz hədisi-şərifdə keçən bu mənanı öz dövrünüzə də şamil edə bilərsiniz. Bəzi insanların namaz qılmaqdan alnı və dizləri qabar bağlaya bilər, lakin əsas biliyin özünə, mahiyyətinə vara bilmədiklərinə görə ifrat və təfritdən yaxa qurtara bilməzlər. Həqiqətən də, Allaha zahirən yaxın görsənsələr də, çox rahatlıqla Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) Cənnətlə müjdələdiyi Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Əli… kimi həzərata kafir deyə bilərlər. Bir baxın nə qədər ziddiyyətə düşürlər. Dininə bağlandığınız Allah Rəsulu (sallallahu əleyhi və səlləm) on nəfəri Cənnətlə müjdələsin, ancaq bəziləri durub onlar haqqında tükürpərdici şeylər danışsınlar. Bax bu, dinin ruhundan və mahiyyətindən bixəbərliyin və məsələyə nabələdliyin gətirdiyi bir cəhalətdir.

Buna görə də, təkrar ikinci bir səfərbərlik ruhunu könüllərdə alovlandırarkən, fərqli mədəniyyət və anlayışların içində deformasiyaya uğramamaq və dəyişikliyə məruz qalmamaq üçün mükəmməl insan yetişdirməyin yollarını axtarmalıyıq. Bu səbəbdən də ilk növbədə mürşid və rəhbər saydığımız şəxslərin dinin təməl qaynaqları olan Kitab və Sünnəyə vaqif olması lazımdır. Eyni zamanda onlar getdikləri yerdəki müxatəblərinin xarakterik xüsusiyyələrini və ümumi cəhətlərini bilməlidirlər. Bütün bunlarla yanaşı müəyyən qədər fünunu-müsbətə (dəqiq elmələrə) vaqif olmalı, yəni fizika, kimya, riyaziyyat, antropologiya kimi elmlərdə müəyyən qədər məlumatlı olmalıdır. Bəli, rəhbərlik üçün gedən insan üz tutduğu bölgəyə mükəmməl yetişmiş bir şəxs kimi getməlidir. İlk gedənlər saf, təcrübəsiz və sırf imanla getdilər və Allahın inayəti ilə çox böyük xeyirlərə vəsilə oldular. Lakin artıq bundan sonra dünyaya açılmaq, hər yana yayılmaq üçün ayrı bir dərinliyə, fərqli bir ənginliyə və bambaşqa təchizata ehtiyac vardır.

Müzakirəli oxunun faydaları

Bu dərinlik, bu ənginlik və bu təchizata yiyələnmək üçün qaynaqlarımızı oxuyarkən adət olsun deyə deyil, müqayisəli və analitik bir yanaşma ilə, yeni tərkib və təhlillər əldə etmə əzm və səyi ilə oxumalıyıq.

Bir təfsir tarixinə baxın; Qurani-Kərim nazil olandan bəri nə qədər təfsir yazılıb, nə qədər haşiyələr (şərhlər) verilib. Bəli, hazırda Quran təfsirlərinin sayı minlərlə cildə çatmışdır. Bir mənada "əbnauz-zaman (zamanın övladı)" olan hər bir müfəssir dövrünün ilham etdiyi şərhlərə də arxalanaraq "Bu ayədən bu məna da çıxır, filan məna da çıxır" demiş və Quranı qavramaq üçün yeni-yeni baxış bucaqları gətirmişlər. Müxtəlif təfsirlərə nəzər yetirsək, bu fərqi görə bilərik. Məsələn, Razi bir ayə haqda bir şərh vermiş, ancaq Zəmahşəri bu ayədən tamam fərqli məna çıxarmışdır. Bəyzavi isə onu daha fərqli təhlil etmişdir. Əbussuud Əfəndi əsasən Bəyzaviyə istinad etsə də, onun da özünə xas şərhləri var. Yəni Qurana təfsir yazma işi əsrin əllaməsi Hamdi Yazara qədər aramsız davam etmiş, əlbəttə bundan sonra da davam edəcək. Biz məhz bu düşüncə ilə hərəkət etməli və dövrün birikiminə yaxşı bələd olan, bu istiqamətdə fərqli təsbitlər, təhlillər ortaya qoyan, əşya və hadisələrə daha əngin, daha əhatəli və daha məhruti baxa (konik baxış) bilən insanlar yetişdirməliyik. Çünki bu rəhbərlər bir-birindən fərqli mədəniyyətlərin övladları ilə qarşılaşacaqlar. Bu səbəbdən insan o anlayış və mədəniyyətlərdən doğan müxtəlif problemlərlə mübarizəyə hazır deyilsə, "nakaut" olar.

