Kəramət, ikram və istidrac əndişəsi
Sual: Kəramət və ikram arasındakı fərq nədir, kəraməti istəməmə ilə bağlı mülahizələr ikrama da şamil edilə bilərmi?
Cavab: Allahu Təalıanın Peyğəmbərlərin (ala nəbiyyina və əleyhimussəlatu vəssalam) peyğəmbərliyini isbatı üçün onların əli ilə yaradıb meydana gətirdiyi xariqüladə hallara "möcüzə" deyilir. "Möcüzə" sözü lüğəvi mənasına görə, "başqalarını aciz qoyan şey" deməkdir. Çünki o, Allahın yaratdığı fövqəladə bir adəti-ilahidir (İlahi adət, prinsipdir). Yəni bir tərəfdə təkvini əmrlərdə müşahidə etdiyimiz, öz fiziki quruluşumuzda və onun ehtiyaclarında gördüyümüz (oxuduğumuz) adi sayılan daimi bir adəti-ilahi vardır. Bir də Haqq Təalanın bu adətləri xərq etdiyi (pozduğu) bir adəti-ilahisi var. Peyğəmbərliyi isbat naminə nəbilərin əli ilə meydana gətirdiyi möcüzələr bu sinfə daxildir. Eyni şəkildə Allahın (cəllə cəlaluhu) yaratması ilə haqq dostlarında meydana gələn bəzi fövqəladə hadisələr var ki, bunlar da qeyri-adi, xariqüladə adəti-ilahi silsiləsinə daxildir.
Kəramət gizlədilməlidir
Əlbəttə, "vəlilik" deyəndə istilahi mənada vəliliyi nəzərdə tuturam. Yoxsa ümumi mənada, qəlbən inanan və əməli-saleh olan hər kəs Allahın vəlisi, Allahın dostudur. Qurani-Kərimdə müxtəlif ayeyi-kərimələrdə hər Müsəlmanın, bir mənada, Haqq Təalanın nəzdində bir vəli və Allahın da onların Mövlası olduğuna işarə edilir. Məsələn;
إِنَّ وَلِيِّيَ اللّٰهُ الَّذِي نَزَّلَ الْكِتَابَ وَهُوَ يَتَوَلَّى الصَّالِحِينَ
"Şübhəsiz ki, mənim hamim (mövlam) Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehləri hifz edir!" ("Əraf" surəsi, 7/196) ayəsi ilə;
ذٰلِكَ بِأَنَّ اللّٰهَ مَوْلَى الَّذِينَ اٰمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلٰى لَهُمْ
"Allah iman gətirənlərin dostudur. Kafirlərin isə dostu (mövlası) yoxdur!" ("Muhəmməd" surəsi, 47/11) ayəsi sözügedən bu xüsusa misal ola bilər.
Ümumi mənada deyil, vəliliyi istilahi çərçivədə götürəndə belə bir məqama (dərəcəyə) çatmaq üçün müəyyən yol və metodların olduğunu görürük. Məsələn, Həsən Şazili, Məhəmməd Bahauddin Nəqşibənd, Abdülqadir Geylani, Əhməd Rufai, İmam Rəbbani kimi böyük zatların hər birinin vəlilik üfüqünə çatmaq üçün özünməxsus yolları var. Seyri-sülukdə (tərbiyə sisteminə girib o yolda davam etmə) bir başqa yol da Hz. Pirin yoludur. Bu yol əczu-fəqr (acizlik və fəqirlik), şövqu-şükrlə yanaşı, təfəkkür mehvərli, şəfqət yönümlü fərqli yol və üsuldur. Əlbəttə, Hz. Pirin altı prinsip əsasında ortaya qoyduğu bu yolun yolçularının bu prinsipləri mənimsəməsi, həzm edib özlərini buna uyğun tənzimləməsi çox vacibdir. Yəni "Bizim məsləyimiz əczu-fəqr və şövqu-şükr məsləyidir" demək kifayət etmir. Əsas olan bu prinsipləri mənimsəmək və həzm etməkdir. Bu da insanın daim "İlahi qüdrət əlimdən tutmasa, heç bir şey edə bilmərəm" anlayışına sadiq qalması, hər şeyi Allahdan bilib özünü fəqir sayması və leysantək yağan niəmi-ilahi (İlahi nemətlər) müqabilində də daim şövqlü, həyəcanlı olması deməkdir. Gördüyümüz kimi fərqli məzac, fərqli məşrəb, fərqli dövrlərdən asılı olaraq insanı vəlayət (vəlilik) zirvəsinə aparan fərqli yollar vardır. Haqq Təala təzkiyeyi-nəfs və təsfiyeyi-qəlbə (Nəfsin və qəlbin təmizlənməsi) nail olmuş bir haqq dostuna xüsusi ikram və lütf edə bilər. Lakin bu həmin haqq dostun belə bir kəraməti istəməsi, ona talib olması mənasına gəlmir. Çünki Haqq Təalanın kəraməti lütf və ehsan etməsi başqa, o vəli qulun belə bir kəramətə talib olub-olmaması isə tamamilə başqa məsələdir. Məsələn, bir insan havada uçur, batmadan dənizin üstündə gəzir. Əhməd Rufai Həzrətləri kimi haqq dostlarına görə bu kimi hadisələr qadının xüsusi halları kimi gizli saxlanmalıdır. Əslində bizim Allahdan belə qeyri-adi, xariqüladə bir şey tələb etməyə haqqımız da yoxdur. Hər ibadət Onun haqqı, bizim də vəzifəmizdir. Çünki O, Məbudu-Mütləq, biz isə əbdi-mütləqik. Haqq dostları kəramət kimi qeyri-adi hadisələrə bu nəzərlə baxıblar. Lakin onların belə bir tələb və təmənnası olmasa da, bəzən onlarda qeyri-iradi kəramətlər müşahidə edilmişdir. Hər məsələni peyğəmbərliklə izah edənlər olduqca həssaslıq göstərmiş və istidrac ehtimalından qorxmuşlar.
