İnsanın özünü tanıması və ibadətlərdə kamilləşməsi

Fəthullah Gülən: İnsanın özünü tanıması və ibadətlərdə kamilləşməsi

Sual: İnsanın Allahla irtibatı və ibadətdə dərinliyi onun özünü tanımasından və kəşf etməsindən asılı olduğu bildirilir. Bu fikri izah edə bilərsiniz?

Cavab: Ərəblərdə bir atalar sözü var: “Adətləri tərk etmək olmaz”. Bu söz “Adətləri tərk etmək həlaka aparan səbəblərdəndir ” prinsipinin əsasını təşkil edir. Bu baxımdan, əgər bir mömin illah da bir şeyi adətə çevirməlidirsə, bu, Allahla (cəllə cəlaluhu) irtibatı təmin edən ibadətü-taət olmalıdır. Əgər bəndə Allaha ibadətü-taət edərək və möhkəm irtibat quraraq bu məziyyətə yiyələnər və onu vicdanına nəqş edərsə, bəzi Haqq dostları kimi “Bir anlıq İlahi hüzurdan cüda düşmək ona ölümdən betər gələr!” Ona görə də insan Allahın onu gördüyünü, gizli-açıq hər şeyi bildiyini bir an da olsa, unutmamalı, hiss, şüur və iradəsi ilə daima Onun rizasını qazanmağa çalışmalı, Onu qəzəbinə səbəb olan əməllərdən mümkün qədər uzaq olmalı, yaradılışdan gələn sevgi və ehtiram duyğularını Ona yönəltməlidir.

Bu mənəvi məqama çatmaq hamının məqsədidir, daha doğrusu, hər bir imanlı insanın qayəsi olmalıdır. Lakin insan bu məqsədə çatmaq üçün daima özünü sorğu-suala çəkməli və səmimiyyətlə öz-özünə sual verməlidir: “Görəsən, bu məqama çatmaq üçün əlimdən gələn hər şeyi edirəm? Hazırki mənəvi halımı, “dayandığım yeri” kafi göməyib “Bir addım da atım, bir addım da atım!” deyib daima mənəvi tərəqqi edirəmmi?”

Həqiqət yolu və təvazökarlıq

Həqiqət yolçusunun yüksəldiyi mənəvi məqamı heç vaxt kafi görməməsi, daha da yüksəklərə qalxmağa çalışması çox vacibdir. Ancaq burada biz onun xariqüladə hallar, kəramətlər göstərib özünü nümayiş eləməsini deyil, Allah-talanı (cəllə cəlaluhu) tanıyaraq və Onun hüzurunda özünü heç sayaraq mənən tərəqqi etməsini nəzərdə tuturuq. Başqa sözlə, insan öz qüvvəsi ilə təkcə yer kürəsinin deyil, bütün planetlərin hərəkət istiqamətini dəyişdirməyə qadir olsa belə, bu əməlin Allah-taalanın əzəməti qarşısında heç nə olduğunu görməli və hər şeyi Ondan bilməlidir. Buna görə də həqiqət yolunun yolçuları suda gəzmə, havada uçma, tayyi-məkanla bir yerdə oturub başqa bir yerdə Kəbəni təvaf etmə kimi xariqüladə hallara qətiyyən meyil göstərməməlidir. Çünki Allah-taalanın bəzi övliyalara bəxş etdiyi bu cür halları istəmək həqiqət yolunun ruhuna ziddir. Həqiqət yolunda əsas düstur təvazökarlıq, məhviyyət, nəfsi yerdən-yerə vurub özünü heç bilməkdir. Yeri gəlmişkən deyim ki, bu cür mənəvi məqamlara meyil göstərməyən həqiqət yolçuları, şübhəsiz, bələdiyə sədrliyi, valilik, deputatlıq, nazirlik kimi dünyəvi vəzifələrə heç əhəmiyyət verməzlər.

