Məscidin funksiyaları
Sual: Səadət əsrində məscid hansı funksiyaları yerinə yetirirdi? Müasir dövrdə məscidlərin həm arxitekturası, həm də ictimai həyatdakı mövqeyi baxımından səadət əsrindəki ruhu mənimsəməsi hansı amillərdən asılıdır?
Cavab: Bu mübarək məkanlara biz "bir araya gətirən, cəm edən" mənasında "came" dediyimiz kimi, "səcdə edilən yer, səcdəgah" mənasında "məscid" də deyirik. Bu məbədlərə rüku edilən məkan mənasında "mərka" və ya ayaqüstə durulan yer mənasına gəlan "məqam" adı verilməmişdir. Çünki bu iki ifadə namazın iki mühüm rüknü olsa da, bunlardan heç biri səcdə ilə, yəni insanın Allahla ən yaxın olduğu anla müqayisə edilə bilməz. Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhissalatu vəssalam) bu yaxınlığı:
أَقْرَبُ مَا يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌلّٰهِ
"Bəndənin Allaha ən yaxın olduğu an səcdədir" (Müslim, Salat 215; Əbu Davud, Salat) hədisi ilə ifadə edir. Çünki səcdədə insan Allahın böyüklüyünü ifadə etməklə yanaşı, öz kiçikliyini ortaya qoyur. Və bu iki mülahizənin birləşməsindən Allaha yaxınlıq anı hasil olur. Bəli, qul təvazö, məhviyyət və xəcalət içində başını yerə qoyanda, hətta mümkün olsa, torpaqdan da aşağı qoymaq əzmi ilə səcdəyə qapananda Allaha qürbət (yaxınlıq) hasil olur. Bir şeirdə səcdə belə təsvir edilir:
"Baş-ayaq eyni yerdə, öpər alını səccadə,
Budur insanı yaxınlığa aparan caddə (yol)..!"
Buna istinadən deyə bilərik ki, məscid öz qürbətindən üz çevirib Allaha yaxınlıq dərdinə düşənlərin və bu qürbəti iksir sayanların tez-tez can atıb mənən boşaldığı, bir digər mənada mənən dolduğu mübarək məkanın adıdır.
Camedə həll olunan məsələlər
Mövzunun başında da deyildiyi kimi "cəm edən, toplayam" anlamına gələn came sözünü "insanların toplandığı məkan" mənasında işlədirik. Lakin insanların bir yerdə toplaşmasını təkcə camaatla namaz qılmaq şəklində anlamaq onu dar çərçivəyə salmaqdır. Camenin “cəm etmə” xüsusiyyətini daha geniş çərçivədə götürməliyik. Şübhəsiz ki, onun bu funksiya və xüsusiyyətini düzgün anlamaq üçün ilk öncə risalət dövrünə baxmaq lazımdır. O qızıl dövrdə Rəsuli-Əkrəm Peyğəmbərimizin (əleyhissalatu vəssalam) səhabələri İslamiyyəti təbliğ etmə, bəzi məsələlər haqda məşvərət etmə, alınan qərarları yerinə yetirmə, problemlərə alternativ həll yolları tapma və s. müxtəlif məqsədlərlə məsciddə toplamasına şahid oluruq. Dolayısilə came namazda insanları cəm edən bir yer olmaqla yanaşı, həm də İslamiyyətlə bağlı bir çox məsələnin həll edildiyi bir məkandır. Bəli, o müqəddəs məkan yeri gələndə bir məktəb, yeri gələndə bir mədrəsə, yeri gələndə bir təkyə, yeri gələndə də bir ibadətxana rolunu oynayırdı. Üstəlik məscid insanların bir araya gələrək etikaf etdikləri, nəfs və cismanilikdən sıyrıldığı, uzaqlaşdığı, Hz. Pirin o nəfis ifadəsi ilə desək, heyvaniyyətdən çıxıb cismaniyyəti tərk etdikləri, qəlbi və ruhi həyata yüksəlib səyahəti o mehvərdə davam etdirdikləri mübarək məkanın ünvanıdır. Bu mənada o, təkcə kişilərə məxsus bir məkan da deyildir. Camelər üsul və şərtlərinə riayət edilmək, ümumi abı-hava pozulmamaq şərti ilə, qadınların da bir araya gəlib ibadət etdiyi müqəddəs məkanlardır. Çünki Səadət əsrində məscidin qapısı kişiyə açıq olduğu kimi, qadına da açıq idi.
