Nikbin, bədbin və həqiqətbin

Sual: Hadisələrə münasibətdə mütləq nikbinliklə mütləq bədbinlik hansı ölçüdə olmalıdır? Bu məsələdə möminin mövqeyi necə olmalıdır?

Cavab: Nikbinlik hadisələrə yaxşı tərəfindən baxmaq, bəzən gözəl görünməyən şeyləri belə gözəl görəcək qədər optimist olmaq deməkdir. Bu haləti ruhiyyə tamamilə bir kənara atılacaq bir şey deyil. Çünki Hz. Pirin ifadələri ilə desək, gözəl görən gözəl düşünər; gözəl düşünən həyatından ləzzət alar. Bədbinlik isə hər şeyi mənfi cəhətləri ilə götürüb dəyərləndirmək, hadisələrə tamamən pessimist yanaşıb ümidsizliyə düşmək deməkdir.

Hadisələri doğru görüb düzgün anlama dərdi

İlk növbədə qəbul edək ki, insan təbiəti hər iki yönə meyillidir. Bəli, elə ki hadisələr lehimizə cərəyan edərək qəlbimizə inşirah səpir, arzu və xəyallarımızla üst-üstə düşür, o zaman dərhal nikbinləşirik. Hər şeyi gözəl görür, gözəl dəyərləndirir və sevincimizi "maşallah, bərəkallah, təbarəkəllah" sözləri ilə dilə gətiririk. Bəzən də bir məfkurə şəklində canlandırdığımız, təməlini atdığımız, bəlkə də, bünövrəsini tökdüyümüz, hətta dirəklərini dikəltdiyimiz bəzi xəyalların puç olduğunu görüncə hadisələri pessimist dəyərləndirir və bədbinləşirik.

Qeyd etdiyimiz kimi, hər iki halı bəşəri gerçəklik olaraq bir mənada normal və təbii qəbul etmək lazımdır. Çünki biz həssas insan kimi baş verən hadisələri dərk etməyə, sezməyə, doğru anlayıb düzgün dəyərləndirməyə çalışırıqsa, buna prinsip kimi riayət ediriksə, yəni belə bir dərdimiz varsa, təbii ki, bəzən nikbinlik mehi ilə sərinləyəcək, bəzən də bədbinlik rüzgarlarına tuş gələcəyik. Bu, münafiqlər sayağı  "gah ora, gah bura" kimi "qeyri-müəyyənlik", "istiqamətsizlik" mənasına gəlmir, əksinə hadisələri doğru görüb düzgün dəyərləndirmənin təbii nəticəsidir. Burada mühüm olan və həssaslıq tələb edən məqam hər iki vəziyyətdə iradəli olub ifrata varmamaqdır.

Məsələn, Həzrəti Pirin Əşrəf Ədib bəyə verdiyi son müsahibəni bu zaviyədən dəyərləndirə bilərsiniz. Bildiyiniz kimi, Ustad Həzrətləri Əşrəf Ədib bəyin sualına bu cavabı verir: "Mənə əzab verən İslamın məruz qaldığı təhlükələrdir. Əvvəllər təhlükə xaricdən gəlirdi, ona görə də müqavimət göstərmək asan idi. İndi isə təhlükə içəridən gəlir. Qurd gövdənin içinə girdi. İndi müqavimət göstərmək çətinləşdi. Qorxuram ki, cəmiyyətin bünyəsi buna davam gətiməsin. Mənim dərdim, yeganə dərdim budur. Yoxsa başıma gələn məşəqqətləri, çəkdiyim əziyyətləri düşünməyə belə vaxtım yoxdur. Kaş bundan min qat çox əzab görəm, amma iman qalasının gələcəyi dağılmaya, salamat ola!"

