Ləyaqət və istehqaq
Sual: “İman yolunda hizmətin tələbləri sayılan məsuliyyət şüurunu ortaya qoymayan və tapşırılan işə/vəzifəyə layiq olamayan insanlar ilahi adətə uyğun olaraq kənarlaşdırılmağa “haqq qazanmış” olurlar” deyilir. Bu cür xoşagəlməz aqibətlə üzləşməmək, həmçinin bu yola layiq olmaq üçün hansı vəsflərə yiyələnmək lazımdır?
Cavab: Ləyaqət bir insanın öhdəsinə götürdüyü vəzifəyə layiq olması və bu işi layiqincə yerinə yetirməsi; istehqaq isə insanın işlədiyi şər və pis əməllər ucbatından cəzaya haqq qazanması, layiq olması və cəzalandırılmasıdır. Ancaq qeyd edək ki, bir insanın bir işə ləyaqəti çatmış olsa belə, Cənabi-Allahın fəzlü-rəhməti hər kəs üçün və hər zaman çox vacibdir. O baxımdan yüksək istedad və qabiliyyətlərə malik insanlar öhdələrinə götürdükləri vəzifələrə layiq olduqlarını sübut etsələr belə, yenə də bu müvəffəqiyyəti nəsib edən fəzli-ilahidir. Bununla yanaşı, məsələyə adəti-ilahi aspektindən baxanda ləyaqətin çox böyük nailiyyətlərə vəsilə, istehqaqın isə bu kimi müvəffəqiyyətlərin kəsilməsinə əsas səbəbkar olduğunu görürük.
Nifaq şəbəkələri və istehqaq
Tarix boyu əhli-zəlalət və nifaq (münafiq) şəbəkələri inanan insanların həyata keçirdiyi bəzi müsbət və faydalı fəaliyyətləri alt-üst etmək üçün ağılasığmaz məkrli planlar qurmuş, intriqalar hazırlamışlar. Bu məkrli plan və intriqalar hər dövrdə və məkanda fərqli rəng və şəkillərdə özünü göstərmişdir. Hətta sözügedən nifaq şəbəkəsi müəyyən bir dövrdə əsaslandığı arqumentlə (iddia) istədiyi nəticəni əldə edə bilməyəcəyini anlayıb başqa arqumentlər irəli sürmüş və bu arqumentlərlə xeyirxah fəaliyyətlərin qarşısını almağa çalışmışdır.
Bu nifaq şəbəkələrinin məqsədlərinə çatıb-çatmaması bir az da məfkurə yolçularının məqamlarına layiq olub-olmamasından və vəzifələrini yerinə yetirib-yetirməməsindən asılıdır. Əgər onlar etibarlı insanlar olaraq vəzifələrini layiqincə yerinə yetirir və bir üyuni-sahirə (oyaq gözlər) kimi müxtəlif mənfəzlərdə, boşluqlarda keşik çəkib təhlükələrin qarşısını alırlarsa, Allah-taalanın izni ilə əhli-nifaqın toruna düşməyəcəklər. Lakin əgər onların ləyaqəti yavaş-yavaş “qan itirir”, rəngi avazıyır və öləziyirsə, Allah eləməsin, demək addım-addım istehqaqa yaxınlaşırlar. İstehqaq gerçəkləşəndə isə Allah onlara etibar etdiyi əmanəti alıb etibarlı insanlara verər. O baxımdan iman və Quran hizmətinə könül verən insanlar qurulan məkrli planlardan arxayın olmaq və məqamlarını qoruyub saxlamaq istəyirlərsə, həmin məqama layiq olmalı və ləyaqətlərinə xələl gətirməməlidirlər.