Bu, o demək deyil ki, biz bu məqamları əhəmiyyətsiz sayırıq. Ancaq yüksək ülvi dəyərlər duran yerdə bu cür şeylərə meyl etmək qayə seçdiyimiz həqiqətlərə qarşı hörmətsizlik olar. Əgər bu yolda Allah rizası üçün addımlayırıqsa, unutmamalıyıq ki, bundan böyük niyyət, qayəmiz “Onun camalı”dırsa, bundan müstəsna bir qayə, arzumuz Firdövs cənnətidirsə, bundan vacib bir dilək yoxdur. Bu uca qayələrə könül verəndən sonra başqa şeylərə meyil etmək o ülvi məqsədlərə hörmətsizlik sayılır. Bəli, bir həqiqət ərəninin məqsədi Rəsuli-Əkrəmin (aleyhi əkmələttəhiyya) xəlayiqi və bəndəsi olmaqdırsa, Həzrət Mövlanə kimi:

“Qul oldum, qul oldum, qul oldum!
Mən Sənə xidmətdə bel bükdüm...
Qullar azad olanda şad olur,
Mən Sənə qul olanda şad oldum”

sözləri ilə Həzrət Məhəmməd Mustafaya (sallallahu aleyhi və səlləm) bəndə olduğunu deyərək İslama təslimiyyətini hayqırmışsa, bunu başqa məqsədlə dəyişdirmək olmaz, dəyişdirməməlidir də.

Qapılar “mən” deyənlərin üzünə bağlıdır

Lakin insan nəfsini bir kənara qoymasa, “mən” (mənəm-mənəmlik, eqoizm) səddini aşa bilməz. Nəticədə şeytana yaxınlaşar, Allahdan uzaqlaşar. “Mən”, “mən” deyənlər Allaha aparan yolda üzlərinə qapı açılacağını gözləməsinlər. O qapını hər dəfə açmaq istəyəndə ya kilidli, ya da sürgülü olduğunu görərlər. Çünki bir yerdə (qəlbdə) iki “mən” olmaz. “Mən” deyən insanda təkəbbürün əlamətləri var. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) qapının döyüldüyünü eşidib “Kimdir?” deyə soruşur. Qapını döyən səhabə “Mən!” cavabını verir. Allah rəsulu qapını açsa, “Mən, mən...” deyərək narazılığını gizlətmir (Buxari, “İstizan”, 17; Müslim, “Ədəb”, 38, 39). Ehitmal ki, bu “mən”də təkəbbürün əlaməti vardır. Bir mənada, “Mənim özümü nişan verməyə ehtiyac yoxdur” mənasına gəlir.

Bəli, elə hey “mən, mən” deyənlər guruldayan davula bənzəyir. Bildiyiniz kimi, davul məhz içi boş olduğuna görə, belə səs çıxarır. Daim “mən, mən” deyən insan da özünü “boş”, həqir bir məxluq səviyyəsinə endirir. Çünki içi dolu olanlar davul kimi səs çıxarmazlar. Mövlanə həzrətləri “boş” insanları içində bir-iki inci-mərcan olan, tərpənəndə “tıq-tıq” səsi çıxaran qutulara, “dolu” insanları isə içi ləl-cəvahiratla dolu, səs çıxarmayan cövhər mücrülərinə bənzədir.

Təvazö, məhviyyət və xəcalətin əlaməti səssizlikdir, susmaqdır. Bu hislərlə hərəkət edərək vətən, xalq və bütün bəşəriyyət naminə daim planlar qurmağa, layihələr hazırlamağa çalışan insanların prioriteri aksiyondur (əməl) və onların əməlləri çaxan şimşəyin göy gurultusundan əvvəl mənzilə çatdığı kimi səsdən (sözdən) əvvəl gəlir. Digər tərəfdən nümayişkarlıq əməlinin içi boşdur, amma səsi çox çıxır. Bu səbəbdən də özünü nüamayiş etdirməkdən başqa bir məqsədi olmayanların işi-gücü vay-həşir qoparmaqdır. Halbuki əsas olan, sözün deyil, aksiyonun prioritet olmasıdır.

Həzrət İbrahim (aleyhissalam): “Sonra gələnlər arasında yaxşı ad qoymağı mənə qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)” (“Şuəra” surəsi, 26/84) deyə dua edərək Allah-taaladan gələcək nəsillərə də uzanan faydalı əməllər diləmişdi. Bu duada aksiyon, iş, əməl ön plandadır. Ona görə də, haqq yolunun yolçusu tarlaya bacardığı qədər toxum səpib bəhrəsini Allaha həvalə etməlidir. Bu cür əngin düşüncə ilə haqq yolunda addımalamaq isə Allahı (cəllə cəlaluhu) tanımaqla mümkündür. Onu tanımaq isə insanın özünü tanımasından asılıdır.

