Peyğəmbərimizin əngin bir duası

Fəthullah Gülən: Peyğəmbərimizin əngin bir duası

Sual: “Muminun” surəsinin ilk ayələri nazil olduqdan sonra Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm):

اَللّٰهُمَّ زِدْنَا وَلَا تَنْقُصْنَا وَأَكْرِمْنَا وَلَا تُهِنَّا وَأَعْطِنَا وَلَا تَحْرِمْنَا وَاٰثِرْنَا وَلَا تُؤْثِرْ عَلَيْنَا وَارْضَ عَنَّا وَأَرْضِنَا

“Allahım! Bizi çoxalt (artır), sayımızı azaltma. Lütfünlə izzətimizi yüksəlt, bizi zillətə salma. Bol (nemətlər) verməklə bizə ehsan et, yoxluq üzü göstərmə! Bizi seç, bizim əvəzimizə başqalarını seçmə. Bizdən razı ol və bizi icraatı-sübhaniyədən razı olan bəndələrdən elə!” (Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, I/34) deyə dua edir. Bu dua, xüsusilə də müasir insana hansı həqiqətləri çatdırır?

Cavab: Əvvəla qeyd edim ki, vəhy birbaşa Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) nazil olduğuna görə başqa insanların bu ali həqiqətləri Onun səviyyəsində duyub anlaması mümkün deyildir. Bu səbəbdən də burada sözügedən duanın məna və məzmununa dair dilə gətirilən fikirlər onun əsl dərinlik və ənginliyini əks etdirməkdə acizdir.

Sualda da qeyd edildiyi kimi, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu mübarək duanı “Muminun” surəsi nazil olduqdan sonra etmişdir. Həmin ayələrin məalı bu şəkildədir: “Həqiqətən, möminlər fəlaha (xoşbəxtlik, səadət, nicat, qurtuluş), səadətə, müvəffəqiyyətə və qurtuluşa nail olmuşlar! O kəslər ki, namazlarında xüşu, ehtiram və təvazö ilə (Ona) boyun əyərlər! O kəslər ki, lüzumsuz işlərdən uzaq durarlar, o kəslər ki, zəkat verərlər (hətta sırf zəkat vermək üçün çalışarlar), o kəslər ki, namusunu, ayıb yerlərini qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər həddi aşanlardır. O möminlər ki, əmanətlərə riayət edərlər, verdikləri sözə əməl edərlər. Namazlarını həmişə vaxtlı-vaxtında qılaraq hədər etməzlər. Onlardır varis olanlar. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!” (“Muminun” surəsi, 23/1-11).

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Allahın (cəllə cəlaluhu) Ona və ümmətinə ərməğan etdiyi bu ayələrin nazilindən sonra burada sadalanan xüsusiyyətlərə malik möminlərin nicat tapacağına dair müjdəni bütün varlığı ilə hiss etmiş, müxtəlif vaxtlarda gələn ayələrin müqabilində əllərini açıb dua-niyazla Cənabi-Haqqa üz tutduğu kimi, məhz belə günlərin birində də səhabələrin rəvayətinə görə, yuxarıda verilən dua ilə diləklərini Allaha ərz eləmişdir.

Birinci istək: “Bizi çoxalt (artır), sayımızı azaltma”

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu duada əvvəla اَللَّهُمَّ زِدْناَ وَلاَ تَنْقُصْناَ “Allahım! Bizi çoxalt (artır), sayımızı azaltma!” diləyini izhar etmişdir. Birincisi, ola bilsin Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu sözlərlə Məhəmməd ümmətinin çoxalıb artmasını Cənabi-Allahdan diləmişdir. Çünki O, həmişə ümməti-Məhəmmədin çox olmasını arzu edərdi. Mövzu ilə bağlı bir hədisdə Ona (sallallahu aleyhi və səlləm) müxtəlif qövmlər göstərildiyi rəvayət edilir. Böyük bir qaraltı görən Allah Rəsulu onun öz ümməti olacağına ümid bəsləyir. Ancaq bunun Həzrəti Musanın qövmü olduğu bildirilir və üfüq işarə edilir. Üfüqdə böyük bir qaraltı görən Rəsuli-Əkrəm bundan hədsiz məmnun olur, sevinir və razı qalır (Bax: Buxari, “Tibb” 17/41, “Riqaq” 50; Müslim, “İman” 374).