Yenilənmə cəhdi ləyaqətin əsas şərtlərindən biridir
Qurani-Kərimin bəzi ayələrinə əsaslanaraq ləyaqətə vəsilə, istehqaqa səbəb olan xüsusiyyətləri müəyyənləşdirmək olar. Məsələn, Cənabi-Allah bir ayədə buyurur: “Əgər (Allah) istəsə, sizin yerinizə yeni (cədid) qövm gətirər.” (“İbrahim” surəsi, 14/19; “Fatir” surəsi, 35/16). Burada keçən “cədid” sözündən belə başa düşürük ki, Haqq yolun yolçuları hər şeyi tərvaəti ilə hiss etməli, hər şeyi göydən gələn səmavi bir süfrə və ya Cənnət nübarı kimi görməlidir. Bəli, onlar Quran ayələrini elə indicə dəqiqə nazil olubmuş kimi duymalı, fövqəladə zövq və həzlə məst olmalıdırlar. Eyni şəkildə onlar yaşadıqları dövrü çox yaxşı tanımalı və bu tər-təzə duyğularla müsəlmanlığa xidmət etməlidirlər. Hətta onların ruhi-mənəvi dünyası da bu yenilənmə cəhdindən öz payını almalıdır. Zaman axsa da, illər keçsə də, onlar adiləşməməli, köhnəlməməli və “nimdaş”laşmamalıdır. Çünki “cədidlik” ləyaqətin əvəzolunmaz bir xüsusiyyəti olduğuna görə, əgər bir topluluq bu xüsusiyyətini itirərsə, başqası ilə əvəzlənməyə istehqaq etmiş sayılır.
Hizmət mürtədlərinin aqibəti
Məsələ ilə bağlı digər mühüm ilahi bəyan isə “Maidə” surəsinin bu ayəsidir: “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim olar, kafirlərlə münasibətdə isə izzət və şərəflərini qoruyarlar. Allah yolunda cihad edər və heç kəsin qınağından qorxmazlar. Bu, Allahın fəzlidir, onu istədiyinə verər. Allahın ətası, ehsanı boldur və O, hər şeyi biləndir!” (“Maidə” surəsi, 5/54)
Bu ayədə ilk öncə “irtidad” təhlükəsi diqqətə çatdırılır. İrtidad bir insanın mühüm bir məqamdan uzaqlaşıb əvvəlki məqamına, başqa sözlə gəldiyi yerə dönməsidir. Bu cür insana mürtəd deyilir. Mürtəd deyəndə ilk öncə ağıla etiqadi mürtədlər gəlir. Bu cür insan İslam dinindən döndüyünə görə küfr işləmiş sayılır. Bununla yanaşı, bir də hizmət mürtədləri var. Bu insanlar bir məfkurəyə könül versələr də, bir müddət sonra xırda şeylərə ilişib yarı yolda qalır, hizmət eşqü-şövqünü, əvvəlki həyəcan və fəallığını itirir, sonra da mənsub olduğu dairədən kənara çıxır. Əslində bu cür insanlar ümumiyyətlə bütün işlərin öz həvaü-həvəslərinə (nəfsani arzu-istəklər) görə getməsini istəyən, istədiyi olmayanda da ixtilaf və iftiraq törədən və beləcə yoldan dönən ağıl və qəlbi nifaqlı binəvalardır.
Cənabi-Allah bu cür insanlara əvvəlcə “şəfqət silləsi” ilə xəbərdalıq edir, ancaq onlar iftiraq və ixtilaf alovunu körükləməkdən əl çəkməsələr, bu dəfə “nikmət silləsi (bəla, müsibət)” ilə üzləşirlər. Allah (cəllə cəlaluhu) “Madam siz ixtilaf və iftiraqdan əl çəkmirsiniz, Mən də sizin yerinizə birlik və həmrəyliyə üstünlük verənləri, vifaq və ittifaq ruhu ilə hərəkət edənləri gətirəcəyəm” deyərək onların tutduqları meydanı başqalarına verər. O baxımdan İslama xidmət etməyə könül verən möminlər hizmət mürtədi olmaq qorxusu ilə tir-tir əsməli və bu aqibətdən qorunmaq üçün bir çox şəxsi haqlarından imtina etməlidir. Bu, bir mənada ləyaqət axtarışı olduğu kimi, eyni zamanda da pis aqibətdən qurtuluşun yoludur.
Ləyaqətin əsası Allah sevgisi
Ayədə Allah (cəllə cəlaluhu) “Allah (onun yerinə) elə bir tayfa gətirər ki” ifadəsi ilə öhdəsinə verilən vəzifəni layiqincə yerinə yetirməyən insanları daha layiqli bəndələrlə əvəz edəcəyini buyurur. Bildiyiniz kimi, feildən əvvəl gələn “səvfə” sözü uzaq gələcəyi göstərir. Bu, o mənaya gəlir ki, Cənabi-Allah iman edən insanları pis əməllərinə görə dərhal cəzalandırmır. İmanlarına dəyər verdiyinə görə, əvvəla möhlət verir. Əgər xəta və yanlış işlərinndən əl çəkməsələr, Allah onların əvəzinə başqa bir qövm gətirir. قَوْمٍ sözünün nəkrə (qeyri-müəyyən formada) olduğuna görə, demək bu qövm həm naməlum, həm də çox dəyərlidir.