İstidrac cərəyan və zühur etmə keyfiyyəti baxımından kəramət kimi qeyri-adi, xariqüladə bir haldır. Lakin o bir məzhəriyyət (nailiyyət) deyil, böyük fəlakət və müsibətdir. Bəli, istidrac insanın layiq olmadığı halda nemətlər altında əzilməsi və beləliklə tədricən layiq olduğu cəzanı çəkməsi deməkdir. Qurani-Kərimdə bu hal belə dilə gətirilir:
وَالَّذِينَ كَذَّبُوا بِاٰيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ
"Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədricən həlaka yaxınlaşdırırıq!" ("Əraf" surəsi, 7/182) İndiki dövrdə də buna bənzər hallara rast gələ bilərsiniz. Buna görə də, yüksək payələrdən bəhs etmək, fövqəladəliyə bənd olmaq çox təhlükəlidir.
"Nəfs cümlədən ədna, vəzifə cümlədən əla"
Kəramətlə ikramın bir-birindən fərqinə gəlincə: Eqoizmin tuğyan etdiyi belə bir dövrdə "kəramət" sözü həmçinin istilahi mənadakı vəlayəti xatırlatdığına görə, çox güman, Hz. Pir də bu məsələni bir az yüngülləşdirmiş, fövqəladə lütf və ehsanları ikramı-ilahi (İlahi ikram) çərçivəsində götürmüşdür. Bu aspektdən baxanda ikram insandakı təhdisi-nemət (şükür məqsədi ilə verilən nemətdən danışmaq, sevinc və şükürü dilə gətirmək) hissini hərəkətə gətirməli və Allaha həmd-səna duyğusunu coşdurmalıdır. Alvar İmamının ifadəsiylə insan daim: "Deyil bu mənə layiq bu bəndə, mənə bu lütf ilə ehsan nədəndir?" mülahizəsi ilə oturub-durmalıdır. Hz. Pir bu düşüncəni daha fərqli ifadə ilə dilə gətirir: "Nəfs cümlədən ədna, vəzifə cümlədən əla (Nəfs hər şeydən aşağı, vəzifə hər şeydən yüksək)". Bəli, Hz. Pirə görə, mühüm bir iş gördürülür, lakin işi görən bir nəfərdən ibarətdir. Buna görə o, məalən: "O Sultanı-Zişan bəzən bir nəfərə belə başqalarına medal taxmaqla vəzifəsini verə bilər. Mənim vəzifəm də bundan ibarətdir" deyərək tutduğu yolun əsası olan mahviyyət (öz yerini bilib özünə həddindən artıq dəyər verməmək), təvazö, xəcalət və "özünü sıfırlama" yolunu nəzərə çatdırmışdır. Bu yanaşmaya binaən insan ona lütf edilən ikramları, nemətləri fövqəladə, qeyri-adi qabiliyyətində və müstəsnalığında deyil, xüsusi lütf edilən, qarşılıqsız bağışlanan bir ilahi ikram hesab etməlidir.