Buna görə də deyirik ki, Haqq Təala getdiyiniz yerlərdə könlünüzün ilhamlarını dilə gətirmək üçün müxtəlif vəsilələr lütf edə bilər. Lakin siz bu vəsilələri dəyərləndirərkən ruhunuzun ilhamlarını Türkiyəyə və yerli mədəniyyətə görə deyil, mövcud mədəniyyətə uyğun səsləndirməli, dilə gətirməlisiniz. Bu da əşya və hadisələrə daha bütöv aspektdə yanaşa bilən, bağrını müxatəblərə daha geniş aça bilən əngin vicdanlı rəhbərlərə ehtiyac olduğunu göstərir. Məhz bu ehtiyacı qarşılamaq üçün təkrar oxuma və düşünmə səfərbərliyi başlatmalıyıq.

Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) məsələyə "təzakür" sözü ilə yanaşır. Bu sözün mənası bəzi məsələlərin ən azı iki adamın iştirakı ilə müzakirə edilməsi deməkdir. Bu şəkildə bir halqa təşkil edib müəyyən məsələni birgə müzakirə edən insanların İlahi rəhmətə bürünəcəyini və hifz ediləcəyini də yenə Peyğəmbərimiz buyurur. Həmçinin O, belə bir məclis haqda:

لَا يَشْقَى بِهِمْ جَلِيسُهُمْ

"Onlarla oturub-duran talesiz olmaz" (Buhari, Daavat, 66) müjdəsini verir. Yəni istər-istəməz ictimai heyətin ab-havası məclisdə olan hər kəsə təsir edir, hər ağıla və ya qəlbə bir şey saçır. Ola bilər ki, o şəxs o insanların içinə dünyəvi məqsədlə girmiş, maddi mənfəət qoparmaq üçün baş çəkmişdi. O insanlarla otura-dura, ona da bir şey bulaşar. Daha doğrusu, həmin şəxs heyətin insibağı ilə (boyası ilə) boyanar. Şəxsi-mənəvi bir fırça da ona çəkər və beləcə o da mənəvi bir boya ilə boyanmış olar. Bu baxımdan Allahın inayət və lütfü ilə mürşid və rəhbərləri müzakirələr vasitəsilə hər müşkülü, hər problemi həll edəcək, hər suala cavab tapacaq səviyyəyə çatdırmaq lazımdır.

Çox təəssüf ki, bu gün bir toplum olaraq belə bir oxuma üsulundan məhrumuq. Rəbbimizin kəlamı Qurani-Kərim belə ülfət, ünsiyyət və səthiliyə qurban edilir. Bu gün o məxmər örtüklər içində yataqlarımızın başında asılmışdır. Millətimizin ona belə mücərrəd hörmət və sayqısı var. Mən o hörməti də təqdirlə qarşılayıram. Lakin bu gün insanımız Quranın mənasından bixəbərdir. Halbuki o, Allahdan gəlmiş bir bəyandır. Lakin əfsuslar olsun ki, biz: "Görəsən, Allah bununla bizdən nə istəyir?" deyib onu anlamağa çalışmırıq. Bəli, öz kitabımıza bu qədər yadlaşmışıq. Bəli, ülfət və ünsiyyət gözümüzü kor edib, uca kitabımızın mənasını bilmir, ona ancaq quru hörmətlə kifayətlənirik. Təkrar edirəm, mən bu hörməti təqdirlə qarşılayıram. Lakin Qurani-Kərimə əsl hörməti onun ruhuna, məna və mahiyyətinə agah olmaqla göstərmək mümkündür.