Mövzuya bir az da aydınlıq gətirək, Məscidi-nəbəvidə zikr halqaları təşkil olunar Vacibul-Vücub olan Allahın müxtəlif isim və ünvanları ilə zikr edilərdi. Eyni zamanda söhbət məclisləri də qurular və Həzrəti Ruhu Seyyidil-Ənam Peyğəmbərimiz (əleyhi əlfü əlfi salatin və salam) o mübarək məkanda söhbət edərdi. Kənardan yeni gələn adam da dərhal o halqaya girərdi. Allah Rəsulu məclisin elə yerində oturardı ki, hər kəs onu rahat görə bilsin. Onun simasını görmək belə ruhların inşiraha qovuşması üçün kifayət edirdi. Çünki insan Onu görməklə Onun insibağına boyanırdı. Bəli, İnsanlığın İftixarı Peyğəmbərimizin (əleyhissalatu vəssalam) elə bir ciddiyyəti, elə bir vüqarı vardı ki, qərəzsiz bir insan Onu görər-görməz qarşısında rahatlıqla diz çöküb "Sən Allahın Rəsulusan" deyərdi. Bunu bilən səhabələr də Ona tamaşa etməyə, baxışlarına qədər Onu yaxından izləməyə can atardılar. Rəsuli-Əkrəm Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) ona hüsnü-rəğbət bəsləyən bu insanlara qəlbinin o pak ilhamlarını boşaldardı. Allah Rəsulu söhbətlərə o qədər əhəmiyyət verərdi ki, bir gün bir səhabənin çətinliklə də olsa o halqaya girməyə çalışmasını təqdir etmiş, halqanın arxasında oturmağın dunhimmətlik (kiçik hədəflərlə kifayətlənmə xüsusiyyəti) olduğunu buyurmuş, məclisdə yer tapa bilmədiyinə görə çıxıb gedən insan haqqında isə
فَأعْرَضَ فَأعْرَضَ اللّٰهُ تَعَالَى عَنْهُ
"O geri qayıtdı, Allah da ondan üz döndərdi" xəbərdarlığını etmişdir. (Buxari, Elm 8; Müslim, Salam 26)
Məscidi-nəbəvidə qəbul edilən xarici heyətlər
Allah Rəsulu (əleyhi salavatullahi və salamuh) məsciddə elçiləri də qəbul edirdi. Onu görmək, dinləmək, düzgün anlamaq və Onun ali şəxsinə tamaşa etmək üçün hər tərəfdən heyətlər axın edirdi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Mədinəni harəm bölgəsi təyin etməsinə baxmayaraq orada elçi və heyətləri də qəbul edərdi. Ən səhih hədis mənbələrində bildirildiyinə görə Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya) Nəcran xristianlarını Məscidi-nəbəvidə qəbul etmiş və onları günlərlə orada qonaq saxlamışdı. Bəli, Nəcran xristianları Məscidi-nəbəvidə yeyib-içmiş, oradaca yatıb-durmuş, ibadətlərini etmişdilər. Beləliklə, o Zatın (əleyhissalatu vəssalam) gecəsini-gündüzünü görmə və Onu (sallallahu əleyhi və səlləm) yaxından tanıma imkanını əldə etmişdilər. Onlar qərəzli yanaşmalarından və sabit fikirlərindən əl çəkməsələr də, Həzrəti Ruhu Seyyidil-Ənam bu fürsəti yaxşı dəyərləndirmiş, onların qəlblərini fəth etməyi bacarmış və ürəklərini müəyyən qədər yumşalda bilmişdi. Nəticə etibarilə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onları ibtihala çağıranda, yəni "kimin haqlı kimin, haqsız olduğunu ortaya çıxarmaq üçün ailəmizi gətirib “əgər yalan danışırıqsa, Allah bizə lənət etsin” deyə and içək" təklifini irəli sürəndə buna razılıq verməmiş, Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) üsyan etməməyə söz verib getmişdilər. Daha sonra isə onlar Hz. Pirin ifadəsi ilə desək, İslamın hövzi-kəbiri (böyük hovuz) içində əriyib getmişlər.