Bəli, bu gün eqoistlik geniş yayılaraq hətta əhli-iman dairəsində belə özünə yer edə bilmişdir. Məsələn, beş-on insan bir adamın ətrafında bir araya gəlib bir halqa qurunca o adam dərhal bu halqada özünü göstərmə, ifadə və elan etmə arzu və həvəsinə qapıla bilir. Keçmişdə Mehdiliyini elan edənlər tək-tük olmuşdur. Lakin demək olar ki, heç bir dövrdə bu qədər Mehdi "inflyasiyası"na rast gəlıinməmişdir. Bəli, Qərmətilərdə, Batinilərdə, Fatimilərdə də bu cür müddəilər ortaya çıxmışdır, lakin bu əsrdə o qədər çoxdur ki, bu mənzərəyə mat-məəttəl qalırsan.
Ustad Həzrətləri bir yerdə ikramı dilə gətirməyin təhdisi-nemət olduğunu, bunun qeyri-iradi olduğunu, dolayısilə nəfsin onu özünə aid edə bilməyəcəyini ifadə edir. Bu cəhətdən "kəramət"lə "ikram"ı bir-birindən fərqləndirirlər. Yəni prinsiplərə görə, ilahi ikram lütf edilmiş şəxs bu nemətin şükür etmək üçün verildiyini düşünməli və özünün buna layiq olmadığını dərk etməlidir. Hz. Pirin bu mövzudakı mülahizəsi belədir: "Dinə xidmət etdim deyə qürurlanma.
إِنَّ اللّٰه لَيُؤَيِّدُ هَذَا الدِّينَ بِالرَّجُلِ الْفَاجِر
Allah bu dini bəzən bir facir (günahkar) adamın əli ilə möhkəmləndirər." (Buhari, cihad 182; Müslim, iman 178) hədisinə əsasən müzəkka (pak, təmiz) olmadığına görə, əksinə özünü o racilu-facir bilməlisən". Gördüyümüz kimi, Ustad Həzrətləri bu sözlərlə özünü də dinə xidmət edən "racilü- facir" kateqoriyası çərçivəsində götürür.
Özünə bu cür yanaşan, yerini, mövqeyini, Allahla münasibətini çox yaxşı bilən və özünü sıfırlamış bir insan Haqq Təaladan gələn ikramların şəxsindən qaynaqlanmadığını başa düşür. Gələn nemətlərə də bu duyğu və düşüncələrlə yanaşır: "Mən elə bir məxluqam ki, mənə atlasdan bir paltar göndərirlər. Halbuki mən nə bunun keyfiyyətinə, nə naxışına, nə də dəyərinə layiqəm. Elə isə bu, mənim üçün bir ikramdır". Eyni mülahizələr "Məktubat"da da belə ifadə edilir: "Necə ki biri mürəssə (qiymətli daş-qaşla bəzədilmiş) və müzəyyən (zinətli) bir libası sənə geydirsə və onunla çox gözəlləşsən və xalq sənə: "Maşallah, çox gözəlsən, çox gözəlləşdin," desə, Sən də təvazökarlıqla: "Haşa!.. Mən nəyəm, heç. Bu nədir, hanı gözəllik?" desən. Bu zaman küfranı-nemət (nemətə hörmətsizlik) və hülləni (cənnət libasını) sənə geydirən mahir sənətkara hörmətsizlik olar. Əgər müftəxiranə (öyünərək): "Bəli mən çox gözələm, mənim kimi gözəl hanı, göstərin," desən, məğruranə fəxr, lovğalıq olar. Fəxrdən, küfrandan uzaq olmaq üçün: "Bəli mən gözəlləşdim, lakin gözəllik libasındır və dolayısilə libası mənə geydirənə aiddir, mənə deyil," deməliyik.
Məhz bu, təhdisi-nemət mülahizəsidir. Məsələyə bu şəkildə yanaşmaqla, zənnimcə, həm fəxr və lovğalıqdan, həm də İlahi neməti inkar etməkdən uzaq olarsınız.
