Könüllərin Sultanı
Sual: “Məsnəviyi-Nuriyyə” əsərində: "O Zatın (sallallahu əleyhi və səlləm) bu geniş və əzəmətli səltənəti, yalnız zahiri səltənət deyil. Daha geniş və daha dərin batini səltənəti var ki, bütün qəlbləri və ağılları özünə cəzb və cəlb etmişdir" deyilir. Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) batini səltənətini izah edə bilərsinizmi?
Cavab: Cənabi-Allahın əmri, vəzifələndirməsi və bəyanı ilə Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yer üzündə kamil bir sistem qurması və bu sistemlə insanların şəxsi, ailəvi, iqtisadi, idari… bütün ehtiyaclarını təmin etməsi Onun zahiri səltənətinin bir təzahürüdür. Zahiri səltənətin onun üzərinə bina edildiyi mənəvi əsas və dərinliklər də var ki, Haqq-taala məqami-cəmin[1] sahibi Həzrəti Ruhu-Seyyidil-Ənamı (əleyhi əlfü əlfi salatin və salam) belə bir mahiyyətdə dünyaya göndərmiş və Onun vasitəsilə insanın xəyalına belə gəlməyən, utopiyalarda axtarılan bir sistemin ölçülərini, prinsiplərini təqdim etmişdir.
Batin isminin təcəllisi
Rəhbəri-Əkməl Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) zahirə aid işləri Allahın Zahir isminin təzahürüdür. "Zahir" ismi ilə yanaşı, Haqq-taalanın bir də "Batin" ismi var. (Əslində Əvvəlu-Axir, Zahiru-Batin isimləri bir mənada bütün Əsmayi-Hüsnanın xülasəsi kimidir. Başqa sözlə desək, Haqq-taalanın bütün isimləri bu dörd isimlə əlaqəlidir.) İnsanlığın İftixarı Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yer üzündə təsis etdiyi sistem – o sistem ki, mələkləri belə qibtə etdirirdi – "Batin" isminin bir təcəllisi olaraq mənəvi əsaslar və dərinliklərə malikdir. Bu sistemin daim işləməsi, varlığını güclü şəkildə davam etdirməsi imani və İslami əsasların möhkəmliyindən və ihsan şüurundan asılıdır. Bu əsasları nəzərə almayan, insanların mənəvi yönlərinə əhəmiyyət verməyən və onları yalnız cismaniyyətdən ibarət sayan heç bir hüquqi və idari sistem qoyduğu qanunlarla uğur əldə edə bilməz, oğurluqdan talançılığa, ondan da dələduzluğa qədər cəmiyyətin asayişini alt-üst edən cinayətlərin qarşısını ala bilməz, insanların şəxsi, ailəvi, ictimai ehtiyacına cavab verə bilməz.
Bəli, Allah inancı olmayan, mələklərin varlığını inkar edən, həşru-nəşrə inanmayan bir sistemdə insanların həqiqi hüzura çatması mümkün deyil. Çünki iman həssas və zərif hissiyyata malik uşaqların, həyəcan və ehtirasla coşan gənclərin, müxtəlif xəstəliklərə düçar olan xəstələrin və ölümə yaxınlaşan qocaların ağıl, qəlb və könlünə bambaşqa ənginlik verir. Ehtiras, kin və nifrət hissinə imanla hakim ola bildiyimiz kimi, əbədiyyət yolunda da məhz iman sayəsində fani və müvəqqəti dünyanın zəvalına baxıb ümidsizlik bataqlığına düşmədən əbədiyyətə hüzurla irəliləyə bilərik. Bütün iman əsasları və onların ihsan şüuru ilə həyatda əks olunması Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) gətirdiyi o mükəmməl sistemin batini tərəfini təşkil edir.