Bəli, o topluluğun şanı o qədər ucadır ki, sizin təsəvvür və təxəyyülünüzə sığmaz. Bununla yanaşı, ayədə onları tanımaq üçün bəzi ip ucları verilir: يُحِبُّهُمْ “Allah (cəllə cəlaluhu) dəyərini təsəvvür belə, edə bilmədiyiniz o naməlum qövmü sevir”. Yəni şanına layiq şəkildə, əngin rəhməti və sevgisi ilə lütflərini onlardan əsirgəməz. Daha sonra bu ilahi sevgi onların qəlblərində Allah sevgisinə çevrilir və beləcə وَيُحِبُّونَهُ “Onlar da Allahı sevərlər”. Bu feil “ifal” babından törəyib. Bu bab çoxluq mənasını da bildirir. Bu baxımdan bu ifadəni belə də izah etmək olar: “Onlar da Allahı dəlicəsinə sevərlər”.
Ayə bu sözlərlər davam edir: أَذِلَّةٍ عَلَى الْمُؤْمِنينَ. Yəni onlar möminlərə qarşı “zillət” səviyyəsində təvazökarlıq (həlimlik) göstərirlər. Səhv başa düşülməsin, bu təvazökarlıq heç də natamamlıq kömpleksi deyil. Çünki onlar أَعِزَّةٍ عَلَى الْكَافِرينَ “Dəyərlərinə möhkəm bağlı olduqlarına görə, bu dəyərləri inkar edənlərlə münasibətdə özlərinin izzət və şərəfini qoruyurlar”. Yəni onlar kibirləri, qürurları, zülmləri, yanlış baxışları üzündən və ya ata-babalarının yolunu tutmaqla inkar yolunu seçənlərə boyun əyməzlər. O cümlədən bu insanlar möminlərin gördüyü işlərə mane olan inadkar guruh qarşısında əyilməz, onlara baş əyməz, hüzurlarında əmrə müntəzir dayanmaz, əl-ətək öpməzlər.
Allah uğrunda mücadilə ruhu
Onların bir xüsusiyyəti də يُجَاهِدُونَ فِي سَبِيلِ اللهِ “Allah yolunda mücahidə edərlər” ayəsində verilmişdir ki, bunun mənası da Allah yolunda mübarizə (mücadilə) aparmaqdır. Mücahidə sözünün geniş mənası var. Mücahidə insanlarla Allah arasındakı imana mane olan bəzi nəfsani, cismani və heyvani əngəlləri aradan qaldıraraq qəlbləri Allahla qovuşdurmaqdır. Bu izaha əsasən dövrün həyat fəlsəfəsini, idrak və elmi səviyyəsini diqqətə alaraq və buna müvafiq arqumentlərdən istifadə edərək insanlara əl uzatmaq, zülm, kibir, yanlış yanaşma və ata-babaları təqlid etmə kimi Allahla insanlar arasına girən əngəlləri aradan qaldırmaq lazımdır.
Mücahidənin digər forması isə nəfəs dərmədən əmri-bil-məruf və nəhyi-anil-münkər (xeyirin yayılması, şərin qarşısının alınması) vəzifəsini yerinə yetirməkdir. İstər məscid kürsülərində, istər konfrans salonlarında, istər seminarlarda, istər söhbət məclislərində, istər məktəblərdə, sizə harada haqq və həqiqətdən danışma imkanı verirlərsə, orada haqq və həqiqəti hayqırmaqdır.