Özünü tanımayan Rəbbini də tanımaz

Hədis kimi rəvayət edilən: “Nəfsini tanıyan Rəbbini tanıyar” (əl-Münavi, “Feyzül-qadir”, 1/225, 4/399, 5/50; əl-Acluni, “Kəşfül-xafa”, 2/343) kəlamında bildirildiyi kimi, özünü, yəni fizioloji quruluşunu, vicdanını və onun dörd əsası sayılan iradə, lətifeyi-rəbbaniyə və ya qəlb, ağıl və hislərini bir bütöv kimi təhlil və analiz edən insan Rəbbini daha yaxından tanıyar. Əksinə, “Özünü tanımayan Rəbbini də tanımaz”. O halda, insan Rəbbini tanımaq üçün özünü tanımalıdır. Həzrət Pirin sözləri ilə desək, insan mükəmməl bir “fabrik” kimidir, (Bax: Sözlər, səh. 165 (On üçüncü söz, ikinci məqam)) bütün parçaları, hissələri bir-biri ilə mütənasibdir (ahəng içindədir). Bu varlıq, eyni zamanda kainatla da yaxın əlaqədədir. Məsələn, ağız ilə yemək arasında əlaqə olduğu kimi, gözlərlə mənzərə arsında da bir əlaqə var. Üstəlik elə bir əlaqə var ki, onun sayəsində müxtəlif “tezlik”dəki məxluqları görüb seçə bilir.

İnsanın orqanları arasında mövcud olan yaxın əlaqəni kainatla digər varlıqlar arasında da görürük. Fizik və astrofiziklərin fikrincə, ən uzaq planetlərin belə Yerin insanları ilə bir əlaqəsi var. Ancaq bu əlaqəni anlamaq üçün ilk öncə yaxın dairədən başlamaq lazımdır. Məsələn, insan yediyi qida ilə ağızın, gördüyü mənzərələrlə gözün əlaqəsini düşünərək özünü təhlil edərsə, gedib Uca Yaradanın varlığını və birliyini göstərən dəlillərə çıxar. Ona görə də qüdsi hədis sayılan və təsəvvüf əsərlərində keçən mübarək bir kəlamda Allah-taala buyurur: “Ey insan oğlu, nəfsini tanıyan Məni tanıyar. Məni tanıyan Məni axtarar. Məni axtaran hökmən tapar və Məni tapan bütün arzu-istəklərinə çatar və heç vaxt Məni başqasına dəyişməz. Ey insan oğlu, təvazökar ol ki, Məni tanıyasan... Aclığa öyrəş ki, Məni görəsən... İbadətdə ixlaslı ol ki, Mənə çatasan. Ey insan oğlu, Mən Rəbbəm, nəfsini tanıyan Məni də tanıyar... Nəfsini tərk edən Məni tapar... Məni tanımaq üçün nəfsini tərk et, Məni bilməklə abad olmayan qəlb kordur”.

Anatomik quruluşdan ruhi dərinliyə

Aleksis Karrel (Alexis Carrel) ta 1935-ci ildə qələmə aldığı “Bu məchul insan” adlı kitabında insan vücudunun mükəmməliyini və onun bir Yaradanı olduğunu diqqətə çatdırmaqla mühüm bir tədqiqata imza atmışdır. Türkiyədə kitabın müəllifi bəziləri tərəfindən haqsız tənqidlərə məruz qalsa da, əsəri xalqımız oxumuş və ondan yararlanmışdı. İnsanlar, xüsusən də həkimlər həmin kitabdakı insan anatomiyasına dair təhlilləri oxuduqda hər fəsildə “Lə iləhə illəllah” deyəcəklər. Çünki Onun (cəllə cəlaluhu) qüdrəti nəzərə alınmadan insan vücudundakı mükəmməl ahəngi izah etmək mümkünsüzdür.