Rəsuli-Əkrəm Peyğəmbərimizin ümmətinin çox olmasına dair şiddətli arzusunu evlilik haqqında təşviqedici hədisələrində də görmək mümkündür. Məsələn, bir hədisi-şərifdə buyurur ki: “Evlənin, çoxalın, çünki mən qiyamət günü sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbdürrəzzaq, “əl-Müsənnəf” VI/173)

Əslində, nikah bir baxımdan fərdə və ailəyə aid bir məsələ olduğuna görə, böyük dini məsələlərlə (həqiqətlərlə, ehkamla) müqayisədə bəsit görünür və izafi dəyər daşıyır. Buna baxmayaraq, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ailə qurmağı və çoxalmağı tövsiyə etmiş və bununla fəxr edəcəyini bildirmişdir. Yeri gəlmişkən, hədisdə işlənən “fəxr” sözü “qürur duymaq” və Cənabi-Allahın nemətlərinə “minnətdarlıq hissi cuşa gəlmək” mənasını daşıyır.

Əsas məqsəd say çoxluğu olmamalıdır

İkincisi, ola bilər ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) “Allahım! Bizi çoxalt (artır), sayımızı azaltma!” diləyi ilə ümmətin keyfiyyətcə artmasını istəmişdir. Çünki kəmiyyətin dəyəri keyfiyyətdən asılıdır. Keyfiyyət olmadıqdan sonra say çoxluğunun bir əhəmiyyəti yoxdur. Neçə-neçə böyük toplumlar var ki, on və ya iyirmi min səhabənin gördüyü işləri görə bilməmişdir. İslamın ilk misilsiz qəhrəmanları öz dövrünün iki hegemon dövlətinin – Sasani və Bizans imperiyalarının planlarını puça çıxarmış, onları diz çökdürmüş və beləcə, dünyanın taleyini dəyişdirmişlər.

Statistikaya görə, bu gün dünyada müsəlmanların sayı təqribən bir milyard yarıma çatır. Ancaq müsəlmanların dünyada nüfuzu sayları ilə düz mütənasib deyildir, yəni sayları ilə müqayisədə çox geri qalır. Çünki Quranın istədiyi səviyyə və keyfiyyəti əldə etməyiblər. Üstəlik bir-birinə ədavət bəsləyir, düşmənçilik edirlər, bir-birini zəiflədirlər. Bəli, müsəlmanlar istənilən səviyyədə vifaq və ittifaq qura bilmədiklərinə görə güclərini konfliktlərdə hədər edir, ilahi inayətdən məhrum qalır, dünya dövlətləri arasında güclü mövqe tuta bilmirlər. Onların sayca çoxluğu dünya dövlətləri arasında güclü nüfuz qazanmağa kifayət etmir.

Əslində, tarixə bu aspektdən baxanda keyfiyyətin kəmiyyətdən üstün olduğunu açıq-aşkar görmək olur. Məsələn, tarixin müəyyən bir dövründə neçə-neçə səmimi insan böyük nailiyyətlər əldə etmiş, zəfərlər və müvəffəqiyyət qazanmışdır. Ancaq həmin insanlar ruhda, mənada, duyğuda, düşüncədə, ruhi-mənəvi həyatda geri getdikcə əvvəlki illərdən sayca çox olmalarına baxmayaraq, irəliləmək və güclənmək bir yana qalsın, əldə etdiklərini belə qoruyub saxlaya bilməmişlər. Bəli, onlar rahat həyat arzusuna, tənbəlliyə, məqam sevgisinə və qorxuya qapılıb hicrət və ileyi-kəlimətullahı unutmuş, bu səbəbdən də sayca çoxluq bir faydası verməmiş, güclərini, qüvvələrini və nüfuzlarını itirmişlər. Demək ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) اَللَّهُمَّ زِدْناَ وَلاَ تَنْقُصْناَ sözləri ilə Cənabi-Allahdan müsəlmanların mənəvi keyfiyyət (fəzilət), etibar və nüfuz baxımından çoxalmasını/güclənməsini istəmiş və azalmamaq, yəni keyfiyyətcə zəifləməmək üçün Allaha yalvarmışdır.