Əşrəf Ədib bəy bu cavabın müqabilində: "Yüz minlərlə imanlı tələbəniz gələcək üçün sizə ümid və təsəlli vermir?" – deyə sual edir. Həzrəti Pir tamamilə ümidsiz olmadığını söyləyir. Ancaq arxasınca dünyanın böyük mənəvi böhran keçirdiyini və bu böhranın vəba, taun fəlakəti kimi getdikcə yer üzünə yayıldığını bildirir və bu məsələ ilə bağlı narahatlığını dilə gətirir. Gördüyünüz kimi ən çətin anlarda belə mətanətlə dimdik dayanan, tələbələrinin, dostlarının ümid məşəli olan və bir ömür boyu ətrafa ümid saçan Ustad Həzrətləri mövcud vəziyyətə görə ümidsiz olmadığını bildirsə də, reallığı da danmır, acı həqiqətlərə diqqət çəkir və ona neştər vurur. Bu münasibət, bu yanaşma fikir dəyişdirmək, tərəddüd keçirmək deyil, həqiqətləri doğru görüb düzgün anlamaqdır.

Həqiqi mömin sarsılsa da, yıxılmaz

Bu gün də insan belə hislər keçirə bilər. Məsələn, millətin gələcəyi ilə bağlı, demək olar, bütün  işlər daşdan çıxır, bəziləri xalqımızın alın təri ilə, illərlə ərsəyə gətirdiyi gözəllikləri bir anda dağıtmağa cəhd edir, cəhd etməklə bir daha öz varlığını təsdiq etməyə, gücünü göstərməyə çalışır. Məhz belə bir şəraitdə əndişənin, iztirabın qəddi əyməməsi, beli bükməməsi qeyri-mümkündür. Başqa sözlə, hadisələri bu şəkildə anlayan, onun belə bir nəticəyə doğru getdiyini görən insan müəyyən qədər bədbin hislərin təsirinə düşə bilər. Amma unutmayaq ki, mömin əyilib sarsılsa da, əsla yıxılmaz. Çünki Allah Rəsulu Peyğəmbərimiz (əleyhissalatu vəssalam) səhih hədislərinin birində mömini zəmiyə bənzədir. Onun amansız küləklərin təsiri ilə əyilsə də, qalxıb dikələcəyini bildirir. (Buhari, Merda 1)

Demək ki, hər bir möminin hadisənin dəhşəti, ürpərdiciliyi səviyyəsində və hadisələrin arxa planına nüfuz edə bildiyi qədər bədbinləşməsi, pessimizmə düşməsi mümkündür. Ancaq bir də baxırsan ki, həmin insan bəri tərəfdə Allahın izni və inayəti ilə bambaşqa abı-hava içində "əlhəmdülillah", "əş-şükrü lilləh", "əl-minnətü lilləh" deyərək nikbinlik mehi ilə inşiraha qərq olur. Bu baxımdan hər iki ruh halətini tamamilə inkar etmək, görməzlikdən gəlmək, qəbul etməmək yanlış olduğu kimi, bu iki məsələdə tarazlığı qoruya bilməmək, ifrata varmaq da zərərli və yanlışdır.

Bir daha qeyd edək ki, Həzrəti Pirin bu kimi hadisələrə münasibəti, mövqeyi ibrətamizdir. Çünki açıq görünür ki, o, bədbin duyğu və düşüncələrin hücumuna məruz qaldığı an güclü iradəsini ortaya qoyaraq bu duyğu və düşüncələrdən sıyrılmağı bacarır. Mərhum Serdengeçtinin dediyi kimi, böyük inqilabların, dağıntı və qarşıdurmaların hökm sürdüyü bir dövrdə sarsılmadan, dimdik, mətanətlə dayanan bir nəfər var, o da Hz. Pirdir. Halbuki o, mövcud vəziyyət və mənzərəyə baxanda onun arxa planını da nəzərə alır və iç-içə həlqələr kimi sağdan və soldan yaxınlaşan bütün təhlükələri görür. O bilir ki, dost insanlar arasında belə müsəlmanlara xəyanət edəcək, badalaq vuracaq və iftiraqı ilə bir xəncər olub köksə saplanacaq adamlar var. Hətta möminləri birbaşa hədəf seçən, qəsdən, planlı şəkildə dinə düşmənçilik edən insanları görəndə həqiqətə göz yummadan, ümidsizliyə qapılmadan ağılı, məntiqi ilə və iradəsini ortaya qoyaraq bu təhlükələri aradan qaldırmağa çalışır.