İnsan bu şəkildə öz anatomiya və fiziologiyasını, eyni zamanda onların əşya ilə rabitəsini, yəni zahiri aləmi tanıdıqdan sonra batini aləmi – nəfsini, vicdan mexanizmini və hiss dünyasını tanımağa çalışmalıdır. Bəzən “ürəyə damma” şəklində ifadə edilən “hissi-qabləl-vüqu”, məsələn, insanın səhər yadına düşən bir adamla axşam qarşılaşması, yuxuda misal və bərzəx aləminə dair mənzərələri görməsi və aşxam gördüyü yuxunun səhər eynilə, bəzən də yozumuna uyğun çıxması kimi hadisələr batini aləmə aiddir. Bunları səbəblər baxımından izah etmək mümkün deyil. Batini aləmdə səyahət edən insan həm özünü, həm də Uca Yaradanın varlığını dərk edərək Rəbbini daha yaxşı tanıyar.

Həqiqi azadlıq

Qüdsi hədis kimi gələn rəvayətdə buyurulur ki: “Məni tanıyan Məni axtarar”.... İnsan Yaradanı tanıdıqca: “Görəsən O, məndən nə tələb edir? Ona necə yaxın ola bilərəm? Onun sevgisinə necə nail ola bilərəm? Onu sevmək mənim vəzifəm, Onun isə haqqıdır. Qəlbimdə yalnız O təcəlli etməlidir. Qalan hər şeyi çıxarıb atmalıyam!” deyər və axtarışına davam edər. Füzuli bu həqiqəti belə səsləndirir:

 “Hikməti-dünya və mafihanı bilən arif deyil,
Arif odur, bilməyə dünya və mafiha nədir?”

Bəli, yuxarıdakı beytdə də ifadə edildiyi kimi, insan dünya və mafihanı qəlbindən çıxarıb atmalı, yalnız Onu düşünməli və ağlını yalnız Onunla məşğul etməlidir. İnsan bunları eləməklə Allah-taalanı tapar, O da bəndənin bu səmimi səylərini mükafatsız qoymaz və qüdsi hədisdə də buyurulduğu kimi onun bütün arzularını gerçəkləşdirər, hətta daha çoxunu lütf edər. Alvarlı Efe həzrətləri bu həqiqəti gözəl ifadə edir:

“Sən Mövlanı sevəndə
Mövla Səni sevməzmi?
Rizasına ivəndə,
Haqq rizasın verməzmi?”

“Mən qənimətdən ötrü müsəlman olmamışam, ya Rəsulallah!”

Bu məqama yüksələn mömin nəfsani arzu və istəkərin əsarətindən qurtularaq həqiqi azadlığa qovuşar. Çünki mərhum Seyyid Qütbün sözü ilə desək, “Həqiqi azadlıq Allaha qul olmaqdır”. Bəli, Allaha (cəllə cəlaluhu) qul olanlar başqalarına köləlikdən xilas olar. Ona layiqincə qul ola bilməyənlər isə, başı səcdədə olsa belə, məqama, mənsəbə, qorxuya, ailəyə, tənbəlliyə, zövqü-səfaya, eyş-işrətə, şan-şöhrətə, villalara köləlik kimi yüzlərlə müxtəlif bütə sitayiş edərlər. Hər halda heç cahiliyyə dövrünün müşrikləri belə bu qədər bütə tapınmamışlar!

Bəli, ona-buna köləlikdən qurtulmağın bir yolu var, o da Allaha layiqincə qul olmaqdır. Səhabələrin həyatı bu mövzuya dair gözəl nümunələrlə doludur. Məsələn, hərbi və siyasi dahi olan Həzrət Amr ibn As (radiyallahu anh) müsəlmanlığı çox gec qəbul etməsinə baxmayaraq, dinin ruhunu o qədər gözəl qavramışdı ki, heyran olmamaq əldə deyil.

Bildiyiniz kimi, Amr ibn As həzrətləri Hudeybiyyə müqaviləsi bağlanandan sonra müsəlman olduğunu elan etmək üçün Mədinəyə, Peyğəmbərimizin hüzuruna çıxır. Utancıdan tir-tir əsir. Çünkü Peyğəmbərimizə (sallallahu aleyhi və səlləmə) çox pislik etmişdi. Ancaq Rəhmət Peyğəmbəri (sallallahu aleyhi və səlləm) hər şeyi çoxdan unutmuşdu. Amr ibn As Əlini Allah Rəsulu ilə görüşərkən həyəcandan Onun əlini möhkəm sıxmışdı. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “Nə demək istəyirsən, ya Amr?” deyə soruşmuşdu. Həzrət Amr : “Məni bağışla, ya Rəsulallah!” − deyə cavab vermişdi. Allah Rəsulu: “Bilmirsən ki, ey Amr, “Lə iləhə illəllah, Muhammədun Rəsulullah” keçmiş bütün günahları silir...” deyə buyurmuşdu (Bax: Müslim, “İman” 192, Əhməd ibn Hənbəl, “əl-Müsnəd” 4/204). Amr ibn As hələ təzə müsəlman olmuşdu.