Bu gün Quran və Sünneyi-Səhihənin həqiqətlərini bizə əks etdirən zatın əsərlərinə də eyni korluq olduğunu deyə bilərik. Hər sabah o əsərlərin birini götürüb adət elədiyimiz günlük dərsi oxumaq onu anlamaq üçün kifayət deyil. Əsas olan o zatın əsərlərində verdiyi fikir və düşüncələrin təfərrüatını və incə məqamlarını görməyə və onları başqa əsərlərlə müqayisəli şəkildə anlamağa çalışmaqdır. Məsələn, "İmam Qəzali Həzrətləri bu mövzuda belə deyir, amma Hz. Piri Muğan, Şəmi-Taban bu məsələyə daha fərqli yanaşır" demə səviyyəsində müqayisə apara bilməli və yeni bir oxuma sistemi təkmilləşdirməliyik. Bir xatırlayın, bu əsərlər ilk tanış olduğunuz dövrdə sizdə necə həyəcan oyatmış, səhabə ruhunu necə təlqin etmiş, sizi necə hərəkətə gətirmişdi? İndi nə oldu ki, o əsərləri oxumaq adət səviyyəsinə düşdü? Halbuki hava-su kimi ehtiyacımız olan bu əsərləri fərqli baxış bucağı ilə daha dərindən mütaliə etmək, hətta yalnız o zatın sözləri ilə kifayətlənməmək, onun göstərdiyi üfüqləri də aşmağa çalışmaq, çalışıb üstündə analiz və sintez aparmaq lazımdır.

İnkişafla düz mütənasib dərinlik

Həndəsi genişlənməyə müqabil əsərləri bu üsul və bu ənginliklə oxuyub yolumuzu işıqlandıran rəhbər və mürşidlərə ehtiyac vardır. Yoxsa riyazi vəziyyətdə qalsaq, ciddi qidalanma olmadığına görə bir çox problem ortaya çıxa bilər. Elə müəyyən vaxtlarda özünü göstərən problemlər də əslində ruhumuzu və dəyərlərimizi kəşf etmə naminə ciddi oxuma və mütaliənin ortaya qoymamağımızdan qaynaqlanır. Şəkil (Şablonçuluq) və surətpərəstlik bu kimi problemlərin kökündə dayanan əsas səbəblərdir. Hz. Pir özünün yazdığı İxlas Risaləsini 115 dəfə oxumuşdur. Bir professor bunu təəccüblə qarşılayaraq: "Bir insan özünün yazdığı bir əsəri bu qədər oxuyar?" demişdi. Məncə, bir əsər bu qədər oxunmağa layiqsə, oxunmalıdır. Çünki Həzrəti Pir hər oxuduqda qəlbinə dolan varidat və məvhibə ilə çox fərqli üfüq­lərə qanad açmış və çox fərqli dərinliklərə baş vurmuşdur. Ancaq çox təəssüf ki, hazırkı geniş imkanlarımıza baxmayaraq bizim mahruti bir baxış bucağı ilə "Bu mövzu filan yerdə belə izah edilir. Filan yerdə isə eyni mövzu bir xülasə şəklində belə dilə gətirilir. Onunla bunun arasında da belə bir əlaqə var" kimi əhatəli oxuya bildiyimizi zənn etmirəm.

Bu gün biz bir toplum olaraq istər Qurani-Möcizül-Bəyan, istər Sünneyi-Səhihə, istər onların dövrümüzə uyğun xüsusi təfsir və izahı olan əsərləri təkrar həzm edə-edə, yedirə-yedirə mənimsəmiş mürşid və rəhbərlərə ehtiyacımız var. Yoxsa bir tərəfdən genişlənmə prosesi son sürətlə gerçəkləşər, digər tərəfdən gözlənilmədən əlli yerdə əlli müxtəlif problemlə qarşılaşarsınız. Bu səfər də o problemlərin həll yollarını axtarmağa başlayar, enerjinizi ona sərf edərsiniz, bəlkə də, bir çoxunu da həll edə bilməzsiniz.