Neməti nemət bilmək ən böyük nemətdir

Dua belə davam edir: وَأَكْرِمْناَ وَلاَ تُهِنَّا yəni “Lütfünlə izzətimizi yüksəlt, bizi zillətə salma”. Burada Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) istədiyi şey dünyəvi imkanlar, güc və qüvvət və ya kəşfü-kəramət deyil, ilahi lütflərdir. Bu, o deməkdir ki, ilahi ikram vacib bir lütfdür və onu istəmək lazımdır. Üstəlik sözügedən ifadə “ifal” babında olduğu üçün bu mənaya da gələ bilər: “Allahım, bizə lütf et və bu lütflərinin hər birinin bir lütf olduğunu bizə daim hiss etdir”.

İlahi lütflərin şüurunda olmaq insanı yoldan azmaqdan qoruyur. Çünki ilahi ikramı dərk edən bir insan sahib olduğu gözəlliklərin Ondan gəldiyini düşünər. Yox əgər bunları öz istedad və qabiliyyətlərindən bilər və Qarun kimi إِنَّمَا أُوتِيتُهُ عَلَى عِلْمٍ عِنْدِي “Bu (var-dövlət) mənə yalnız məndə olan elm sayəsində verilmişdir” (“Qasas” surəsi, 28/78) deyərsə, zillətə məruz qala bilər. Ona görə də insan əl açıb daim: “Allahım! İstər günahlarımın ucbatından olsun, istərsə də sənin bir sınağın olsun, məni zillətə düçar etmə!” deyə Rəbbinə yalvarmalıdır.

Ya Rəbbim! Bizi yoxluqla cəzalandırma!

Arxasınca وَأَعْطِناَ وَلاَ تَحْرِمْناَ ifadəsi gəlir. Bu ifadənin mənası belədir: “(nemətləri) bol verərək bizə ehsan et, bizə yoxluq üzü göstərmə”.

İnsan ağlını başından almayacaqsa, Allahdan bəzi dünyəvi imkanlar istəyə bilər. Hətta insan hər şeyi Cənabi-Haqdan diləməlidir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: “Hər kəs hətta itən ayaqqabı bağına qədər bütün ehtiyaclarını Rəbbindən istəsin” (Əbu Yala, “əl-Müsnəd” 6/130). Ona görə də insan istər cənnət yurdu kimi gözəl bir ailə yuvası, istərsə saleh bir övlad − hər şeyi Allahdan diləməlidir.

Bununla yanaşı, insanın istədiyi şeylərin qiyməti onun düşüncəsi, mənəvi məqamı və amalı ilə düz mütənasibdir. Şübhəsiz ki, hər bir insan Allahdan hüzurlu bir ailə, saleh övlad, kimsəyə möhtac olmamaq üçün bir qədər maddi imkan və s. istəyə bilər. Ancaq yaşamaqdan ziyadə yaşatmaq idealını daşıyan, həyatını ehya düşüncəsinə həsr edən və bütün bəşəriyyətə şəfqət bəsləyən bir insanın gözünə bu cür şeylər görükməz. Onun fikri-zikri budur: “Rəbbim! Mən sağlığımda vəsilə olduğum və ya bu cür zənn edilən müfəffəqiyyətləri görmək istəmirəm. Ancaq nə olar, ey Rəbbim! Öləndən sonra qəbrimin bir guşəsindən İslamın zəfər və tərəqqisini, hər yanda pərvaz edən Məhəmmədi ruhu, dörd tərəfdə oxunan azanları, bütün qəlblərin Sənin üçün döyünməsini görüb tamaşa etməyi mənə lütf elə!”