Məsələn, bir yerdə çəkdiyi o qədər əzab-əziyyətdən sonra "əlhəmdülillah" dediyini ifadə edir. Halbuki onun başına gələn müsibətlər bizim başımıza gəlsəydi, zənnimcə altında qalıb əzilərdik. Lakin o, heç vaxt belə bir duruma düşmür və heç vaxt şikayət etmir. Məruz qaldığı o qədər çətinlikdən sonra, baxırsınız ki, arxasınca dərhal nikbinləşir və sevinir. Əlbəttə ki, o qədər zülm və işkəncə qarşısında heç vaxt inandığı məfkurədən geri addım atmır, daim bildiyi yolda getməyə davam edir. Ancaq bu zülm və təzyiq qarşısında taleyinə küsmür; əksinə özünü sorğu-suala, nəfsini hesaba çəkir. Məsələn, bir yerdə gördüyü zülmün səbəbini, imana xidməti mənəvi tərəqqisinə alət etməsinə bağlayır. Halbuki mənəvi tərəqqi, bir mənada, bəlkə də əksəriyyətimizin arzuladığı bir məsələdir. Çox az adam var ki "Allahım, mənə Şahi-Geylanilik verəcəksənsə, bəxtinə düşdüm, nə olar, onu mənə vermə. Mənə övliyalıq, qütblük, qavslıq kimi mənəvi dərəcələr də versən, buna heç meyil etməyən güclü bir iradə lütf et! Çünki bu kimi mənəvi məqamlar istəmək, Səni istəmənin içinə başqa şeylər qarışdırır. Halbuki mən yalnız Səni istəyirəm" desin. Bəli, daim sadə bir qul olduğunu dərk etmək və Allaha bağlılığını sadə qulluqla daha dərin duyub daha dərin hiss etmək çox az insana nəsib olur. Həzrəti Pir məhz bu anlayışın insanıdır. Lakin insanın ağlından, ürəyindən mənən tərəqqi etmə, qəlb gözünün açılması ilə mərifət üfüqündə qumrulartək qanadlanıb səmada uçma keçə bilər. Ustad Həzrətləri xəyalına ilişən bu cür duyğu və düşüncələri belə Zati-Üluhiyyətə  - ümumi və mütləq mənada - təvəccöhə mane gördüyündən günah saymış və başına gələn bəla və müsibətləri bu məsələyə bağlamışdır. Əlbəttə bununla o eyni zamanda ən xoşagəlməz hadisələrdən belə çox gözəl nəticələr çıxarmağı bacarırdı.

Reallığı görmə bir vəzifə və məsuliyyətdir

Biz də ətrafımızda cərəyan edən hadisələri bəzən yaxşı görür, yaxşı dəyərləndirir, yaxşı düşünür və həyatdan ləzzət alırıq. Bəzən də pessimizmə düşür və bədbinləşirik. Çünki bir az əvvəl də ifadə edildiyi kimi, təbiətimiz hər ikisinə də meyillidir, bu nüvələr bəşəri quruluşumuzda var və onlardan qaçmaq mümkün deyil. Ancaq onları iradə ilə nəzarət altına ala, səs çıxarmasına imkan verməyə bilərik. Necə ki, nəfs tərbiyəsi ilə nəfsi-əmmarəni nəfsi-ləvvamə, nəfsi-mütmainnə, nəfsi-radiyyə və nəfsi-mardiyyə məqamlarına çevirmək olur. Eynilə bunun kimi insan böyük cəhd və səy göstərərək pessimizmə səbəb olan hadisələr qarşısında daha yaxşı görüb, daha gözəl düşünərək bədbinlikdən nikbinliyə çıxa bilər.