Fəxri-Aləm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu sultanlığı, söhbətin başında da diqqətə çatdırdığımız kimi, ilahi inayətdən asılıdır. Yəni Allah (cəllə cəlaluhu) bildiyimiz və ya bilmədiyimiz bir çox səbəbdən qəlbləri Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) yönəltmiş və bu yönəlmənin davam və mütəmadiliyini murad etmişdir. Səadət əsrində Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli... (radiyallahu anhum əcmain) kimi səhabələrin o dərin sevgisi və bağlılığı, sonrakı dövrlərdə də, bu qədər imansız və amansız hücum və təxribata baxmayaraq, möminlərin hələ də o Zata üz tutması, ancaq Allahın inayəti və yönəltməsi ilə mümkündür. Belə ki, bu fəlakət və həlakət əsrində belə əksəriyyətimiz məsələnin mahiyyətini o qədər qavramadan Həzrəti Ruhu-Seyyidil-Ənama (əleyhissalatu vessələm) dilbəstə olmuş, Ona bağlanmışıq.
Qəlblərin Sevgilisi
Yeri gəlmişkən bir hadisəni danışım. Yeddi-səkkiz yaşım olardı, bir gün atam: "Əgər cümə axşamı min İxlası-şərif (“İxlas” surəsi) oxusan, yuxuda Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) görərsən" demişdi. Hansı düşüncə, hansı hislərlə bilmirəm, amma Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) nur camalını görmək üçün səhərə qədər min “İxlas”ı oxuduğumu xatırlayıram. Həmin gecə görməyib ertəsi gün yenə oxudum, o gecə də görməyəndə, sabahı gün də oxumağa davam etdim. Onun (sallallahu əleyhi və səlləm) ənginliyindən bixəbər, əsərlərinə o qədər vaqif olmayan və pozulmuş bir mühitdə yetişən insanların, hələ də ürəyində bir həyəcan varsa, bunun səbəbi Onun səltənətinin bu günədək davam etməsi ilə deyil, başqa nə ilə izah etmək olar?! Bəli, Allah (cəllə cəlaluhu) heç bir bəşərə nəsib olmayan, heç bir bəşərlə müqayisəyə gəlməyən sevgi ilə onu ümmətinə sevdirmişdir. O, qəlblərin sevgilisi, könüllərin sultanıdır.
Bu baxımdan, İki Cahan Sərvəri təkcə həbibullah, yəni məhbubullah deyil, eyni zamanda məhbubul-ibaddır. İnsanlar fərqinə varsalar da, varmasalar da, qəlblərində Ona qarşı böyük bir eşq var. Hətta insi və cinni şeytanlar nalayiq sözlər ortaya ataraq insanların zehnini və qəlbini qarışdırsalar da, sevgi selinin qarşısını ala bilmir, inanan könüllər bütün bu sözlərə məhəl qoymadan Ona böyük sevgi bəsləyirlər. Çünki Fəridi-Kövnü Zaman iman və saleh əməli kamil və nöqsansız şəkildə ortaya qoymuş, bir ihsan qəhrəmanı kimi bütün həyatını ihsan üfüqündə yaşamış, Haqq-taala da Onu yer və göyün bütün sakinlərinə sevdirmişdir. Yer üzündə bu səltənətin tayı-bərabəri yoxdur. Və unutmayaq ki, bu hal və keyfiyyət Haqq-taalanın xüsusi dəstəyi sayəsində bərqərar olmuşdur.
İlahi dəstəkdən məhrum insanların qurduğu səltənət özləri ilə birlikdə məhv olub gedir. Sezarların, Napoleonların, Hitlerin… səltənəti özləri ilə birlikdə yerlə-yeksan olmuşdur. İslam dünyasında ortaya çıxan münafiqlərin səltənəti də bir müddət davam etsə də, gün gəldi onlar da sönüb getdilər. Ancaq Kainatın Fəxrinin (əleyhi əlfü əlfi salatin və salam) nuru əsrlərdir bir məşəl kimi işıq saçıb dünyanı işıqlandırır və işıqlandırmaqda da davam edəcək. Bəli, Allahın izni və inayəti ilə heç bir şey insanların Ona bağlılığına, rəğbətinə sədd çəkə bilməz.