Bu baxımdan, hər bir insan وَأَعْطِناَ وَلاَ تَحْرِمْناَ “Allahım! (nemətləri) bol verərək bizə ehsan et, bizə yoxluq üzü göstərmə!” deyə dua edərkən öz himməti (1. niyyət, məqsəd; 2. yüksək fikirlər, düşüncələr) səviyyəsində Allahdan bir şey istəyir. Kimi beş manat, kimisi milyonları istəyir. Kimisi də bununla kifayətlənmir, gözlərini ədəbiyyətə, sonsuz aləmlərə dikir. Kimi dünyəvi nemətləri istəyir, Həzrəti Qəzali, İmam Rəbbani və Piri-Muğan kimi əngin dünşüncəli insanlar isə Onun rizasını və insanlara Cənnət yolunu göstərməsini diləyir. Bəli, onlar hər anı: “Allahım, gündə əlli dəfə canımı al, amma nə olar, tarix boyu heç vaxt bu qədər dərbədər və pərişan vəziyyətə düşməyən Məhəmməd ümmətini səfalət və rəzalətdən xilas et” düşüncə və niyazı ilə yaşayırlar.

Ən böyük fəlakət

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) duanı bu sözlərlə davam etdirir وَآثِرْناَ وَلاَ تُؤْثِرْ عَلَيْناَ. Yəni: “Allahım! Seçəcəksənsə, bizi seç və bizi qoyub başqalarını seçmə!” Bu ifadəni bir qədər izah edək: Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Cənabi-Allahdan yağıların Məhəmməd ümmətinə hökm etməsinə, hakim olmasına və onu idarə etməsinə imkan verməməsini diləyir.

Allahın bizi qoyub başqalarına üstünlük verməsi müxtəlif şəkillərdə gerçəkləşir. Məsələn, əgər biz Ona layiqincə bəndəlik etməsək, əmanətə riayət etməsək və dindən uzaqlaşsaq, Allah bizim yerimizə başqalarını gətirər. Buna görə də ilahi dərgahda məqbul sayılan saleh bəndələrin fəzilətlərinə yiyələnməyi Allahdan diləməliyik. “Allahım, bizim yerimizə başqalarını gətirmə! Muradını bizimlə gerçəkləşdir!” deməliyik. Çünki Onun bizi köhnə əşya kimi bir kənara atıb yerimizə başqalarını gətirməsi bu ləyaqətsizliyimizin ucbatındandır.

Qohumbazlıq da bir sınaqdır

Digər tərəfdən, bir vəzifəyə, bir işə adam seçməyin yanlış bir yolu olan qohumbazlıq haqqında Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində: “Siz məndən sonra qohumbazlıq halları ilə rastlaşacaqsınız. (Çətin olsa da) səbir edin ki, Cənnətdə hovuzumun başında mənə qovuşasınız” (Buxari, “Fitən” 2; Müslim, “İmarə” 48) - buyuraraq bir həqiqəti diqqətə çatdırır. O, dünyasını dəyişəndən sonra bu cür hadisələr baş vermişdir. Qurani-Kərim “sabiqunu-əvvəlun”u (yəni ön sıralarda dayanan ilk müsəlmanları) təqdirlə yad etdiyi halda bəzi insanlar bunu anlamamış və Allah, Peyğəmbər yanında çox dəyərli olan bu qəhrəmanların bəzilərinə zülm və haqsızlıq etmişlər. Məsələn, Xaricilər Şahi-Mərdan, Heydəri-Kərrar Nəbi Kürəkəni ünvanları ilə tanınan Həzrəti Əlinin dəyərini bilməmişdir. Eyni şəkildə, o dövrdə çox adam Həzrəti Həsənlə Həzrəti Hüseynin dəyərini bilməmişdir.

Sonrakı idarəçilərdən bəziləri də Rəşid xəlifələr dövründəki ədaləti qoruyub saxlaya bilməmiş, qohumbazlıq hallarına yol vermişlər. Məsələn, bir yerə idarəçi seçəndə və ya qənimət bölüşdürüləndə qohumlarını qabağa çəkmişlər. Halbuki Rəşid xəlifələrdən heç biri qohumlarını vəzifəyə gətirməmiş, onlara imtiyazlar verməmiş və qohumbazlıq etməmişlər. Çünki bir ümmətdə ki əmanət əhlinə (istedadı, qabiliyyəti olana) verilməsə və qohumbazlıq edilərsə, həmin ümmətin axırı çatmış sayılır.