Kainatın Fəxri Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir gün onu çağırmış, qoşunla müharibəyə göndərəcəyini və qənimət əldə edəcəyini demişdi. Amr ibn As Ona bu cür cavab vermişdi: “Ya Rəsulullah! Mən qənimət üçün müsəlman olmamışam...” (Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, 4/197, 202, İbn Əbi Şeybə, “əl-Müsənnəf”, 4/467).

Eyni şəkildə Peyğəmbərimiz (aleyhissalatu və səlləm) mənbələrdə adı çəkilməyən bir səhabəyə qənimət verir. O isə bundan imtina edir: “Ya Rəsulallah! Mən bunu qəbul edə bilmərəm. Mən – boğazını göstərərək – buraya saplanan bir oxla şəhid olmaq üçün müsəlman olmuşam”. Beləcə, həmin səhabə arzuladığı kimi boğazına sapalanan bir oxla şəhidlik şərbətini içir (Nəsai, “Cənaiz”, 61, Əbdürrəzzaq, “əl-Müsənnəf”, 5/276, Hakim, “əl-Müstədrək”, 3/688).

Məkkənin fəthinədək Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) düşmənçilik edən Əbu Süfyanın (radiyallahu anh) Yermuk müharibəsində gözünə bir ox saplanmışdı. Əbu Süfyan axan gözünü ovucuna alıb ona mənalı-mənalı baxmış: “Yetmiş ildir sahibini görə bilməmisən, nəyə yarayırsan!” deyərək yerə atmışdı (Bax: İbnül-Əsir, “Üsdül-ğabə”, 6/158).

Bütün bu nümunələr,

“Hər mürşidə əl vermə ki, yolunu sarpa uğradar,
Mürşidi-kamil olanın yolu qayət asan imiş”
(Niyazi-Misri)

misralarında ifadə edildiyi kimi, həm insanın yetişməsində müəllimin roluna toxunur, həm də bir cəhdlə şaquli yüksəlişə dair örnək təşkil edir.

Müasir dörvrün müsəlmanları da səhabədən nümunə götürərək dünya nemətlərinə bel bağlamamalı, ələlxüsus da, dövlət məmurudurlarsa, vəzifəsindən sui-istifadə edərək ailəsinin, qohumlarının xeyrinə iş görməməli, özlərinə maşın, təyyarə, yaxta, gəmi və s. şeyləri əldə etməməlidir. “Allah bəs, baqi (qalan) həvəs!” deyib Haqqın rizasını axtarmalı, yalnız Onun rizasını diləməli, ilahi rizanı, camalullahı, vüslət şövqünü və Peyğəmbərə yaxınlığı heç bir şeyə dəyişməməlidirlər. Hətta əvəzində Cənnəti belə versələr, “Ay Allah, bunlar məndə nə görüblər ki, ilahi riza, ilahi şövq, röyətullahdan başqa bir şey təklif edirlər” deməyi bacarmalıdırlar. Qəlbini bu hislərlə elə doldurmalıdırlar ki, başqa şeylərə yer qalmasın. Çünki göydə uçma, su üstündə gəzmə, insanların ürəyindən keçənləri oxuma, üzünə baxıb gələcəyi demə kimi hallar bunlarla müqayisədə çox cılız görünür.

Xülasə, həyatını imana və Qurana həsr edən insanlar sadalanan xüsuslara çox diqqət eməlidirlər. Bəli, onlar dünya və mafihaya aid nə varsa, bir kənara atmalı və “Əmr edildiyi kimi doğru-dürüst ol” (“Hud” surəsi, 11/112) ayəsinə əməl edərək doğruluğu özlərinə düstur etməlidirlər. Ancaq bu doğruluq anlayışının çəçivəsini bəşəri düşüncələr deyil, ilahi bəyanlar müəyyənləşdirməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.