Hər bir dövr kimi bu günün də problemləri var. Biz bu dövrün övladlarıyıq, buna görə də təbii ki, bu günün problemləri ilə üzləşirik. Bu problemlərə hamının eyni səviyyədə həssaslıq göstərməsi, həssas yanaşması mümkün deyildir. Ancaq elə həssas ruhlu insanlar var ki, bir insanın dinindən çıxdığını görəndə: "Ya Rəbbi, kaş mənim canımı alaydın, amma bu insan yoldan çıxmayaydı" deyirlər. Çünki amansız düşmən də olsa, ondan küfrlə, əbədi Cəhənnəmlə intiqam alma düşüncəsi insana yaraşmır. Və yenə elə həssas insanlar var ki, İslam aləminin pərişan və dağınıq halı onlara köksünə xəncər saplanmış insanın acısını, iztirabını çəkdirir. Onlar hər səhər bu dərd və iztirabla oyanır, gecə gözlərini yumanda da yarım saat o acı xəyallarla qıvrılır, istirahətini belə zəhərə çevirir və Mərhum Akifin

"Xarab ellər, sərilmiş xanümanlar, başsız ümmətlər,
Düşünməz başlar, aldırmaz ürəklər, paslı vicdanlar;
Əmək məhrumu günlər, fikri-fərda bilməz axşamlar,
Keçərkən ağladım keçdim, durarkən ağladım durdum,
Duyan yox, səs verən yox, min pərişan yurda başvurdum"

misraları ilə inir-inir inildəyir.

Lakin sonra bəzi sərin əsintilərə baxır. Məsələn, Anadolu insanının dünyanın dörd tərəfində var-gücü ilə çalışdığını görür, onların bu səmimiyyətinə baxıb: "Xoşagəlməz şeylər olsa da, "əlhəmdülillah" bu qədər ölkədə səsimiz, sədamız, bayrağımız dalğalanır. Kültürümüzə tərcüman olan dilimiz yayılır. Tarixdən miras qalan dəyərlər dilimiz vasitəsilə insanlara çatdırılır" deyib təsəlli tapır.  Bəli, bir vaxtlar başqaları Dövləti-Aliyədə min beş yüzə yaxın məktəb açıb öz mədəniyyətlərini bizə yeritmiş, mənimsətmiş, bizi özlərinə bənzətmişdilər. Biz isə indi hər kəsə qucaq açıb bütün insanlığı cahanşümul dəyərlərlə qucaqlamağa çalışırıq. Məhz bu duyğu-düşüncə ilə o qaranlıq mənzərələrdən, o kabuslardan sıyrılır, ümid və inşirah əsintilərini ciyərimizə çəkməyə çalışırıq. Əlbəttə ki, heç vaxt reallığı dana bilmərik, reallığı inkar edib tamam optimist ola bilmərik. Lakin reallığı nəzərə almaqla yanaşı, əşya və hadisələri Sonsuz qüdrət sahibi Rəbbimizə iman və etimadımızla dəyərləndirir, bu nəzərlə götürürük.

Çünki həqiqi mömin həqiqətə göz yummamalı, xülyalarla ovunmamalı, tədbirsiz olmamalıdır. Belə olsa, bir də baxar ki, təhlükə və hiylələr başının üstünü aldırıb. Eyni zamanda, ruhi-mənəvi gümrahlığı qoruyub saxlamaq və davam etdirmək üçün də mövcud acınacaqlı vəziyyəti görmək lazımdır. Allah xatirinə, bu gün dinini və millətini sevən bir insan indiyə qədər neçə-neçə xain plan və strategiyalarının üstü açılan, düşmənçiliyindən əl çəkməyən bir anlayışa qarşı daha həssas, daha diqqətli, ayıq-sayıq, tədbirli olmalı deyilmi? Əlbəttə, bütün bu əndişə, qorxu və həssaslıq vicdanın Allahla irtibatı, qəlbin İslam və müsəlmanlara bağlılığı ilə düz mütənasibdir.

Nikbinliyə də, bədbinliyə də bu aspektdən yanaşmaq lazımdır. Bu zaman insan bir tərəfdən həqiqətləri görüb elə əndişələnəcək ki, ürəyi ağzına gələcək, digər tərəfdən də görüləsi işlərin çoxluğuna baxıb Haqqa güvənərək, əzmlə səy göstərərək, hikmətə ram olaraq, sarsılmadan, ümidsizləşmədən, eşq və şövqlə işə başlayacaq. Buna görə də, həqiqi mömin mütləq mənada nə nikbin, nə də bədbindir, o, həqiqətbindir. Bəli, o, görülməli işləri görür və mövcud vəziyyətdə nə tələb olunursa, Allahın izni və inayəti ilə onu layiqincə yerinə yetirməyə çalışır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.