Bəli, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) özündən sonra qohumbazlıq hallarının olacağını buyurmuş və ümmətinə Ona qovuşanadək səbir etməyi tövsiyə etmişdir. Çünki səbrin sonu salamatlıqdır. Bu tövsiyə müasir müsəlmanlara da yol göstərir. Çünki bu gün də cilovu əlində tutan və hadisələrə yön verənlər vəzifəyə ləyaqəti çatan insanlara mane olur və haqsızlıqlar edirlər. Eybi yox, qoy eləsinlər! Əsas odur ki, siz bu kimi şeylərə əhəmiyyət vermədən haqq bildiyiniz yolda, Allah yolunda işinizə davam edəsiniz. Bəli, adanmış insanlar bu cür qohumbazlıq hallarına fikir vermədən isteğna (göz-könül toxluğu) əxlaqını qoruyub saxlamalı, Cənabi-Allahın hökmünü gözləməlidir. Çünki O, bugünədək daim gözəl şeylər etmişdir. Bu vaxtadək elədikləri gələcəkdə edəcəklərinin ən inandırıcı dəlilidirsə, demək, bundan sonra da gözəl şeylər edəcəkdir. Təki biz Ona sədaqət göstərək, etibarımıza xələl gətirməyək və Ondan möhkəm yapışaq.

İbadətdə zirvə: ilahi riza

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) duanın sonunda وَارْضَ عَنَّا وَأَرْضِناَ “Bizdən razı ol və bizi Səndən razı olan bəndələrdən elə!” sözləri ilə Cənabi-Allahdan razı olmağı və Onun da bizdən razı olmasını istəyir. Bu iki məfhum həmişə qoşa addımlamışdır. Çünki bir insan Allahdan razıdırsa, demək, Rəbbi də ondan razıdır. Bunlardan hansının səbəb, hansının nəticə olduğuna dair müxtəlif fikirlər vardır. Bəziləri insanın öz iradəsini ortaya qoyub Allah rizasını diləməsinin ilahi rizaya vəsilə olacağını demiş və fikrini Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu hədisi-şərifi ilə əsaslandırmışdır: “Cənabi-Allahın dərgahında yerinizi öyrənmək istəyirsinizsə, Allahın qəlbinizdəki yerinə baxın!” (Əbu Nuaym, “Hilyətül-övliya” 6/176). Yəni siz Ona nə qədər dəyər verirsinizsə, ilahi dərgahda da o qədər dəyərlisiniz. Onu hər şeydən çox sevir, Ona hər şeydən çox dəyər verirsinizsə, ilahi dərgahda sizə də o qədər dəyər verilər. Bəzi alimlər isə Allah razı olmadığı təqdirdə bəndələrin Ondan razı olmayacağını söyləmiş və bu fikirlərini “Allah onlardan razı oldu, onlar da Ondan razı oldu” (“Maidə” surəsi, 5/119; “Tövbə” surəsi, 9/100; “Mücadilə” surəsi, 58/22; “Beyyinə” surəsi, 98/8) ayəsi ilə əsaslandırmışlar. İbn Quşeyr kimi alimlər isə rizanın əvvəla bəndənin iradəsindən və səy göstərməsindən, nəticə etibarilə də ilahi təcəllidən asılı olduğunu söyləmişlər.

Məsələyə Maturidi əqidəsi aspektindən baxanda bəndə Allahın rizasını qazanmaq üçün ilk növbədə iradəsini ortaya qoyub cəhd göstərməlidir. Bu da insanın öz mahiyyətini və varlıq aləmini düzgün dərk etməsindən, İslamiyyəti düzgün anlamasından asılıdır. Bəli, insan Allahdan razı oldumu, Allah (cəlllə cəlaluhu) da əngin rizası ilə o bəndəsinə təvəccöh edər.

Yekunda qeyd edim ki: Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallalahu aleyhi və səlləm) bu duada dilədiyi məsələlərin hər biri möminlər üçün çox əhəmiyyətli olduğuna görə, biz də bunları dualarımızda Cənabi-Allahdan istəməliyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.