Gördüyümüz kimi məscid Peyğəmbərimizin dövründə bir çox funksiya yerinə yetirirdi. Orada Quran və Sünnə öyrədilir, ictihad və istinbatlarla fiqhin əsası qoyulur və gələcəkdə inkişaf edən İslam düşüncəsi mayalanırdı. Orada damla dəryaya dönür, zərrə də günəşə çevrilirdi. Təəssüf ki, biz o camelərin qapılarını bağlayıb ancaq beş vaxt namazda açdıq.
Qadın-kişi – hər kəsə uyğun arxitektura anlayışı
Mən şəxsən əcdadımızın gördüyü hər işi təqdirlə qarşılayıram. Onlar əsrlər boyu İslam və Müsəlmanlar üçün çox gözəl işlər görümüşlər. Lakin məscidlərin tikilişində uşaq, qadın-kişi – hər kəsin hər cür ibadəti rahat yerinə yetirməsinə, rahat girib-çıxmasına imkan verən arxitektura fəlsəfəsini ortaya qoymamasını çatışmazlıq olaraq görürəm. Niyə bizim camelərimizdə sırf qadınlar üçün kişilərin nəzərləri altında əzilmədən, harama girmə təhlükəsi ilə üzləşmədən, rahat hərəkət etməyə əlverişli, məhrəmliyə müvafiq bəzi ehtiyac yerləri nəzərə alınmayıb? Niyə o məscidlərin bir kənarında qadınlar üçün xüsusi etikafxanalar tikilməyib? Bəli, bu və buna bənzər şəraitdən qadınlar niyə məhrum edilib? Əsri-səadətdə qadınlar kişilərin arxasında namaza durardılar. Zənnimcə, heç birimiz din mövzusunda Əsri-səadət insanlarından daha həssas və diqqətli deyilik. Çünki çirkab dolu küçələrimiz və buralarda kirlənən, qaralan qəlb və ruh dünyamız nə halda olduğumuzu göstərməyə kifayətdir.
Bəli, mənə elə gəlir, qadınlara aid bütün ehtiyacların nəzərə alınmaması məscid üçün bir çatışmazlıqdır.
Bu səbəbdən, məscidlərimizin o füsunkar gözəllikləri əcnəbilər də daxil, hər kəsin tamaşasına əlverişli olmalıdır. Bəli, hər kəs o müqəddəs məkanların maddi-mənəvi gözəlliklərinə, estetikasına, qeyri-adi arxitekturasına tamaşa edə bilməlidir. Bunun gerçəkləşməsi isə məscidlərimizin hansı memarlıq fəlsəfəsinin təsiri altında tikildiyini, qübbələrin, müqərnəslərin, naxış və cizgilərin nə mənaya gəldiyini düşünüb müzakirə etmək üçün əlverişli şəraitin hazırlanmasından asılıdır.
Məscid ədəbi
Əslində “Əraf” surəsində keçən bir ayədə came və məscid qapılarının hər kəsin üzünə açıq olmasının vacibliyinə işarə edilir. Sözügedən ayədə Allah-taala belə buyurur:
يَا بَنِي اٰدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُۤوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
"Ey Adəm oğulları! Hər bir ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (“Əraf” surəsi, 7/31) Diqqət edin, burada يَا بَنِي اٰدَمَ "Ey Adəm oğulları" deyilir, "Ey Müsəlmanlar", "Ey Möminlər" və ya "Ey namaz qılanlar" buyurulmur. Belə bir üsluba üstünlük verilməsi, yəni Hz. Adəmə xitab edilməsi məscid qapılarını qeyri-müsəlmanlara da açmalı olduğumuzu göstərir. Beləliklə dinə, dindara, came və məscidlərə insanlar məscidə gəlib qibtə oyadan mənzərəni görməklə tədricən qərəzdən qurtula bilər, o gözəl məkanı sevib onun o isti və xoşgörülü ab-havasında əriyə bilərlər.