O, həyatın bütün sahələrində rəhbəri-əkməldir
Sual: “Ali İmran” surəsində məalən "Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları təzkiyə edən (günahlardan təmizləyən), onlara Kitabı və Hikməti öyrədən bir peyğəmbər göndərməklə mərhəmət göstərmişdir," (“Ali İmran” surəsi, 3/164) buyurulur. Ayədə keçən Peyğəmbərimizə aid xüsusiyyətləri necə başa düşməliyik?
Cavab: Haqq-taala ayənin başında:
لَقَدْ مَنَّ اللّٰهُ عَلَى الْمُؤْمِنِينَ
buyuraraq ilk növbədə mühüm bir ehsan və lütfə diqqət çəkir. Belə ki, ayədə göydən bir mələk deyil, bizim içimizdən, bizim kimi ana-atadan dünyaya gələn bir nəfəri Peyğəmbər göndərdiyini buyurur. Bu, Haqq-taalanın insanlara nemətinin, lütf və ehsanının bir isbatıdır. Çünki Allah (cəllə cəlaluhu) insanlara öz aralarından, özlərindən, onlarla eyni duyğu və eyni düşüncəni paylaşan, haqq yolunda onlara pişdarlıq edən, imama ehtiyac olanda qabağa keçən, sərkərdəyə ehtiyac olanda ən mükəmməl sərkərdəliyi öyrədən, xülasə, həyatın hər sahəsində, ehtiyacları olan hər anda onlara rəhbərlik edən bir peyğəmbər göndərmişdir. İnsanlar arasından belə bir peyğəmbərin seçilib göndərilməsi bizim üçün çox böyük bir şərəfdir! Möminlər bu ilahi nemətə qarşı necə laqeyd qala bilərlər? Bu, adi bir nemət deyil. O halda layqincə şükür etmək lazımdır.
Ayənin davamında:
يَتْلُو عَلَيْهِمْ اٰيَاتِهِ
buyuraraq Rəsulullahın (sallallahu əleyhi və səlləm) Allahın ayələrini möminlərə tilavət etdiyini bildirir. Burada "qiraət", "ərz" və ya "təqdim" sözlərinin deyil, məhz “tilavət” sözünün işlədilməsi əhəmiyyətlidir. Tilavətin mənası dalbadal və daim oxumaq deməkdir. Üstəlik bu feilin muzari[2] zaman formasında, yəni يَتْلُو şəklində olması mütəmadiliyi vurğulayır. Çünki Ərəb qramatikasında feilin muzari forması geniş zamanı bildirir. Buna görə də məsələyə Onun (sallallahu əleyhi və səlləm) həyat yolundan baxsanız, belə bir məna ilə qarşılaşırsınız: O, siz bezib və usanmayasınız, ətalətə düşməyəsiniz deyə Qurani-Kərimdəki təsrif üslubu ilə mütəmadi olaraq sizə İlahi ayələri oxuyur. Siz mənən güclü və gümrah olasınız deyə, məsələləri hər dəfə fərqli formada təkrar-təkrar sizə çatdırır. Buradan belə bir məna da çıxa bilər: İki Cahan Sərvəri Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dünyada Allahın ayələrini tilavət etdiyi kimi, ruhunun üfüqünə yürüdükdən (vəfatından) sonra da tilavət etməyə davam edəcək. Dolayısilə burada həm də Qurani-Kərimin qorunmasına bir işarə var.
Bu məsələni başda da qeyd olunan nemətləndirmə ilə əlaqələndirə bilərsiniz. Allah daim tilavət edən bir peyğəmbər göndərməklə sizə nemət bəxş edir. Bundan əlavə, O, وَيُزَكِّيهِمْ sizi təzkiyə də edir. Sizin üzüağ olmağınız, paklanmağınız, nəfsinizi təzkiyəniz, ürəyin saflığı, qəlbin zümrüd təpələrində rahat-rahat gəzməyiniz… sırf onun təzkiyəsindən asılıdır. Çünki bütün bunlar Onun bəyanları ilə göstərdiyi yol sayəsində mümkündür.