İkram istidraca çevrilməsin
Lakin dövrümüzdə eqoizm daha çox qabardığına görə, ikramı-ilahinin izharı ilə bağlı bəzi xüsusi əndişələrim var. Məsələn, bir məsələdə bir qərar verdiniz və ya bir təşəbbüs irəli sürdünüz. Xalq dili ilə desək, verdiyiniz qərar lap yerinə düşdü. Bu zaman insan: "Bu da bir ikramı-ilahidir. Ancaq Haqq Təala bu ikramını mənim vasitəmlə ehsan etdi" kimi bir düşünə bilər. Halbuki bu cür düşüncə ikramı istidraca çevirə bilər. İnsan əksinə belə düşünməlidir: "Allahım, Sənin göndərdiyin bu ikramı başıma tac edir və ona kəlami-nəfsi ilə (ürəkdə danışmaq, içindən keçirmək) təhdisi-nemətlə cavab verirəm. Ya Rəbbi! Bu istidrac olmasın. Mənim bu haqda belə bir əndişəm var. Allahım, bu istidracsa əgər, ondan Sənə sığınıram," deməlidir. Çünki Allah (cəllə cəlaluhu) insanları bu cür hadisələrlə imtahan edə bilər. Bəli, Haqq Təala xarakterləri, cibilləti və ruhları bilir, ancaq sizi sizə, bizi də bizə göstərərək axirətdə etiraz və bəhanələrin qapısını bağlamaq üçün sınağa çəkir və deyir ki: "Buyur öz xarakterinə bax. Əlinə bir şey keçən kimi dərhal lovğalanmağa başladın. Sənə bir əda və qamət verilən kimi dərhal təkəbbürləndin. Sənə bir üfüq, bir idrak və yüksək bir qavrayış lütf edən kimi və ya səy və səyinə bir səmərə bəxş edən kimi bunları özündən bilməyə başladın. Dolayısilə sən bu cür boş insansan". Bu baxımdan, acizanə qənaətimcə, insanın həmişə belə bir əndişəsi olmalıdır. Lütf edilən ikramlara: "Bunlar Rəbbimdən gəldi. Ona minlərlə həmd-səna olsun" deyib təhdisi-nemət etməli, digər tərəfdən də: "Haqq Təalanın özünəxas, tayı-bərabəri olmayan bu icraatını, bu ikramı-ilahini ağılım almadığına görə bilmirəm, ağlaym, yoxsa gülüm? O, bəzən mərkəbə atlas palan da vurur" mülahizələri ilə özünə baxmalıdır.
Bəli, bu gün eqoizm və ənaniyyət öldürücü və yoluxucu bir xəstəlik kimi yayıldığına görə - Allah eləməsin - əhli-salah (namaz əhli) və əhli-qiblə olanlar belə azca təvəccöh qarşısında dərhal özünü yüksək mövqelərə, dərəcələrə layiq görməyə başlayırlar. Halbuki Allah (cəllə cəlaluhu) insanı yüksəltdəndə insan bu lütf önündə ikiqat olmalıdır. Hz. Pirin təvazö və təkəbbür haqqında ortaya qoyduğu meyar çox vacibdir. O deyir ki, "Hər adamın cəmiyyətdə görmək və görünmək üçün mərtəbəsi - bir pəncərəsi var. O pəncərə qaməti-qiymətindən hündürdədirsə, təkəbbürlə tətavül edəcək (uzanacaq). Əgər qaməti-qiymətindən aşağıdadırsa, təvazö ilə təqavvüs edəcək (belini bükəcək) və əyiləcək ki, o səviyyədə görsün və görünsün. İnsanda böyüklüyün miqyası kiçiklikdir, yəni təvazödür. Kiçikliyin mizanı böyüklükdür, yəni təkəbbürdür". Bu yanaşma hədisin mənası ilə də tam üst-üstə düşür. Çünki Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm):
مَنْ تَوَاضَعَ لِلّٰهِ رَفَعَهُ اللّٰهُ وَمَنْ تَكَبَّرَ وَضَعَهُ اللّٰهُ
"Allah üçün təvazö, mahviyyət və xəcalət içində olan və özünü tez-tez sıfırlayanı Allah yüksəldər; kibirlənən, qürurlanan və təşəxxüs satanı da Allah (cəllə cəlaluhu) batırar" (Ali el-Muttaki, Kenzu'l-ummal, 29/166) buyurur.
Bu mövzuda bizim diqqət etməli olduğumuz məqam isə bir heyətin, heyətdə olan insanların səyinin, davranış və hərəkətlərinin nəticəsinə (ikram, kəramət və s.) istidrac kimi baxmamaqdır. Çünki bu yanaşma bütün heyət haqda sui-zənn etmək deməkdir. Əgər minlərlə, milyonlarla insan bir məfkurəyə sahib çıxır, arxa durur, mühüm bir missiyanı yerinə yetirir və bu istiqamətdə ciddi cəhd və səy göstərirsə, onlar haqqında istidrac düşünmək böyük bir kütlə haqqında sui-zənn etmək olar ki, bu da böyük bir günahdır. Lakin o heyətdə olan hər bir kəs özü haqqında "Belə bir lütfü-ehsana mən heç layiq deyiləm. Deyil bu mənə layiq bu bəndə. Ancaq buna baxmayaraq mən onu nemət bilib şükür etməliyəm" deyə Rəbbi-Kəriminə şükran hisləri ilə dolub daşmalı, dolub daşmalı və nə müvəffəqiyyət qazanır-qazansız, hansı səviyyəyə gəlirsə-gəlsin həmişə mahviyyət və xəcalət hissləri içində istidrac əndişəsi ilə oturub-durmalıdır.
- tarixində yaradılmışdır.