Növbəti ayə bizdən ictimai məkan sayılan məscidlərə gedərkən geyim-kecimə diqqət yetirmək tələb olunur. Bu gün insanlar bir toplantıya gündəlik iş paltarları ilə deyil, xüsusi hazırlıq görüb gedirlər. Xüsusilə, cümə namazı haqqında rəvayət olunan hədislərə baxanda məsələyə daha həssas yanaşıldığını görürük. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) cümə namazına gedən müsəlmanlara qüsl almağı, misvaqdan istifadə etməyi, gözəl ətir vurmağı, cümə günü üçün xüsusi paltar almağı tövsiyə edir. (Bax. Buxari, Cümə 2; Əbu Davud, Salat 219)
Məsələyə bir başqa hədis aspektindən yanaşaq; Mudar qəbiləsindən insanlar Məscidi Nəbəviyyə gəlmişdi. Onlar imkansızılıqdan yun paltar geyinmişdilər. Havalar isti olduğuna görə tərləmişdilər və yun qoxusu məscidin hər tərəfinə yayılmışdı. Bunu görən Allah Rəsulunun (əleyhissalatu vəssalam) gözləri dolmuş və onlara rahat paltarla təmin etmək üçün səhabəyə himmət təklif etmişdi.
Bəli, məscidlər ümumi toplantı yeri olduğuna görə, elə vəziyyətdə getmək lazımdır ki, insanlar diksinməsin. Möminlər tər, ağız qoxusu və s. kimi xoşagəlməz halları səbirlə qarşılamalıdırlar. Digər tərəfdən insanları belə şeylərə səbir etmək məcburiyyətində qoymamaq lazımdır. Bu mövzuda nə qədər həssas olmalıyıq? Üzr istəyirəm, əgər xroniki boğaz faranqiti və ya reflyuks xəstəsi olub ağzından insanı narahat edən qoxu gəlirsə, vaxt ötürmədən müalicə olunub ona bir çarə tapmalıdır. Heç kimin heç bir mömini narahat etməyə haqqı yoxdur. Bu kimi xoşagəlməz şeylər Quran oxuyan, ibadət edən insanın diqqətini dağıda bilər.
Bu baxımdan məscidə gedən insan oraya ən təmiz, ən gözəl paltarlarını geyərək, imkanı varsa gözəl ətir vuraraq gözəl vəziyyətdə getməyə çalışmalıdır. Belə bir davranış eyni zamanda möminlərə sayqının ifadəsidir. Digər tərəfdən insanın Allaha ən yaxın olduğu səcdəgaha oranı əhəmiyyətsiz sayırmış kimi çirkin qoxu verə-verə, kirin-pasın içində girməsi uyğun deyil. Siz bir böyüyün qarşısına çıxarkən belə özünüzü səliqə-sahmana salırsınız. Namaz isə Allahın hüzuruna çıxmaqdır. O, əslində bir meracdır. İndi belə bir səfərə çıxan insan Allaha sayğı göstərərək maksimum təmkin və tədbirli olmalı deyilmi?
Ayənin ardında başqa bir məsələyə diqqət çəkmək üçün belə buyurulur:
وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُۤوا
Yəni ey insanlar! Məscidə gedəndə təmiz və gözəl paltar geyinin, ən gözəl formada gedin. Ancaq nə geyimdə, nə yemək-içməkdə israf etməyin və həddi aşmayın. Çünki Allah hər məsələdə olduğu kimi, bu məsələdə də israf edənləri sevməz. Məsələn, "Mən hər gün təzə cübbə geyəcəyəm", "Hər gün məscidə gedəndə paltarımı ütüləyəcəyəm" kimi düşüncələr israf ola bilər. Ayə yemə-içmə mövzusunu da qeyd edərək əhatəli bir əmrlə bizə hər yerdə və hər işdə orta yolu tutmağı, heç vaxt mötədilliyi əldən verməməyi və daim sırati-müstəqimdə olmağı tövsiyə edir.
- tarixində yaradılmışdır.