Hikmət üfüqündən varlığın tamaşası
O (sallallahu əleyhi və səlləm), eyni zamanda:
وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ
sizə Kitab və hikməti öyrədir. İlk növbədə Qurani-Möcizul-Bəyanı sizə təlim edir. Ayeyi-bəyyinat[3] təkvini əmrlərin[4] qövli-şarehi[5], bürhani-vazehi[6] və təfsiri-qətisidir[7]. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onları mütəmadi təkrar edə-edə -Həzrəti Pirin yanaşmasıyla- ülfət və ünsiyyət[8] pərdələrini parça-parça edir. Əşya və hadisələrin arxa planını, metafizik yönünü və ruhi dərinliyini göstərir. O (sallallahu əleyhi və səlləm), eyni zamanda sizə hikməti də öyrədir.
Hikmətin müxtəlif mənaları var. Bir mənası, əşyanın batininə və mahiyyətinə bələd olmaqdır. Digər mənası Haqq-taalanın kainatı və insanı yaratmasının məsləhət və məqsədlərinə vaqif olmaq, kainatda hər şeyin yerli-yerində xəlq edildiyi və heç bir şeyin bihudə olmadığını görməkdir. Hikmətin bir digər mənası da Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sünneyi-səniyyəsidir[9]. Çünki ağlı qane edən və onu diz çökdürən hikmətlərin mənbəyi Qurani-Kərimdə keçən -istər şəxsi, istər ictimai, istərsə də üqba həyatımızla bağlı- bütün icmali mövzular sünnə ilə təfsil olunmuşdur (ətraflı izah olunmuşdur). Fəzilət Günəşi Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ayələrin icmalını təfsil, mütləqini təqyid[10] və amməni də təxsis[11]edərək hər şeyə aydınlıq gətirdiyinə görə, bəzi alimlər bu ayədə keçən “Kitab” sözünü Quran, hikmət kəlməsini isə Sünnə kimi izah etmişdir.
Ayənin axırında isə belə buyurulur:
وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ
Allahın sizə bəxş etdiyi bu nemətlər üstünüzə leysantək yağana qədər siz açıq-aşkar zəlalətdəydiniz. Buna Quransızlıq zəlaləti, təzkiyədən, ayeyi-bəyyinatdan, hikmətdən məhrumiyyət zəlaləti, kainata pozitivist və naturalist mülahizələrlə baxıb hər şeyi təbiətə istinad etmə zəlaləti də deyə bilərsiniz. Hikmətdən məhrum bu talesizlər hər şeyi maddədə axtardıqlarına görə ağılları gözlərinə düşmüşdür. Göz isə mənanı görməkdə kordur. Qurani-Hakim o pərdəni parça-parça edir. Bir mənada sizə hər şeyin həqiqətini göstərir. Başqa sözlə, işi bəsərin[12] ümidinə qoymayıb bəsirətə[13] həvalə edir, ağılla kifayətlənmir, ağılı qəlbin əlinə verir, onu qəlbin həssas tərəzisinə əmanət edir. Beləcə siz hər şeyi mahiyyəti-nəfsul-əmriyəsi ilə (əsl mahiyyəti ilə) görmə və anlama imkanını əldə edir, əşya və hadisələrin hikmət üfüqündən tamaşasına nail olursunuz.
Bütün bunlar Onun mənəvi səltənətindən bir neçə sətirdir. Ona ağıllarımızın dərinliyi və qəlblərimizin ənginliyi qədər səlat və salam olsun. Allah bizi həm burada, həm də axirətdə Onun səltənət dairəsindən ayrı salmasın.
[2] Ərəb gramatikasında feilin geniş zaman forması.
[3] Qurani-Kərimin açıq-aydın ayələri.
[4] Kainata qoyulan qanunlar.
[5] Şərh edən, açıqlayan, izah edən dili.
[6] Açıq-aydın dəlili, sübutu.
[7] Qəti təfsiri.
[8] Çox dəyərli olan şeylərin tədricən adiləşməsi.
[9] Yüksək, uca, ali sünnə.
[10] Şərti olmayanı şərtə bağlamaq.
[11] Ümimini xüsusiləşdirmək.
[12] Maddi göz.
[13] Qəlb gözü.
- tarixində yaradılmışdır.