Bəli, bir daha qeyd edim ki, tarix boyu yetişməmiş insanlar həmişə problem çıxarmışdır. Minlərlə Xarici bir yerə toplaşıb özlərinə görə bəzi iddialar ortaya atmışlar. Ümmətin əllaməsi ünvanı ilə sərəfraz olan İbn Abbas Həzrətləri onların yanına gedib "Siz belə bir iddia ortaya atmısınız, ancaq məsələ belə deyil, belədir" deyəndə yüzlərlə adam: "Allah, Allah! Biz bu məsələnin bu tərəfini düşünməmişdik!" cavabını vermişdilər. Bəlkə də, bu insanların içində hər gün yüz rükət namaz qılan, üç gündə bir Quranı xətm edən insanlar vardı. Lakin həmin insanlar Hz. Əli, Hz. Müaviyə, Amr b. As. kimi səhabələri küfrdə ittiham edirdilər.

Çünki şəxslər lazımi mövzuları düzgün və ətraflı şəkildə bilmir və bu doğru biliyə görə hərəkət etmirsə, həmişə bir problem kimi ortaya çıxa bilərlər. Belə halda kəmiyyət keyfiyyəti üstələyər və Allah qorusun, vəziyyət o yerə çatar ki, "Kaş bu qədər kəmiyyət artımı olmayaydı!" demək məcburiyyətində qalarsınız. Dolayısilə, insanların boşluğa düşməsinə səbəb olmamaq üçün lazımi xüsusları bilməli, lazımi şeyləri yaşamalısınız. Siz namazınızı İlahi hüzurdan süzülən təmkin və şüurla qılmalı, köksünüz səcdə edəndə qaynar qazan kimi qaynamalıdır. İnsanlar sizi belə görməli, belə tanımalı, "Bunlar Allaha, həqiqətən, səmimi qəlbdən inanan insanlardır" deməli, namazınıza heyran olmalıdırlar. Əlbəttə, biz bunların heç birini "desinlər" deyə etmərik. Lakin bunları təbiətimizin bir yönü və dərinliyinə çevirməyə çalışarıq. Dolayısilə, insanlar təbiətə hopmuş bu dərinlik və keyfiyyəti görsələr, qüdsi bir cazibəyə qapılmış kimi, "Mənim axtardığım bax bu idi, axtardığımı tapdım!" deyəcəklər.

Xülasə, fikirlərin parlaqlığı, rövnəqliyi və məsələlərin düzgün təqdim edilməsi ilə yanaşı təmsildəki cazibənin bambaşqa təsiri, bambaşqa bir dərinliyi var. Bu baxımdan biz insanlıq naminə yeni bir səfərbərlik başladarkən, ruh dünyamız və iç aləmimiz etibarilə "Bismillah" deyib yeni bir həyəcanla işə başlamalıyıq. Bu məfkurə Hulusi Əfəndi, Hafiz Əli və Hüsrəv Əfəndi səviyyəsində təmsil edilsə, bunu görən insanlar qaça-qaça gələcək və gələn də geriyə qayıtmayacaq. Unutmamalıyıq ki, ayrılan insanlar axtardığını tapa bilmədiklərinə görə ayrılıb gedirlər. Yəni "Niyə vaxt itirim ki?" deyə düşünür və uzaqlaşırlar. Dolayısilə bu mövzuda bizim vəzifəmiz özümüzü, həva və həvəsimizi aşaraq yaşatmaq üçün yaşamaq, bu yolda dəfərlərlə ölüb-dirilmək və bir ömür boyu cəhd və səy göstərmək olmalıdır.


[1] 2.4.16… şəklində inkişaf nəzərdə tutulur

[2] Allah Təalaya şükür və təşəkkür məqsədilə Onun lütf etdiyi nəməti dilə gətirmək, bununla sevincini və şükrünü bildirmək.

[3] 1.2.3.4.5... şəklində böyümə nəzərdə tutulur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.