Ancaq bir gün düşmənçilikdən başqa bir şey düşünməyən təcavüzkarlar – müxtəlif dövrlərdə olduğu kimi – qapınızı kəsdirər, vətəninizə hücum çəkər, ismət və namusunuza göz dikər və sizi ayaqlamağa çalışarsa, şübhəsiz belə halda mücadilən forması dəyişəcəkdir. Bu kimi hallarda qılınc qınından çıxacaq və Çanaqqalada, Sırbsındığında, Yəməndə, Benqazidə olduğu kimi cəbhəyə can atılacaq və orada layiqincə mücadilə aparılacaqdır. Əlbəttə, belə bir mücadilə ancaq dövlətin qərarı ilə və onun nəzarəti altında həyata keçiriləcəkdir. Bu da maddi cihadın bir növüdür. Ancaq dəfələrlə dilə gətirdiyimiz bir həqiqəti yenə təkrar ediri: “cihad”ı təkcə maddi cihad, yəni “silahlı döyüş” kimi başa düşmək doğru deyil. Çünki haqq və həqiqəti insanlara çatdırmağın və ya zülm və haqsızlıqların qarşısını almağın bir çox yolu vardır. Üstəlik döyüş yalnız “fisəbililləh” – Allah üçün olmalı, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) ortaya qoyduğu qayda və prinsilərə müvafiq aparılmalı, cihad donuna bürünüb şəxs və ya qrupların mənafeyinə qətiyyən xidmət etməməli, ya da kimlərinsə qəzəblərini soyutma vasitəsinə çevrilməməlidir.
Xülasə, Cənabi-Allah burada يُجَاهِدُونَ فِي سَبِيلِ اللهِ buyuraraq ümumiyyətlə Allah yolunda mücadiləni İslam əsrənlərinin bariz xüsusiyyəti, ləyaqətin də vacib düzturu kimi göstərmişdir.
Qınaqdan qorxmamaq
Qurani-Kərim ayədə son olaraq وَلَا يَخَافُونَ لَوْمَةَ لَۤائِمٍ “Heç kimin qınağından qorxmazlar” buyuraraq ileyi-kəlimətullah və Məhəmmədi ruhun dünyaya yayılması uğrunda mücadilə edənlərin kimsəinin qınağından qorxub-çəkinməyəcəyini göstərir. Bəli, həyatı yalnız bu dünyadan ibarət görən və ondan kam almaq istəyən insanlar məfkurə yolçularını, bəlkə də, qınayacaqlar. Məsələn, onlara: “Bu dünyadan kam almaq yerinə, niyə öz həaytınızı zəhər edirsiniz? Niyə əhli-zəlalət və əhli-dünyanı təhrik edib özünüzə düşmən edirsiniz?” deyə ağıl verənlər olacaq. Təəssüf ki, hər dövrdə bəzi insanlar İslamiyyətin yüksəlməsindən narahat olublar. Ancaq iman və Quran yolunda xidmətə könül verən insanlar haqsız qınaqlara məhəl qoymaz, təhdidlərdən qorxub geri çəkilməz, doğru hesab etdikləri yoldan dönməzlər.
Allahın fəzl və lütfü
Uca Allah ayənin sonunda ذٰلِكَ فَضْلُ اللهِ يُؤْتِيهِ مَنْ يَشَۤاءُ “Bu, Allahın fəzlidir, onu istədiyinə verər” buyuraraq sözügedən xüsusiyyətlərin çox mühüm olduğunu və bu məziyyətləri hamıya deyil, yalnız seçdiyi bəndələrə verdiyini bəyan edir. Yəni Allah (cəllə cəlaluhu) haqq din yolunda xidməti sırf ad-san və karyera üçün doktorantura oxuyanlar, araşdırmalar aparıb elmi dərəcəsini artırmağa çalışanlar, hətta bir neçə dəfə doktorant olanlarla deyil, Rəbbə könül verən səmimi möminlərə nəsib etmişdir/edəcəkdir. Bir də görürüsünüz ki, Şərqin yalçın qayaları arasından bir adam çıxır, altı ay və ya bir il kimi qısa bir müddətdə mədrəsə təhsilini tamamlayır və ardınca dinin, dəyanətin və Quranın təbliğinə dair bəşəriyyətə dərs verməyə başlayır və yeni-yeni fikirlər irəli sürür. Ancaq o, heç vaxt iddialı hərəkət eləmir və qazandığı nailiyyətləri yalnız Allahın fəzlindən və lütfündən bilir. Ayənin sonunda keçən “Bu, Allahın fəzlidir, onu istədiyinə verər” ifadəsi də bizə ləyaqətin başqa bir əvəzolunmaz xüsusiyyətini öyrədir ki, bu da heç vaxt iddialı olmamaq, yerinə yetirilən vəzifənin böyüklüyündən asılı olmayaraq, hər şeyi Allahın fəzlü-ehsanından bilməkdir.
- tarixində yaradılmışdır.